Sözün Yusifi ...Yusifin
sözü
Azərbaycan ədəbiyyatı tarixinə
özünəməxsus zirvə imza kimi daxil olan Yusif Səmədoğlu
yaradıcılığı ilə həm ideya, həm
mövzu, həm də üslub baxımından müstəqillik
dövrü Azərbaycan nəsrinin demiurqu mövqeyindədir.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
ilkin rüşeymlərini öz əsərlərində əks
etdirən ədiblərdən biri olan Yusif Səmədoğlunun
yaradıcılığı yeni dövrün yeni ədəbi
mühitində fərqli mövzu axtarışlarına stimul
vermişdir. Yusif Səmədoğlunun
yaradıcılığında milli və ümumbəşəri
dəyərlər, ədəbi-bədii arxetiplər və
stereotiplər Azərbaycan oxucusunun milli dəyərlərinə
uyğun, orijinal üslubda təqdim olunur və bütün bu
məqamlar milli kimlik, xalqın mədəni irsi və tarixi
keçmişi kimi məsələləri ön plana
çıxarmaq, vurğulamaq kimi ali bir məqsədə xidmət
edir. Yaradıcılığının böyük bir hissəsi
sovet dövrünə təsadüf edən Yusif Səmədoğlu
həmin dövrdə yaratdığı əsərlərində
belə sosialist realizminin sərhədlərini aşaraq dərin
psixoloji və fəlsəfi motivlərə yer verirdi.
Altmışıncılar nəsrinin sosrealizmin qəfəsindən
çıxmağa cəhd edərək dağıtmağa
çalışdığı sxematik sovet insanı
anlayışına Yusif Səmədoğlu özünəməxsus
tərzdə yanaşır. Onun əsərlərinin qəhrəmanları
canlı-qanlı, özünəməxsus, hətta bəzən
deyilməsi qadağan olanı deyən, düşünülməsi
belə "həbs qoxuyan" fikirləri cəsarətlə
önə çıxaran obrazlardır. Məhz sadə
olduqları qədər mürəkkəb olan bu obrazlar Yusif Səmədoğlu
nəsrinin təkrarsızlığını təmin edir.
Yusif Səmədoğlunun sovet ideologiyasına, sovet
müstəmləkə zülmünə etirazı yalnız
bədii yaradıcılığı ilə məhdudlaşmırdı.
Yusif Səmədoğlu milli dirçəliş, azadlıq
mübarizəmizin ön sıralarında yer alan bir ziyalı
kimi də ictimai-siyasi tariximizdə iz qoyan şəxsiyyətlərdəndir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
keçmiş Sovet İttifaqının hərbi hissələri
Bakıda kütləvi qırğın törətdi. Bu dəhşət,
azadlığa vurulan zərbə Yusif Səmədoğlunu həm
bir insan, bir vətəndaş, həm də bir ziyalı kimi dərindən
sarsıtdı. Azadlıq meydanında xalqın yanında
dayanan və azadlıq mübarizəsinin məşəlini
daşıyan ziyalılardan olan Yusif Səmədoğlu bu vəhşiliklə
bağlı gerçəkləri "Azadlıq" radiosu
vasitəsilə beynəlxalq ictimaiyyətə
çatdıraraq, tariximiz və vətənimiz
qarşısında bir ziyalı kimi müstəsna xidmət
göstərdi. Ümummilli lider Heydər Əliyev, ədibin
60 illik yubileyində çıxış edərkən, Yusif
Səmədoğlunun bu müsahibəsinin əhəmiyyətini
vurğulayaraq bildirmişdir: "O vaxt - yanvarın 20-də mən
çox həyəcan içində idim. "Azadlıq"
radiostansiyasının verilişlərini tutdum və o
verilişlərdən Azərbaycanda olan vəziyyəti
özüm üçün müəyyən qədər
aydınlaşdırdım. Xatirimdədir, Yusifin səsi ilə
- yəni o, telefonla bəyanat vermişdi, - məlumat verdilər.
O, Sovetlər İttifaqının böyük qoşun hissəsinin
Bakıya girməsini "Azadlıq" radiostansiyasına
telefonla nə qədər həyəcan hissi ilə bildirirdi.
