Yazı varolma aktı kimi: Orxanın
hekayəsini kim danışır?
"Gənclər nə istəyir?" silsiləsindən
Çağdaş ədəbi yaradıcılıq
dövrün sürətli sosial-mədəni
transformasiyaları fonunda fərdi şüurun yenidən
qurulmasının estetik ifadəsi kimi çıxış
edir. Gənc nəsil üçün ədəbiyyat, ilk
növbədə, identiklik axtarışının,
narahatlıq və təbəddülatlar zəminində
özünü anlama ehtiyacının, psixoloji və sosial təlatümlər
əsasında formalaşan şəxsi təcrübənin
estetik mənalandırılması vasitəsidir. Mətn bu
baxımdan həm introspektiv analiz alətinə, həm də
fərdin zamanla, bu kontekstdə cəmiyyətlə dialoquna
çevrilir.
Gənc müəlliflər ədəbi ənənəyə
tamamilə arxa çevirməsələr də, poetik sistemə
və onun daxili məzmun-fəlsəfi konfiqurasiyasına fərqli\fərdi
prizmadan yanaşmağa çalışırlar. Ənənəvi
ədəbiyyat həm də kollektiv kimliyi, tarixi
yaddaşı mühafizə etmək missiyası
daşıdığı halda, gənclərin
yaradıcılığı mətnə daha çox fərdin
daxili dünyasına yönəlik lokal və intim bir
baxış təklif edir. Bu yanaşmada, əksərən,
ideoloji məqsədlər ikinci plana keçir: əvəzində,
psixoloji dərinlik, şəxsi təcrübənin estetikaya
çevrilməsi prosesi ön plana çıxır.
Qəlibləşmiş süjetlərdən
uzaqlaşmağa meyilli gənclərin
yaradıcılığında ənənəvi dramatik
konfliktlərin əvəzində çağdaş insanın
daxili ziddiyyətləri, kimlik böhranı, özünüdərk
sorğusu, mənəvi yorğunluq, texnoloji təcrid kimi real
problemlər üzə çıxarılır. Bir çox gənc
müəlliflərin nəsr nümunələrindəki
süjet passivliyi, dinamika qıtlığı diqqətin
xarici konfliktlərdən daxili proseslərə yönəldiyini
göstərir.
Forma baxımından yenilikçiliyə meyil, janr sərhədlərinin
tam və ya qismən pozulması gənclərin ədəbi təcrübəsində
mühüm yer tutur. Ümumi tendensiya ilə ayaqlaşmağa
can atan gənc ədəbiyyatımızda klassik kompozisiya
modeli dövrün informasiya qavrayışına uyğun
olaraq, yerini getdikcə daha çox parçalanmış mətn
strukturlarına, fraqmentarlıq və bioqrafik qurmacaya verir.
Yaradıcılığı bədii estetikanın
yeni formalarını təcrübədən keçirmək
istəyi ilə səciyyələnən gənclərin məqsədi
oxucunu estetik baxımdan heyrətləndirməkdən daha
çox, onu yazı prosesinə, müəllifin iç
dünyasına, düşüncə labirintinə daxil etməkdir.
Müəllif-oxucu münasibətləri klassik modellərin
yerinə, dialoq və ya şərikli təcrübə
prinsipi üzərində qurulur. Beləliklə, ilkin məqsəddə
içə yönəlik ədəbi yaradıcılıq
modeli estetik genişlənmə sayəsində ictimai əhəmiyyət
qazanmaqla aktuallıq kəsb edir. Nəticədə, gənclərin
yaradıcılığı ədəbiyyat vasitəsilə
dünyanın onların prizmasından necə
göründüyünü, özlərini bu mühitdə
necə hiss etdiklərini və bu təcrübənin ifadə
şəklini nümayiş etdirir.
Orxan Həsəninin nəsrini, xüsusən, hekayələrini
fərqləndirən cəhətlərdən biri metanarrativ
konstruksiyalara malik olmasıdır. Yazı aktının
özünün süjetə çevrilməsi, hekayə
içərisində mətnquruculuğuna eyhamlar, oxucuya
birbaşa müraciət və ya dolayısı ilə\oyunla
hekayənin içərisinə cəlb edib
iştirakçıya çevirmək, yazının kimə
aid olduğunu - müəllifliyi sual altına almaq kimi cəhətlərlə
Orxan hekayələrində qəhrəman, müəllif və
oxucusu arasında sərhədləri bulanıqlaşdırılır.
Metafiksiya əlamətlərinin təzahür etdiyi
"Sonuncu yuxu" hekayəsində postmodern elementlər
funksionallaşır, danışıldıqca reallaşan
yuxular potensial talelərə çevrilir. "Hər şey
bir yuxuyla başladı..." cümləsi ilə
açılan hekayədə yuxu süjet strukturu ilə
yanaşı, estetik düşüncə istiqamətini müəyyənləşdirir.
