Ensiklopedik təfəkkürlü
ziyalı
Ədəbiyyatşünaslıq elminin hər
üç sahəsində dəyərli
araşdırmaların müəllifi, "ədəbiyyatşünas,
mətnşünas, tənqidçi, pedaqoq, professor Xeyrulla Məmmədov
klassik ədəbiyyatımızla əlaqələrimizin itməsinə
imkan verməyən, köhnə mətnləri xüsusi
qayğı və diqqətlə araşdırıb üzə
çıxaran, nəşr etdirən ən güvənilən
mütəxəssislərdən biri idi" (S.Rüstəmxanlı.
El adamı, el alimi. (Professor X.Məmmədov haqqında nəşr
olunan "Dünyada qala bilmək" kitabında). Bakı:
"Qanun" nəşriyyatı, 2012, s.20).
XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının
mötəbər tədqiqatçısı, pedaqoji fəaliyyəti
ilə elmi araşdırmalarını məharətlə əlaqələndirməyi
bacaran, arxivlərdə toz basmış bir çox əsərlərin,
əlyazmaların üzə çıxarılıb ədəbi-elmi
ictimaiyyətə təqdim olunmasında misilsiz xidmətləri
olan Xeyrulla Qulam oğlu Məmmədov 1 avqust 1935-ci ildə
Lerik rayonunun Hoveri kəndində - babaları adlı-sanlı
din xadimləri, üləmalar olan bir ailədə anadan
olmuşdir. Onun "uşaqlığı qanlı-qadalı
illərə düşmüş, atası Böyük Vətən
müharibəsində həlak olduğundan, o, kiprikləri ilə
od götürən kişi qeyrətli anası Güləbətin
xanımın nəzarəti və nəvazişi ilə
boya-başa çatmış, kəndlərindəki yeddiillik
məktəbi "əla" qiymətlərlə
bitirmiş" (İslam Qəribli. Sönməyən ocaq.
Bakı:"Mütərcim" nəşriyyatı, 1997, s.
144), təhsilini Lerik qəsəbəsində (indiki Lerik şəhəri
- İ.Q.) davam etdirərək 1952-ci ildə orta məktəbi
tamamlamışdır.
***
2 iyun 1957-ci ildə, tələbəliyinin son ilində
"Ədəbiyyat və incəsənət" qəzetində
dərc etdirdiyi "Tələbələrin arzusu"
adlı məqaləsi ilə mətbuat aləminə gələn,
Lerikdə müəllim işlədiyi illərdə
"Ədəbiyyat və incəsənət", "Azərbaycan
müəllimi" qəzetlərində "Mənim qeydlərim",
"Ədəbi qiraət dərsliklərində səhvlərə
yol vermək olmaz" kimi yazılarını dərc etdirən
X.Məmmədovun keçən əsrin 60-70-ci illəri
arasında yazıb çap etdirdiyi "İstoriə izdaniə
"Xopxopname", "S.M.Qənizadənin bədii nəsri",
"Bir ərizə", "Fırtınadan doğulan
adam", ""Nübar"sız
"Sovqat"sız" uşqaların sönən
çırağı", "Əqidə döyüşlərində",
"Əliiskəndər Cəfərzadə", "Firidun
bəy Köçərli nə vaxt inspektor olmuşdur?",
"Molla Nəsrəddin"i zəmanə yaratdı",
"N.Nərimanovun zəmanəti",
"Əkinçi"nin övladları", "Bir tərcümənin
tarixi" və s. onlarla irihəcmli, əksəriyyəti
jurnallarda işıq üzü görən məqalələrində
məlum olmayan neçə-neçə ədəbi, tarixi
fakta ikinci həyat bəxş edilmiş və beləliklə,
"lal" sənədlərin dilə gətirilib onların
obyektiv şərhinin verilməsi ilə ədəbiyyatşünaslıqda
hökm sürən bir sıra mübahisələrə
aydınlıq gətirilmişdir.
