Eşqin rəngləri
Romandan hissə (Əvvəli ötən
saylarımızda)
Müəllif -
Gülçin - 32 yaşında, istedadlı rəssam
Böyükkişi - 35 yaşında, Gülçinin
əri
Yalçın - 34 yaşında,
Böyükkişinin müdiri
Nemət - 45 yaşında, tanınmış psixiatr
Nemət
...Novxanı yolları ilə şütüyən
avtomobilim məni sürətlə Gülçinin
yaradıcılıq emalatxanasına doğru aparırdı. Qəlbim
isə maşından da sürətli idi, artıq xəyalən
Gülçinin yanına çatmışdım. Ürəyim
yazın son günlərinin isti günəşi kimi sevimli
qadının eşqi ilə alovlanırdı. Beynimdə ancaq
Gülçin adı dolanırdı, yolüstü ona
böyük bir qızılgül dəstəsi aldım.
İri, parlaq qönçələri olan buket elə
Gülçinin özü kimi gözəl idi.
Gülçin artıq mənim pasiyentim olmaqdan
çıxıb düşüncəmin sərhədlərini
darmadağın edən bir qadına çevrilmişdi. Onu
düşündüyüm zamanlarda artıq həkim kimi yox,
bir kişi kimi haqqında fikirlərə dalırdım.
Gülçinin ünvanını dediyi emalatxanası
Novxanının gözdən-könüldən uzaq bir məhəlləsində,
dənizə yaxın yerdə idi. Çatan kimi gözümə
emalatxananın qapısına vurulmuş "Eşqin rəngləri"adlı
al-əlvan lövhə sataşdı. Oradaca
düşündüm ki, Gülçinin
yaradıcılıq dünyasının üfüqlərinin
sərhədlərini müəyyənləşdirmək qətiyyən
mümkün deyil və o, təpədən-dırnağa
eşq qadınıdır. Qapını döyməyə gərək
qalmadı, azca aralı idi. Yavaşca qapını itələyib
xaotik görünsə də, qadın əlinin səliqəsi
hiss olunan xudmani bir həyətə daxil oldum. Həyətdə
səliqə ilə əkilmiş güllərin arasından
keçib emalatxanaya daxil oldum. Həyətdə elə səssizlik
vardı ki, hətta düşündüm ki, yəqin
Gülçin burada deyil. Amma axı qapı da aralı
olduğuna görə, məntiqlə burada olmalı idi... Bu səssizliyi
yara-yara emalatxananın dəhlizində irəliləyib
yavaşca otağa daxil oldum. Elə ağzımı doldurub
"Gülçin" deyə səslənəcəkdim ki,
qarşımdakı füsunkar mənzərənin gözəlliyi
qarşısında donub qaldım. Gülçinin sevdiyim cəhətlərindən
biri də bu idi ki, heç nə olmamış kimi
qaldığımız yerdən davam edə bilirdik. Amma
içimdə dərin bir məyusluq dalğası şahə
qalxırdı. Bir az söhbətləşəndən sonra
sağollaşıb çıxdım. Qapının
ağzında dayanıb geri çevrildim, əlvan rənglərlə
boyanmış "Eşqin rəngləri" lövhəciyinə
baxdım, qeyri-ixtiyari gözümdən yaşlar
süzüldü. Mənim içimdəki eşqin rənglərinin
üzərindən sanki qara boya ilə keçmişdilər...
Böyükkişi
Hər kişinin içində susdurulmuş bir arzu
yatır. Kimisi bunu illərlə basdırır, kimisi ona ad
qoymur, kimisi isə mənim kimi - çox gec olsa da, nəhayət
ki, adını dilinə gətirir. İlkanə ilə
münasibətlərim elə başlanğıcdan qəribə
bir sakitlik içində irəliləmişdi. O qadında nə
hayqıran çılğın ehtiras vardı, nə də
sevgi adına mənasız çırpınışlar.
İlkanə, sadəcə, öz mövcudluğu ilə
dinclik və sakitlik qaynağı idi. Günəş kimi
üfüqdən doğulurdu, daxilimdə xoş bir hərarət
yaradırdı.
O axşam İlkanə ilə görüşəndə
qəti qərarımı vermişdim. Artıq bu ikili həyat,
bu süni sabitlik məni bezdirmişdi. Gülçinlə
evliliyimiz çoxdan formal bir sənədə
çevrilmişdi. Heç nə olmamış kimi səhərlər
eyni evdən çıxıb gedirdik, guya normal evli adamlar
kimi...
