Mədəni-ədəbi və
dinamik elmi həyatımızın Qəzənfər
Paşayev fəzası
Gündəlik həyatımızda elə insanlar olur
ki, onlarla özündən asılı olmadan az qala,
bütün ömrünboyu yanaşı addımlayırsan. Həm
də onların içində elələri olur ki, səninlə
hər görüşünə nur çiləyir, səni,
həyat nə qədər çətin olsa da, nikbin səmtə
yönəldir; düşüncənə pərvaz verir; səni
həyatda yaşamağa, yazmağa, pozitiv şeylər
haqqında düşünməyə sövq edir; sənə
xüsusi dəyər verir, təqdir edir, təfəkkürünə
heyranlığını bildirir. Eyni zamanda sənə yol
göstərir, məsləhətçin olur,
uğurlarına sevinir, hər hansı xoşagəlməz hal
baş verdikdə dərdlərinə həmdəm olur,
yaradıcılıq imkanlarını təqdir edir. Öz
gücünə inamını artırır...
Belə ləngərli insanlardan, kişilərdən,
alimlərdən söz düşəndə o andaca gözlərim
önündə tanınmış folklorşünas alim,
türkoloji ədəbiyyat və ədəbiyyatşünaslığa,
Azərbaycan-türkman ədəbi, mədəni, folklor və
epik əlaqələrinə yetərincə nəzərəçarpacaq
töhfələr vermiş filologiya elmləri doktoru, professor,
Əməkdar elm xadimi Qəzənfər Paşayev dayanır.
Qəzənfər
müəllimi 80-ci illərdən üz-üzə
tanıyıram. O vaxtlar o, M.F.Axundov adına Azərbaycan
Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda Xarici
dillər kafedrasına rəhbərlik edirdi. Bir qədər
sonralar o, buradan ayrılıb AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda
çalışmağa başladı. Lakin mən Qəzənfər
müəllimi qiyabi olaraq daha tez, 70-ci illərin əvvəllərindən
tanıyırdım. Çünki Qəzənfər müəllim
İraqda çalışdığı vaxtlardan Azərbaycan
oxucu ictimaiyyəti arasında yaxşı mənada səs-küyə
səbəb olmuş əldən-ələ gəzən
"Altı il Dəclə-Fərat sahillərində"
adlı maraqlı kitabı ilə oxucuların ürəyini
riqqətə gətirmişdi.
Qəzənfər müəllim bu kitabda elə bir
şirin təhkiyə üslubundan istifadə etmişdir ki,
oxucu əsərin sonuna çatmayanadək ondan kənarlaşa
bilmirdi.
Bu böyük alim həm M.F.Axundov adına APRD və
Əİ, həm də AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda işlədiyi illərdə
qələmi bir gün də özündən kənara
qoymadı. Qələm bu böyük insanın folklor, el adət-ənənələri,
aşıq yaradıcılığı, dastanlar, bədii-fəlsəfi
düşüncə tərzi onun iç dünyasından bir
an belə yasaq düşmədi. Qəzənfər müəllim
söz ovsunçusu, fikir, deyim zərgəridir. O, sözlərə,
ifadələrə elə bir ülgü vurub, don biçir
ki, sanki həmin sözlər də bu düşüncə
sehrbazının feilinin təsiri altına düşür.
Odur ki Qəzənfər müəllimi biz bir sıra
rakurslardan səciyyələndirməyi qərara aldıq:
Qəzənfər müəllim əsl insan olaraq
özündə vicdan kateqoriyasının ən
çeşidli elementlərini məsuliyyəti, cəsurluğu,
xeyirxahlığı, hər kəsin qayğısına
qalmanı, hər kəsə köməyə
çalışmanı, səbirli,
bağışlamağı bacaran, daim öz üzərində
işləyən, özünə və başqalarına
hörmət edib, öz prinsiplərini qoruyan, ictimai fikrə
hörmətlə yanaşan, daxili inamının gücünə
söykənən, daim özünü inkişaf etdirməyə
səy göstərən, ağlı, qəlbi, cismindəkilərinin
hamısı arasında harmoniya yarada bilən,
özünün əsl hiss və duyğularını gizlətməyən,
rola girməyə meyilli olmayan, mənəvi
saflığı, həyat müdrikliyini hər şeydən
üstün tutan, seçkin şəxsiyyətlərdəndir.
Bir sözlə, Qəzənfər müəllim əsil
kişi olaraq insan keyfiyyətlərinin ən ümdə tərəflərini
özündə mahiyyətincə təcəssüm etdirən
Böyük İnsandır!..
