Aqibətnamə
(Əvvəli ötən saylarımızda)
Min özlü kor
(Xosrovun ölümü)
Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində
ölüm məqamları
Nizami Gəncəvi hər əsərində
ölümün mənasını bir cür, fərqli
anlamlarda - daha çox yaratdığı xarakterlərin həyat
yoluna, şəxsiyyətinə uyğun şəkildə təsvir
edir. Əlbəttə, ölüm anlamca yekun fikir olaraq hər
insana görə dəyişmir, həyatın labüd
sonluğunun özül mənası hər yetən
üçün başqalaşmır. Sadəcə, bir
sıra hallarda ölümün mənası, inikası
yaşanmış həyatın anlamına uyğun şəkildə
dəyişir.
Məsələn, Nizami Gəncəvi "Xosrov və
Şirin" məsnəvisində Xosrovun ölüm səhnəsini
canlandırarkən yazır ki, həmin gecə "zəmanənin
min əli də gücdən düşmüşdü, fələyin
min gözü də kor idi". Hesab edirəm ki, Nizami barədə
danışarkən bədii detallara xüsusi diqqət etmək
araşdırma nöqteyi-nəzərincə ümumi işin
ziyanına deyil. Baxın, Xosrovun güclü olmasının
bir səbəbi onun zəmanəyə münasibətdəki
misilsiz qüdrəti idi. Yəni o, şah idi, dövran bir
sıra yönləri ilə onun ixtiyarında idi, zəmanənin
taleyi az-çox, həm də ondan asılı idi. Fələk
isə göydə öz adətincə dövran etməkdəydi,
fəqət, daha kitabı bağlanmış, əcəli
çatmış Xosrova hifzedici nəzərlərlə
baxmırdı. Yəni qədərdən xəbərdar olan təbiət
hər şeyi daha öncədən bilirdi. Lakin daha Xosrovu
göydə və yerdə qoruyacaq - yaşadacaq heç nə
qalmamışdı. Ona görə də onu nə
keşikçiləri, nə də başqaları qoruya bildi.
İnsan çox zaman özü də bilmədən
öz əcəlinə kömək edir, əzrayılının
"həmkarına çevrilir". Çoxlarımız
sövq-təbii olaraq aqibətimizlə əlbirik. Xosrov da həmin
gecə Şirinə nəinki bir zərif ruhlu, incə duyumlu
məlaikəni, hətta gönüqalın, haltanımaz divi
də yuxuya verəcək çox gözəl bir nağıl
danışır. Elə nağıl ki, onun təsirindən,
sirayətindən Şirin bal kimi yuxuya gedir - "əsnək,
əsnək gətirər", deyiblər. Şirinin yuxusunun
şirinliyi Xosrovu da daş kimi yatırdır. Beləcə,
onların hər ikisi pəncərəni sındırıb
içəri girən qatili - idbar xislətli əcəldarın
gəlişini eşitmirlər.
Nizami gözəllər gözəli Şirinin yuxudan
oyanmasını qeyri-adi bir bədii detalla təsvir edir.
Yazır ki, insan hər gecə səhərin
açılmasını umaraq yatır, amma hər səhər
isə sübh qiyafəsində kimi gəlmir. Elə səhərlər
olur ki, kimlər üçünsə minqat qaranlıqdan daha
zülmət açılır... Beləcə, Xosrovun
ölümü Şirin üçün səhərin gəlməməsi
kimi yaddaşlara hopur...
Və Nizami yenə bir əlahiddə bədii detalla
ölüm səhnəsini təsvir edir: Ər-arvad, adətən
bədənləri soyuq olarkən bir-birinə toxunanda
oyanırlar, ancaq bu səhər Şirini yuxudan Xosrovun isti
qanı oyadır. Yəni ölümün işi həyatın
ümumi axarını tərsinə çevirməkdir:
baxın, görün, nələr tərsinə çevrilir:
sübh olur, lakin səhər açılmır, qarşı
tərəf bu dəfə soyuqdan yox, istiyə toxunarkən
oyanır. İnsan çox zaman ölümü mahiyyətcə
həm də ona görə qəbul edə bilmir ki,
ölüm həyatla bağlı çox şeyi tərsinə
çevirir və bunu olduğu kimi qəbullanmaq çox
çətindir. Müsəlman adətinə görə,
ölən kişini qadının yuması münasib
sayılmır, amma Şirin gülab, müşk, ənbər
və kafurla həm Xosrovun qanlı bədənini, həm də
öz vücudunu tərtəmiz yuyur. Şirin istəmir ki,
Xosrovun qanına əli batmışlar onu son mənzilə
yola salarkən yusunlar. Xosrov eşqə görə qanına qəltan
olduğu üçün o, eşqin əli ilə də
(Şirin vasitəsilə) paklanır.