XX əsrin 70-ci illərindən etibarən Xeyrulla
müəllimi, əsasən, arxiv materialları ilə işləyən,
ilk mənbələri üzə çıxarıb onları
elmi ictimaiyyətə təqdim edən tədqiqatçılar
sırasında görürük.
Akademik İsa Həbibbəyli yazır: "Arxiv
materiallarına dərindən bələd olmaq, elmi dövriyyəyə
çoxsaylı naməlum sənədləri və
faktları daxil etmək baxımından Xeyrulla Məmmədovun
xidmətlərini özündən əvvəlki fədakar və
görkəmli arxivşünas alimlər nəsli ilə
müqayisə etmək mümkündür. Bu baxımdan
Xeyrulla Məmmədov qeyd olunan istiqamətdə öz
dövrünə görə mühüm xidmətlər
göstərmiş akademik Feyzulla Qasımzadənin
böyük davamçısı, müxbir üzvlər Abbas
Zamanov və Əziz Mirəhmədovun layiqli müasiri idi"
(İsa Həbibbəyli. Ciddi ədəbiyyatşünas alim.
(Professor X.Məmmədov haqqında nəşr olunan
"Dünyada qala bilmək" kitabında). Bakı:
"Qanun" nəşriyyatı, 2012, s.28)
X.Məmmədovun araşdırmalarının müəyyən
qismi Sultan Məcid Qənizadə ilə bağlıdır.
Əsərlərini geniş müqəddimə və şərhlərlə
nəşr etdirən alimin iyirmi ilə yaxın gərgin və
səmərəli axtarışlarının bəhrəsi
kimi meydana çıxan "Sultan Məcid Qənizadə"
monoqrafiyasında (Xeyrulla Məmmədov. Sultan Məcid Qənizadə.
Bakı:"Yazıçı" nəşriyyatı,1983)
biz S.M.Qənizadəni əsl maarif fədaisi, gözəl
yazıçı və publisist, ictimai xadim kimi
görürük.
S.M.Qənizadə hərtərəfli istedada malik
yazıçı olmuşdur. X.Məmmədov onun istər
orijinal əsərlərini, istərsə də tərcümələrini
tədqiq edərək belə bir qənaətə gəlmişdir
ki, "mövcud cəmiyyəti dəyişmək məsələsində
maarifçiliyin digər nümayəndələri kimi, o da
silaha, silahlı üsyana, ümumiyyətlə, ictimai
inqilablara deyil, mənəvi təkamül yoluna üstünlük
vermişdir" (Yenə orada, s. 96). Müəllifin qənaətinə
görə, S.M.Qənizadə o mövzuları qələmə
almış və elə məsələləri müzakirə
obyektinə çevirmişdir ki, həmin mövzu və məsələlər
xalq həyatından alınsın və hadisələrin
axınından doğan məntiqi nəticə mütləq xalqın
mənafeyinə xidmət etmiş olsun.
Ədibin tərcüməçilik fəaliyyətindən bəhs edən
müəllif yazır: "Qabaqcıl ədəbi təcrübəni
və başqa xalqların mənəvi nailiyyətlərini Azərbaycanda
yaymaq işinə xüsusi əhəmiyyət verən
yazıçı Dyaçenkonun "Qurbana qurban" (1892),
Lev Tolstoyun "Əvvəlinci şərabçı"
(1894), A.F.Poqosskinin "Allah divanı" (1896), Myatnitskinin
"Xor-xor" (1902) əsərlərini təbdil və tərcümə
edir, nəşrinə və tamaşasına nail olur" (Yenə
orada, s.79-80).
X.Məmmədovun qənaətinə görə, bədii
tərcümə S.M.Qənizadənin nəzərində
yalnız bir dildən başqa dilə əsər çevirməkdən,
xalqı onun faydalı ideya-məzmunu ilə tanış etməkdən
ibarət deyildi. Bu, eyni zamanda milli ədəbiyyatı forma,
janr və üslublarla zənginləşdirən, zəif
inkişaf etmiş sahələrini dirçəldən, başqa
xalqların ədəbi nailiyyətlərinin mənimsənilməsinə
yardım edən vasitə idi. S.M.Qənizadə tərcümə
üçün əsər seçməyə ciddi
münasibət bəsləmiş, tərcümə olunan bədii
nümunənin tərcümə edən xalqın həyat-məişət
tərzinə, bədii zövqünə, adət-ənənəsinə,
dini və dünyəvi görüşlərinə, əqidə
və inamlarına uyğunluğunu əsas prinsip kimi qəbul
etmişdi.
