Bakının dərdi sizə qalıb?
Allah xatirinə, əl çəkin bu Bakının
"yaxasından!" Deyirsiniz, heç bilmirik bura şəhərdir,
yoxsa kənd? Hündür, yaraşıqlı binaları
görmürsünüz bəyəm, kənddə belə
binalar olur? Əlbəttə, Bakı şəhərdir.
Durub-oturub deyirsiniz dünyada belə əyri-üyrü
küçələri, çala-çuxur asfalt yolları, hər
tərəfində zibilxana olan şəhər görməmisiniz.
Sizin kimilərinin peşəsidir, həmişə başqa
ölkələrin şəhərlərini tərifləyirsiniz,
özümüzünküləri pisləyirsiniz. Təzə
yollar çəkilib, onları da görmürsünüz?
Guya burada özbaşınalıqdır, aləm
qarışıb bir-birinə. Hara baxırsan, tikirlər. Guya
yekə-yekə ağacları baltalayıb yıxırlar
böyrü üstə ki, mağaza tiksinlər, nə bilim,
restoran tiksinlər. Ay bala, qoyun tiksinlər də, tikilən
qalacaq. Ağacları kəsəndə nə olar, ey? Təzələrini
əkərlər.
İnsafınız olsun, sizin sözlərinizə
görə, az qala hamı satır, heç alan yoxdur. Guya
camaat kasıblaşıb. Görürsünüz, düz
danışmırsınız. Alan yoxdursa, satanlar malları
kimə satırlar, hə? Özünüz çox
yaxşı bilirsiniz ki, bu millətdə alverə,
alış-verişə yaranışdan sevgi-məhəbbət
var. Qoymazsınız camaat çörəyini qazansın? Mərdiməzarlıq
etməsəniz olmaz?
Çoxlarının pul-para dalınca
qaçdığını, var-dövlət
yığdıqlarını, nəsilbənəsillərinə
"gün ağladıqlarını", amma gözlərinin
doymadığını söyləyib, bütün
bunları başqa yerə yozursunuz. A kişilər, bunun
Bakıya nə dəxli var? Dünyada hamı pul dalınca
qaçır, hamı varlanmağa çalışır. Təkcə
Bakıda deyil ki, dünyanın hər yerində varlılar
getdikcə varlanır, kasıblar getdikcə
kasıblaşırlar.
Nə olub, indi ayılmısınız, guya çoxları
ana dilində danışmır, öz musiqimizə qulaq
asmır, adam kimi geyinmir. Guya, belələri əcnəbilərə
bənzəmək istəyirlər. Əlbəttə, ana
dilini bilməyənlər başqa dillərdə
danışacaqlar. Hamı muğamata qulaq assın? Qaldı
geyimə, hamı eyni cür geyinə bilməz ki! Televiziyaya
baxmırsınız? Görmürsünüz ki,
dünyanın çox ölkəsində camaat qədim
insanlar kimi geyinir? Ayıb da olsa, eyibli yerlərini bir balaca
örtürlər, vəssalam! Burada nə var ki? Fikirləşirsiniz
ki, çoxları ələbaxım olub, elə hey istəyirlər
haradansa, nəsə qoparsınlar,
çırpışdırsınlar. Sizə nə var? Birinin
"Moskviç" almağa pulu var, amma baxır
qonşusuna, görür onun "Mersedes"i var, deyir,
"ondan əskiyəm, gərək mən də
"Mersedes" alam". Və yaxud birinin ev almağa pulu
çatmır, dənizin sahilində villa tikdirmək istəyir.
Bir başqasının adi dolanışığı yoxdur, mənzilini
"yevroremont" elətdirməyə can atır. Və sair
və ilaxır. Bilirsiniz, belələri hər yerdə var,
Bakını niyə qaralamısınız? Bakıdan
danışırsınız, amma aləmi
qarışdırırsınız. Yaxşısı budur,
bir balaca sözünüzə diqqət edəsiniz!
