Tərcümə adekvat olanda
“Yazıya pozu yoxdur”
Zakir Abbas bizim çox səliqəli, tərcümə
etdiyi mətnlərin dilini yaxşı bilən mütəxəssislərdəndir.
Həm də azsaylı mütəxəssislərdən. Tərcümələrində
mətn orijinaldakı kimi suallar doğururmu? Bu suallara
orijinalın alıb-verdiyi nəfəslə cavablar variantı
varmı? Bu suallar, belə deyək, qəliz suallardır.
Onları mütaliə zamanı hiss etmək lazımdır. Tərcüməçi
zamanın barometridir, əlbəttə, mətnlərlə
bağlı. Haçansa qələmə alınmış mətnin
digər dillərdə doğulma anının bəlirləyicisi
kimi...
Zakir Abbas necə gəldi, kim gəldi tərcümə
edən müəlliflərdən deyildir. Əks təqdirdə,
yuxarıda cümlədə "müəllif"
sözünü işlətmək olmazdı. Bəli, tərcüməçi də
müəllifdir, tərcümə elədiyi, nəfəs
verdiyi mətnin (bədii, elmi, publisistik, filoloji və sair)
müəllifidir. Demək, tərcümə elədiyi mətnlərdə
sözügedən mətləblərdən xəbərdar
olan, onlar haqqında düşünən, yaxud
araşdıran mütəxəssis. Mən onun bu kitabdan qabaq
bir neçə tərcüməsini oxumuşdum və o sual
(... orijinaldakı kimi suallar doğururmu?...) o oxuda yerinə
düşmüşdü. Sonra o mətni bir başqa
insanın tərcüməsində oxudum, deyəsən, nəzəriyyə
antologiyası idi, həmin suallar mətnin içində
boğulmuşdu...
Bəli, Zakir Abbasın elə "Ədəbiyyat qəzeti"nin
səhifələrində qızırqanmadan yer verilən tərcümələrində
bir sistem var. Qədim, antik dünyanı izah edən, türklər
demiş, yansıdan mətnlərindən başlayır,
mürəkkəb dünyanın dərinliklərinə qədər,
onun şah damarına işləyən mətnlərin üzərində
çalışır, ayrı-ayrı xalqların bəşəriyyətə
bəxş etdiyi dühaların işığı ilə
yaranan (fantastika - !) mətnləri tələsmədən, o mətnlər
sanki dəzgahın ağzından indi
çıxırmış kimi isti-isti tərcümə eləyir.
Zakir Abbas bu tərcümələrdə həm də
sər və izmlərin, ədəbi cərəyanların
keçid həlqələrində yazıb-yaradan
dühaların mətnlərində "ilişib
qalır". Baş-başa gəlmiş
ehtiraslar, bir-birini az qala, rədd edən sənət prinsipləri
qədər bütün ədəbiyyatı, onun pafos və
atişləməz yollarını izah edən ikinci bir nəsnələr
yoxdur. Qolsuorsi haqqında yazdığı qısa annotasiya və
elədiyi tərcümə ("Yazıçı
inamı") maraqlıdır. Maraqlı olan hər şeydən
öncə, tərcüməçinin mətn seçimidir.
Qolsuorsini onsuz da hörmətli tərcüməçi Kamran
Nəzirli tərcümə edib, roman və hekayələrini.
"Yazıçı inamı" məqaləsinə
Qolsuorsi özünün sənət baxışını
ifadə edir, həm də Virciniya Vulfa və psixoloji məktəbə
qarşı!
Başqa bir seçim - Yuxan Borgen - Yazıçı
olmaq nə deməkdir?.. Bu sual hər bir
yazıçının, sənətkarın hissində -
ürəyində doğsa da, onu hamı yazı mövzusuna
çevirmir. Yalnız keçid məqamlarında, sənə
məxsus yazı manerasının
üstünlüyünü göstərmək istəyəndə
bu sual bütöv bir mətnə çevrilir. Yəni, ədəbiyyatda hər bir
mövzunun yaranma məqamı var və bunun
araşdırılması bəzən illər boyunca davam
edir. Məsələn, Jan Pol Sartrın "Ədəbiyyat nədir?"
traktatı... "Axı hər şeydən əvvəl,
bizim daim can atdığımız heç də "zərif
ədəbiyyat" yaratmaq deyil. Doğrudur, bu sözü
işlədərkən, insanlar bir çox halda nə demək
istədiyimizi başa düşürlər. Bu ifadə
altında nəyi nəzərdə tuturuq? İlk növbədə,
söhbət "yenidən yaratmaq"dan gedir. Bu isə
fantaziya anlayışı ilə əlaqəlidir..."
Bunları Zakirin tərcüməsində Borgen deyir. Daha sonra
izah edir: "Çox adama elə gəlir ki, fantaziya səmada
qanad çalan, göyün havasız qatında süzən
bir anlayışdır. Lakin, bu heç də belə deyil. Fantaziya
həmişə təcrübəyə və müşahidəyə
əsaslanır. Belə deyək, fantaziya təcrübəni
qeydə alan və ondan istifadə edən cihazdır..."
Bizim tərcümə məkanında bir müəllifin
eyni yazısının dəfələrlə tirajlanması
hadisəsi göz ağrıdır. Məsələn, U.Ekonun
"Modernizm: ironiya və ləzzət", R.Bartın bəzi
yazıları, Tomas Eliotun "Ənənə və fərdi
istedad" və sair... Halbuki həmin müəlliflərin
başqa maraqlı və elə bu gün üçün də
aktual olan yazılarını seçmək olar. Eliotun
Şekspirlə bağlı yazıları, tənqid və
musiqiylə əlaqəli yazıları, Ekonun semiotika ilə əlaqəli
yazıları və ümumən ədəbiyyata onun
baxışını ifadə edən məqalələri...
Bu mənada, Leonard Xakslinin "İncəsənət
və bayağılıq" yazısı da maraqlı tərcümə
nümunəsidir. Nəyə görə? Təkrar edək:
seçim düzgündür. Bir qayda olaraq dünya ədəbiyyatında
gedən prosesin bir qanunauyğun məqamı həmişə
diqqət çəkib: yaradıcılığa satirayla,
satirik tonla başlayan sənətkarlar, xüsusən, nasirlər
daha sonralar təzadlı yollar keçib, bir sıra
aşırımlardan adlamaq məcburiyyətində
qalıblar. "Master və Marqarita"nın müəllifi
istisna deyil, onun da ilk gənclik yazılarında felyeton,
ümumən satira dərin lağım misalındaydı. Eynən,
Xaksli də. Xaksli Zakir Abbasın dediyinə görə,
keçən əsrin 20-ci illərində rasionalizmə
vurulur, özü də dəlicəsinə. Realist tərzdə
kəskin satirik lövhələr yazılır. Sonra...
mistika, Şərq fəlsəfəsinin xristian təlimi ilə
birləşməsi. Tərcüməçinin qeydi:
"Əsərlərində mövcud cəmiyyətdə
sürətlə gedən mənəvi aşınmaya
qarşı aparılan radikal mübarizə metodunu qəbul
etməyib, elitar ədəbiyyata qarşı
çıxır. O, modernistləri həqiqətə
yaxın olmaq adıyla həyatdan çox uzaqlaşan formalistlər,
realistləri isə yalvar-yaxar edib gerçəkliyə
sığınan sadəlövhlər adlandırır..."
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (¹27).- S.21.