Tarixi mənbələrin dili ilə...
Hər il iyulun 1-də sosial şəbəkələrdə,
mətbuatda "Beynəlxalq Bakılılar Günü"
geniş müzakirəyə səbəb olur. Bu günün tərəfdarları
və əleyhdarları müxtəlif arqumentlərlə
çıxış edib mövqelərini müdafiə edirlər.
Bu il də istisna olmadı. Mübahisələr, müzakirələr
səngiyəndən sonra mən də bu "bayram"
haqqında düşündüklərimi qələmə
almaq qərarına gəldim. Ona görə yox ki, mübahisələrin
yenidən qızışmasına rəvac verim. Ona görə
ki, bəzi tarixi məqamlara toxunaraq düşündüklərimi
cəmiyyətə çatdırım.
Dünyanın bir çox ölkələrində hər
hansısa bir qədim, tanınmış şəhərin
şərəfinə bayram tədbirləri keçirilir.
Uzağa getmədən, qonşu Gürcüstanı misal gətirə
bilərik. Hər il Gürcüstanda ümumxalq
"Tbilisoba" bayramı keçirilir. Bu həm məhsul
yığımına, həm də Tbilisi şəhərinə
həsr olunmuş bayramdır. İlk dəfə
"Tbilisoba" bayramı 28 oktyabr 1979-cu ildə
keçirilib və artıq ənənə halını
alıb. Sovet dövründə Moskvanı
qıcıqlandırmamaq üçün bayram məhsul
yığımına və Tbilisi şəhər
gününə həsr edilmişdi. Məhsul
yığımı pərdəsi arxasında gürcülər
Tbilisi şəhər gününü bayram edirdilər.
Bayram günlərində şəhərdə yarmarkalar,
yürüşlər, konsertlər və idman
yarışları təşkil olunur. Eyni zamanda görkəmli
sənət, elm xadimləri, yüksək nailiyyətlər
qazanmış idmançılar "Tbilisinin fəxri vətəndaşı"
titulu ilə təltif olunurlar. Dünyanın müxtəlif
ölkələrində yaşayan və çalışan,
Tbilisidə doğulmuş tanınmış insanlar bayrama dəvət
olunurlar və onlarla maraqlı görüşlər
keçirilir. Yeri gəlmişkən, qeyd edim ki, ölməz
sənətkar Rəşid Behbudov da Tbilisidə
doğulduğuna görə hər il bu bayrama dəvət
olunurdu. Böyük sənətkar iki il ardıcıl olaraq
"Tbilisoba" bayramında iştirak etmişdi. 1979-cu ildə
Gürcüstanın "Əməkdar incəsənət
xadimi", 1980-ci ildə "Tbilisinin fəxri vətəndaşı"
adları ilə mükafatlandırılmışdı.
Sonrakı illərdə də dəvət olunsa da, vaxt
tapıb iştirak edə bilməmişdi.
Dünya ölkələrinin, demək olar ki,
bütün paytaxtlarına və tanınmış şəhərlərinə
həsr olunmuş "Şəhər Günü"
bayramı keçirilir. Bu bayramların bəzilərinə
qısaca nəzər salmaq yerinə düşər. Bu
"Şəhər Günü" keçirilərkən
on minlərlə turist həmin şəhərə
axışır.
İtaliyanın Piza şəhəri bütün
dünyada Zəng qalası ilə məşhurdur.
Əyilmiş Piza qalası haqqında məlumatı olmayan
adam çətin tapılar. Piza şəhəri
İtaliyanın mədəniyyət paytaxtı sayılır.
Hər il burada şəhər günü qeyd olunur. Şəhər
əhalisi və qonaqlar üçün müxtəlif tədbirlər
hazırlanır. Musiqi festivalları, konsertlər, sərgilər
və s. on minlərlə insanı cəlb edir. Eyni zamanda
şəhərin "Möcüzələr
meydanı"nda kostyumlaşdırılmış
nümayişlər keçirilir. Axşam isə maraqlı
işıq şousu və atəşfəşanlıqla
bayram davam edir.
Latviyanın paytaxtı Riqada "Şəhər
Günü" möhtəşəmliyi və rəngarəngliyi
ilə seçilir. Həmin gün kolokol zənglərinin səsi
şəhərin hər tərəfinə yayılır.
Maraqlı zəng sədalarından başqa həmin gün 50
il ailə həyatı yaşamış cütlüklərin
"qızıl toy"ları qeyd olunur və bu ailələr
təmtəraqlı şəraitdə qiymətli hədiyyələrlə
mükafatlandırılır. Axşam isə "OKarte
axşam qaçışı" təşkil olunur. Bu
qaçışda şəhər əhalisinin əksər
hissəsi iştirak edir. Bayramın ikinci günü dəniz
kənarında milli mətbəx nümunələrindən
ibarət süfrələr açılır. Yemək-içməkdən
sonra isə rəqs və musiqi yarışmaları
başlayır. Bayram möhtəşəm atəşfəşanlıqla
sona çatır.