X.Məmmədov Bakı, Tiflis, Moskva, Sankt-Peterburq,
Kazan şəhərlərinin arxivlərində
apardığı uzun və gərgin axtarışların bəhrəsi
olan "Əkinçi"dən "Molla Nəsrəddin"ə
qədər" monoqrafiyasını 1987-ci ildə çap etdirir (Xeyrulla Məmmədov.
"Əkinçi"dən "Molla Nəsrəddin"ə
qədər. Bakı: "Yazıçı" nəşriyyatı,
1987).
H.Zərdabi, S.Ə.Şirvani, N.Vəzirov,
M.Şahtaxtlı, C.Ünsizadə, S.M.Qənizadə, S.Vəlibəyov,
Z.Marağayi, N.Nərimanov, Ə.Gorani, F.Köçərli,
R.Əfəndiyev, S.S.Axundov və başqalarının bədii
və publisistik əsərlərini tədqiqata cəlb edən
müəllif hesab edir ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində
maarifçilik ideyaları özünün parlaq ifadəsini
birinci növbədə publisistika və bədii ədəbiyyatda
tapmış, "bədii ədəbiyyatda maarifçilik məfkurəsi
birinci növbədə maarifçi realizmin dövrün əsas
yaradıcılıq metoduna çevrilməsində
müşahidə olunmuş, bu isə, öz növbəsində,
ədəbiyyatı xalq həyatına
yaxınlaşdırmışdır" (Yenə orada, s. 38).
Mövcud ədəbi əsərləri,
"Əkinçi", "Ziya", "Kəşkül"
kimi mətbuat orqanlarında mövzu ilə bağlı
materialları tədqiq edən X. Məmmədovun fikrincə, "maarifçilərin təbii insan konsepsiyası şəxsiyyət
azadlığı məsələsi ilə sıx surətdə
bağlıdır. İnsan onların nəzərində
fizioloji varlıq deyil, öz azadlığı uğrunda
mübarizə aparan vətəndaşdır" (Yenə
orada, s. 44).
Ədəbiyyat tarixçisi və mətnşünas
ailm kimi dəyərli tədqiqatların müəllifi olan X.Məmmədov
ədəbiyyatın nəzəri problemləri ilə də
ciddi şəkildə məşğul olmuş, maarifçi
realizmin nəzəri aspektlərini araşdırmaqla kifayətlənməmiş,
XIX əsrin sonu, XX əsrin əvvəllərində realist ədəbiyyatda
ədəbi janrların inkişafı, mövzu və
problematikası barədə də geniş tədqiqatlar
aparmış və bu qənaətə gəlmişdir ki,
"M.F.Axundov məktəbinə mənsub
yazıçıların qarşısında duran
başlıca məsələ epik və dramatik növlərin
inkişafına rəvac verməkdən, dram, komediya, faciə,
roman, povest, hekayə və sairəni ədəbiyyatın əsas
ədəbi formalarına çevirməkdən ibarət
idi" (Yenə orada, s. 151).
Professor X.Məmmədov Nəcəf bəy Vəzirovun
irsinin tədqiqi ilə də ciddi şəkildə məşğul
olmuş, onun əsərlərini müqəddimə, şərhlər
yazmaqla nəşr etdirmişdir.
X.Məmmədov qeyd edirdi ki, N.Vəzirovun diqqətini
cəmiyyətin komik və tragik təzahürləri ilə
yanaşı, ciddi və gərgin tərəfləri də cəlb
edir, o, cəmiyyətdə insanlar arasında münasibətlərin
dramatizminin təsvirinə də yer ayırırdı. Bu
baxımdan "Nə əkərsən, onu biçərsən"
(1911), "Keçmişdə qaçaqlar" (1912), "Təzə
əsrin ibtidası" dramları diqqəti cəlb edir.