Qoşunların vəhşiliyindən, təcavüzkarlığından
danışırdı. Mən bunları "Azadlıq"
radiostansiyasından Yusifin səsi ilə özüm
eşitdim... Güman edirəm ki, təkcə bu yox, - bu sadəcə
mənim şəxsən hiss etdiyim bir hadisədir, haldır,
- ancaq Azərbaycanın o ağır dövründə, 20
Yanvar faciəsi ərəfəsində və 20 Yanvar faciəsi
zamanı o aylarda, o illərdə Yusif Azərbaycanın milli mənliyini
qorumaq sahəsində çox fədakar şəxslərdən
biri idi və onun siyasi fəaliyyəti, ictimai fəaliyyəti
çox olubdur..." Bu müsahibə Yusif Səmədoğlunun
yalnız milli ziyalı kimliyinin təzahürü kimi deyil,
eyni zamanda xalqımızın tarixi yaddaşında
mühüm yer tutan bir sənəd olaraq da qiymətləndirilməlidir.
Həmin günlərdə bir ziyalı kimi xalqın
yanında olmaq, onun acılarına, göz yaşlarına
ortaq olmaq yüz illər boyu çətin sınaqlara
qarşı varlığını qoruyan bir millətin iradəsinə
sayğının ən gözəl təcəssümüdür.
Yusif Səmədoğlunun parlaq ədəbi, ictimai fəaliyyəti
ədibin sağlığında yüksək qiymətləndirilmiş,
yazıçı "Azərbaycan SSR Əməkdar incəsənət
xadimi" fəxri adına (30 iyul 1979), "Şöhrət"
ordeninə (19 dekabr 1995), "Azərbaycan Respublikasının
Xalq yazıçısı" fəxri adına (23 may 1998)
layiq görülmüşdür. Sağlığında
"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl
günü" (1987) kitabları nəşr olunan
yazıçı "Dostluq məşəli" (film, 1965),
"Səməd Vurğun" (film, 1966), "Cəlil Məmmədquluzadə"
(film, 1966), "Göllərin tacı" (film, 1966),
"Monrealda Azərbaycan günü" (film, 1967),
"Polşada Azərbaycan günləri" (film, 1970),
"Yeddi oğul istərəm…" (film, 1970), "Foto
"Fantaziya" "(film, 1970), "Azərbaycan SSR"
(film, 1971), "Çiçək yağışı"
(film, 1971), "Səmt küləyi" (film, 1973),
"Axırıncı maqın sonu" (film, 1974), "Azərbaycan
teatrının 100 illiyi" (film, 1974), "Qətl
günü" (film, 1990) kimi filmlərdə də öz
imzasını, "Yusif Səmədoğlu dəst-xəttini"
qoyaraq Azərbaycan filmoqrafiyası tarixinə də müstəsna
xidmət göstərmişdir.
Azərbaycan nəsrinin inkişafı kontekstində
Yusif Səmədoğlunun yaradıcılığı
mühüm mövqeyə malikdir. Yazıçının
yaradıcılığının əsas hissəsinin təsadüf
etdiyi XX əsr Azərbaycan ədəbiyyatı
üçün bütün aspektlərdə həlledici, zəngin
bir etap kimi ədəbiyyat tariximizə daxil olmuşdur. Həmin
dövrün ədəbi prosesində mühüm imzalardan
biri olan Yusif Səmədoğlunun əsərləri fərqli
aurası, kompozisiyası və üslubu ilə seçilirdi.
Yusif Səmədoğlunun nəsri süjet xəttinin, bədii
konfliktin transformasiyalarının, fərqli poetik fiqurların,
priyomların, arxetiplərin, xronotopun tədqiqi
baxımından zəngin bədii mənbədir.
Dövrünün ictimai-siyasi həyatında fəal
iştirak edən ədibin əsərlərindən millilik,
azərbaycançılıq qırmızı xətt kimi
keçir. Bu əsərlərin yazılmasından keçən
dövrdə mühüm ədəbi-mədəni,
ictimai-siyasi dəyişikliklər baş vermişdir. Lakin
Yusif Səmədoğlunun qəhrəmanları milli kolorit
baxımından zəngin olduqları üçün bu
gün də müasir səslənir, gələcəyə
doğru yol gedir. Yusif Səmədoğlu müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının
formalaşmasına mühüm təsir göstərən
yazıçılardan biridir. Onun "Qətl
günü" və yarımçıq qalan "Deyilənlər
gəldi başa" romanları müstəqillik dövrü
Azərbaycan ədəbiyyatının qidalandığı əsas
mənbələrdən biri olmuşdur.
Yusif Səmədoğlunun
yaradıcılığı Azərbaycan ədəbiyyatının
dünya ədəbiyyatı kontekstində tədqiqinə
geniş üfüqlər açır. Millilikdən, azərbaycançılıq
ideologiyasından yoğrulmuş bu əsərlərin xarici
ölkələrdə təbliği ədəbiyyatımızın,
mənəvi sərvətimizin dünya kontekstində
tanıdılmasında mühüm addımlardan biri ola bilər.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (№27).- S.29.