Çexiyanın paytaxtı Praqada da "Şəhər
Günü" hər il iyulun 1 və 2-si çox maraqlı
keçir. Bu iki gündə şəhərin bütün
muzeyləri, rəsm qalereyaları, tarixi abidələri
qapılarını ziyarətçilərin üzünə
açır. Bu bayram günlərində bütün mədəniyyət
ocaqlarına giriş sərbəst olur, yəni pulsuz olur.
Şəhərin Staromest meydanı iki gün musiqiçilərin,
müxtəlif ansamblların ixtiyarına verilir. Fasiləsiz
olaraq musiqi sədaları bütün şəhəri
başına alır. Petrşin qalasında uşaqlar
üçün xüsusi aksiyalar təşkil olunur. Stefani
observatoriyasında uşaqlara günəş və ay, ulduzlar
və kometa haqqında nağıllar danışılır,
teatrlaşdırılmış tamaşalar göstərilir.
İyun ayının ortalarında Finlandiyanın
paytaxtı Helsinki şəhərinin bayramına
dünyanın hər yerindən qonaqlar dəvət olunur. Təmkinli
finlər Şəhər gününü bayram marafonu ilə
açırlar. Al-əlvan geyimli, şən əhval-ruhiyyəli
insanlar musiqi sədaları ilə Helsinkinin mərkəzinə
axışırlar. Həmin gün Finlandiyanın
paytaxtında xeyli sayda müxtəlif tədbirlər
keçirilir. Bu tədbirlər elə maraqlı keçir ki,
"Helsinki Günü" artıq beynəlxalq statuslu bayram
kimi tanınır. Bayram tədbirlərinə Senat
meydanında start verilir. Şəhərin meri tədbirin
aparıcısı rolunda çıxış edir.
Bayramın ən maraqlı hissəsi "Açıq havada
ziyafət" adlanır. Şəhərin tarixi mərkəzində
açıq havada ucu-bucağı görünməyən,
üzərində dadlı, ləzzətli təamlarla dolu masa
açılır. On minlərlə insan burada birlikdə nahar
edir. Şəhərin bütün parklarında açıq
hava səhnələri quraşdırılır. Ən
tanınmış yerli və xarici musiqiçilər, musiqi
kollektivləri bu səhnələrdə bayram proqramı ilə
çıxış edirlər. Bütün muzeylər
qapılarını sərbəst giriş üçün
ziyarətçilərin üzünə açır. Şəhərin
qonaqları üçün xüsusi pulsuz turlar təşkil
olunur.
Belə Şəhər günləri bayramlarından
saysız-hesabsız nümunələr göstərmək
olar. Bu cür tədbirlər həmin şəhərin təbliğinə,
tanınmasına və inkişafına xidmət edir.
Müxtəlif şəhərlərin bayramlarına
qısa nəzərdən sonra "1 iyul Beynəlxalq
Bakılılar Günü" haqqında mülahizələrə
qayıdaq. Son vaxtlar bəziləri iddia edir ki, guya
"Bakılılar günü"nün təşəbbüskarları
Bakıda doğulmuş, sonra isə İsrailə
köçmüş yəhudi əsilli həmyerlilərimizdir.
Mən İsraildə yaşayan Bakı doğumluların hisslərinə
hörmətlə yanaşıram və onların arasında
xeyli sayda dostluq münasibətində olduğum dəyərli
insanlar var.
Lakin qətiyyətlə bildirirəm ki, bu təşəbbüs
yəhudi əsilli bakılılardan qaynaqlanmır. Hələ
1990-cı illərin əvvəllərində, Azərbaycan
müstəqilliyini yenicə elan etdiyi dövrlərdə
Bakıda "Bakılılar cəmiyyəti" (Obşestvo
Bakinets) yaradıldı. Bu cəmiyyət o illərdə
çox aktiv idi; müxtəlif tədbirlər keçirir,
mükafatlar təsis edirdi. Ölkəmizin tanınmış
ictimai, siyasi, elm, mədəniyyət xadimləri
"Bakılılar cəmiyyəti"nin tədbirlərində
fəal iştirak edirdilər. Bu haqda bir qədər sonra daha ətraflı
məlumat verərəm. İndi isə Bakı, şəhərimizin
tarixi haqqında bəzi maraqlı məlumatlara nəzər
salaq.
Bakı şəhəri haqqında məlumatlara qədim
tarixi mənbələrdən bəri rast gəlinir.
Abşeron yarımadasında, Xəzər dənizi sahilində
yerləşən Bakının tarixi min illərlə
ölçülür. Şərqlə Qərbin, Şimalla
Cənubun kəsişməsində yerləşən qədim
Bakı şəhəri bütün dövrlərdə diqqəti
özünə cəlb edib. Olduqca vacib geostrateji
coğrafiyası hər zaman xarici dövlətlərin
Bakıya maraq göstərməsinə səbəb olub.
Yadelli hücumlardan, düşmən işğalından
qorunmaq üçün ulu babalarımızın tikdiyi Qala
divarlarının əzəməti bu gün də görənləri
heyrətə gətirir. Bu Qala divarları Bakının qəhrəmanlıq
tarixinin daş şahididir. Çoxəsrlik tarixi boyunca
saysız-hesabsız müharibələri, düşmən
hücumlarını, qələbələri tarixçilərimiz
yetərincə araşdırıb və qiymətli əsərlər
yazıblar. Mənsə mövzumuza işıq sala biləcək
bəzi tarixi hadisələrə diqqəti cəlb etmək
istəyirəm. Ta qədimdən müxtəlif dövlətlərin
marağını özünə çəkən Bakı
XVIII əsrdə rus imperatoru I Pyotrun da hədəf dairəsinə
düşmüşdü.
