"Cavabsız suallar bizi daha
çox insan edir"
Jeton Kelmendi ilə ədəbi
müsahibə
Jeton Kelmendi yazdığı şeirlərlə insan
ruhunun dərin qatlarına enən bir tədqiqatçıdır.
Onun şeirlərində sevgi, hissdən daha çox, qorxuya
qarşı üsyan kimi görünür; tale isə anın
sükutunda gizlənir. O, həqiqəti hadisələrin
faktlarında deyil, onların insanda oyatdığı mənada
axtarır.
Kelmendi daha çox lirik poeziya və fəlsəfi
düşüncələrlə zəngin şeirləri ilə
tanınır. Onun əsərlərində sevgi, insan
varlığı, zaman və milli kimlik mövzuları
mühüm yer tutur. Kelmendinin dünyasında cavabsız
suallar zəiflik deyil, insanı yazmağa, axtarmağa və
daha dərindən yaşamağa vadar edən daxili bir qüvvədir.
Jeton Kelmendi 1978-ci ildə Kosovonun Peja şəhərində
anadan olmuş, tanınmış alban şairi,
yazıçısı, esseisti, tərcüməçisi və
professorudur. O, müasir alban ədəbiyyatının ən məşhur
simalarından biri sayılır və
yaradıcılığı 40-dan çox dilə tərcümə
olunub. O, bir çox beynəlxalq ədəbi qurumların və
yazıçılar birliklərinin üzvüdür, həmçinin
Avropa Akademiyası və Beynəlxalq PEN Klubun fəal
iştirakçısıdır.
Mədəni və ekzistensial poeziyanı sevən, həmçinin
alban şeirinin çağdaş üslubunu görmək istəyən
oxucular üçün əla seçim ola bilər.
Mən ilk dəfə Jeton Kelmendini şair Ümid Nəccarinin
dilindən tanımışam. Ümid hər dəfə deyər
ki: "Jeton çox yaxşı şairdir, lirikası fərqlidir.
Azərbaycan dilində nəşr olunmuş
"Üzümü axtarıram" kitabı ilə
şairin poetik dünyasına daha yaxından toxunmaq imkanı
qazandım. Kelmendinin özünütəhlil və varlıq
sorğularını poetik dilə çevirən bu şeirlər
toplusu, tərcüməçilər - Ümid Nəccari və
Fəxriyyə Həsənoğlu, həmçinin redaktor heyəti
tərəfindən peşəkar şəkildə Azərbaycan
oxucularına təqdim olunub.
"Oxucu-yazıçı söhbətləşməsi"
layihəm çərçivəsində budəfəki
müsahibim Jeton Kelmendidir. Bu müsahibədə də Kelmendi
ilə sevginin cəsarət tələb edən mahiyyətindən
tutmuş, taleyin sükutla gələn varlığına, həqiqətin
harada gizləndiyinə və insanın cavabsız sualları
ilə necə yaşamasına qədər geniş bir ədəbi-fəlsəfi
səyahət etdik. Şeirlərində olduğu kimi, bu
söhbətimizdə də Kelmendi oxucunu cavab tapmağa yox,
sualın özünü "qucaqlamağ"a dəvət
edir. Çünki onun ədəbiyyatında həqiqi bilik
izaholunan deyil, hiss edilən bir sükutdur. Diqqət edin,
müsahibədən oxuduqlarınız yalnız cavablar deyil,
həm də yeni suallar doğuran bir sükutdur...
Ədəbi söhbətimizi sizinlə paylaşmaqdan
məmnunluq duyuram.
- Dəyərli Jeton Kelmendi, doğrudanmı sevgiyə
inanmaq üçün insanın cəsarətə
ehtiyacı vardır?
- Bəli, bu, doğrudur, sevgiyə inanmaq
üçün cəsarət lazımdır. Sevgi, sadəcə,
öz-özünə yaranan gözəl bir hiss deyil; o, daxili
bir etimad, təslimiyyət və özünü başqa bir
insana - sənin kimi natamam və qeyri-müəyyən birinə
- açmaq cəhdidir. Sevgiyə inanmaq o deməkdir ki, sən
öz varlığının ən həssas qatlarına,
qorxularının, xatirələrinin və yaralarının hələ
də yaşadığı yerlərə başqa birinin
toxunmasına icazə verirsən.
Sevgidə cəsarət, özün olmaq cəsarətidir.
Bu, maskaların və qoruyucu qalxanların arxasında gizlənməmək,
sevilmək üçün kiminsə roluna girməyə
ehtiyac duymamaq deməkdir.
Məyusluğun, xəyanətlərin və səthiliyin
adi hala çevrildiyi bir dünyada səmimi şəkildə
sevmək və sevilməyə imkan vermək elə bir güc
tələb edir ki, bu güc yalnız insanın
özünü tanımasından və öz zəifliklərini
qəbul etməsindən doğur.
Nəhayətində sevgi qorxuya qarşı incə
bir üsyandır. Və yalnız bu qorxunun üzərinə
cəsarətlə gedənlər sevginin ən dərin
qatlarını yaşaya bilərlər.