Bu gün işdən sonra İlkanəni şəhər
kənarındakı sakit bir restorana çağırdım.
Onunla gələcəyimiz haqqında ciddi söhbət etməyi
düşünürdüm. Həmişə olduğu kimi sadə
geyinmişdi, saçlarını arxaya
yığmışdı. Gözlərində həmişəki
o diqqətli, qayğı dolu baxışlarla məni
süzürdü. Bəzən baxışlarla danışan
qadınlar olur, İlkanə onlardandır.
- İlkanə, - dedim, çaydan bir qurtum alıb, - Mən
bu gün səninlə ciddi şəkildə danışmaq
istəyirəm.
O, başını bir qədər əydi. Gözlərini
çəkmədi məndən.
- Mən bundan sonrakı ömrümü səninlə
yaşamaq arzusundayam. Səni həyat yoldaşım kimi
görmək istəyirəm, ailə olmaq, səninlə birgə
övlad sahibi olmaq istəyirəm.
İlkanənin gözləri bir anlıq dumanlandı.
Sükut çökdü. O sükutun içində ikimizin nəfəsimiz,
stəkanların cingiltisi, ofisiantın ayaq səsləri belə
eşidilirdi.
- Böyükkişi, - nəhayət, dilləndi. -
Normal, gözəl ailəyə sahib olmaq mənim də
arzumdur, amma bu necə olacaq? Axı sən evlisən?!.
- Evliliyin ruhu çoxdan ölüb, sadəcə
kağızda yazılan adlar qalıb. Mən Gülçinə
bunu deməmişəm hələ, amma lap bu yaxınlarda ondan
boşanacağımı deyəcəyəm. Sən mənə
ikinci həyat verdin. Sənin yanında özümü
kişi kimi hiss edirəm. İstəyirəm ki, birgə
yaşayaq. Səninlə övlad böyüdək, birgə
yaşlanaq.
İlkanə dodağını dişlədi.
Baxışlarında çəkingən sevinc və qorxunun
qarışığı vardı.
- Mən də istəyirəm, amma yaxşı
olardı ki, bu söhbəti boşanmadan sonra edək.
Yoldaşın buna necə reaksiya verəcək?
- O da hiss edir. Hər şeyin bitdiyini o da bilir. Sadəcə
biz ikimiz hələ bu sonu dilə gətirməmişik.
Restorandan çıxanda İlkanə əlimdən
möhkəm yapışmışdı. Bu məni həm
qürurlandırır, həm də ürəyimi məsuliyyət
hissi ilə doldururdu. Bu qadın mənə etibar edir, güvənirdi,
həyatını mənimlə keçirmək istəyirdi...
O gecə içimdə bir rahatlıq vardı. İlk dəfə
idi ki, Gülçinlə qəti şəkildə
danışıb bitirmək üçün qərar vermişdim.
...Evdə həmişəki kimi səssizlik idi.
Gülçin yəqin yenə emalatxana bəhanəsi ilə
evdən çıxıb sevgilisi Yalçınla
görüşməyə getmişdi. Daha evdə də
ayda-ildə bir dəfə olurdu, elə Novxanıdakı
emalatxanasında yaşayırdı deyəsən... Gələndə
isə evdəki iş otağından
çıxmırdı. Amma qəfildən səs eşidib,
döndüm. Bıy, Gülçin evdə imiş... Mətbəxdə
özünə qəhvə dəmləyirdi. Mən də
salamlaşıb özümə bir stəkan çay
süzdüm. Üz-üzə oturduq. Xeyli susub dilləndim:
- Səninlə ciddi danışmaq istəyirəm...
Bilirsən ki, biz artıq çoxdandır bir-birimizə aid
deyilik.
O sakitcə üzümə baxıb gülümsədi
və dedi:
- Mən də gözləyirdim ki, nəhayət, bu
söhbəti nə vaxt açacaqsan?
Mən sözümə davam etdim:
- Bəlkə də artıq bir-birimizi sərbəst
buraxmalıyıq. Hər kəs öz yoluna getsə, bəlkə
daha çox xoşbəxt olar.
Gülümsədi sadəcə.
- Hə, düz deyirsən, biz əslində heç
evlənməli deyildik, Böyükkişi...