1700-1721-ci illər ərzində davam edən Şimal
müharibəsində (Rusiya-İsveç arasında gedən
21 illik müharibə) qalib gələn I Pyotr Baltik dənizinə
çıxış əldə edir. Baltik dənizindən
sonra Pyotr Xəzər dənizi regionunu ələ keçirmək
planını işə salır. Şərq ölkələri
ilə Qərbi Avropa ölkələri arasında ticarət əlaqələrini
nəzarətə götürmək üçün Xəzər
dənizinin qərb və cənub bölgələrini ələ
keçirmək vacib idi.
I Pyotrun ən böyük ambisiyalarından biri Xəzər
dənizinin bütün ətrafını ələ
keçirmək və onu "Rus dənizi" elan etmək
idi. Bunun üçün, ilk növbədə, Xəzər dənizi
sahillərində yerləşən ən iri şəhər
- Bakını ələ keçirmək lazım idi. Rus
imperatoru yaxşı başa düşürdü ki,
Bakını nəzarətə götürmək
bütün Xəzər boyu əraziləri nəzarətə
götürmək deməkdir. Çünki Bakı Xəzər
dənizi sahillərində yerləşən ən
böyük və ən vacib şəhər idi. Bakı Xəzərin
açarı sayılırdı. Pyotrun arzuladığı
Hindistandan Qərbi Avropaya, Mərkəzi Asiyadan Rusiyaya və
ordan da dünyanın dörd tərəfinə uzanacaq ticarət
yolunun qapısı Bakıdan açılırdı.
Bakını ələ keçirməklə Pyotr
böyük iqtisadi qazanca nail olmaq istəyirdi. Həm rus tacirləri,
həm də dövlətin xəzinəsi bu planın nəticəsində
külli miqdarda gəlir götürəcəkdilər. Digər
tərəfdən, Şərq ölkələri ilə Qərbi
Avropa ölkələri arasında ticarət əlaqələrinə
nəzarət edən Osmanlı imperiyasını ciddi gəlirlərdən
məhrum etmiş olardı.
300 il bundan qabaq I Pyotrun düşündüyü bu
plan bu gün də Rusiya dövlətinin əsas strateji
planı kimi gündəmdədir. Şimal qonşumuzun
"Şimal-Cənub dəhlizi" adlandırdığı
müasir layihənin əsası hələ XVIII əsrdə
I Pyotr tərəfindən qoyulmuşdu. Bu günə qədər
Rusiya I Pyotrun ambisiyalı layihəsi üzərində baş
sındırır və onu reallaşdırmağa
çalışır.
I Pyotrun Azərbaycan torpaqlarını işğal etmək
planları haqqında tarixi mənbələrə diqqət
yetirək:
Ruslar Xəzərətrafı regionlara qoşun
göndərməyi və sonra İrana yürüş etməyi
hələ Şimal müharibəsi (1700-1721-ci illər,
Rusiya-İsveç müharibəsi - K.Ş.) dövründə
planlaşdırırdılar.
Hərbi planda əvvəl nəzərdə tutulurdu
ki, Xəzər sahillərinə əvvəl qoşun yeridiləcək.
Sonra İran ərazilərinə yürüş etmək
üçün rus qüvvələri erməni və gürcü
silahlıları ilə (40 min nəfər) birləşəcək.
Erməni və gürcülərə həm də İran və
Osmanlı əsarətindən xilas olmaq üçün
apardıqları mübarizədə kömək edəcək
(İran Kembric tarixi. 7 cilddə. VII cild. The Cambridge History of
İran. Vol. 7.).
1714-cü ildə A.Belkoviç-Çerkasskiy Xəzər
dənizinin şimal və şərq sahillərinin təsvirini
hazırladı. 1718-ci ildə N.Kojin və V.Urusov da Xəzərin
şərq sahilinin təsvirini hazırladılar. 1719-1720-ci
illərdə Verden və F.Soymonov Xəzərin qərb və
cənub sahillərinin təsvirini hazırladılar. Bu
ekspedisiyaların nəticəsində Xəzər dənizinin
birləşmiş geniş xəritəsi hazırlandı.
Pyotr Həştərxandan Xəzər sahilləri ilə
irəliləyərək, Dərbəndi və Bakını zəbt
edib, Kür çayına qədər gəlib burada
Qala-İstehkam qurmaq, sonra Tiflisə gəlib gürcülərə
Osmanlı imperiyası ilə mübarizədə kömək
etmək və ordan da Rusiyaya qayıtmağı
planlaşdırmışdı. Gözlənilən
müharibəyə hazırlıq üçün Kartli
çarı VI Vaxtanq və erməni katalikosu I Astvatsaturla əlaqələr
qurulmuşdu. Kazan və Həştərxan bu yürüşə
hazırlıq üçün mərkəzə
çevrilmişdi. Yürüşdə iştirak
üçün 80 səhra rotasından 20 əlahiddə
batalyon yaradılmışdı; 22 min əsgər və 196
artilleriya qurğusuna malik yürüşə hazır idi. Həştərxana
gələrkən, Pyotr yolda Kalmık xanı Ayukinin də dəstəyinə
nail oldu. Yürüşdə 7 min atlıdan ibarət
Kalmık süvari qoşun dəstəsi də iştirak
edirdi.
