Fikrin gül ayələri
Ədəbi qənaətim və təcrübəm
daxilində "o şair xoşbəxtdir ki, anlayanı var və
yaxud olacaq" - deyə anladanların yanındayam. Bu mənada,
imzası ədəbiyyatsevərlərə yaxşı
tanış olan Gülayə o xoşbəxtlərdəndir
ki, bir söz adamı kimi, anlayanları var. Olub. Olacaq.
Bu anlayanlar, dəyər verənlərin
sırasında Xalq şairi Fikrət Qocanın adı
başdan gəlir. O, Gülayənin "Yuxunu sulara söylə"
kitabına yazdığı ön sözdə onun səmimi,
poetik fikrin mükəmməl ifadəsilə izlənən
şeirlərindən etdiyi seçmələri belə dəyərləndirirdi
ki: "Bu misralar elə bil yüzillərin mahir
aşıqlarının yolgöstərənliyi, ifası
fonunda yazılıb. Bu yazılanlar qoşma deyil. Qoşmadan bəri
elə usta addımdır ki, həm qoşmadasan, həm də
qoşmadan bərisən. Gülayənin şeirlərinin
havası, havacatı qoşmadadı, quruluşu, fikirlərin
tutumu, hərdən ifadə tərzi lap yanımızdadı,
bugnkü gəncliklə yanaşıdı..."
Fikrət müəllimin Gülayənin poetik
imkanlarını ürək genişliyi ilə incələyən
fikirlərini çağdaş türk poeziyasının
görkəmli nümayəndəsi Yavuz Bülent Bakiler belə
tamamlayır: "Gülayənin şeirlərini içdən
gələn nostalji duyğu, diqqət və maraqla, eyni zamanda
böyük zövq ala-ala oxudum. Onları ürəyimin səsi
olaraq gördüm. Ümumtürk poeziyası müstəvisində
bu şeirlər mənə arzu etdiyim zənginliyi və mənəvi
yaxınlığı, oxşarlığı ilə doğma
gəldi".
Bu deyilənləri şərtləndirən
başlıca cəhətlər ondan irəli gəlir ki,
Gülayənin şeirləri Vətən, ana torpaq uğrunda
yaşaya, eyni zamanda da tarana getmək yolçuluğunun, əbədi
eşq vəfadarlığının gerçək, əvəz
istəmədən yaşanan şəklini özündə
ehtiva edir. Gülayənin poeziyasına ümidli, hər kəsin
iç dünyasından davamlı şəkildə
süzülüb gələn bir işıq (daha çox da
uşaqlıq çağlarımızın
nağıllarından süzülüb gələn bir hərarət)
hakimdir. Bu mənada onun şeirləri istər məna və məzmun,
istər forma axtarışları, istərsə də ifadə
tərzi ilə bir arada müəllifinin öz daxili aləmini,
poetik ovqatını dolğun şəkildə ifadə etməyə
hesablanıb. Ən əsas olan odur ki, Gülayənin
simasında sözə həssas, səmimi, bütün pislikləri
xeyirə yozan və müasirimiz olan bir şair yaşayır.
Deyək ki, bu istedadlı şairin "Yalan sevmişəm"
adlı şeirində təqdim olunan fikrin möhtəşəm,
unudulmaz ifadəsi bütün hallarda onun imzasına dolğun
maraq oyadır və bu şeirin şahanə ovqatı uzun
müddət oxucu yaddaşında cövlan edir:
Bağlıdı əhf yolu, barışıq yolu,
Yoxdur bəraəti, bil, bu günahın.
Səbəbi mənliksə, Allah eşqinə,
Öldür, ölümümlə sil bu günahı
-
Sevmişəm mən səni, yalan sevmişəm.
Ən yaxşı cəhət odur ki, bu şahanə,
səmimi ifadə tərzi və poetik ovqat şeirin son bəndlərinə
qədər eyni vüsətlə davam edir, yəni
sınmır, haradasa qırılıb qalmır:
Bircə sevincini bölüm demirəm
Dərdin dərə-dərə bölməmişəmsə...
Bir kərə ölümə ölüm demərəm
Bir anda min kərə ölməmişəmsə -
Sevmişəm mən səni, yalan sevmişəm.
Gülayənin "Qorxuram sağalam bu xəstəlikdən"
şeirinə də eyni ruh diriliyi hakimdir. Onun özünəməxsus
poetik ifadə tərzi bu şeirin lirik ovqatıyla həmahəngdir:
Qorxuram sağalam bu xəstəlikdən,
Ayrılam dərdimdən, dərmanlarımdan.