Bu sözləri məni yaralasa da, dillənmədim. O
sözünə davam etdi:
- Bu sevgisiz ev ikimizə də həbsxanadır.
İkimiz də azad olmalıyıq bu məcburi evlilikdən...
- Mən başqa bir qadınla görüşməyə
başlamışam, Gülçin, onunla evlənmək istəyirəm.
Sən də boşanıb, könlüncə olan biri ilə
rastlaşıb həyatına yenidən başlayarsan.
O təsdiq mənasında başını silkələyib
dedi:
- Sadəcə mənə lap azca zaman ver, sonra istədiyin
vaxtda boşanarıq. Mən etiraz etmirəm. Sonra nə vaxt
istəsən, boşanarıq.
İlkanəyə verəcəyim gələcək -
keçmişimi yavaş-yavaş həyatımdan
çıxarmağa başlamışdı. Ya da mən
özüm xoşbəxt gələcək naminə artıq
keçmişimdən imtina etməyə hazır idim...
Yalçın
Bu gün nişan günüm idi. Nilufərgilin
geniş və işıqlı evində günorta saat 12-də
nişan mərasimimiz olacaqdı. İşə getməmişdim,
Böyükkişiyə zəng edib zavodla bağlı əsas
tapşırıqları verib evdə uzanmışdım,
günortanı gözləyirdim. Bacım da Kanadadan gəlmişdi,
üç yaşlı bacım qızı ortalıqda
şirin ləhcəsi ilə danışa-danışa
dolaşırdı. Evdə bir neçə yaxın qohum da
vardı. Nişana gedəcəkdilər. Ağlımda -
fikrimdə ancaq Gülçin vardı. Bu gün
nişanım olacağını bilirdi, səsi titrəyə-tıtrəyə
telefonda soruşdu ki, onda bu gün gələ bilməyəcəksən
yəqin? Cavab verdim ki, bilmirəm. Evdəki səs-küy
başıma düşürdü, bacım qızı Aydan qəfildən
otağımın qapısını açıb balaca əsgər
kimi üstümə şığıdı.
Şirin-şirin "dayı, bu gün sənin toyundu?" -
dedi. Güldüm, "yox" dedim, toyuma hələ var.
Heç nə anlamadan üzümə baxdı,
qucağıma alıb üzündən öpdüm, elə gəldiyi
kimi hay-küylə də otağımdan çıxdı.
Gülçinə yığdım, ona göstərmək
istəyirdim ki, nişanım olsa da, fikrim onun
yanındadır, qətiyyən onu yadımdan
çıxarmıram. Telefonu açmadı. İçimi
narahatlıq bürüdü. Az qaldım hər şeyə
tüpürüb durub birbaşa Novxanıya gedəm. Cəhənnəm
olsun Nilufər də, nişan da... Lənət şeytana... Elə
bu dəmdə anam həmişəki kimi qapını
tıqqıldatmadan otağıma girdi.
- Ay bala, dur, biz hazırıq, yavaş-yavaş yola
düşək...
Üzümü turşudub ayağa qalxdım. Qohum
qadınlar əllərində al-əlvan xonçalarla
hazırlanmışdılar. Anam o darmacalda Nilufərlə
birgə gedib aldığı brilyant üzüyü mənə
göstərdi:
- Bax, Yalçın, gör necə qəşəngdir,
Nilufər əlini nəyə uzatdısa, onu da
almışıq...
Cavab vermədim. Nilufərgilin
çilçıraqlarla işıqlanmış nəhəng
zalında böyük stol açılmışdı. Nilufər
çəhrayı rəngdə uzun don geyinmişdi, insafən,
gözəl görünürdü, ancaq mənim
üçün sanki yoldan ötən bir yad xanım idi...
Nişan bitər-bitməz emalatxanaya - Gülçinin
yanına getməyi düşünürdüm.
Axşam saat 5-də anama him elədim ki, daha
yekunlaşdırıb çıxaq. Üzükləri
taxmışdıq, yeyib-içmişdik, qohumlar da doyunca rəqs
eləmişdilər. Barmağımda nişan
üzüyüm Novxanıya gedirdim...