15 iyun 1722-ci ildə rus imperatoru Həştərxana
yetişdi. O, qərara gəldi ki, 22 min nəfərdən ibarət
piyada qoşun hissəsini dənizdən yola salsın. 9 min nəfərdən
ibarət 7 draqun polku general-mayor Kropotovun komandanlığı
ilə Çarisinadan quru yolla irəliləməyə
başladı. Bundan başqa Zaporojiya və Don kazak hərbi
hissələri də quru yolla gedirdilər. 30 min nəfərdən
ibarət tatar dəstələri də bu yürüşə
cəlb olunmuşdu (A.L.Qizetti. Qafqaz qoşunlarının
xronikası. Tiflis. Qafqaz hərbi dairəsinin qərargahı
yanında hərbi tarixi nəşriyyat. 1896.).
15 iyun 1723-ci ildə Pyotr Həştərxana gəlir
və elə həmin gün fars, türk və Azərbaycan
dillərində "Qafqaz və İran xalqlarına
manifest" çap etdirir ( S.Aşurbəyli. Orta əsr
Bakı haqqında oçerklər. Bakı. Azərbaycan SSR EA
nəşriyyatı. 1964. rus dilində).
Pyotrun manifestinin müəllifliyi knyaz Dmitriy Kantemirə
məxsus idi. O, yürüş zamanı səyyar dəftərxana
yaratmışdı. Şərq dillərini bilməsi Kantemirə
bu yürüşdə görkəmli rol oynamasına imkan
yaratdı. O, mətn yığmaq üçün ərəb
şriftləri düzəldərək xüsusi mətbəə
hazırlamışdı və bu mətbəədə
Pyotrun manifestini Azərbaycan ( o vaxtın terminologiyasına
görə tatarca), türk və fars dillərində çap
etdirir (P.Qusterin. İlk Rusiya şərqşünası.
Dmitriy Kantemir. M. 2008. səh. 56-57. rus dilində).
I Pyotr Xəzərətrafı bölgələri zəbt
etmək, Xəzər dənizini "Rus dənizi"nə
çevirmək, Hindistan ilə Qərbi Avropa ölkələri
arasında ticarət əlaqələrinə nəzarət
etmək və bu olduqca gəlirli sahəni Osmanlı
imperiyasının əlindən almaq, bununla da böyük
qazanca sahib olmaq üçün ciddi hazırlıqlar
görmüşdü. Hələ 1715-ci ildə Pyotr
özünün yaxın adamı olan A.P.Volinskini İsfahana -
Səfəvilər dövləti ilə ticarət əlaqələri
qurmaq üçün göndərmişdi. Pyotr səfir
Volinskiyə ticarət əlaqələri qurmaqdan başqa məxfi
tapşırıqlar da vermişdi. Belə ki, səfir Volinski
İsfahana mütləq Azərbaycan ərazisindən, daha
doğrusu, Şirvandan keçən karvan yolu ilə getməli,
keçdiyi Azərbaycan ərazisini, Xəzərətrafı
bölgələri ciddi müşahidə etməli və dəqiqliklə
öyrənməli idi. 1717-ci ildə səfir A.P.Volinski
Rusiyaya qayıdaraq I Pyotra hesabat hazırladı. O, hesabatda Səfəvilər
dövlətinin ağır vəziyyətdə olduğunu və
ona görə də yubanmadan Xəzər dənizi ətrafı
bölgələri ələ keçirmək
üçün təcili hərbi əməliyyatlara
başlamaq lazım olduğunu bildirdi. (Q.Nəcəfli.
"Çar Rusiyasının Azərbaycan torpaqlarında erməni
dövləti yaratmaq istəyi". Məqalə. strategiya.az
rus dilində).
Səfəvilər dövlətində vəziyyət
haqqında məlumat Rusiyaya, bir qayda olaraq, orada məskunlaşmış
xristianlardan, əsasən də ermənilərdən daxil
olurdu. I Pyotrun Səvəfilər dövlətində xristian əhaliyə
münasibəti haqqında rus tarixçisi V.P.Listov
yazırdı ki, imperator bu ərazilərdə möhkəmlənmək
üçün yerli əhalini - azərbaycanlıları Xəzərətrafı
bölgələrdən, xüsusilə, Bakıdan
köçürmək, onların torpaqlarına erməniləri,
gürcüləri və rusları yerləşdirməklə
xristianlardan ibarət özünə dayaq yaratmaq istəyirdi
(Etibar Qulusoy. "I Pyotrun Xəzərətrafı bölgələrdə
yaşayan əhaliyə 15 iyul 1722-ci il manifesti". Məqalə.
avciya.az. 1905.az. rus dilində).