Deyirsiniz, Bakı neft şəhəridir. Nə bilim,
"nefti bol olan ölkə basılmaz". Bakıda adam var,
gecə-gündüz neftin içərisində üzmək
istəyir. Elə üzür də. Bacarırsınız, siz
də gedin, neftdə üzün. Belə ironiyalara ehtiyac
yoxdur! Guya kim vəzifədədir, eninə də, uzununa da
rüşvət alır. Rüşvət ala bilməyənlərin
işi-peşəsi də onlara lağ eləməkdir, ya da
onların qazancını "saymaq"dır. Adama deyərlər,
başqa işiniz-peşəniz yoxdur? İndi lağ elədiyiniz,
ələ saldığınız,
qısqandığınız o pullular var ha, zavodları,
fabrikləri, müəssisələri özəlləşdirib,
sabah səni də, balalarını da, yeddi arxa dönənlərini
də əllərinin altında işlədəcəklər.
Sən ha de, ha yaz. Nə olsun? "Dəyirman öz işindədir,
çax-çax baş ağrıdır".
Sizin sözlərinizə qulaq asanın gərək
ağlı olmaya! Guya Bakıda bir qarış torpaq yeri tapmaq
mümkün deyil, hamısı satılıb. Guya haranı
göstərsən, deyəcəklər, "buranı filankəs
alıb". Sonra da durub sual verirsiniz ki, bazardan varlı da,
kasıb da hər şey ala bilir, bəs torpaq bazarından qara
camaata niyə pay düşmür? Bir məntiqiniz olsun,
söz deyəndə fikirləşin, götür-qoy edin,
sonra dillənin. Hamıya torpaq vermək olar?
Siz havayı yerə narahat olmayın, Bakı həmişə
necə olub, indi də elədir. Bakı elə həmin
Bakıdır. Bu boyda şəhərin dərdini çəkmək
sizə qalıb?
Adamın gərək ağlı olsun...
Düz deyirəm, vallah! Ağlın olmadı ha, bu
dünyada adam kimi yaşayammazsan. Gərək ağlın
olsun, düşünəsən ki, ayə, necə olur, sənin
də iki əlin-ayağın, bir başın, iki
qulağın və s. var, o birilərinin də. Necə olur, o
birilər cah-cəlal içində yaşayır, sən həmişə
lüt-üryansan, qəpiyə güllə atırsan? Belə
çıxır ki, o birilərinin ağlı var, yəni sənin
kimi ağılsız deyillər. A kişilər, heç ola
bilməz ki, ağıllı adamın pulu-parası
olmasın! Ağıl deyilən şey ki, var, gərək o
mütləq adamda olsun. Olmadı ha, batdın!
Lap uşaqlıqdan əlimə pul düşən
kimi, gedib verirdim axmaq-axmaq şeylərə. Ürəyinizə
pis fikirlər gəlməsin, uşaq siz
düşündüyünüz şeylərə pul xərcləməz.
Deməyim odur ki, gedib xırda-xuruş alırdım, o biri
gün də xoşuma gəlmirdi, atırdım bir kənara.
Bu xasiyyətlə böyüdüm, gözümə
yaxşı nə göründüsə, lazım
oldu-olmadı, aldım. Yekə kişi oldum, ağlım
başıma gəlmədi ki, gəlmədi. Nəyə
görə?
Deyin görüm, adam da nəğd pulunu əlindən
verər? Deməli, verməz. Ölənləriniz oldu rəhmətlik!
Amma mən nəğd pulumu aparıb qoymuşam özəl
bir banka. Özü də nə qədər olsa
yaxşıdır? Altmış min manat! İllər
keçib, oturub sevinə-sevinə gözləmişəm ki,
başqa ölkələrdə olduğu kimi, banka qoyduğum
pulun faizi də üstünə gələcək, gedib
maşın alacağam, villa tikdirəcəyəm,
dünyanı gəzəcəyəm. "Sən saydığını
say, gör fələk nə sayır".
Bir gün xəbər çıxdı ki, pullar dəyişir.