O üzük əslində mənim üçün nə
sevgi, nə ailə, nə də gələcək demək
idi. Sadəcə valideynlərimə görə verilmiş qərar
idi. Emalatxananın qapısına çatanda üzüyü
barmağımdan çıxarıb maşında -
sükanın altındakı açıq yerə qoydum. Bir
neçə dəqiqə sakit oturub o qızıldan olan
halqaya tamaşa elədim. Bu gündən nişanlı
kişi idim... Gözü, könlü başqasında olan
nişanlı kişi...
Qapını açanda Gülçini pəncərə
qarşısında oturan gördüm. Əynində keçən
dəfə gələndə özümlə gətirib dəyişək
lazım olanda istifadə eləmək üçün
emalatxanada qoyduğum ağ köynəklərimdən biri
vardı. İnanılmaz dərəcədə gözəl
yaraşırdı. Saçları çiyinlərinə
tökülmüşdü, əlindəki böyük qədəhdə
qırmızı şərab vardı. Elə bil nəsə
düşünürdü - ya da heç nə
düşünmürdü. Amma o baxışlarda qəribə
bir ehtiras vardı. Məni görəndə ayağa
qalxdı, qədəhi əlindən masaya qoyub möhkəm
qucaqladı. Üzündəki təbəssümdə
qarışıq duyğular gizlənmişdi.
- Dənizə gedəkmi, əla hava var, elə buradan
piyada düşək istəsən?- dedim. - Adam da yoxdur həndəvərdə,
qəribə bir sakitlik var bu gün.
Gözləri ilə məni yoxladı. Sadəcə
başını tərpətdi. Heç nə götürmədən,
elə əynindəki bircə köynəklə emalatxanadan
çıxdı...
- Bəs dəniz paltarı götürmürsən,
Gülçin?
Güldü və cavabında:
- Dəniz məni çılpaq sevir, çimərlik
dəsti ilə yox...
- Onda maşına oturaq, adam olmayan bir yerə gedək,
- dedim...
Maşına minəndə gözüm ilk üzüyə
sataşdı. Gülçinin də baxışları
üzüyə zilləndi. Gözləri bir anlıq dondu. Elə
bil onun bütün təlatümlü duyğuları o parlaq
metal parçasına toplanmışdı. Bir neçə
saniyəlik sükut oldu... Heç nə demədi. Sadəcə
başını çevirib pəncərədən baxdı.
Amma mən onun çənəsinin titrədiyini
gördüm, bəlkə də ağlamağını
güclə saxlayırdı. Bilsəydim, üzüyü
avtomobilin kiçik saxlanc yerinə atardım. Amma onun
yanında barmağıma da taxmaq istəmədim, elə
qoyduğum yerdə qaldı.
Dənizin heç kim olmayan, sakit, bir tərəfi
qayalıq olan yerinə getdik. Oraya çatanda üfüqlər
artıq qürubun qızılı rənginə
boyanmışdı. Günəş hələ
batmamışdı, amma işığı sanki
yumşalmışdı. Sahildə kimsə yox idi.
Gülçin yay ayaqqabılarını çıxardı və
əynindəki köynəyin düymələrini
açıb bir göz qırpımında çılpaq
soyundu.
Yüyürərək dənizə atıldı.
Sanki sular çoxdan onun həsrətində idi, bir göz
qırpımında vəhşi ehtirasla onu qucaqladı. Elə
bildim dəniz mənə acıq verir. Gülçin sanki dəniz
üçün doğulmuşdu. Nə utanır, nə də
qorxurdu. Gözəlliyi və davranışı o qədər
təbii idi ki, mən gözlərimi ondan çəkə
bilmirdim. Sahildə dayanıb, nəfəsimi tutub sadəcə
onu izləyirdim. Əynimi soyunub suya girməyə
hazırlaşırdım. Bir anda dənizdə o yox oldu.
Gözlərim onu itirdi. Suya tullandım, çabaladım,
saga, sola baxdım, suyun üzərində heç nə yox
idi.
- Gülçin?! - qışqırdım.
Qorxdum, elə bildim boğuldu. Dəlicəsinə
çabalayır, saga-sola üzürdüm. Ürəyim
çırpınırdı. Boğulmuşdumu? Haraya yox oldu
bu qadın?
Sonra sahildən bir qədər aralıda qayanın
üzərində çıxıb oturduğunu
gördüm. Oraya doğru üzdüm. Qayaların
üstündə gözəl su pərisi kimi yanpörtü
oturmuşdu, yaş saçları kürəyinə
yapışmışdı. Dizlərini
qucaqlamışdı. Baxışları üfüqə zillənmişdi.