Rus tarixçisi V.P.Listovun yuxarıda qeyd olunan fikirlərinə
diqqət yetirsək, Pyotrun Bakını necə "rus şəhəri"
etmək planını aydın görərik. Onun əsas məqsədi
Bakını zəbt etmək, yerli əhalini
köçürmək və şəhərə erməni,
gürcü, rus mənşəliləri yerləşdirmək
və bununla da Bakını rus şəhərinə
çevirmək idi. Çünki Bakını ələ
almaqla bütün Xəzərətrafı bölgələri
nəzarətdə saxlamağı
planlaşdırmışdı rus çarı. Xəzər
dənizinə və dənizətrafı bölgələrə
sahib olmaq üçün, ilk növbədə, Bakını
nəinki zəbt etmək, şəhəri ruslaşdırmaq
lazım idi. Bakını almaqla, həm də Xəzər dənizini
"Rus dənizi"nə, Rusiyanın daxili dənizinə
çevirməyi düşünürdü I Pyotr. Bununla da
Hindistandan Qərbi Avropaya qədər böyük, geniş
ticarət dəhlizinə nəzarəti ələ almaq istəyirdi.
Yuxarıda qeyd etdiyim kimi, Rusiya bu gün də həmin
planın - Şimal-Cənub dəhlizinin yaradılmasına
ciddi səylər göstərir.
Əslində Rusiyanın bugünkü siyasəti I
Pyotrun 300 il bundan qabaq yürütdüyü siyasətin
davamıdır. Dünya nə qədər dəyişsə
də, Rusiyanın qonşularına münasibətdə siyasəti
heç vaxt dəyişmir. 300 ildir ki, eyni siyasət, eyni
münasibət davam edir. Hələ 1722-ci ildə Xəzər
dənizi ətrafında yaşayan əhaliyə I Pyotrun
manifesti sanki bu gün yazılıb. Eyni üsul, eyni yalanlar və
eyni bəhanələr. Manifestdə bəzi məqamlara nəzər
yetirmək yerinə düşər.
I Pyotrun manifestində Azərbaycan əhalisinə
müraciətdə qeyd olunur ki, rus qoşunları müharibə
etmək məqsədi ilə yürüşə
çıxmayıb. Məqsəd bəzi üsyançı
dəstələri zərərsizləşdirmək və
onları yerli hakimiyyətə tabe etməkdir.
Daha sonra qeyd olunur ki, bəzi quldur-qaçaq dəstələri
karvanlara hücum edir, onları qarət edirlər; rus tacirlərinin
əmlaklarını zorla ələ keçirirlər. Bir
neçə rus taciri quldurlar tərəfindən qətlə
yetirilib. Ona görə də rus qoşunları bu ərazilərdə
məskunlaşan rusiyalıların həyatlarını və
əmlaklarını qorumaq üçün yürüşə
çıxıblar.
Daha sonra manifestdə qeyd olunur ki, rus əsgərlərinə
ciddi tapşırılıb ki, yerli əhaliyə
qarşı nəzakətlə davranılmalı və onlara
heç bir ziyan vurulmamalıdır və s. və i. a.
Bugünkü Rusiya təbliğat maşını ilə
eyniliyi hiss edirsinizmi?
Mən bu manifesti oxuyanda elə təəssürat
yarandı ki, sanki bugünkü rus mətbuatını
oxuyuram. Həqiqətdə isə yerli əhalidə vahimə
və panika yaratmaq üçün rus qoşunları
qarşılarına çıxan neçə kəndi və
yaşayış məntəqəsini yandırıb külə
döndərdilər. Dərbəndə yaxınlaşanda qədim
şəhərin ətrafında 6 kəndə od vurub
yandırdılar ki, əhalini qorxuya salsınlar. 100 minlik
qoşunla, xeyli sayda silah-sursatla, 200-ə qədər
artilleriya qurğusu ilə guya I Pyotr ticarət karvanlarına
hücum edən 20-25 nəfərdən ibarət qaçaq dəstələrini
zərərsizləşdirmək üçün hərbi
yürüşə çıxmışdı.
Həştərxandan başlayan bu yürüş
zamanı rus qoşunları 1722-ci ilin avqustunda Dərbənd
şəhəri işğal olundu. Bakının ələ
keçirilməsi Dərbənddən başlayırdı. Xəzər
dənizinin ən böyük liman şəhəri,
Qafqazın ticarət, sənaye, elm, mədəniyyət mərkəzi
Bakı bütün bölgənin ən iri şəhəri
idi. 1722-ci il noyabrın 4-də I Pyotr Matyuşkini
Bakının zəbti ilə bağlı təlimatlandırır.
Təlimatda qeyd olunurdu ki, 1723-cü ilin yayında Bakı
işğal edilməlidir. 1722-ci ilin qışında və
1723-cü ilin yazında Bakının işğalına ciddi
hazırlıq işləri aparılır. 1723-cü ilin mart
ayında I Pyotr Matyuşkini Bakını zəbt etməyə
tələsdirir. Çünki o qorxurdu ki, Osmanlılar rus dəniz
donanmasını qabaqlayaraq Bakını qurudan götürə
bilərlər.