Yenə əvvəlki detala - nağıl məsələsinə
qayıdaq. Onları yuxuya qərq edən
danışdıqları, dinlədikləri nağıl olur,
yuxudan ayıldan isə eşitmədikləri - sonluğunu
gözləmədikləri nağıl - reallıq,
ölüm.
Nizaminin nağıl detalı ilə ölümün
fəlsəfəsini, həyatın sonluğunun mənasını
açması heç də təsadüfi deyil.
Çünki Xosrov Şirini sevənə qədər
nağıldan, dünyanın hekayətlərindən imtina edərək
yalnız öz bildiyi kimi yaşayır, Şirini tanıyandan
sonra isə keçib-gəldiyi yolu tamamilə unudub şirin
nağıllara aludə olur.
Görünür, insan özünü tamamilə unudanda
da, sonra yenidən yaratdığı mənliyinə, təzə
kimliyinə büsbütün aludə olanda da əsl həqiqətdən
müəyyən qədər uzaqlaşır. Dinlənilən
nağıl da, insanı yuxuya qərq edən nağıl da
taleyin ayrılmaz bir hissəsidir. Onların hər ikisini nəzərə
almaq baş verən hadisələrin fonunda, yəqin ki,
vacibdir.
Hər halda, bu dünyada hər kəs sonda öz
nağılının qurbanına çevrilir...
Əbədi gəlin
(Şirinin ölümü)
Nizami Gəncəvi "Xosrov və Şirin" əsərində
Xosrov şahın ölümünü xüsusi olaraq mənalandırmır,
sanki bilərəkdən ona əlavə anlamlar yükləmir.
Yazır ki, nə fərqi var, ölən Xosrovdur, yoxsa Kəsra,
ölənin kimliyindən asılı olmayaraq ölüm elə
ölümdür. Nizami Gəncəvi ona görə Xosrovun
ölümünü bu şəkildə - adidən adi təsvir
edir ki, Şirin hələ sağdır və məhz onun
dünyadan köçməsi ilə Xosrovun ölümü
böyük məna qazanacaq - yəni adi aqibət olmaqdan
çıxaraq sevgi nağılına, dillərdə, ellərdə
dolaşan əfsanəyə, məhəbbət dastanına
çevriləcək.
Şirin Xosrovun dəfnində hər zaman olduğundan
daha artıq bəzənir, əllərinə xına qoyur,
üstünə müşk-ənbər səpir, sonra da ərinin
tabutunun önündə oynaya-oynaya gedir. Bu mənzərəni
görənlər elə düşünür ki, Şirin ərinin
ölümünə sevinir, bu aqibətdən
xoşhaldır. Fəqət, kimsənin ağlına gəlmir
ki, Şirin ölümə yürüyür - ərinin
yanına gedir deyə səadət içərisindədir.
Şirinin fikrincə, bu dünyanın ondan
aldığını - sevdiyini ona o biri dünya - axirət
evi yenidən qaytaracaq. Nizami insanların yanıldığını
nə üçün bunca bariz şəkildə qabardır,
cəmiyyətin yanlış münasibətini hansı səbəbdən
bu qədər diqqət mərkəzinə gətirir?
Çünki insanlar çox zaman kənardan olanlara qiymət
verərək hadisələrin daxilinə nüfuz edə
bilmirlər, əsl mahiyyətdən uzaq olurlar, ona görə
də çox zaman yanlış qənaətlərə gəlirlər.
Cəmiyyət Xosrov və Şirinin sevgisini də
düzgün qiymətləndirmir, onların bir-birinin yolunda
canlarından keçmələrini də.
Xosrovu öldürən oğlu Şiruyə Şirini
bəzək-düzəkli, gülər-oynar görəndə
elə bilir, Şirinin şadlığına səbəb
könlünün onda olması, ona məhəbbətlə
bağlanmasıdır. Axı Şiruyə atasını
öldürür ki, Şirinə sahiblənə bilsin.
Şirin Xosrovun tabutuna yaxınlaşır və əvvəlcə
əli ilə ərinin ciyərindəki yaraya toxunur.
Yaranın yerini tam dəqiqləşdirəndən sonra öz
bədənində də o yeri tapıb xəncəri ilə həmin
nahiyəsində yara açır. Şirinin məhz bu cür
bir ölüm üsulu seçməsinin səbəbi nədir?