Qorxuram sağalam, çıxıb gedəsən,
Ayrıla, can gedə, canın, canımdan.
Nə xoş ki, aşiq öz könül dostunun
düçar olduğu mərəzdən xilas olmaq
üçün hər cür fədakarlığa
qatlaşır. Nə xoş ki, məşuq da bu fədakarlığın
qarşılığında çəkdiyi ağrılara, əzab-əziyyətə
belə minnətdardı. Bu, pərəstişə layiq bir
yaşam tərzidir. Eynilə, Füzuli ruhunun,
düşüncəsinin
çağdaşlığımızda (və
poeziyamızda) ömür edən, təkrarlanan bir
üzvü kimidir. Sevilənin mərəzdən xilas olmamaq
arzusu bütün təbiiliyilə bu şeirdə öz ifadəsini
tapıb:
Qorxuram sağalam bu xəstəlikdən,
Soruşan olmaya məndən "necəsən?"
Qopa məhvərindən, dünyam yıxıla,
Yanımdan yad kimi gəlib keçəsən.
Poeziyanın bütün umacaqlardan yuxarıda dayanan
pak nəfəsi Gülayənin şeirlərində aydın
duyulur. Onun şeirləri bütün hallarda haçansa dinlədiyimiz
və unuda bilmədiyimiz nağıl, layla effekti doğurur. Bu
ovqat onun poetik dünyasında şeirdən-şeirə təzələnir,
biri o birini çəkib gətirir. Gülayənin şeirlərini
bu yöndən incələyən görkəmli tənqidçi
Vaqif Yusifli onun yaradıcılığına həsr etdiyi
"ədəbi həyat" məqaləsində yazır:
"Gülayənin bütün mövzularda
yazdığı, xüsusilə, sevgiyə həsr etdiyi
şeirləri bitməyən, sonra məlum olmayan bir yolu
xatırladır. Bu yol sevən qadını xəyallar qoynuna
da uçurur, gerçəkliyə də qapandırır.
Amma çıxılmazlıq yaratmır. Çünki
"Şəmin ki, həyatı oldu atəş, Halı onu
atəşlədir xoş" (Füzuli). Yanmaq xoşdur, bilsən
ki, kimin oduna yanırsan. Ona görə də Gülayənin qəhrəmanı
sənlə sənsizlik arasındakı o yoldadır..."
Qardaş Türkiyənin baş şəhəri olan
Ankarada fəaliyyət göstərən "Gülnar"
yayım evi yaxın günlərdə Gülayənin
"Bağışla" adlı şeirlər
kitabını nəfis şəkildə çap edib.
Kitabın naşiri və tərtibçisi şair Hamit
Köksoy eyni zamanda yeni nəşrə "Sevginin bədəli
ağırdır bəzən" adlı əhatəli
ön söz yazıb. Eyni zamanda ədəbiyyatşünas
alim Maarifə Hacıyevanın "Şeirin cazibəsi"
adlı məqaləsi də "Bağışla"nın
növbəti səhifələrində yer alıb, Maarifə
xanımın qənaətləri belədir ki:
"Könlün yolları, qəlbin təlaşı,
eşqin cazibəsi, məhəbbətin qüdrəti, səbrin
dəyanəti, insanın xisləti Gülayənin şeirlərində
bütün parametrləri ilə oxucuyla doğmalaşır,
ona həmdəm olur. "Mən onun şeirlərindəki dərin
düşüncəni, misralarındakı fəlsəfəni
və cazibəni təqdir edirəm..."
Gülayənin misralarıdı:
Açıq qoy yuxunun qapılarını,
Sirli səmalardan seyrə gəlmişəm.
Yozacaq yuxumu yuxuyozanlar,
Hər zaman yuxuna xeyrə gəlmişəm.
Poeziyası da bu ovqatdadı. Məramı belədi;
yaxşılığa, milli dəyərlərə yol
açır. Pak eşqi, vəfadarlığı tərənnüm
edir.
Onun şəhid ruhu, şəhid ucalığı
önündəki sayğı duruşu belə misralanıb;
Biçilibdi boyuna Vətən haqqı,
yurd haqqı,
haqladığın hər haqdan
sənin ətirin gəlir.
Əllərini açmısan Allahın dərgahına,
Yerdən, göydən, Allahdan
Sənin ətirin gəlir.
...Əllərini görmüşəm Göylərin
yaxasında -
Ucaltdığın bayraqdan
Sənin ətirin gəlir.
Gülayə belə yazır...
Onun poetik fikrinin gül ayələri misralara belə
yansıyır...
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (№27).- S.27.