1723-cü il iyunun 22-də rus hərbi donanması Xəzər
dənizinə çıxdı və iyulun 17-də Bakı
buxtasına çatdı. Rus qoşun komandanlığı
şəhərə nümayəndə göndərərək
darvazaları açmağı tələb edirlər. Onlar gəlişlərini
Bakının müdafiəsi ilə əlaqələndirirlər.
Bakı sultanı Məhəmməd Hüseyn iki gün sonra
ruslara rədd cavabı verir. 21 iyul 1723-cü ildə
Matyuşkin desant dəstələrinə şəhəri zəbt
etmək əmri verir. Bakının müdafiəçiləri
güclü və intensiv atəşlə rus əsgərlərini
itki verərək geri çəkilməyə məcbur edir.
Matyuşkin gəmilərdən şəhəri güclü
top atəşinə tutmağı əmr edir.
Saysız-hesabsız top mərmiləri nəticəsində
Bakı alova bürünür. Şəhərdə
görünməmiş yanğın baş verir. Davamlı
top atəşləri nəticəsində Qala
divarlarının əhəmiyyətli hissəsi
dağılır. İyulun 28-də Bakı güclü həmlələrə,
fasiləsiz top atəşlərinə tab gətirməyərək
süquta uğrayır.
Rus qoşunları şəhərə soxulub
bütün yolları, yüksəklikləri, gözətçi
məntəqələrini, qalaları, silah, barıt
anbarlarını nəzarətə götürürlər. Beləliklə,
ilk dəfə 28 iyul 1723-cü ildə Rusiya Bakını
işğal edir. Dərbənd və Bakıdan sonra Salyan,
Şirvan, Rəşt, Gilan, Mazandaran, Astarabad işğal
edilir. 1723-cü il 12 sentyabr tarixində Rusiya ilə Səfəvi
dövləti arasında Peterburq müqaviləsi imzalanır.
Bu müqaviləyə əsasən zəbt olunmuş Azərbaycan
torpaqları Rusiyanın tərkibinə daxil edilir. Lakin bu
müqavilənin hüquqi qüvvəsi şübhə
altına alındı. Çünki müqaviləni Səfəvi
dövləti adından II Təhmasibin elçisi
İsmayıl bəy imzalamışdı. II Təhmasib
İsmayıl bəyi geri çağırmış və
onun imzaladığı bütün sənədləri
qüvvədən düşmüş elan etmişdi. Buna
baxmayaraq, ruslar Peterburq müqaviləsinə əsasən Xəzəryanı
Azərbaycan torpaqlarını birtərəfli qaydada Rusiya ərazisi
hesab etməyə davam edirdi.
Tarixin bu dövrünə aid tanınmış ədəbiyyatşünas
alim, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər
Turanın "Qəbulə xanım və I Pyotr"
kitabında ilk dəfə olaraq çox qiymətli məlumatlar
verilir. Azər Turanın kitabındakı məlumatları
şərəf tariximizin ən parlaq səhifələrindən
hesab etmək olar:
Bakının rus ordusu tərəfindən
işğalından dərhal sonra, 1723-cü ilin
payızında Peterburqda general Matyuşkin və noviqator,
kapitan-leytenant Saymonovla I Pyotr arasında Salyan barədə
söhbət oldu. Bir ay sonra, daha doğrusu, 1723-cü ilin
payızında Bakı komendantı knyaz Baryatinskiyə Salyana
böyük bir hərbi dəstə göndərilməsi barədə
imperator tərəfindən xüsusi göstəriş
verildi.
Göstərişə əsasən, podpolkovnik
Zambulatovun süvari batalyonu Salyana daxil oldu və rus hərbi
qüvvələri Kür çayının sahilində Salyan
hakiməsi Qəbulə xanımın malikanəsinin
qarşısında qərargah qurdular. Bunu Bakıxanovdan 10 il əvvəl
Aleksandr Sergeyeviç Puşkin də yazıb. Puşkinin
1835-ci ildə qələmə aldığı və I Pyotrun
hakimiyyəti illərində baş verən hadisələri
xronoloji ardıcıllıqla təqdim edən "İstoriə
Petra I" (İzd-vo Rodina, 2021) ("I Pyotrun tarixi" Rodina nəşriyyatı,
2021 - K.Ş.) əsərində belə bir fraza vardır:
"Matyuşkin və Saymonov Sankt-Peterburqa gəldilər.
Pyotr xəstə Matyuşkinə baş çəkdi. Bir
neçə gündən sonra knyaz Baryatinskidən xəbər
aldı ki, polkovnik Zambulatovun batalyonu bütün Salyan
quberniyasını və Kürə yaxın əraziləri
işğal edib. Pyotr bu istiqamətdə hərbi qüvvələri
gücləndirməyi əmr etdi. Çünki Salyan hakiməsi
(knyaginya) məkrli idi. Pyotr haqlıydı, çünki
Zambulatov və bütün əsgərləri onun tərəfindən
məkrlə öldürüldü" (Azər Turan. Qəbulə
xanım və I Pyotr. səh. 10-11. "Elm və təhsil"
nəşriyyatı. Bakı-2025).
