Görkəmli alimə poetik abidə
Son illərin ədəbi prosesində özəl fəallığı
ilə seçilən, 40-dan artıq kitabı işıq
üzü görən tanınmış şair Güləmail
xanım Muradın yaradıcılığı iki yöndən
diqqəti çəkir - şəhadət tematikası və
poema yanrına ardıcıl müraciət. Onun
"Döyüş yolları" poeması Sovet
İttifaqı qəhrəmanı Müseyib Allahverdiyevə,
"Hara gedirsən belə?" Milli Qəhrəman Rafiq
Alıcanova, "Gültəkin zirvəsi" Milli Qəhrəman
Gültəkin Əsgərovaya, "Şəhid
yaşında" Qarabağ savaşı şəhidi Qaratel
Hacımahmudovaya, "Zəfərnamə" 44 günlük
savaşda qazandığımız qələbəyə,
"Nuru Paşa dastanı" türk generalı Nuru
Paşaya həsr olunub. Bununla yanaşı, Güləmail
Muradın görkəmli dövlət xadimləri, elm və mədəniyyət
adamlarına həsr elədiyi poemalar da var. Ümummilli öndər
Heydər Əliyev cənablarına "Sən Azərbaycansan",
xalq yazıçısı Anara "Dədə Anar
dastanı", akademik Teymur Bünyadova "Teymurun səsi",
görkəmli ictimai-siyasi xadim, millət vəkili Qənirə
Paşayevaya "Qürur dastanı", eləcə də,
bu kitabda oxuyacağınız və akademik Nizami Cəfərova
həsr olunan "Zəka çırağı"
poemaları bu silsilədəndir.
Hansı mövzuda yazmasından asılı olmayaraq,
G.Muradın poemaları, eləcə də, "Zəka
çırağı" qədim dastan-epos gələnəyi
ilə bağlıdır. Bu silsilədən olan digər
poemalarında olduğu kimi, "Zəka
çırağı"nda da müəllif öz qəhrəmanının
həyat yolunun ən vacib saydığı məqamlarını
dünyaya gəlişindən ta bugünəcən nəzmə
çəkir. Bu onun poemalarına qabarıq görünən
epik ton verir. Poemanın, sadəcə, mündəricatına
baxmaq bunu görmək üçün yetərlidir:
"Proloq", "Körpəlik",
"Uşaqlıq", "Tələbəlik",
"Müəllimlik", "Zirvə", "Epiloq".
"Zəka çırağı"nın
"Proloq"unu görkəmli alimin həyat və
yaradıcılıq yolu haqqında poetik üvertüra da
adlandırmaq olar. Bu bədii girişdə şair uşaq
vaxtından atasını itirən, öz ağlı,
istedadı və zəhməti sayəsində elmin zirvəsini
fəth edən, millət vəkili seçilən qəhrəmanın
ömür yolunun əsas məqamlarına genəl bir
baxış eləyir, onu adını
daşıdığı dahi şair Şeyx Nizaminin mənəvi
varisi kimi tərənnüm eləyir:
Nizami şeirin dahisi idi,
O, elmin, zəkanın günəşi oldu.
Ona ilham verən, ona ruh verən
Ölməz dahilərin atəşi oldu.
Poemanın "Körpəlik" fəslinin əsas
qəhrəmanı körpə oğlunun gələcək
uğurlarının xəyallarıyla yaşayan Savad
anadır. Şairin uğuru ondadır ki, o, ananı əsas qəhrəmana
çevirdiyi bu fəsildə bayatını, laylanı
xatırladan yeddilik şeir ölçüsünə üz
tutur. Lakin daha ilginci oğulun gələcək
uğurlarının əsasında ana istəyi, ana arzusunun
durmasına dair şair qənaətidir:
Yaxşı ki, arzular var,
Arzu yaşadır bizi.
Öz arzumuzdur yazan
Bizim taleyimizi.
"Tələbəlik" fəslində biz
artıq Universitet tələbəsi olan, Mir Cəlal
Paşayev, Tofiq Hacıyev, Ağamusa Axundov, Vaqif Vəliyev kimi
görkəmli alimlərdən dərs alan, özünün
parlaq gələcəyinə dair ustadlarda böyük
ümidlər, Osman Ənvəroğlu, Məti Osmanoğlu və
digər tələbə yoldaşlarında qürur hissi
doğuran gənc Nizami ilə qarşılaşırıq.