Yavaşca yaxınlaşıb sudan çıxdım,
qayalığa - oturduğu yerə dırmaşdım.
Ərklə qışqırdım:
- Dəli oldum, Gülçin, bu nə hərəkətdi?
Elə bildim boğulmusan?!
Qəhqəhə çəkib güldü, dedi:
- Uşaqlıqdan suyun altında üzməyi bilirəm,
indi də suyun altı ilə üzüb bura gəldim.
Yanında oturdum. Çiyinlərimiz bir-birinə
söykənmişdi. Susduq. Bizim əvəzimizə dənizin
qayalara çırpılan ləpələri
danışırdı...
- Bilirsən, - dedi asta səslə. - Bir əfsanə
var, bir gözəl su pərisi kənddə yaşayan bir
oğlana vurulubmuş. Su pərisi sevdiyi oğlana qovuşmaq
üçün üzgəclərini bilərək qurban verir
və Yaradan ona ayaq bağışlayır. Oğlanın kəndində
yaşamağa başlayırlar, amma həmişə də həsrətlə
dənizə - bir zamanlar azad şəkildə
üzdüyü dənizə baxırmış. Üzgəclərini
itirdiyinə görə daha heç vaxt üzə bilməzdi.
Amma sonra oğlan onu tərk edib kəndlərindən olan
başqa bir qızla evlənir. Su pərisi isə nə
doğma dənizə qayıda bilir, nə də
yaşadığı yad torpağa aid ola bilir. Beləcə,
arada qalır, ondan sonra sürünə-sürünə
yaşayır və bir gün yox olur... Heç kim də onun
hara getdiyini bilmir... Bax, mən indi özümü o su pərisi
kimi hiss edirəm, Yalçın...
Gülçinin səsi ləpələrə
qarışmışdı, səssizcə
ağlayırdı. Dəniz də sanki onun kədərini
anlayıb sakitləşmişdi. Onu qucaqladım, "Mən
bu su pərisini heç vaxt buraxmayacağam" dedim. O isə
göz yaşları içində "Heç vaxt heç
vaxt demə..." dedi. Sonra isə qəfildən
güldü:
- Hətta Böyükkişi də məni tərk etmək
qərarına gəlib, təsəvvür edirsən? O da
heç vaxt deyirdi...
Gülçinin psixoloji vəziyyəti dəyişmişdi,
gah ağlayırdı, gah gülürdü, gah gözlənilməz
çılğınlıqlar edirdi. Narahat olmağa
başlamışdım. Deyirdi ki, arabir Nemət adlı bir həkimin
yanına terapiyaya gedir, yəqin ki, terapiyaların
sayını artırmalı idi, çünki halı getdikcə
pisləşməyə doğru gedirdi. Buna bir az da mən səbəb
olduğum üçün vicdanım sızıldadı, amma
tez özümü ələ alıb onu bərk-bərk
qucaqladım:
- Gülçin, nə olursa-olsun, sənin yanında
olacağam həmişə, imkan vermə ki, nə sən, nə
də mən tərəfdən kimsə kənar adam sevgimizə
kölgə salsın...
...Hava çoxdan qaralmışdı. Gecənin
sakitliyinə bürünmüş dəniz öz dərin nəfəsi
ilə sakitcə sahilə vurur, qayalıqların sinəsinə
yavaş-yavaş, sanki ehtiyatla toxunurdu. Biz isə
qayalığın üstündə yan-yana
uzanmışdıq. İki kölgə kimi, ay
işığında bir-birimizə bürünüb
sükut içində əl-ələ tutub ulduzlara
baxırdıq. Bu ulduzlar - sanki gecənin ürəyində səpələnmiş
minlərlə dilək idi, bizim bu an içimizdə
pıçıltı ilə çırpınan hisslərimiz
kimi... Dalğalar qayalıqlara çırpılıb geri
çəkildiyi kimi, biz də ehtirasın sərhədsiz
sahilində bir-birimizə sarılmışdıq. Dənizin
köpüklü ləpələri necə
amansızcasına qayaların sinəsinə
çırpılırsa, bizim bədənlərimiz də
bir-birinə o cür təmas edirdi. Dəli külək dənizi
silkələdiyi kimi, içimizdəki duyğular da bədənlərimizi
titrədirdi. Gülçinin dodaqları ehtirasla titrəyib
adımı pıçıldayanda sanki sahildəki
dalğalar da öz sirrini qum dənəciklərinə
danışırdı. Mən isə onun nəfəsini
yanağımda hiss edirdim, isti bir cənub küləyi kimi bədənimi
oxşayırdı. Külək dənizin səthində rəqs
edən kiçik dalğaları qucaqlayır, onların
üstündə pıçıltıyla
sürüşürdü - elə bil bizim nəfəsimiz
kimi, ehtirasla, titrək və isidici. Onun saçları küləklə
oynayır, dənizin dalğaları kimi
çırpınırdı. Hər dəfə
saçlarının ipək telləri yanağıma
toxunduqca, sanki qayalıqlara çırpılıb
pıçıltı ilə geri çəkilən ləpələrin
səsini eşidirdim.