Qəzənfər müəllim əsl alim kimi
geniş spektrli keyfiyyətlərə malik olmaqla, hər
şeyi öyrənməyə çalışan,
özünə daim tənqidi münasibət bəsləməyi
bacaran, fərdi elmi-nəzəri hazırlığı üzərində
işləyən, Azərbaycan folklorşünaslıq,
dastanşünaslıq elmlərinin formalaşmasına öz
töhfələrini verən, daxili elmi potensiyasını
elmin sirlərıni öyrənməklə dərindən mənimsəməyi
qarşıya məqsəd qoyan, yazıb-yaratdığı
nümunələrə tənqidi yanaşmağı bacaran,
vicdanlı tədqiqatçı, öyrənməkdən və
öyrətməkdən heç zaman usanmayan,
özü-özünü təşkilatlandırmağı
bacaran, uzun müşahidələr aparıb, elmi paradiqmalarını
yeni istiqamətlərə yönləndirməyə can atan,
öz tədqiqatlarının nəticələrini görəndə
uşaq kimi sevinc hissi keçirən, elmi
araşdırmalarından vəcdə gəlib bu prosesə digərlərini
də həvəslə qoşmağa çalışan nadir
keyfiyyətlərə malik Alimlərdəndir!..
Qəzənfər müəllim XX əsrin 60-cı
illərindən bu yana heç vaxt, bəlkə də
heç bir saat kitabla olan ülfət və ünsiyyətinə
ara verməyib. Axtarıb, arayıb, yazıb, yaradıb. Harada
bir işartı, işıq görübsə, onların
dalınca gedib. Ağa yaradıb, Haqq çıxartmaqdan
zövq alıb. Yazdıqları az qala bestsellerə
çevrilib. İraq türkmanlarını bizə ilk
tanıdan Rəsul Rza, Mirzə İbrahimov və başqa bu
kimi milli vətənpərvər, tarixsevər
ziyalılarımızın ortaya qoyduqları ilə qənaətlənməyib.
Türkman elini bütün tərəfləri - adət-ənənələri,
folkloru, dastanları, klassik ədəbiyyatı, XX əsr və
müasir ədəbiyyat nümayəndələri ilə
mahiyyəti etibarı ilə tanış edib. Azərbaycan-kərkük
bədii söz sənətini bir-birinə inteqrasiya etdirməklə
bizləri dili dilimizdən, sözü sözümüzdən,
özü özümüzdən, adı adımızdan,
dadı dadımızdan olanlara bir köynək də
yaxınlaşdırıb. Ədəbi əlaqələrimizin
sınırlarını dərinləşdirməyə və
genişləndirməyə xüsusi təkan verib. Bu təkanı
Azərbaycanımızın Cənub hissəsindəki
qardaşlarımızın ədəbiyyatındakı kimi
paralellərə bənzəyən, bir sıra hallarda o
paralelləri də üstələyən tarixi, praktik, etnik,
nəzəri baxış, yanaşma və paradiqmalarla təhlillər
edib, yeni mərtəbəyə yüksəldən alimlərin
ön sırasında qərar tutub.
Qəzənfər Paşayevin saysız-hesabsız məqalə
və materiallarını dəyərləndirməyi
qarşıya məqsəd qoymadan onun İraq
türkmanlarının həyat və folklor
yaradıcılığından topladığı əsərlər
onu oxucular arasında yetərincə məşhurlaşdırmışdır.
Qəzənfər müəllim,
gördüyümüz kimi, bir tərəfdən, folklor və
dastan materiallarının yığılıb nəşr etdirilməsi,
nəğmələr, mahnılar, atalar sözü və zərbi-məsəllərin
toplanılıb oxucu ictimaiyyətinə
çatdırılması ilə məşğul
olmuşdursa, başqa bir tərəfdən, onun
tanınmış bədii təfəkkür sahiblərinin
yaradıcılığını təhlil edən analitik
ovqatlı, düşündürücü yazıları və
əsərləri bu böyük alimin
yaradıcılığını müxtəlif yönlərdən
həm öyrənməyə, həm də təblığ
etməyə əsaslar verməkdədir.
Son illərdə bu cəfakeş
araşdırıcının 12 cildlik "Seçilmiş əsərləri"nin
işıq üzü görməsi Azərbaycan mədəni-ədəbi
həyatında baş verən pozitiv elmi yanaşma və təhlillər
kimi dəyərləndirilməlidir və bütün bunlar Qəzənfər
Paşayevin yaradıcılığının daha yeni spektrlərini
ortaya qoymaq üçün münbit şərait yaradır.
