Zahid Orucov. İnsan
varlığının mənşəyi çağdaş fəlsəfədə
Bu yaxınlarda Rusiyanın məşhur
"Subkultura" portalı maraqlı bir yazı və belə
bir sualla çıxış etmişdir: "Müasir
dünyada filosof varmı?" ("Estğ li filosofı v
sovremennom mire?") Maraqlı həm də burasıdır ki,
adıçəkilən yazıda dünyanın ən
görkəmli dörd çağdaş filosofu (Deni-Robert
Dyüfur, Mişel Onfre, Mühəmməd Abel əl-Cəbri
və Zahid Orucov) haqqında məlumat verilmişdir. Xüsusi
olaraq vurğulanmışdır ki, bu gün elm aləmində
ən çox tanınan filosoflardan biri məhz "Azərbaycan
kökənli filosof Zahid Orucovdur". Dünyanın bir
çox ölkələrində kitabları nəşr edilən,
əsərləri tədris edilən Zahid Orucovu Azərbaycanda
çox təəssüflər ki, geniş ictimaiyyət o qədər
də tanımır.
Bəs kimdir Zahid Orucov?
Zahid Məlik oğlu Orucov 4 aprel 1932-ci il tarixdə
Bakı şəhərində anadan olmuşdur. O, fəlsəfə
tarixi, dialektik məntiq, sosial bilik metodologiyası sahələri
üzrə elm aləmində tanınmış mütəxəssisdir.
Haşiyə. Zahid Orucovun atası professor Məlik
Orucov tarixçi alim idi, uzun illər indiki BDU-da
çalışmışdır. Zahid ilk gəncliyində
idmanla məşğul olub. Amma son sinifdə atasının
tövsiyəsi ilə idmanın "daşını
atıb". O, bir müsahibəsində deyir: "Atam mənə
fəlsəfə fakültəsinə daxil olmağı
tövsiyə etdi. Belə də oldu. Lomonosov adına MDU-ya
daxil oldum. İlk sessiyanı əla qiymətlərlə
başa vurdum, atam əvvəlcə buna inana bilmədi".
Zahid Orucov Moskvada təhsilini başa vurduqdan sonra
Bakıda elmi və pedaqoji fəaliyyətlə məşğul
olmuş, çox gənc ikən Moskva Elektron Texnikası
İnstitutunda fəlsəfə kafedrasını təsis
etmiş, MDU-nun fəlsəfə fakültəsində
professor olaraq çalışmış, dialektik məntiq
üzrə öz mühazirələr kursunu tədris
etmiş, eyni zamanda "Fəlsəfi elmlər"
jurnalının baş redaktor müavini olmuşdur.
Alim sonralar müəllimlik illərini belə
xatırlayır: "MDU-da öz kursumu oxumağa
başladım. Orada fəlsəfəyə maraq göstərən
tələbələr çox idi. Auditoriya həmişə
dolu olurdu. Hətta gülməli hadisələr də olurdu.
Bir dəfə mühazirə oxuyurdum, gənc bir oğlan
döşəmədə oturmuşdu. Soruşdum:
"Doğrudanmı, yer yoxdur?" O başını tərpədib
dedi: "Mən iqtisadiyyat fakültəsindənəm".
Əlbəttə, xoş idi ki, digər fakültələrin
tələbələri də mənim kursumu dinləməyə
gəlirdilər".
Zahid Məlik oğlu 26 yaşında namizədlik, 34
yaşında doktorluq dissertasiyası müdafiə etmiş,
öz dövrünün ən gənc filosoflarından biri
olmuşdur. O, 1985-1987-ci illərdə ölkə rəhbərliyinin
təkidli təklifi ilə Bakıya gəlmiş, Azərbaycan
Elmlər Akademiyasının Fəlsəfə və Hüquq
İnstitutunun direktoru vəzifəsində
çalışmışdır.
Haşiyə. Mən Zahid müəllimi məhz həmin
illərdə tanımışam. O, iki il müddətində
bizim İnstituta rəhbərlik etmişdir. Aradan illər
keçib. Sonralar rastlaşmasaq da, o, mənim yaddaşımda
obyektiv və analitik elmi təhlilləri ilə seçilən
bir alim kimi qalıb. Zahid Orucov olduqca sadə, təvazökar,
vicdanlı, necə deyərlər, "düzünəqulu"
bir alim idi. Elə bu cəhətlərinə görə, bəzi
dairələr və bir çox şəxslər onu "həzm"
edə bilmirdilər. O, qısa bir vaxt ərzində elmi idarəyə
rəhbərlik etdi. Sonralar müsahibələrində vəzifəni
tez tərk etməsinin səbəbini belə izah edib:
"Direktor işlədiyim iki il ərzində iki cümlə
də yaza bilmədim". Zənnimcə, Zahid Orucov vəzifədən
təkcə vaxt qıtlığına görə istefa verməmişdi.
Axı o, təşkilatçılıqdan qorxan birisi deyildi.
Hələ 35 yaşlı bir gənc ikən professor Orucov,
Moskvadakı nüfuzlu ali məktəblərin birində fəlsəfə
kafedrası yaradaraq ona rəhbərlik etmişdir.
Zahid Orucov 1987-ci ildə keçmiş SSRİ Ali
Partiya Məktəbinin rəhbərliyinin dəvəti ilə
Moskvaya qayıtmış və əvvəlcə fəlsəfə
professoru, daha sonra Rusiya Dövlət Humanitar Universitetinin
professoru olmuşdur. O, sonrakı illərdə Rusiya
Federasiyası Prezident Administrasiyası yanında Dövlət
İdarəetmə Akademiyasının aparıcı və
baş elmi işçisi vəzifəsində
çalışmış, sosiologiya kafedrasının, daha
sonra Moskva İşgüzar İdarəetmə İnstitutunun
(sonralar Moskva Dövlət İşgüzar İdarəetmə
Akademiyası) professoru kimi fəaliyyət göstərmişdir.
