Qarğanın hekayəsi
"Elə gözəl sökülmüşdü o
gün dan" romanından parça
- Qarğa nənə, ay qarğa nənə...
Gözümü açıb ətrafa baxıram. Yenə
o sırtıq sərçədi, gəlib qonub
yanımdakı budağa.
- Sabahın xeyir, qarğa nənə.
- Azzar sabahın xeyir, çor sabahın xeyir. İmkan
ver, yataq da!
Gözümü necə ağardıramsa sərçə
qorxub uçur. Amma xasiyyətinə bələdəm, qorxusu
keçənəcəndi, bir azdan yenə gəlib məni dəng
eləyəcək. Qırx il yaşa, axırda da canın
çıxsın, qal bir dənə başıboş sərçənin
əlində. Onsuz da gözümə səhərə
yaxın bir az yuxu getmişdi, onu da bu sırtıqbaş haram
elədi. İstəyirəm bir az da yatım, amma çətin.
Aləm dəyib bir-birinə. Sərçələr,
torağaylar, şinəbublar burda cikkildəşir, qumrular
orda quqquldayır. Hələ bu qarğalara bax,
"qar-qar" salıblar səhərin gözü
açılmamış. Nolub? Nə xəbərdi? Gəlin,
bir ağız da mən qarıldayım. Qar-qarr. Yaxşı
oldunuz?
Sırtıq sərçə yenə gəlib
yanımdakı budağa qonur.
- Qarğa nənə, gör necə gözəl səhərdir!
Bir ora bax...
Uzaqdakı dağlara işarə edir. İstər-istəməz
ora baxıram. Günəş dağların dalından
görünməyə başlayıb, zirvələrdəki
qarı, buludları açıq bənövşəyi-çəhrayı
rəngə boyayıb.
- Hə, nolsun? - soruşuram.
- Yaz gəlib e, qarğa nənə, sevinmirsən?
- Sən hələ ikinci yazdı görürsən,
mən yazın gəlməyini qırx dəfə
görmüşəm. Nəyinə sevinim?
- Dur da. Dur çıx yuvandan, uç, özünə
gəl.
- İtil burdan! Mənə ağıl öyrətməyinə
bax quşbaşın!
Sərçə cikkildəyib uçur.
- Bir də gözümə görsənmə! -
dalınca qışqırıram.
Amma gələcək. Bir azdan yenə gələcək.
Yuvada yerimi rahatlayıb gözlərimi yumuram. Gecələr
hələ də ayazlı keçir. Nə yaxşı
payızda ağlıma gəldi, bu yuvanı düzəltdim.
Yoxsa qışdan sağ çıxmazdım. Çox rahat
yuvadı. Kəndin qırağındakı iri
çinarın haçasında qurmuşam. Haçanın
dibinə xəzəl döşədim, üstündən də
saman səpdim. Girib otururam yuvada, samanları dimdiyimlə
üstümə sərirəm. Canım qızışır.
Elə rahatdı ki bura. Heç bayıra çıxmaq istəmirəm.
Çıxıb neynəyəcəyəm ki guya?!
Uçmağa bir gilə həvəsim qalmayıb.
Qanadlarım sızıldayır, hər tərəfim
ağrıyır. Lələklərimin yarısı
tökülüb. Başqa qarğalar lağ edir dalımca, elə
bilirlər qoturluğa tutulmuşam. Qoturluqdan deyil e,
qocalıqandı, qocalıqdan! Siz də mənim kimi qırx
il yaşayın, lələk nədi, heç dimdiyinizi saxlaya
bilməyəcəksiniz.
İnadla gözlərimi yumub oturmuşam. Arada məni
huş aparsa da, hər şeyi eşidirəm. Kənd
oyanıb. Çobanlar qoyun-quzuları, mal-qaranı otarmağa
aparır. Əkinçilər öküzləri
qabağına qatıb sahələrə gedir. Gedin, gedin.
Başımız dincəlsin əlinizdən!
Birdən qızın səsi bütün səsləri
batırıb məni diksindirir. Kəndin ən
axırıncı evində yaşayan ailənin
qızıdı, yuva qurduğum çinar düz onların
evinə baxır. İki uşaqdılar evdə.