Müəllif bu barədə fikrini öz qəhrəmanını
Fərhada bənzətmək kimi klassik ədəbiyyatdan gələn
təşbehlə ifadə eləyir. Sadəcə, Fərhad
Şirinin, poemanın qəhrəmanı isə elmin
aşiqidir. Digər tərəfdən, xalq arasında Fərhad
kimi külüng çalmaq ifadəsi var ki, bu da qəhrəmanın
taleyi, ömür yolu və xarakteri ilə gözəl səsləşir:
Hamı bildi ki, elmə
Təzə istedad gəlir.
Külüngü də əlində,
Yeni bir Fərhad gəlir.
Poemanın növbəti - "Sevgi nəğmələri"
fəsli bir neçə baxımdan digər hissələrdən
fərqlənir. Biz burda qəhrəmanı bir alim, ictimai
xadim, ümumən cəmiyyət üzvü olmaqla
yanaşı, həm də və daha çox bir fərd, insan
kimi görürük. Digər tərəfdən, bu fəslin
əsas mövzusu elm deyil, sevgidir. Və nəhayət, bu fəsildə
poemaya Savad anadan sonra ikinci qadın və ana, yəni qəhrəmanın
həyat yoldaşı - Olya obrazı daxil olur. G.Murad Füzuli kimi "Hər nə
varsa, eşq imiş aləmdə/ Elm bir qeylü qal imiş
ancaq" deyə elmə nisbətən sevgini müqayisəedilməz
dərəcədə üstün mövqeyə qaldırmasa
da, insan həyatında onun rolunu yüksək qiymətləndirir.
O istər eşq haqqında ümumi qənaətləri,
xüsusən də, sevginin alın yazısı və ürək
dini olması haqqında fikri, istərsə də, qəhrəmanların
zahiri portretlərinin təsvirində klassik poetik ənənəyə
söykənir, Nizamidən Hüseyn Cavidə qədər
sevgi haqqında yazan müəlliflərə mesajlar göndərir:
Tale çox görməmişdi
Nizamiyə sevgini.
Gördü, vuruldu bir gün,
Eşq oldu onun dini.
Bu fəslin içində xüsusi formada, ayrıca
şeir kimi verilən "Olyanın nəğməsi" həm
sürətlə bir-birini əvəz eləyən epik olaylara
lirik intermediya rolu oynayır, həm də sevgi yoluyla ikiliyin
birliklə əvəz olunması, bəşəri sevgidən
ilahi eşqə keçid kimi sufi ideyası ilə səsləşir:
Bu eşqin alovunda
İsinirəm, yanıram.
Güzgüyə boylananda
Özümü sən sanıram.
Amma bütün bu lirik-romantik idealizə
çabaları ilə yanaşı müəllif müasir
insanın ömür yolundakı təbəddülatlar,
ziqzaqlar taleyin sınaqlarına da göz yummur, həyatı
özünün bütün rəngləri, bütün
yönləri ilə göstəməyə
çalışır. Finalda ömür triadasının
üçüncü mərhələsi başlayır. Oxucu
bu dəfə artıq nənə-baba olan, bir-birini övladlar
və nəvələrin simasında sevən qəhrəmanların,
kamala dolmuş, müdrikləşmiş sevginin, xeyirin şər,
ağın qara, müsbətin mənfi üzərindəki qələbəsinin
tərənnümü ilə rastlaşır:
Övlad, nəvə sevgiyə
Yeni nəfəs, can verir.
Bədənə ruh, damara
Bir hərarət, qan verir.
Olya ilə Nizami
Baxıb övladlarına
Ruhən dincəlir bu gün.
Ata-ana sevgisi,
Baba-nənə eşqiylə
Onlar biri-birinə
Yenə vurulur bu gün.
Poemanın "Müəllimlik", "Atatürk mərkəzində",
"Xalqın elçisi", "Zirvə" kimi fəsilləri
görkəmli filoloq alimin pedaqoji fəaliyyəti,
özündən sonra yeni nəsil alimlər yetişdirməsi,
ulu öndər Heydər Əliyev tərəfindən yeni
açılan Atatürk Mərkəzinə direktor təyin
edilməsi, millət vəkili seçilməsi, nəhayət,
akademik adı alması kimi mühüm məqamlarla bağlıdır.