Qəzənfər müəllim bu günümüzdə
özünün 80-ni xərcləməkdə davam etsə də,
bu günün özündə Azərbaycan media məkanında
(onların adlarını sadalamaq belə çox vaxt
aparardı), qəzet, məcmuə, dərgi və jurnallarda
ardıcıl olaraq yazılar çap etdirir, mədəniyyətimizin,
epik düşüncəmizin, folklor dünyamızın,
aparıcı Azərbaycan yazıçılarının
yaradıcılığına dair sanballı yazıları
ilə diqqətimizi daha ardıcıl məşğul edir. Bu
on iki cildlik heç də hörmətli professor, Əməkdar
elm xadimi Qəzənfər Paşayevin
folklorşünaslıq, dastanşünaslıq,
türkşünaslıq, bəşərşünaslıq, ədəbiyyatşünaslıq,
nəzəri-metodoloji, tarixi-praktik
yaradıcılığının bütün kəsimlərini
özündə ehtiva etmir. Bunu alimin əsərlərinin
bütün istiqamətlərinə yaxından bələd
olan bir fikir müəllifi kimi söyləyirik. Şübhə
etmirik ki, Qəzənfər müəllimin əsərlərinin
bədii-fəlsəfi, nəzəri-estetik diapazonu o qədər
geniş, dərin və əhatəlidir ki, biz yaxın gələcəkdə
bu böyük alimin əsərlərinin iyirmi cildliyinin nəşrinin
də şahidləri olacağıq. Qəzənfər müəllim
özünün zahiri görünüşünə,
davranış manerasına, nitqinə, geyiminə, həyata
baxışlarına görə əsil türk insanı
xüsusiyyətlərini ləngərlə və şərəflə
daşıyan şəxsiyyətlərdəndir. Onun fərdi
naturası olduqca özünəməxsus komponentləri ilə
diqqət çəkir. Bu milli və fərdi kolorit
xüsusiyyətləri onun bütün mahiyyətinin yüksək
əyarlı göstəriciləridir. Və bu onun yazı
üslubunun da, deyim tərzinin də, daxili aləminin də
göstəricisinə çevrilmişdir. Qəzənfər
müəllimi digər çoxsaylı alimlərdən fərqləndirən
başqa bir xüsusiyyət onun fərdi koloritinin
yazılarının mahiyyətinə hopması ilə
bağlıdır. Yüksək əyarlı folklor, epos,
yazılı ədəbiyyat nümunələrinə və
şəxsiyyətlərə həsr etdiyi zəngin təhlil
erudisiyası nümayiş etdirən bu müəllifin əsərlərində
onun, ilk növbədə, professionallığı
özünü dərhal büruzə verir. Çünki bu
alimin yazılarının alt qatında sanki milli ornamentləri
xatırladan ilmələr, naxışlar hiss etmək
mümkün olur. Qəzənfər müəllim
bütün tərəfləri və yönləri ilə belə
olduqda TÜRK ruhunun möhtəşəm sinoniminə
çevrilir. Qəzənfər müəllimin folklora, eposa,
adət-ənənələrə, bədii-poetik
düşüncəyə baxışı da özü kimi
dinamikdir. Çünki o, folklorşünas, dastanşünas,
ədəbiyyatşünas, ümumiyyətlə bir söz sərrafı
kimi onları donuq, statik vəziyyətdə təsəvvür
etmir. Yaxşı duyur və dərk edir ki, maddi həyatımız
inkişafda olduğu kimi, onların da statik vəziyyətdə
nəzərdən keçirilməsi yolverilməzdir. Odur ki,
professor Qəzənfər Paşayevin əsərlərinin
mahiyyəti, rənglərinin bir-biri ilə uyuşması,
xüsusi rəng qravürləri qeyri-adi parlaq və
işıqlı kolorit yaradır.
Qəzənfər Paşayev kimdən yazırsa, nədən
yazırsa, oraya özünün fərdi möhürünü
vurmağı bacarır.
Azərbaycan folklorşünaslıq və
aşıqşünaslıq elminin dəyərli tədqiqatçılarından
olan professor Məhərrəm Qasımlı doğru olaraq
vurğulayırdı: "Professor Q.Paşayevin elmi-ədəbi
fəaliyyəti ən müxtəlif istiqamətlərdə
ayrıca tədqiqat mövzusu, araşdırma obyekti olmağa
layiqdir".
Bütün bu fikirlər bir daha sübut edir ki, biz Qəzənfər
Paşayev fenomenindən bəhs etdikdə hansı yüksək
elmi-nəzəri əhəmiyyət kəsb edən təfəkkür
sahibinin milli mədəniyyətimizə, ədəbiyyatımıza,
ədəbi əlaqələrimizə verdiyi dəyərdən
danışırıq.
Nə yaxşı ki, uca Tanrım Azərbaycan milli
düşüncəsinə professor Qəzənfər
Paşayev kimi işıqlı və yorulmaz simalar bəxş
etmişdir. Belə olduqda, Qəzənfər müəllimin
Azərbaycan-kərkük folklor və epos
yaradıcılığına həsr etdiyi əsərlərinin
heç bir mübaliğəsiz, milli folklorşünaslıq
elmimizin prioritetli istiqamətlərini təşkil etdiyi onun
çeşidli rakurslardan araşdırılmasına
xüsusi impuls verəcəyi də göz
qabağındadır. Bu gün tam əminliklə deyə bilərik
ki, professor Qəzənfər Paşayev milli-mədəni həyatımızın
mədəniyyətlərarası yeni fəzasını fəth
etmiş zəngin və orijinal dünyagörüşünə
malik nadir elm fədailərindəndir.
Nizami
Məmmədov Tağısoy
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (№27).- S.26.