Böyüyü bu qızdı, kiçiyi oğlan. Hardasa
dörd-beş yaşları olar. Gözümü
açıb həyətə baxıram. Ataları sahəyə
gedir, anaları təndir qalayır. Qız da
qardaşını dalınca sürüdə-sürüdə
həyətdə qaçır. Cingiltili səsi
götürüb aləmi başına! Bu qızın sakit
dayanmaqla heç arası yoxdu, bütün günü
qaçır, tullanıb-düşür. Səsi beynimə
işləyir. Bir budu, bir də o sırtıq sərçə.
Bu ikisinin əlindən rahatlığım yoxdu. Bilmirəm,
başımı götürüb hara gedim?
De, adını çək, qulağını bur. Sərçə
gəlib çinarın ətrafında fırlanmağa
başlayır. Hər dəfə qabağımdan keçəndə
məni səsləyir:
- Qarğa nənə... Qarğa nənə...
- Çox siyafur sərçəsən! - deyirəm.
Gülür. Vecinə də deyil.
Yaxşısı, durum gedim qoz yeməyə.
Baş-qulağım dinc olar.
İki ildi xəlvət yerdə qoz ağacı
tapmışam. Yerini heç kimə demirəm, özüm
yeyirəm bütün bəhərini. Çox yağlı,
doyumlu qozlardı.
Ağac çox uzaqdadı. Gərək əkin sahələrini,
otlaqları keçəsən, uzaqdakı təpələri
aşasan, sonra yenə də bir xeyli uçasan. Hər dəfə
ora gedib-gəlməyim axşama çəkir. Özüm də
çox yoruluram. Daha əvvəlki kimi uça bilmirəm
axı. Bir az uçan kimi nəfəsim kəsilir. Oturub
dincimi almasam olmur. Amma bu qızın cingiltisinə, sərçənin
çərənçiliyinə qulaq asmaqdansa yorulmaq
yaxşıdı.
Yerimin içində özümü dikəldirəm,
üstümdəki samanlar dağılır. Yuvadan
çıxıb özümü çırpıram. Budaqdan
tullanıb qanadlarımı açıram. Qar-qarr!
Uçduqca külək üzümə vurur. Peyinlikdə
küllənən qarğaların üstündən
keçirəm. Aşağıdan yuxarı mənə
baxıb gülürlər. Yəqin fikirləşirlər ki,
bu başdanxarab hara gedir?! Məni dəli bilirlər axı. Nə
var-nə, var onlara qoşulmuram, onlardan uzaq gəzirəm.
Əşi, nə deyirlər, desinlər. Cəhənnəmə
ki!
Havada süzürəm. Uçduqca həvəsim
artır, qanadlarımı sürətlə
çırpıram. Ancaq taqətim kəndi çıxanacan
bəs edir. Kəndi çıxandan sonra sürətim
azalır. Görüm əkin sahələrinəcən gedə
biləcəyəm, ya yox? Nəfəsim təngləşsə
də, özümü sahələrə çatdıra bilirəm.
Amma yox, bundan artıq gedə bilməyəcəyəm. Yerə
qonub otururam, ürəyim bərk-bərk atır, elə bil,
bu saat ağzımdan çıxıb qabağıma
düşəcək. Gərək bir deyənə bu qədər
uçmazdım, tez dayanaydım.
Dincəldiyim vaxt uçduğum vaxtdan çox çəkir.
Yenə havaya qalxıb qanadlarımı çırpmağa
başlayıram. Bu dəfə yavaş uçuram amma. Hara tələsirəm
ki?! Nə qədər tez qayıtsam, zəhləmgetmişlərin
üzünü o qədər tez görəcəyəm.
İki dəfə dincələndən sonra əkin və
otlaq sahələri dalda qalır. İndi təpələri
aşmalıyam. Dərindən köks ötürüb yenə
havalanıram. Bu birinci təpə... Bu ikinci təpə... Bu qədər
təpə olar? Canım çıxsın az qala. Bu
üçüncü... Bu da axırıncı...
Axırıncı təpəni aşan kimi
özümü itirirəm, havada quruyub qalıram, az qalır
qanadlarım yanıma düşsün, yerə
çırpılım. Birtəhər özümə gəlib
yaxınlıqdakı ağaca qonuram. Təpədən
dağlara qədər olan düzənlikdə bir ordu
düşərgə salıb. Alaçıqların sayı
bilinmir. Əsgərlər qarışqalardan çoxdu,
üzləri də bir qəribədi. İndiyəcən belə
adamlar görməmişəm. Əyinlərində dəri
paltarlar var. Heç eşitmədiyim dildə
danışırlar. Durub düşərgənin
üstündə uçub dövrə vururam. Atları
düşərgədən qıraqda otlamağa buraxıblar.