Getdim banka ki, altmış min manatı, üstəlik, faizini də
alım. Götürüb mənə nə versələr
yaxşıdır: altı min manat! Elə orada iki əlimi
ilişdirdim təpəmə, öz-özümə dedim:
"Kül sənin ağılsız başına, adam da
banka pul qoyar?! Pulun var, qoy evə, yavaş-yavaş xərclə
də!"
Elə bilirsiniz, bu əhvalatdan sonra ağlım
başıma gəldi? Ay gəldi ha! "Quyuya su tökməklə
sulu olmaz ki!" Zəmanə dəyişdi, özəl banklar
çoxaldı. Aparıb olan-olmazımı qoydum həmin
özəl banklardan birinə. Mənim hesabımla bir neçə
ildən sonra milyoner olmalıydım. Bir də eşitdim
bankı bağladılar, bankiri də tutdular basdılar
içəri. Heç demə,
fırıldaqçının biri imiş. "İt də
getdi, ip də". Qaldım "lüt-madərzad".
İndi özünüz deyin, ağıllı adam da
nəğd pulunu əlindən verər?
Nə oldu bəs?
Polisdə işləyən bir tanışıma rast
gəldim, peşman oldum soruşdum ki, nə var, nə yox, necə
yaşayırsan? Elə bil, bu sualı gözləyirmiş,
ağzını açdı, gözlərini yumdu,
başladı, nə başladı:
- Sən öl, əsl kişi peşəsidir bizimki.
Tapança böyrümüzdə, zopa əlimizdə.
Ağzı var, bir kəs, bizə söz desin. Ölənəcən
döyərik, üstəlik, dövlət nümayəndəsini
təhqir etməyin üstündə tutub basarıq içəri.
Paqon yoldaşlarımız da ki, heç
ayağımızı basmazlar, necə ki, "..
....ayağını basmaz". Odur ki, hamı bizdən qorxur.
Pul-para cəhətdən də heç korluq çəkmərik.
Pul bir bizdə, bir də ingilisdə!
Sözünü yarımçıq kəsib dedim ki,
belə sözlər danışma, ayıbdır! O:
- Bizlər ayıb-zad bilmərik. Kefimiz istəyəndə
birinin cibinə narkotik maddə basıb, beş-on min
alırıq, yaşayırıq
özümüzçün. Beşgünlük
dünyadır, nədən çəkinəcəyik?! Nə
istəyirik, onu da edirik! - deyə dilləni.
Yenə sözünü yarımçıq kəsib
başa salmağa çalışdım kı, belə
sözlər danışma, ayıbdır! Nə desə
yaxşıdır?
- Elə bilirsən elə-belə götürüblər
bizi vəzifəyə? Vermişik, indi də alırıq də!
Dedim: "adə, danışma!"
Dedi:
- Danışaram, hələ o tərəfə də
keçərəm! Guya bilmirsən al-ver
dünyasıdır?! Mən ölüm, özünü
avamlığa qoyma!
Dedim: "adə, danışma!"
Dedi: "danışacağam!"
Mən dedim, o eşitmədi.
Bu günlərdə on iki il aldı, getdi. İndi
qalıb paqon yoldaşlarının əlində.
Ey gidi dünya! Deyirdi ki, paqon yoldaşlarım
ayağımı basmaz...
Xasiyyəti idi
Bir gün tülkü çaqqala deyir:
- Çaqqal qardaş, bu nə gün-güzərandır
keçiririk? Gəlsənə, elə bir tədbir görək
ki, biz də əsl heyvan kimi ömür sürək...
Çaqqal xeyli fikirləşəndən sonra dillənir:
- Doğru deyirsən, tülkü lələ! Elə
həmişə, əl-ayaqda qalan biz oluruq. Bir yol tapmaq
lazımdır... Bəlkə səni heyvanlara
başçı seçək, mən də olum müavin?..