Azər Turanın"Qəbulə xanım və I
Pyotr" kitabında daha sonra oxuyuruq:
Dövrün sənədlərində dönə-dönə
qeyd edildiyi kimi, bir gün podpolkovnik Zambulatov hərbi heyətin
zabitləriylə Qəbulənin malikanəsində təşkil
olunmuş ziyafətə qatıldı. Ziyafət zamanı
otağa silahlı adamlar girdi və Zambulatov da daxil olmaqla,
bütün rus zabitləri qətlə yetirildi. Və bu qətl
rus tarixçilərinin yazdığına görə
xüsusi amansızlıqla törədildi.
Unutmayaq ki, Zambulatovun batalyonunda 500 süngüsü
olan süvari əsgər var idi. Qaynaqlar isə bildirir ki, Qəbulənin
adamları təkcə ziyafətə qatılmış
adamları qətlə yetirməklə kifayətlənmədilər.
500 nəfərlik hərbi heyətə hücum etdilər və
ələ keçən bütün əsgərləri
öldürdülər, qaçmağa müvəffəq
olanlar isə gəmilərlə Bakıya qayıtdılar (Azər
Turan. "Qəbulə xanım və I Pyotr". səh. 13).
Azər Turan yazdığı kitabda şərəf
tariximizin ən parlaq səhifələrindən birinə -
tarixi mənbələrə əsaslanaraq işıq tuta
bilmişdi. İllərlə bu şanlı tarixi hadisəni
unutdurmağa cəhdlər göstərilsə də, Azər
Turan həqiqətləri, bir azərbaycanlı xanımın
qəhrəmanlığını açıb ictimaiyyətə
təqdim etdi. Kitabın Elmi redaktoru və Ön söz müəllifi
ədəbiyyatşünas alim, Milli Məclisin deputatı
Elnarə Akimova Qəbulə xanımı Azərbaycanda rus
istilasına qarşı ilk dirəniş hərəkatının
lideri kimi səciyyələndirir. Elnarə xanım kitaba
yazdığı Ön sözü bu fikirlə tamamlayır:
"Azər Turanın tədqiqatı sayəsində
öz tarixi haqqına qovuşan bu Qadın, bu gün öz ədalətini
bərpa edən, qalib və qürurlu Azərbaycana çox
yaraşır".
Azər Turanın olduqca qiymətli
araşdırmasında ən maraqlı məqamlardan biri də
I Pyotrun Salyan ərazisində Yekaterinburq şəhərinin
qurulması ideyası ilə bağlıdır. Əminəm
ki, Qəbulə xanımın qəhrəmanlıq tarixi kimi
bu faktı da çoxumuz ilk dəfədir eşidirik. Kitabın
bu hissəsinə nəzər salaq:
Daha doğrusu, nəzərdə tutulan bu şəhər
Kürün mənsəbində, indiki Neftçalanın ərazisində
yerləşəcəkdi. Bu şəhər Xəzərin
bütün qərb sahilləri üçün istehkam, liman
və böyük iqtisadi məkan olacaqdı. Bakıxanovun
bildirdiyinə görə, hətta general Mixail Afanasyeviç
Matyuşkin 300 nəfərlə birgə gəlib yeni
salınacaq şəhərin yerinə də
baxmışdı.
Şəhərin qurulmasında işləmək
üçün bura I Pyotrun göstərişi ilə Kazan
vilayətindən beş min tatar, çuvaş,
çeremiş köçürüldüyü qeyd edilir.
İndi köhnə Salyanla Kürün mənsəbi
arasındakı ərazidə yerləşən Tatarməhlə
kəndi də həmin tatarların yadigarıdır.
Qəbulə xanımın törətdiyi qanlı
hadisədən sonra müvəqqəti olaraq ruslar bölgəni
tərk etdilər. Nəzərdə tutulan və Yekaterinburq
adlandırılacaq şəhərin qurulması planı təxirə
salındı.
Pyotrun yeni şəhər salmaq arzusu bir də 70 il
sonra xatırlandı. Professor Bobrovski general Lazarevin Tiflisə
gəlişi ilə əlaqədar yazdığı məqaləsində
bildirirdi ki, 1796-cı ilin 17-21 noyabrında Salyana gələn
general Zubov Salyan mahalında Yekaterinanın şərəfinə
böyük bir şəhər - Yekaterina-Serd şəhərini
qurmaq niyyətindəymiş. Amma Pyotrdan fərqli olaraq,
növbəti imperator bu şəhərin tikintisində
çalışacaq qüvvənin tatarlardan deyil, erməni və
gürcülərdən ibarət olmasını nəzərdə
tuturdu. Hansı səbəbdənsə ruslar bu şəhəri
də yarada bilmədilər (Azər Turan. "Qəbulə
xanım və I Pyotr". səh. 50-51).
1725-ci ildə I Pyotrun ölümündən sonra onun
ikinci arvadı Yekaterina taxta çıxır. Daha doğrusu,
taxtı zəbt edir. O dövrün qanunlarına görə
çar öz varisini elan etməli idi. I Pyotr öləndə
belə bir vəsiyyətin olmamasını əsas gətirərək
onun ikinci arvadı hakimiyyəti ələ keçirir. Rusiya
tarixində bu hadisə "qansız çevriliş"
adlanır.