N.Vəzirov dramaturji yaradıcılığında tərcümə
və təbdillə də məşğul olmuş,
A.K.Tolstoyun "İvan Qroznının ölümü"
faciəsini tərcümə etməklə yanaşı,
"Ağa Kərim xan Ərdəbili" komediyasını məşhur
fransız dramaturqu J.B.Molyerin "Xəsis" əsərindən,
"Dələduz" isə naməlum ingilis müəllifindən
təbdil edilmişdir. Müəllif qeyd edir ki, "hər iki
komediyada N.Vəzirov hadisələri Avropa mühitindən Azərbaycana
köçürmüş, personajların adlarını dəyişib
onlara milli kolorit və səciyyə aşılamış və
bu yolla yerli müsəlman məişətinin qüsurlarını
tənqid etmişdir" (Yenə orada, s.516).
Professor X.Məmmədovun tədqiqatlarında XIX əsrin
ikinci yarısındakı Cənubi Azərbaycan
maarifçilik ədəbiyyatının tədqiqi də əhəmiyyətli
yer tutur. Müəllifin qənaətinə görə,
"bu dövrün ədəbi hərəkatın
inkişafında bir-birindən əsaslı surətdə fərqlənən
iki ədəbi mərhələ müşahidə olunur.
Birincisi, 50-60-cı illəri, ikincisi, 70-ci illərdən
başlayaraq XX əsrin əvvəllərini əhatə
edir" (Azərbaycan ədəbiyyatı tarixi. On cilddə,
doqquzuncu cid. Bakı: "Elm" nəşriyyatı, 2021, s.
189).
X.Məmmədov hesab edir ki, Cənubi Azərbaycan
maarifçiliyinin formalaşmasında İran hüdudları
xaricində Şimali Azərbaycanda baş verən milli
dirçəliş prosesləri də az rol
oynamamışdır. "Parçalanıb bir-birindən fərqli
inzibati struktura və məfkurəyə malik dövlətlərin
tərkibində yaşamalarına baxmayaraq, onlar min bir tellə
bir-birinə bağlanır, vətənin taleyi, xalqın həyati
mənafeyi ilə səsləşən məsələlərin
hamısında bir nöqtədə birləşir. Sərhəd
nişanlarının alt və üst tərəflərində
ümumi mədəniyyətlərini yaradıb inkişaf
etdirirdilər. Bunlar küll halında ümumazərbaycan
ictimai və bədii fikrinin inkişafına xidmət göstərirdi"
(Yenə orada, s.192).
Müəllifin gəldiyi qənaətə görə,
XIX əsrin 70-ci illərindən etibarən Cənubi Azərbaycan
ədəbiyyatında yeniləşmə prosesi sürətləndi.
Bədii söz sənəti lirik poeziyanın məhdud forma və
mövzu dairəsindən qurtulub əzablı da olsa, geniş
inkişaf yoluna, rəngarəng janrlar, aktual sosial problemlər,
müasir ideyalar aləminə daxil oldu.
Ədəbi görüşlərində
epiqonçuluğa qarşı mübarizə aparan
Z.Marağalı ilə Ə.Talıbovun nəsr əsərlərini
nəzərdən keçirən X.Məmmədov yazır:
"XIX əsr Cənubi Azərbaycan bədii nəsrində
müşahidə edilən xüsusiyyətlərdən biri də
mistifikasiyadır. Bu, termin kimi mistifikasiyanın mənası əsl
müəllifin əsərini, ya başqa müəllifin, ya da
heç həyatda olmayan bir adamın, uydurulmuş
yazıçının, bir şəxsin ünvanına
yazmaqdan ibarətdir. Bədii ədəbiyyatda
mistifikasiyanın məqsədi və funksiyaları
çoxdur. Bunun özünəməxsus siyasi-ictimai və
sırf ədəbi səbəbləri olur" (Yenə orada,
s.204).