Alaçıqların arasında ocaqlar yanır, əsgərlərdən
kimisi qoyun kəsib soyur, kimisi əti ocaqda bişirir. Uzun dəmirləri
itiləyən, nazik uzun çubuqların ucuna nəsə
parıldayan şeylər bağlayan əsgərlər də
var. Düşərgə qaynaşır. Qoyun kəsilən
yerin yaxınlığında bir dəstə quş oturub
dağ kimi qalaqlanmış içalatı didişdirir. Bir az
uzaqda yerə qonub onlara baxıram. Bu quşlardan da indiyəcən
görməmişəm. Məndən xeyli böyükdülər,
uzun boyunları tüksüzdü. Quşlardan biri üzümə
baxır, uçub yanıma qonur.
- Siz kimsiniz? - soruşuram.
- Kərkəs quşlarıyıq, - deyir.
- Bəs bunlar kimdir? - əsgərləri göstərirəm.
- Moğollardı, - deyir.
- Hardan gəlirsiniz? - soruşuram.
- Uzaqdan. Çöllərdən, - deyir.
- Siz həmişə ordunun dalınca uçursunuz? -
soruşuram.
- Hə, - deyir.
- Nə üçün? - soruşuram.
- Onlar keçən yerlərdə bizimçün
çoxlu yem olur, - deyir.
- Bura nə üçün gəliblər? -
soruşuram.
- Öldürməyə, - deyir.
Sonra içalat
qalağını göstərib soruşur.
- Yeyirsən?
- Yox, - deyirəm.
Durub yenə qalağın üstünə, o biri kərkəslərin
yanına qonur. Mənə etina etmirlər, elə bil, heç
burda yoxam.
Demək, öldürməyə gəliblər.
Yaxşı oldu bu. Kaş o sırtıq sərçəylə
qızı da öldürsünlər, canım dincəlsin,
rahat yatım.
Durub yenə uçmağa başlayıram. Nəyimə
lazım boş-boşuna vaxt itirim? Nə bu ordu, nə o kənd
mənimçün bir qoz qədər də dəyərli
deyil.
Bir-iki dəfə də dincəlib uçandan sonra qoz
ağacının yanına çatıram.
Çox yağlı, doyumlu qozlardı. Amma mənim
qozu yeməkdən çox, sındırmaqdan xoşum gəlir.
Qozu caynağına götürüb havalanırsan,
hündürdən buraxırsan qayaların üstünə.
Hündürlük vacibdi, bacardığın qədər
yuxarı qalxmalısan, alçaqdan buraxsan, qoz sınmaya bilər.
Olur ki, qoz puç çıxır, ya da ləpə gedib
düşür qayaların arasına, nə caynağımla,
nə dimdiyimlə çıxarda bilirəm. Onda heç vecimə
də olmur. Amma bir də görürsən, qoz sınan kimi kəsəyəndən,
siçandan biri çıxıb tez ləpəni qapır,
qaçıb gizlənir. Onda üzümü görmə də!
Cin vurur təpəmə! Elə zəhləm gedir o
siçanlardan. Bir-iki dəfə siçan tutduğum olub, ləzzətlə
parçalamışam. Yemək üçün yox, intiqam
almaq üçün. Qələt eləyib qozlarımı
yeməsinlər!
Qoz sındıranda balalarıma yem
daşımağım yadıma düşür. İldə
neçə balam çıxırdı yumurtadan, indi
hardadılar? Bilmirəm. Yəqin, çoxusu
qırılmış olar indiyə. Quşlar belədi də,
qanad açan kimi uçub gedirlər. Bizdə yuvaya
bağlılıq yoxdu. Guya mən öz anamın harda
öldüyündən xəbər tutmuşdum? Yox, əlbəttə
ki. Çətini uçanacandı. Canın sulu, dünya
böyük. Uç, uça bildiyin qədər.
Balalarım da mənim harda öldüyümü bilməyəcək.
Bunu fikirləşəndə kefim pozulur. Daha qoz
sındırmaq istəmirəm. Qoz ağacının
budağına qonub otururam. Ehh...
Gün əyilməyə başlayanda
gözümü açıram. Demə, ağacda yuxu
aparıb məni. Durum qayıdım kəndə, görüm
hava qaralmamış çata bilirəm?