Yusifin timsalında insanın daxili dünyası, reallıqla
yuxu, mətnlə həyat arasındakı şəffaf sərhədlər
metafizik, poetik anlamlar qazanır. On bir ulduzun, günəşin
və ayın hikmətlərinə həsr olunan "Sonuncu
yuxu" hekayəsi "Yusif" surəsindən
seçilmiş "...Karvan Misir torpağından ayrılanda
ataları dedi: - Mən, həqiqətən, Yusifin qoxusunu hiss
edirəm" epiqrafı ilə başlamaqla, intertekstual əsasını
və dini semantik çalarlarını nişan verir. Yusif
arxetipdir, əzablardan keçən yollarla ilahi kamala
yetişmiş, buna görə də gerçəkçi
yuxular bəxş olunmuş peyğəmbərdir. Hekayədəki
Yusifin yuxuları onu daha dərin bir quyuya - lükün öncə
yanına, sonra içərisinə çəkir: "Ulduzsuz
göy üzünün yerdəki şəkliydi bu dairə".
Təhtəlşüurun labirinti kimi, Yusif öz
yuxularını lükün qaranlığına
danışmağa başlayır: "İndi bu lük şəhərin
qulağı olub onun ağrılı hekayəsini dinləyirdi."
Amma həmin gündən Yusifin bircə yuxusu da gerçəkləşmir.
Hekayələri isə onun səhifələrə
pıçıldadığı yuxularıdır, çin
çıxır. Yaradıcılıq Yusif üçün
nəfəslikdir, estetik akt olmaqla yanaşı, terapiyadır,
varlığının istinad nöqtəsidir: "Bir
neçə ayda qəzetlərdə dərc olunan hekayələrini
kəsib divardan asırdı. Evində pəncərə yoxdu.
Yusif səhifələrə pəncərəyə baxan kimi
baxırdı."
Klassik mətnlərdən fərqli olaraq, Orxanın
hekayələri oxucuya mesaj vermir, suallarını
çoxaldır: Yuxu harada başlayır, gerçək harda
bitir? Yazan kimdir, izləyən kim, yazılanı yaşayan
kim? Hekayə necə yaranır? Kimin hekayəsini kim
danışır? Taleyə çevrilən mətnin müəllifi
kimdir? Mətn həm taledir, həm də tale yazısı - elə
isə bəlkə, mətn özü-özünü
yazır?! Bu qeyri-müəyyənlik müəlliflik
anlayışını sorğulayır. Bu və digər
hekayələrin bir şərhi - çözümü,
sualların bircə cavabı yoxdur. Hər zaman qeyd etdiyim kimi,
müəllif tale yazan, gələcəkdən xəbər
verən kahindir, olmuşları yazıya alan deyil. Bu mənada,
Orxan Həsəninin yaradıcılıq aktı və onun
sirlərini qabardan mətnləri həm də müəllif
kimi bir az özünüifşa, bir az da monoloqdur.
"Metro terminalının sevgisi" hekayəsi
metafizik atmosferi və detallarla rəmzləşdirilmiş məzmunu
ilə ölüm, reinkarnasiya, ruhun heç bir şəkildə
yoxa çıxmayıb, müxtəlif formalarda varoluşu
kimi mövzular vasitəsilə sevginin əbədiliyinə
vurğu edir. Orxanın nəsrindəki gerçəklik
absurdla reallığın, emosiyalar və qatı
düşüncənin sərhədindəki "normal" həyat
tərzidir. Bu hekayədə də iyirmi yaşında ölən
qəhrəmanın metro terminalı kimi "zühur etməsi",
hiss və düşüncələri ilə birinci həyatını
davam etdirməsi, hətta intiharı ilə belə
öl(dürül)ən iyirmi yaşlı gənc oğlana bənzəməsi
("Məni kimsə itələdi, ancaq bilmirəm kim")
yaradıcı ruhun keç(ir)diyi transformasiyaları
nümayiş etdirir.
Hekayəyə görə, yaradıcı fəaliyyət
seçimdən daha artıq məcburiyyətdir. Başqa
sözlə, ruhun azad seçimi cismin məhkumluğudur -
mexaniki bədən içində həbs olunsa belə, bircə
obyektə bütün dünyanı sığdırıb həyatın,
varlığın timsalı kimi sevə bilir. Hekayənin əvvəlində
uruqvaylı yazıçı, jurnalist Eduardo Qaleano və
israilli Edqar Keretdən gətirilən nümunələrin proloq
seçilməsi təsadüfi deyil. "Oğlum öldü
və göyərçinə çevrildi" cümləsi
"Metro terminalının sevgisi" hekayəsinin əsas
ideya və məzmun xəttinin, bir növ, xülasəsini
verdiyi kimi, mətn də Keretin hekayələrinin atmosferini
xatırladır.