I Pyotrun ölümündən sonra onun siyasi irsi, o
cümlədən, Xəzər dənizinin qərb və cənub
sahillərindəki zəbt olunmuş ərazilərin həll
olunmamış məsələləri ambisiyasız varislərinin
öhdəsinə düşür. Onlar isə onun
qazandıqlarını qoruyub saxlaya bilmədi. Rusiyada saray
çəkişmələri, taxt-tac uğrunda mübarizə,
digər tərəfdən, Nadir şahın ildən-ilə
artan nüfuzu, gücü, qüdrəti hadisələrin
gedişinə ciddi təsir göstərdi.
Nadir şah Səfəvilər dövlətinin itirdiyi
torpaqları hissə-hissə geri qaytarmağa nail olurdu. O, Xəzər
dənizi ətrafı torpaqların Rusiyanın
işğalından azad edilməsi üçün planlar
qururdu. Nadir şah rus imperatrisası Anna İoannovnanın
sarayına xəbər göndərərək Səfəvilər
dövlətinin ərazisini rus qoşunlarından təmizləməyi
tələb edirdi. Qüdrətli sərkərdə və
güclü siyasətçi kimi ad çıxaran Nadir
şaha qarşı gücsüz olduğunu başa
düşən Rusiya onun tələblərinə cavab olaraq
bildirmişdi ki, "Rusiya Xəzər dənizi ətrafı əraziləri
ona görə zəbt etdi ki, bu ərazilər
Osmanlıların əlinə keçməsin"
(M.A.Podrezov. Müasir İranda I Pyotrun Persiya
yürüşünə baxış. Vestnik
MQİMO-Universiteta. 2022, səh. 179-193. Rusiya EA Şərqşünaslıq
İnstitutu).
Yerli əhali rus qoşunlarına qarşı ciddi
müqavimət göstərməkdə davam edirdi. Qoşun dəstələri
rütubətli iqlim şəraitində xəstəlikdən
tələf olurdu. Əgər I Pyotr Xəzər dənizinin cənub
sahillərinə münasibətdə olduqca ciddi
yanaşırdısa, hətta Gilanda yerli əhalini
köçürərək ora erməniləri yerləşdirməyi
planlaşdırırdısa, onun varisləri bu məsələlərə
daha realistik yanaşırdılar (yenə orada).
Nadir Şahın Səfəvilər dövlətinin ərazisini
bərpa etmək qətiyyəti nəticəsində 1732-ci
ildə Rəşt traktatı imzalandı. Bu traktata əsasən
Rusiya Mazandaranı, Astarabadı və Gilanı geri
qaytardı. Bakı və Dərbənd Rusiyada qaldı.
1734-cü ildə Rusiya və Türkiyə münasibətləri
müharibə həddində idi. Nadir şah təhdid edərək
bildirirdi ki, əgər Rusiya Qafqaz ərazilərini qaytarmasa,
o, osmanlılarla müqavilə imzalayacaq. Rus imperiyası
növbəti güzəştə getməyə məcbur
oldu. 1735-ci ildə imzalanan Gəncə traktatına əsasən
Rusiya Bakını və Dərbəndi geri qaytarmaqla Nadir
şahın parlaq qələbə çalmasını təmin
etdi.
Beləliklə, Nadirin uğurları yalnız ölkəsini
dağılmaqdan xilas etmədi, onun qüdrətini bərpa
etdi. Həmçinin Pyotrun ambisiyasız varislərinin fəaliyyəti
nəticəsində Nadir Persiya yürüşünü
heçə endirdi (Yenə orada).
Şərqin sonuncu Fatehi Nadir şah 1747-ci ildə
dünyasını dəyişdikdən sonra Rusiyada I Pyotrun Xəzər
dənizini rus dənizinə çevirmək planları yenidən
gündəmə gətirilir. Ruslar Qafqazı zəbt etmək,
Hindistanla Avropanın ticarət əlaqələrinə nəzarət
etmək ideyasını reallaşdırmaq üçün
yeni strategiya qurmağa başlayırlar; I Pyotrun bu cəlbedici
planlarından əl çəkmək fikrində deyildilər,
məqam gözləyirdilər. Nəhayət, 1796-cı ildə
ruslar Bakını yenidən, ikinci dəfə zəbt edirlər.
Lakin bir ildən sonra I Pavel rus qoşunlarını Bakıdan
geri çağırır. Bakını ələ
keçirmək istəyi Rusiya hakimiyyətində nə qədər
güclü olsa da, onu Rusiya ərazisinə qatmaq mümkün
olmur.
1796-cı il Bakının işğalı ilə
bağlı xeyli sayda tarixi mənbələrə baxsam da, hər
yerdə bu hadisə bir cümlə ilə qeyd olunub. Əlavə
məlumat tapmaq imkanım xaricində olduğu
üçün Bakının ruslar tərəfindən
üçüncü dəfə işğal etmələrinə
nəzər salaq.
Kamil ŞAHVERDİ
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (№27).- S.10-12.