Sonra isə dalğalar sakitləşdi, dəniz öz
təlatümünü içində boğdu. Biz də
yavaş-yavaş elə dəniz kimi sakitləşdik, tərləmiş
bədənlərimizi həzin yorğunluq bürüdü.
Bu sükutun qoynunda sanki bütün kainat bizimlə nəfəs
alırdı.
Nəhayət, ehtiras ləpələrinin
yorğunluğu ilə dalğalar sakitləşdi. Dəniz
öz sükutuna qayıtdı. Biz də, sükutun o dərin,
müqəddəs qucağında əl-ələ tutaraq
ulduzlara baxırdıq. Ulduzlar gecənin səmasında titrəyən
min bir arzular kimi parıldayırdı. Ay dənizin büllur səthində
öz əksini tapıb, sanki bizi də o əbədi eşqin
içinə çağırırdı.
Qayalıqlar isə yenə susqunluqla bizi qucaqlayır,
dənizin pıçıltısına qulaq asırdı -
sanki bu gecə onların yaddaşında əbədi
qalacaqdı...
Ulduzlar göydə göz qırpırdı, sanki
onların hər biri bizim bu gecədə
yaşadığımız o sehrli anın şahidi
olmuşdu. Dalğaların pıçıltısı isə
yuxulu bir layla kimi qulaqlarımızda əks-səda verirdi. Gecə
bizə öz sirrini vermişdi, biz də o sirri bədənlərimizdə,
baxışlarımızda, barmaqlarımızın bir-birinə
toxunuşunda saxlayırdıq...
Gülçin
Yalçının nişan üzüyünü ilk
dəfə gördüyüm an... Elə bil qəlbimdəki
bütün damarlardan eyni anda qan əvəzinə qaynar
qurğuşun keçdi. Maşının kiçik
taxçasında atılıb qalmış bu qızıl
üzük sanki mənə "Yalçın artıq sənin
deyil. Heç vaxt da sənin olmayacaq!" - deyə
bağırırdı. Səssizcə başımı
çevirdim və pəncərədən dənizə
baxdım. İçimdə bir vulkan vardı. Nəfəsim
daralırdı. Amma heç nə demədim. Çünki mənə
uşaqlıqdan ağrımı da, sevincimi də,
ehtirasımı da içimdə yaşamağı öyrətmişdilər.
O an içimdə nəyinsə çat verdiyini hiss etdim. Mən
Yalçını dəlicəsinə sevirdim. Bütün
varlığımla ona aid idim, o isə indi gedib həm də
başqasına aid olmağı gözə alırdı.
Bilirdim ki, Yalçın indi "Nilufəri istəmirəm"
desə də, getdikcə ailəsinə isinişəcək,
bəlkə uşaqları da olacaq, ondan sonra mən tamamilə
unudulacağam. İndi o üzük bu həqiqəti bir daha
yadıma saldı.
Üzümü çevirəndə Yalçın
şəfqətlə üzümü özünə tərəf
çevirdi, əlimi tutub maşının saxlancından bir
üzük çıxardı. Qara mirvari qaşlı qiymətli
üzüyü barmağıma taxıb
pıçıldadı:
- Bu üzüyü bura gələndə ona görə
almışam ki, sənə sübut edim ki, mənim qəlbimin
sahibi də, könlümün nişanlısı da sadəcə
sənsən, o biri isə formal bir evlilikdir...