Tülkü onun sözünü kəsir:
- Mənim namizədliyim keçməz, çünki
bütün heyvanlar "cikimə" də bələddirlər,
"bikimə" də! Elə gəl,
başçımız sən ol, mən də sənin sayəndə
baş dolandırım özüm üçün!
Çaqqal tərəddüd edir:
- Şirin qabağında mən nə karəyəm
ki, böyüklük edim?
- Onun üçün gərək mütləq
çaqqalıqdan çıxıb, olasan qəribə heyvan.
Məsələn, alabəzək, rəngli bir məxluq...
Özü də gərək vaqqıldamağından əl
çəkəsən ki, çaqqal olduğunu bilməsinlər.
Çaqqal təəccüblənir:
- Necə?
Tülkü onu müxtəlif rənglərlə bəzəyib
deyir:
- Bax belə! İndi mən gedirəm heyvanların
yanına. Sən də bir azdan gələrsən. Qalanı ilə
işin olmasın...
Çaqqal tülkünün dediyi kimi edir. Heyvanlar onu
görəndə heyrətlənib soruşurlar:
- Bu nə qəribə heyvandır belə?! Biz
heç beləsini görməmişik...
Tülkü kələyinin baş tutduğunu
görüb, şələ quyruğunu yellədir, ancaq
özünü o yerə qoymur:
- Mənim heyvan dostlarım, yəqin bu qəribə məxluq
hamımızdan ağıllı və güclüdür. Gəlin,
onu seçək özümüzə başçı...
Heyvanlar birağızdan tülkünün səsinə
səs verirlər. Beləliklə, çaqqal başlayır
onlara başçılıq etməyə. Gah şiri
söyüb rüsvay edir, gah pələngin ixtiyarını
pişiyə verir, gah da fili qul kimi işlədib çöpə
döndərir. Bir sözlə, əsl çaqqallıq eləyir,
o kəsən başın sorğu-sualı olmur. Gündə
bir yığıncaq çağırır. Heyvanlara
dişinin dibindən çıxanı deyir. Çaqqalın
adı gələndə heyvanlar tir-tir əsir, tük salırlar,
bircə tülküdən başqa. Tülkü şən,
firavan həyat keçirir.
Yazıq heyvanlar da qorxularından
cınqırlarını çıxarmırlar ki, çaqqal
onları meşədən qovar...
Günlərin bir günü çaqqal
tülkünün qulağına pıçıldayır:
- Tülkü lələ, daha dözə bilmirəm,
vaqqıldamağım gəlir...
Tülkü ayağını onun ağzına
basıb deyir:
- Sss... Kəs səsini! Bizi biabır eləmə!
Çaqqal yalvarır:
- Yox, tülkü lələ, xasiyyətim belədir,
gərək vaqqıldayam! Yoxsa, ürəyim partlayacaq!
Tülkü ürəyində fikirləşir:
- Əşi, cəhənnəmə! Çaqqal
çaqqallığından əl çəkən deyil!
Onsuz da aldığımı almışam, verdiyimi vermişəm.
Boğazını üzüb üst-üstə
yığdığım toyuq-cücələrin
sayı-hesabı yoxdur, ölənə kimi yesəm, bəsimdir.
Odur ki, çaqqala deyir:
- İndi ki, vaqqıldamağın gəlir, get, uzaqda
vaqqılda, heyvanlar bilməsinlər bu sənsən.
Çaqqal qaça-qaça gedib dağın
başına çıxır, o tərəf-bu tərəfə
boylanır, bircə heyvan gözünə dəymir. Elə
ürəkdən vaqqıldayır ki, səsi bütün
meşəyə yayılır. Heyvanlardan bir neçəsi
bunu eşidib dağa tərəf qaçanda nə görsələr
yaxşıdır? Alabəzək heyvan - bunların
başçısı çaqqal imiş!!!
Çaqqalı parça-parça edirlər.
Tülkü isə dostuna bir-iki gün yas saxlayıb gedir
öz tülkülüyünün dalınca...
1990
Xeyrəddin QOCA
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (№27).- S.14.