- Ağlımız bizdən səbəb soruşursa,
niyə eşqə güvənmək olmaz?
- Çünki sevgi məntiqi bir tənlik deyil; o,
ağıldan yox, duyğulardan doğur. Beynimiz nizam, izah və
təhlükəsizlik axtarır. O, "niyə?", "necə?",
"bundan nə qazanacağam?" kimi suallara cavab tapmaq istəyir.
Halbuki sevgi çox vaxt analizə tabe olmayan bir təcrübədir
o, sadəcə baş verir, bizi qucaqlayır və həmişə
izah oluna bilmir.
Ağıl nəzarət axtarır, sevgi isə təslimiyyət
tələb edir. Məhz bu təməl ziddiyyət sevgiyə
tam güvənə bilməməyimizin səbəbidir.
Çünki biz onu nə idarə edə, nə öncədən
görə, nə də ölçə bilirik
Sevəndə elə bir məkana daxil oluruq ki, burada məntiq
çox zaman susur, hisslər önə keçir və beyin
burada təhlükə hiss edir. Ona görə də
şübhə yaradır, təminat axtarır və sözlərlə
anlamağa çalışır ki, əslində sözlərdən
kənarda olan bir şeyi anlatsın.
Amma biz ağıl və sevgi arasında seçim etməyə
məcbur deyilik. Əgər tarazlıq tapa bilsək, yəni hər
şeyin izah olunmadan da gerçək ola biləcəyini qəbul
etsək, sevgi ağlın varlığında belə
çiçəklənə bilər.
Və əgər biz onu cəhalətdən yox, dərk
etmiş bir seçimdən qaynaqlanaraq yaşasaq, bəlkə
də bu sevgi daha dərin olar.
- Sizcə, tale insan ömrünün hansı
stansiyasında enir?
- Mən inanıram ki, tale həyatın tək bir
dayanacağında dayanıb düşmür o, sükutla
yolumuzu izləyir və ən gözləmədiyimiz anda
qarşımıza çıxır.
Bəzən elə bil bizi həyatın
başlanğıcında, doğulduğumuz məkanda, daxil
olduğumuz ailədə, bizim heç nə seçmədiyimiz,
amma hər şeyin bizə verildiyi şəraitdə
qarşılayır.
Bəzən isə tale gecikmiş bir sərnişin
kimi, gözlənilməz bir dönəmdə peyda olur; elə
bir anda ki, biz artıq hər şeyin qabaqcadan
yazıldığına inanmışıq. Kimisi taleyi sevgi,
kimisi də kədər içində qarşılayır.
Kimisi itkidə, kimisi bağışlamağı öyrəndiyi
anda.
Amma bir şeyi dəqiq bilirəm: tale yalnız insan
onu qəbul etməyə hazır olanda gəlir.
O, kilidlənmiş qapılardan içəri
keçmir, inam olmayan yerdə isə durmur.
Mənim fikrimcə, tale o dayanacağa çatır
ki, insan bir anlıq dayanır, həyatı sakit gözlərlə
seyr edir və anlamağa başlayır: həyat yalnız
bizim planlaşdırdıqlarımızdan ibarət deyil, həm
də planlarımız arasında baş verənlərdən
ibarətdir.
Tale o zaman gəlir ki, ruh artıq naməlumu qorxmadan
qarşılamağa hazırdır, çoxdan gözlədiyi
bir dost kimi.
- Sizcə, həqiqət hadisənin hansı tərəfindədir?
Həqiqətə çatmaq üçün insan mütləq
aşiq olmalıdır?
- Həqiqət hadisənin özündə deyil, onun
necə yaşanmasında gizlənir. Bir hadisə sadəcə
həqiqətin skeletidir, onun forması onu görən gözlərdən,
hiss edən qəlbdən və yaddaşda saxlayan xatirələrdən
asılıdır. Çox vaxt "həqiqət"
dediyimiz şey, yaşadıqlarımızın sadəcə
daxili təzahürüdür. Sevgi həqiqətə gedən
ən dərin yollardan biridir. Çünki sevəndə
artıq maskalara, bəraətlərə ehtiyac qalmır.
İnsan özünü olduğu kimi, çılpaq və
qorunmasız şəkildə həm
qarşısındakı insana, həm də özünə
təqdim edir.
Yalnız sevgi vasitəsilə biz təkliyi aşa və
kim olduğumuzun mahiyyətinə vara bilirik. Sevgi bizi
qorxularımızla, aid olmaq ehtiyacımızla və varolma
gerçəkliyi ilə üz-üzə qoyur.
Bəs həqiqətə çatmaq üçün
mütləq aşiq olmaq lazımdırmı? Romantik mənada
yox. Amma daha geniş mənada bəli. İnsan həyata,
öyrənməyə, suallara və özünə aşiq
olmalıdır.
Bu emosional və mənəvi bağlılıq
olmadan, həqiqət, sadəcə nəzəriyyə olaraq
qalır, yaşanmış bir təcrübəyə
çevrilmir.
Yalnız sevən insan həqiqəti, onun bütün
ağrısı və gözəlliyi ilə birlikdə
yaşamağa cəsarət edir.