Səbəb odur ki, Şirin yuxuda olarkən Xosrov oğlu tərəfindən
öldürülür. Ölüm ayağında Xosrov
Şirini yuxudan oyatmağa qıymır deyə o, ərinin
yaralı-yaralı nələr çəkdiyini tam mənasında
bilmir, dərindən duymur. Ona görə də Şirin ərinin
yara aldığı yerdən öz bədənini deşir
ki, Xosrovun son anlarında nələr çəkdiyini,
hansı ağrılarla dünyadan
köçdüyünü tam mənada duya bilsin.
Çünki əsl məhəbbət həm də tərəf-müqabilinin
- sevdiyinin nələr duyduğunu, hansı ağrıları
çəkdiyini hiss etməkdir.
Xosrov öləndə Şirin yatır, Şirin
öləndə isə Xosrov ölüm yuxusunda olur. Bu iki
ölüm iki əbədi yuxu kimi dünyanın
yaddaşına yazılır.
İslamda intihar etmək bəyənilməzdir. Amma
İslam ənənələrinə sadiq olan dahi Nizami bu
ölümü intihar olsa belə, alqışlayır, hətta
bu ölümü nümunə kimi diqqətə
çatdırır: yazır ki, "bax, canı canana belə
vermək lazımdır". Hətta şair bu
ölümü öyərək, böyüklər bu
ölümdən xəbərdar olanda üz tutdular Allaha ki,
"İlahi, hər damada (bəyə - red.) belə gəlin
nəsib elə" yazır.
Və Nizaminin Şirinin intiharına bəraət
qazandırması bir başqa fikri ilə də təsdiqini
tapır. Xosrovun dəfnində onun bəzənməsi,
oynaması, sadəcə, Şirinin iz azdırması - cəmiyyətin
fikrini yayındırması ilə bağlı deyil. Yəni
Şirinin belə şad olması, sadəcə, cəmiyyətdə
o fikri oyatmaq üçün deyil ki, o, xoşbəxtdir, səadət
doludur. Çünki Nizami sonda bu dəfnin, həqiqətən
də, toy olduğunu bir fikri ilə təsdiqləyir. Yazır
ki: "Xosrova bundan yaxşı bir toy ola bilməz".
Çünki Xosrov ölümü ilə həm öz
sevgisini, həm də qarşı tərəfin ona sevgisini hər
kəsə göstərir. Toyun əsas mənası da iki sevənin
həqiqi sevgisini göstərmək, təsdiqləmək
deyilmi? Yəni Şirinin ölümünü Nizami bir intihar
kimi yox, toy, izdivac, əhdə vəfa məqamı kimi təqdim
edir.
Şirinin ölümü ilə Nizami ölüm fəlsəfəsini
açır. O, bizə acı bir reallığı izah edərək
yazır: ölümün əlindən "nə çənbər
ilə uçmaq olur, nə də onun düyününü
açmaq mümkündür. İnsan dünyaya gəlməzdən
öncə yüz növbə gözləyir, əcəl
yetişəndə isə hər kəs sırada birinci
olur".
Nizami bu məqamda Aristotelin - Əflatunun
ölümünü xatırlayıb söyləyir:
"Aristotel ölüm ayağında zar-zar
ağlayırdı, bunca bilgili, dünyagörmüş bir
adamın göz yaşı axıtmasına təəccüb
qalanlar soruşurlar ki, nə üçün belə yana-yana
ağlayırsan? Deyir, öləcəm deyə
ağlayıram. İnsanlar təəccüblənirlər ki,
yəqin, ölüm qorxusu ona güc gəlib, deyir yox,
ölümdən qorxmuram, ayrılıqdan qorxuram,
çünki cismim ilə canım bir-birinə
çoxdandır adət eləyiblər, mən öləndə
onlar bir-birlərindən ayrılacaqlar, bax, bu
ayrılığa görə göz yaşı
axıdıram.
Nizami, əslində, bu hekayəti əbəs yerə
yada salmır. Bununla ona işarə edir ki, nə Xosrovun, nə
də Şirinin ölümü faciə deyil, müsibət
olan bir-birinə adət etmiş bu iki varlığın - ruh
ilə bədənin bir-birindən
ayrılığıdır. Ancaq Nizami iki sevəndən
hansının ruh, hansının bədən olduğunu
açıq şəkildə demir, gərək o suala biz
özümüz cavab tapaq...
Fərid HÜSEYN
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (№27).- S.25.