Poema müəllifinin təqdimində Nizami Cəfərovun istər
bir pedaqoq, alim, direktor, akademik, millət vəkili, istərsə
də, ailə başçısı, ata, vətəndaş,
insan kimi həyat fəaliyyətinin bir ümumi ideya istiqaməti,
bir ana xətti var - milli özünüdərk! O, istər
"Füzulidən Sabirə qədər", "Eposdan
kitaba", "Genezisdən tipologiyaya", "Ədəbiyyat
söhbətləri", "Molla Pənah Vaqif", "Səməd
Vurğun və Səmədoğlular", "Mir Cəlalın
milli idealları", "Anar", "Bəxtiyar Vahabzadə",
"Ümumi dilçilik", "Türkologiyaya
giriş", "Cənubi Azərbaycanda ədəbi
dil", "Azərbaycan: dil, ədəbiyyat və mədəniyyət",
"Azərbaycanşünaslıqdan
türkşünaslığa", "Ədəbiyyatdan
siyasətə", "Heydər Əliyev və Azərbaycan",
"İlham Əliyev", "Türk dünyası: xaos və
kosmos" və sair çoxsaylı tədqiqlərində,
istər universitet auditoriyalarındakı çoxillik pedaqoji və
millət vəkili kimi ictimai-siyasi fəaliyyətində
ümummilli özünəqayıdış və
özünüdərk ideyasına xidmət eləyib, hətta
övladlarına - Altay, Aysel; nəvələrinə - Alsu,
Atilla, Alpər adlarını seçəndə belə, bu
amili göz önünə alıb:
Düzəldirdi elə bil
O, tarixin səhvini,
Zamanın əyrisini.
Türkdü, Azərbaycandı
Onun ən qutsal andı,
Onun müqəddəs dini!
Kim deyir təkcə alim,
Təkcə bir türkoloqdur?
O millətə özünü
Tanıdan bir müdrikdir,
Həm də ideoloqdur!
Poemanın epiloqu onun bütün əsər boyu
inkişaf etdirilən ana ideyasına - akademik Nizami Cəfərovun
ümummilli zəka çırağının bu gün
konkret təcəssümü olmasına, nizamilərdən-nizamilərə
keçən bu işığın əbədi sönməzliyinə
dair final akkordu kimi səslənir:
O hər yazdığında yaşayır daim,
O heç vaxt yolundan dönməyəcəkdir.
Nə qədər Tanrının ədaləti var,
O Zəka çırağı sönməyəcəkdir.
Nizami Cəfərov mənə universitetdə
türkologiya fənnini öyrədib. Biz özümüzdən
təxminən, 7-8 yaş böyük, sadə geyimli, sakit təbiətli,
təmkinli, təvazökar və savadlı müəllimi
çox sevir, onu özümüzə bir ideal bilirdik. Ən
mübahisəli filoloji məsələlərdə Nizami Cəfərovun
mövqeyi bizim üçün son instansiya, axır söz
idi. Nizami müəllim dedisə, qurtardı! Onun təzə
işıq üzü görən kitabları əl-əl gəzir,
mətbuatda çıxan məqalələri müzakirələrə
səbəb olurdu. Məni Mahmud Kaşğarinin "Divanü
Luğat it türk" əsərindən monoqrafiya yazmağa
istiqamətləndirən də Nizami Cəfərov olub.
İndi milli poetik fikirdə mövcud olan hər hansı
faktın ən qədim izlərini "Divan"da
görür və bu geniş baxış bucağını mənə
verdiyinə görə özümü müəllimimə
borclu sayıram. Bu minnətdarlıq hissini sayğıdəyər
müəllimim haqqında poema yazan və məni əlçatmaz,
unudulmaz tələbəlik illərimə qaytaran Güləmail
Murada qarşı da duyuram. Poemanın qəhrəmanı, əziz
müəllimim akademik Nizami Cəfərova
cansağlığı və yeni uğurlar diləyir,
poemanın müəllifi Güləmail ananı təbrik edirəm.
Dərin sayğılarla...
Əsəd CAHANGİR
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (№27).- S.15.