Orxan Həsəni, demək olar, bütün nəsr əsərlərində
olduğu kimi, bu hekayəyə də öz obrazını gətirir.
Hekayənin sonunda püşkatma zamanı verilən cəza
("Orxan Həsəni! Siz bundan sonrakı həyatınızı
dar otaqda, heç kimlə ünsiyyət qurmadan hekayə
yazaraq keçirəcəksiniz.") yazıçı taleyinin
hökmünə çevrilərək sənətin fəlsəfi
konsepsiyasını özündə cəmləşdirir:
darıxmaq, mexanikiləşmək, yaddaşlardan silinmək
qorxusu ilə üz-üzə qalan qəhrəman və sənət
vasitəsilə yaşamaq, nəfəs almağa
çalışmağın simvolu kimi yaradıcı fəaliyyət,
yazmaq aktı. Beləliklə, müəllifin obrazı burada
yalnız avtobioqrafik element deyil, ümumiyyətlə
yazıçı taleyinin, sənətə məhkumluğun
ifadəçisidir.
Orxan Həsəninin hekayələrinin məntiqi və
empirik davamı kimi ərsəyə gələn janrların
qarışması, təhkiyənin fraqmentarlığı ilə
seçilən "Və dalğalandı yaddaş
tarlası" romanı bir çox mətnlərə göndərmə
etməsi, xatırlatması ilə "mətn
dünyadır" konsepsiyasını təsdiqləyən,
müxtəlifyönlü şərhlərə
açıq, "sonsuz roman"dır. Xeyli eksperimentləri
bir mətnə sığdıran postmodern cəhd hesab etdiyim
ilk romanından sonra Orxan oxucusuna tamamilə fərqli bir mətn
təqdim etdi: "Müharibəni gözləyərkən"
romanında birincinin əksinə olaraq, demək olar, heç
bir eksperiment yoxdur - əvəzində, real ağrılar var.
Əsərdə "Və dalğalandı yaddaş
tarlası"ndan tanıdığımız Cavid universiteti
bitirəndən sonra hərbi xidmətə yola
düşür. Roman başlayan kimi tərxisinə dörd
gün qalmış İkinci Qarabağ müharibəsi
başladığını, Cavidin könüllü cəbhəyə
yollandığını və minaya düşüb həlak
olduğunu oxuyuruq. Qarşımızdakı kitabın da əslində,
şəhidin romanı - əsgərlikdə
yazdığı gündəlikləri olduğunu öyrənirik.
Amma romanı öz adına çap etdirməyə məcbur
qalan, yaza bilməyən yazıçı (yeri gəlmişkən,
son illər gənc müəlliflərin əsərlərində
yaza bilməmək sindromlu yazıçılar tez-tez boy verməkdədir)
çap etdirdiyi kitabın həqiqətən, gündəlik
olduğundan əmin deyil - bəzən onu Cavidin xəyal məhsulu
da hesab edir. Sonlara doğru anlaşılır ki, Cavidin minaya
düşüb həlak olması heç də təsadüf
deyilmiş. "Müharibəni gözləyərkən"
ordunun çılpaq mənzərəsini təsvir edən
anti-ədəbiyyat kimi də oxuna bilər, Orxan Həsəninin
ilk romanının davamı, yaddaş romanı (əsgərin
- ordunun - şəhidin - ölümün yaddaşı) kimi də.
Burada da yaradıcı yazı - bədii mətn struktur - formal
xüsusiyyətləri ilə yanaşı, poetik, metafizik
xüsusiyyətləri ilə də ön plana
çıxır.
İkinci romanından bir az sonra Orxan Həsəni
"Anka" hekayəsi ilə ədəbi mühitimizdə əməlli-başlı
qısamüddətli canlanma yaratdı. Hekayəni çox bəyənən
və ümumiyyətlə alınmadığını bəyan
edən oxucular iki qismə ayrıldılar. Mətnin əsas
sirrini isə cəmi bircə detal çözür: iki kərə
adı çəkilən Raymond Karverin hekayələri.
"Anka" sevgi və nifrətin, doğmalıq və
yadlaşmanın eyni mənbədən
qaynaqlandığını göstərən, zamanla
yaddaşda yer etmiş emosional yaraların hekayəsidir.
"Əşyalarımın çoxu Ankada qaldı; diş
pastam, jiletim, üstündə dördyarpaqlı yoncadan
naxışlar vurulan sarı papağım, fenim,
sürücülük imtahanı üçün testlərim,
çox sevdiyim narıncı köynəyim, Raymond Karverin
üçcildlik hekayələri və yaşıl jaketim. Məndən
çox Anka geyinirdi deyə, yaşıl jaketi saymıram.