Yenə asta-asta, dincələ-dincələ
uçmağa başlayıram. Düşərgəyə
çatanda içalat qalağının üstündə
dövrə vururam, amma kərkəslər gözə dəymir.
Bir dənəsi də burda deyil. Uçmağa davam edirəm.
Təpələri aşanda uzaqdan toz-tozanaq gözümə dəyir.
Yaxınlaşdıqca mal-qara, qoyun-quzu sürülərini
görürəm. Bir dəstə moğol əsgəri
sürüləri düşərgəyə tərəf
qovur. Bir az da yaxınlaşanda mal-heyvanı tanıyıram.
Bunlar ki bizim kəndin mal-qarasıdır?! Görəsən,
moğollar bizim mal-qaranı neyləyir?
Otlaqları keçib əkin sahələrinə
yaxınlaşıram. Uzaqdan gözümə adda-budda
qaraltılar dəyir. Yaxınlaşanda əkinçiləri
tanıyıram. Hamısı yerdə uzanıb qalıb,
heç biri tərpənmir. Şumlanmış sahələrdə
at ayaqlarının izi aydın seçilir. Deyəsən, əkinçilərin
hamısı ölüb. Yavaş-yavaş başa düşməyə
başlayıram, deyəsən, moğollar kəndə
hücum edib. Gərək özümü tez kəndə
çatdırım, görüm orda nə olub.
Sürətimi artırıb kəndə tərəf
götürülürəm. Uzaqdan burnuma ocaq iyi gəlir, kəndə
yaxınlaşdıqca iy kəskinləşir,
tüstü-duman görünür. Kənddəki
bütün evlər yanır. İtlərin hürüşməsi,
quşların cikkiltisi bir-birinə qarışıb. Kəndin
üstündə fırlanıram. Küçələr meyitlə
doludu, gözümə bir nəfər də sağ adam dəymir.
Meyitlərin arasında it cəmdəkləri də var. Kərkəs
quşları burdadır. Meyitlərin üstünə qonub
didişdirməyə başlayıblar.
Bəs görəsən, mənim yuvamı
dağıtmayıblar ki?! Yuva qurduğum çinarın
yanına uçuram. Yox, yuvam yerindədir. Yuvama qonmağa bənd
imiş kimi, sırtıq sərçə hardansa peyda olub
yanıma qonur. Ağlaya-ağlaya deyir:
- Qarğa nənə, hamını öldürdülər.
Bir nəfəri də sağ qoymadılar. Heç bilmədik
necə oldu. Bir də gördük dolublar kəndə...
O danışdıqca ətrafa baxıram. Birdən
gözüm yuva qurduğum ağacın yanındakı həyətə
sataşır. O balaca qızın yaşadığı həyətə.
Onları da öldürüblər. Ana oğlunu qucaqlayıb,
qız da yanlarındadı. Üçü də qan
içindədi.
Birdən-birə hamımıza yazığım gəlir.
Özümə də, sərçəyə də, o balaca
qıza da. Uçub qızın yanına qonuram, balaca əllərinə,
yalın ayaqlarına, donmuş açıq gözlərinə
baxıram. Daha səsin çıxmayacaq, balaca, daha məni
narahat etməyəcəksən.
Kərkəs quşları hər meyitə bir-iki
dimdik vura-vura gəlirlər. Artıq
qarıltılarını yaxından eşidirəm.
Tullanıb qızın sinəsinə
çıxıram. Üzünə, yarıaçıq
ağzına, gözlərinə baxıram. Qapqara göz bəbəkləri
şüşə kimi parıldayır, göydəki buludlar
qızın göz bəbəklərində əks edir...
Balalarım yadıma düşür. Yuvadan
başlarını çıxarıb yem gözləməklərini
xatırlayıram. Birinci dəfə uçmaqlarını
xatırlayıram. Onlara yem tapmağı öyrətməyimi
xatırlayıram...
Kərkəs quşları artıq lap
yaxındadır. Səhər mənimlə danışan kərkəs
ananın üstünə qonur, bir-iki dimdik hərəkətiylə
arvadın gözlərini oyur. Mənə baxıb qarıldayır,
dimdiyinin ucundan bir damcı qan damıb arvadın çənəsinə
düşür.
Qanadlarımı açıb qızın balaca
üzünü tuturam. Yox, balaca, səni onlara verməyəcəyəm...
Həmid PİRİYEV
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (№27).- S.28.