Müəllif doğru olaraq bildirir ki, XIX əsrin son
rübündə Cənubi Azərbaycan ədəbi
mühitində baş verən yeniləşmə prosesi
poeziyadan yan keçmədi. Eşq, məhəbbət və
gözəlliyi tərənnüm edən və şairlərin
müxtəlif nəsilləri tərəfindən dönə-dönə
təkrar edildiyinə görə təqlidçilik
girdabına düşən şeir bu vaxtdan etibarən zəif
də olsa, maarifçilik ideyalarının təsirinə
qapıldı.
Məhz bu zamandan etibarən poeziyada realist meyillər
qüvvətlənməyə başladı. Bu,
özünü birinci növbədə klassik şeirin
mövzu dairəsinin genişlənməsində, müraciət
etdiyi həyat səhnələri və təsvir obyektinə
çevirdiyi məsələlərin çoxluğunda və
reallığında, satirik və maarifçi didaktik pafosun
qüvvətlənməsində və ən nəhayət,
poetik formaların əlvanlığında göstərməyə
başladı.
Müəllifin gəldiyi yekun qənaətə
görə, "XIX əsrin ikinci yarısında Cənubi Azərbaycan
ədəbiyyatında başlanan yeniləşmə prosesi əsrin
70-90-cı illərində öz inkişafının yüksək
mərhələsinə qədəm qoydu və birinci rus
inqilabından sonra İranda başlanan milli azadlıq hərəkatından
sonra yaranan inqilabi demokratik mündəricəli, tənqidi
realist və inqilabi romantik ədəbiyyatın dirçəlişi
üçün münbit zəmin oldu" (Yenə orada, s.
208).
X.Məmmədovun elmi fəaliyyətinin bir istiqamətini
uşaq ədəbiyyatının tədqiqi, nəşri və
mətnşünaslıq təşkil edir. Uzun illər mənəvi
sərvətimizin "gizli", "tamamilə gizli" və
s. "kilidlər" altında saxlanılmış,
xüsusilə "zamanın aktual ədəbi hadisəsi
olaraq, mənəviyyatımızın digər sahələri
kimi xalqın tarixinə yoldaşlıq etmiş" (Bəkir
Nəbiyev. Hikmət və gözəllik çələngi.
(Professor X.Məmmədov haqqında nəşr olunan
"Dünyada qala bilmək" kitabında). Bakı:
"Qanun" nəşriyyatı, 2012, s.13) bir çox
nümunələrinin üzə çıxarılıb ədəbi-elmi
ictimaiyyətə çatdırılmasında xüsusi xidmətləri
olan X.Məmmədovun bu qəbildən olan işlərindən
biri də onun tərtibi ilə "Hikmət çələngi"
adlı hekayələr toplusudur (Hikmət çələngi.
Bakı: "Gənclik" nəşriyyatı, 1997).
X.Məmmədov uşaq ədəbiyyatının nəzəri
məsələləri ilə yanaşı, onun toplanması,
tərtibi və nəşri məsələləri ilə də
ciddi şəkildə məşğul olmuş, pedaqoji elmlər
doktoru, professor Ağahüseyn Həsənovla müştərək
ümumi həcmi 1140 səhifədən artıq olan iki cildlik
"Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı"nı
nəşr etdirmişdir. Kitab müntəxəbat
adlandırılsa da, fikrimizcə, əslində fundamental
elmi-tədqiqat əsəridir. Burada Azərbaycan uşaq ədəbiyyatının
elmi-nəzəri problemləri ilə bərabər, otuz
dörd yazıçının tərcümeyi-halı və
əsərlərindən nümunələr, "Dəbistan",
"Rəhbər", "Məktəb" jurnalları,
ibtidai və rüşdiyyə məktəb dərslikləri haqqında məlumatlar və
onlardan götürülən mətnlər daxil edilmişdir.