Dünən səhər hamamdan çıxıb
saçımı qurutmaq üçün başımı
qonaq otağındakı radiatora söykəyəndə
anladım ki, Ankada qalan əşyalarımı almalıyam.
Xüsusən, feni. Onu görmək üçün
yaxşı bəhanədir!" Belə bir banal xatirə ilə
başlanan hekayədə sevgi xırdaca detallar - birləşdirən
əşyalar, qoxular, səslər, rənglər, sözlər
vasitəsilə iki fərqli insanın bir "dünyada"
bir-birinə bağlanması, həyat tərzinə
çevrilən vərdişlərdir - "biri ilə bu qədər
doğma olmağın xatirəsi"dir. Taksi
sürücüsünün danışdığı,
gerçəkliyi sərnişinlərdə sual doğuran əhvalat
Anka ilə keçmiş sevgilisinin arasındakı namüəyyən
situasiyanın detektoruna çevrilir.
Ankanın ikiaylıq ayrılıqdan sonra
oğlanın yazmağına bənd imiş kimi mesajı dərhal
cavablaması, görüşə razı olması, bəyənmədiyi
çiçəkləri taksidə unutması, bütün
yalanları tanıması, yalan eşidəcəyini bildiyinə
rəğmən suallar verməsi, "sənə nifrət
edirəm"lə "məni qucaqla" arasında get-gəlləri,
"səni bağışlamışam" bəyanı ilə
"Səni öldürməyə gücüm
çatmadı. İndi gözümdə
çürümüş, iylənmiş bir cəsəddən
fərqin yoxdur" etirafı arasındakı təbəddülatları,
eyni məkanda birinin eşidib, o birinin eşitmədiyi
qurbağa səsi və s. - bu və digər cəhətləri
ilə "Anka" üzərinə vurğu edilən Karver
hekayələrinin üslubuna yaxınlaşır.
Orxanın hekayəsi Raymond Karverin zahirən heç nə
baş vermirmiş kimi görünən mətnlərisayaq
kommunikasiya problemini obrazların ovqatından
çıxış edərək təqdim edir. Amerikalı
müəllifin "Sevgidən danışanda biz nədən
danışırıq?" ( "What We Talk about When We Talk
About Love") hekayəsindəki kimi, Orxanın mətnində
də işıq və qaranlığın, sevgi və nifrətin
kontrastı qabardılır. Karverin "Ehtiyatlı"
("Careful") hekayəsinin qəhrəmanı
üçün şampan partlaması həyat
yoldaşından ayrılandan sonra həyatındakı yeganə
səsə çevrilir, günlərini alçaq tavanlı
otaqda, butulkadan şampan içərək keçirir.
"Anka"nın qəhrəmanı isə qurbağa səsini
təklikdə eşitməyə davam edir.
Orxan Həsəninin ilk baxışda tamamilə banal
sevgi hekayəsini Karverin hekayələri ilə
yaxınlaşdıran əsas cəhət qəhrəmanlarına
sentimentallıqsız rəğbət, bədii empatiya ilə
yanaşması, mətnin impressionist notlarda yazılması,
vizual və emosional başlanğıcın əsas yer
tutmasıdır. Odur ki, dəyişkən, ani təəssüratlar
üzərində qurulan "Anka" - sevginin, sədaqət
və xəyanətin təbiəti haqqında
düşündürən, səbəblərin sevgilidən
daha çox, insanın özündən
qaynaqlandığını göstərən psixoloji hekayədir.
Bu cür əsərlər hər hansı bir mesaj
ötürmək məqsədi daşımır; yalnız
müəllif niyyətinə deyil, oxucunun təcrübəsi,
dünyagörüşü və kontekstual yanaşmasına
"arxalanaraq" onu hermenevtik iştirakçıya
çevirib prosesin\mətnin içərisinə çəkir.
İdeyası yazı prosesində tədricən formalaşan
bu nümunələrdə mətn struktur və semiotik səviyyələrdən
doğulur.
Orxan Həsəninin klassik süjet və tematik şərtilikdən,
ənənəvi müəllif-oxucu münasibətindən
uzaqlaşan əsərləri çoxqatlı şərhlərə
açıqdır; təhkiyənin konturlarını
dağıdıb yeni strukturlar qurmağa meyillidir. Oxucumərkəzli
mətn təşkilinə əsaslanan bu nümunələr səbəb
axtarışına oxucu ilə birgə çıxaraq estetik
eksperimentlər toplusu kimi təzahür edir. Bütün bu
xüsusiyyətləri etibarilə, müəyyən estetik-fəlsəfi
prinsipə söykənən mətnlər ərsəyə gətirməklə
Orxan Həsəninin yaradıcılığı
çağdaş nəsrdə öz içində
ardıcıl poetik sistemə malik olan alternativ təkliflə
çıxış edir.
Mətanət VAHİD
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (№27).- S.12-13.