- Sizin düşüncələrinizdəki Vətən
necədir, real coğrafiyadır, yoxsa ruhun Vətəni?
- Mənim üçün "Vətən", sadəcə
coğrafi bir məkan deyil, o, bundan qat-qat dərin bir
anlayışdır. Bəli, Vətən doğulduğumuz
torpaqdan başlayır, ilk işığı gördüyümüz,
ilk sözü eşitdiyimiz yerdən. Amma zaman keçdikcə
Vətən daha dərin bir şeyə çevrilir: bir
duyğuya, xatirəyə, həsrətə, ruhun içindəki
boşluğa çevrilir.
Vətən yuxularımızı
gördüyümüz dildir.
Ananın səsi, təzə çörəyin
qoxusu, yaddaşda qəfil canlanan bir ifadənin hərarətidir.
Bu bizim duyğularımızın coğrafiyasıdır.
Bəzən Vətəni fiziki olaraq tərk etsək də,
Vətən bizi tərk etmir, əksinə, biz onu
özümüzlə daşıyırıq. O, ruhumuzun məskəninə
çevrilir.
Elə insanlar var ki, doğulduğu torpaqda yaşasa
da, heç vaxt özünü evdə hiss etmir. Elələri
də var ki, Vətəndən uzaqda olsa belə, onu hər
gün içlərində daşıyırlar.
Vətən qəlbin mənasını
tapdığı yerdir. Bu baxımdan, o, torpaqdan çox,
daxili bir yaşantıdır. Səssizliyin, şeirin, xatirələrin
və həsrətin içində
daşıdığımız silinməz bir məkandır.
- Sizcə, niyə insanlar başqa rollarda daha
yaxşı göründüklərini düşünürlər?
- Çünki insan mahiyyət etibarilə qəbul
edilmək və sevilmək ehtiyacı ilə yaşayan bir
varlıqdır. Çox vaxt başqalarının bizə
biçdiyi rollar cəmiyyətin gözləntiləri ilə
formalaşır, yəni nə "qəbulolunan",
"gözəl" və ya "uğurlu" hesab olunursa,
həmin anlayışlara uyğunlaşdırılır. Və
rədd edilməmək üçün bir çox insan bu
çərçivələrin içində
yaşamağı seçir, var olmaqdan çox, görünməyə
çalışır, uyğunlaşır.
Çünki başqalarının gözündə
olmaq istədiyin kimi görünmək öz həqiqi
kimliyinin gətirdiyi qeyri-müəyyənliklə
üz-üzə qalmaqdan daha asandır. İnsanın daxilindəki
gerçək "mən" tez-tez müdafiəsiz, kövrək
olur və dünya tərəfindən asanlıqla qəbul
edilmir.
Digər tərəfdən, kənardan verilmiş rol nə
qədər qeyri-səmimi olsa da, insanın özünü
"nəzarət altında", "qəbul edilmiş"
və "təqdir olunan" hiss etməsi üçün
bir maska rolunu oynayır.
Amma bunun bədəli ağırdır: insan öz
gerçək mənliyi ilə əlaqəsini tədricən
itirir. Yalnız maskasız, bəzəksiz, olduğu kimi
yaşamağa cəsarət edənlər həyatın dərinliyini
və gerçəkliyini hiss edə bilirlər. Çünki
ən böyük gözəllik, natamam olsa da, insanın tam səmimi
şəkildə olduğu kimi görünə bilməsindədir.
- Hələ də cavabını tapmadığınız
suallar var?
- Bəli, əlbəttə, həyatımda hələ
də cavabını tapa bilmədiyim çoxlu suallar var və
bəlkə də onları heç vaxt tapa bilməyəcəm.
Nə qədər düşünsək, yazsaq, yaşasaq da,
biz cavab sahibi olmaqdan çox, axtarışda olan
varlıqlarıq.
Məni müşayiət edən suallar təkcə fəlsəfi
və ya ekzistensial deyil, həm də dərin şəxsi
suallardır:
Zaman illüziyadır, yoxsa şahid?
Xatirə bizi sağaldır, yoxsa özü bir yara
kimi içimizdə qalır?
Sevgi özü son hədəfdir, yoxsa insan
varlığının dərin qatlarını anlamağa aparan
bir yol?
Mən keçmişdə olduğum insanam, yoxsa hələ
olacağım biri?
Elə suallar da var ki, heç bir kəlmə, söz
olmadan gəlir, gecənin sükutunda, hər şey susanda hiss
etdiyim suallar. Və bu suallara cavabım olmadığı
üçün özümü natamam hiss etmirəm, əksinə,
bu məni daha çox insan hiss etdirir. Çünki məhz
cavabsız qalan o suallar məni yazmağa, axtarmağa və həyatı
daha həssaslıqla yaşamağa vadar edir.
Mən inanıram ki, həyat həll olunası bir
tapmaca deyil, o, bir yolçuluqdur: bəzən cavablar zamanla gəlir,
bəzən isə sirr olaraq qalır və məhz bu sirlər
bizə yaşamağın mənasını verir.
Söhbətləşdi: İlahə Ümidli
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (№27).- S.20;21.