X.Məmmədovun tərtib edib Ön söz,
lüğət və şərhlər yazdığı
kitablardan biri "Seyid Əzim Şirvani. Seçilmiş əsərləri"dir
( S.Ə.Şirvani. Seçilmiş əsərləri.
Bakı:"Maarif" nəşriyyatı. 1990.)
Kitaba geniş müqəddimə yazan, onun həyat və
yaradıcılıq yolu barədə danışan X.Məmmədov şairi Azərbaycan
maarifçiliyinin demokratik cəbhəsinə daxil edir və
yazırdı: "O, Azərbaycan xalqının fiziki və mənəvi
əsarətdən qurtuluş yolunu maariflənməkdə,
orta əsrlərdən qalma zərərli şüur və
düşüncə tərzindən uzaqlaşmaqda, müasir
elmi-texniki biliklərdə görür, ... xalqının
xoşbəxt gələcəyi haqqında gözəl arzular
bəsləyir və onu dünyanın maariflənmiş və
tərəqqi etmiş xalqlarından biri kimi görmək istəyirdi"
( Yenə orada, s. 12-13)
X.Məmmədov bu kitaba izah, şərh və hər
mətnin ətraflı lüğətini verməklə
S.Ə.Şirvaninin nəzmlə yazdığı "Rəbiül-ətfal"
("Uşaqların baharı") və nəsrlə
yazdığı "Tacül-kütub" dərsliklərini,
"Siçan və pişik dastanı" əsərini
daxil etmişdir.
Professor X.Məmmədov ali məktəblər
üçün proqram və dərsliklərin hazırlanmasında
da fəal iştirak etmiş, qələminin məhsulu olan
"Azərbaycan ədəbiyyatının
yaradıcılıq metodu", "Filologiya elminin tarixi və
metodologiyası" tədris proqramları və "XIX əsr
Azərbaycan uşaq ədəbiyyatı", "Azərbaycan
ədəbi tənqidi XIX-XX əsrlərin hüdudunda"."XIX
əsr Azərbaycan ədəbiyyatı" dərslikləri
bu gün də tədris prosesində istifadə
olunmaqdadır.
Onun Şeyx Əhməd Hüseynzadənin "Tarixi-ədəbiyyati-türki"
əsəri, S.M.Qənizadənin Nəvai, S.Ünsizadənin
İbrahim Həqqi, R.Əfəndiyevin Nabi barədə tədqiqlərinə
dair araşdırmaları dediklərimizə əyani
sübutdur.
Geniş mütaliə qabiliyyəti, ensiklopedik təfəkkür
tərzi ilə seçilən, elmi kadrların
hazırlanmasında mühüm xidmətləri olan X.Məmmədov
həm də satirik qələm sahibi olan yazıçı
idi. Bədii əsərlərini müxtəlif mətbuat
orqanlarında "Molla Dərvişəli Cindar",
"Ursan" və s. imzalarla çap etdirən müəllifin
felyetonları haqqında professor Zeydulla Ağayev yazır:
"Hələ də acı qəhqəhəyə geniş
meydan açan cəmiyyətimizin özü onu felyetonçu
kimi qələminə sarılmağa, yaradıcılıq
diapozonunun daha bir tərəfini bizə göstərməyə
vadar edir. Onun felyetonları yalnız və yalnız
bugünkü dərdlərimizin üstündə göz
yaşı axıdan qəhqəhədir" (Zeydulla
Ağayev. Sözlərin qövsi-qüzehi. Professor X.Məmmədov
haqqında nəşr olunan "Dünyada qala bilmək"
kitabında). Bakı: "Qanun" nəşriyyatı, 2012,
s. 58 ).
Beləliklə, professor Xeyrulla Məmmədov
ömrünü şam kimi millətinin tərəqqisi yolunda
əritmiş, fəaliyyət göstərdiyi bütün sahələrdə
uğurlara imza atmış ensiklopedik təfəkkürlü
ziyalı və əsl vətəndaş olmuşdur.
İslam QƏRİBLİ
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (¹27).- S.23.