Dənizə çatanda tamamilə çılpaq
soyunub suya atıldım. Soyunmaq mənim bu dünyaya, cəmiyyətə
qarşı üsyanım idi. Yox oldum dənizdə, suyun
altına dalıb yaxınlıqdakı qayalığa
doğru üzdüm. Bilərək elədim. Qoy bir az qorxsun,
məni itirməyin nə demək olduğunu hiss etsin. Amma o
yenə məni tapdı. Qaya üstündə oturub su pərisi
hekayəsini danışanda, əslində özümü nəql
edirdim. Oğlan üçün üzgəclərini ayaqlarla
dəyişən, amma sonra nə suya, nə yerə
sığa bilən o su pərisi - mən idim...
Ağlım qarışırdı getdikcə, qəzəbim
mənə üstün gəlirdi. Yalçının
başqa qadına aid olduğunu düşündüyüm
vaxt emalatxanada bəzən var səsimlə
qışqırırdım, palitranı, molberti divara
çırpırdım. Rəngləri bədənimə
sürtürdüm. Güzgüyə baxanda özümü
tanımırdım. Saçlarım dağınıq,
üzüm-başım rəngli - əməlli-başlı dəliyə
oxşayırdım onda... Mən Yalçını yalnız beynimlə yox, bədənimlə,
hüceyrələrimlə yaşayırdım. İndi bəzən
küçədə onun səsini eşidirəm. O səslər
real olmur. Amma mən dönüb baxıram. Bəzən o
yanımdadır - sanıram. Danışıram onunla,
gülürəm, ağlayıram. Güclü hissiyyatımla
bilirəm, bir gün o su pərisi kimi özümlə sadəcə
Yalçınlı xatirələrimi götürərək
gözdən itib yox olacağam...
Müəllif
Nemətlə hər dəfə
görüşdükcə bu hekayəni qaldığı
yerdən mənə danışırdı. Dostum həm
öz hisslərini, həm də obrazların
yaşadığı hadisələri anlatdıqca sanki
böyük bir ekran qarşısında oturub maraqlı və
dramatik psixoloji bir film izləyirdim. Hansısa keçmişdə
olan bu hadisələr Nemətin mənə
danışması ilə sanki yenidən yaşanır və
qeyri-müəyyən indiki zamanda yenidən baş verirdi.
Mən bu romanda dostum Nemətin təlatümlü
iç dünyasını görürəm. O, bir həkim
olsa da, özü də daxilində sağalda bilmədiyi hisslərin
əsiridir. Gülçinə olan ehtirası və
qısqanclığı onu yalnız bir kişi kimi deyil, bir
insan kimi də sarsıdır. Onun içindəki
"kişilik"lə "peşəkarlıq"
arasında gedən savaş sadəcə bir kişinin
ehtirası deyil, həm də onun dəyərləri ilə
instinkti arasındakı faciəvi qarşıdurmadır. Onun
bu zəifliyi məhz insanın psixoloji durumunun
çatlarını göstərir.
Böyükkişi laqeyd görünsə də, əslində
ruhunda böyük iztirablar daşıyan bir adamdır. O, həyatın
sakit sularında boğulur. İlkanəyə üz tutması
- ehtiras deyil, dinclik axtarışıdır. Əslində
onun içindəki arzu illərlə susdurulub. Onun
üçün azadlıq yeni bir qadın deyil,
başqasının gözlərində öz
varlığını tanımaqdır.
Yalçın isə əslində iki qadının
arasında sıxılıb qalmış bir kişi deyil,
sevgisi ilə cəmiyyətin qınağı arasında
qalıb. Bəzən həyat bizi seçim etməyə məcbur
edir, amma heç bir seçimdə tam xoşbəxtlik vermir.
Gülçin qadın yox, həyatın
özüdür, çılpaqlığı da onun
haqqında olan yüksək düşüncəyə zərər
vermir. Onun müəyyən etdiyi sərhədləri onun əxlaqının
göstəricisidir. Bu qadında həm azadlıq, həm
güc, həm gözəllik, həm əxlaq, həm də dərin
bir kədər var. Və mən müəllif kimi bunları
oxucuya çatdırmağa çalışıram.
Heç kim kamil insan deyil, çünki həyatın
özü də mükəmməl deyil. Hər kəsin həyatında
qırılma nöqtələri var. O nöqtəyə
çatmamış heç kim heç kimi dərindən
anlaya bilməz...
Hüseynbala MİRƏLƏMOV
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (№27).- S.18-19.