Zahid Orucov Almaniya, ABŞ, Kanada, Kuba universitetlərində
alman, ingilis, ispan dillərində mühazirələr və
kurslar keçmişdir. Professor
Orucovun bir çox xarici ölkələrdə müxtəlif
dillərdə nəşr olunmuş elmi əsərlərində
nəzəri isbat məsələləri, onun empirik və
formal-məntiqi isbatlardan fərqləri, dialektik məntiqin
sistematik izahı problemləri
araşdırılmışdır. 1980-ci illərdə
ABŞ-ın Kornell Universitetində məşhur sovetoloq
professor Ceyms Skenlan öz kitabında qeyd etmişdir ki,
"Orucovun işlərindən sonra dialektik məntiq
ABŞ-da əvvəlki kimi rədd edilə bilməz,
çünki artıq elmi hörmətə layiq bir səviyyəyə
qaldırılmışdır".
Zahid Orucov islahatların cəmiyyətin
inkişafı üçün zəruri metod kimi nəzəriyyəsini,
həmçinin iqtisadi idarəetmənin mərkəzləşdirilmiş
yanaşmaya əks olaraq universal metod kimi regional inkişaf nəzəriyyəsini,
habelə, "keçmiş", "keçmişin amilləri"
və "toplanmış keçmiş"
anlayışlarını insan təbiətinin substansial
anlayışları kimi işləyib
hazırlamışdır.
Zahid Orucovu bir filosof kimi ən çox
düşündürən ümdə məsələlərdən
biri insan varlığının mənşəyi və onun təşəkkülü,
evalyusiyası problemidir. Alim belə hesab edir ki, Darvinin nəzəriyyəsi
təxminən, 150 ildən sonra belə, insanın təbii mənşəyini
sübut edə bilmir, çünki insan təbiətini
anlamaqda "təmiz bioloji" yanaşmadan uzaqlaşmır.
Orucovun irəli sürdüyü konsepsiyanın mahiyyəti
belədir: bu problemin həlli üçün fəlsəfə
təkcə bioloji amillərə deyil, onunla yanaşı
psixoloji, dilçilik və sosiologiya kimi müxtəlif elmlərin
nəticələrinə əsaslanmalıdır. Bu fikir yeni və
cəsarətli bir addım hesab edilir.
Zahid Orucov təkcə Darvinin bir çox mülahizələrinə
deyil, habelə Marksın irəli sürdüyü bəzi
mühüm tezislərə də tənqidi
yanaşmışdır ki, bu da onun dərin analitik bilgisindən
və alim cəsarətindən irəli gəlir. Professor
Orucov Marks haqqında belə deyir: "O, dahi iqtisadçı
idi... Lakin mən Marksla heç də hər şeydə
razı deyiləm. Məsələn, cəmiyyətin siyasi
şüurunun yalnız iqtisadiyyatdan asılı olduğu və
iqtisadi bazanın siyasi üstqurumu müəyyən etməsi
haqqında onun məşhur konsepsiyasını qəbul etmirəm.
Mənə elə gəlir ki, burada Marks səhv edir - onun təsəvvürünə
görə, insan müstəqil şəxsiyyət kimi deyil,
bu prosesin yalnız "tamamlayıcısı" kimi
çıxış edir. Mən isə hesab edirəm ki,
insanın öz təbiəti var, o, iqtisadi şəraitdən
asılı olmayaraq özü-özünə qərar verə
bilər..."
Naturalistik insan konsepsiyası, heyvandan insana məntiqi
keçidi hələ də qəti şəkildə izah edə
bilmir və bəzi alimlər bunu "itkin halqa"nın
olmaması ilə izah edir. Lakin əslində "həlledici
halqa" mövcuddur və naturalistik yanaşma bunu ümumiyyətlə
nəzərə almır. İnsanların aprior
düşünmə qabiliyyətini nəzərə
almaması bu yanılmanın əsas səbəbidir. Bunu
klassik alman fəlsəfəsi, xüsusilə, dahi filosof
İ.Kant sübut etmişdir. Kant hesab edirdi ki, insan məhz zəkaya
malik olduğu üçün aprior düşünmə
qabiliyyətinə malikdir. Bununla belə, Kant Ç.Darvinin təkamül
nəzəriyyəsindən xəbərsiz idi və buna
görə də heyvanın aprior olmayan düşüncədən
insana xas aprior düşüncəyə keçidi problemini həll
edə bilməmişdi.
Apriorizm (təcrübədən asılı olmayaraq
qazanılan bilik - F.M.) məsələsi hələ Platon tərəfindən
"xatırlama" anlayışı ilə və daha sonra
Leybnits tərəfindən "anadangəlmə ideyalar"
anlayışı ilə irəli
sürülmüşdür. Lakin Ç.Darvin XIX əsrdə
ingilislərə xas sensualizm mövqeyində dayanaraq, duyğu
təcrübəsini mütləqləşdirirdi və
abstraksiya qabiliyyətini insan ağlının yetərli
xüsusiyyəti hesab edirdi.
Professor Orucov insanın aprior qabiliyyətinin necə
meydana gəldiyini "toplanmış keçmiş"
anlayışına əsaslanaraq məntiqi şəkildə
izah edir. Bu anlayış özünün strukturunda
aşağıdakıları ehtiva edir: 1. xaotik hissə; 2. təşkil
olunmuş, yəni nizamlanmış hissə; və nəhayət,
3. müvafiq dövrün (tarixi epoxanın) düşüncə
tərzini. Bu düşüncə tərzi
"toplanmış keçmiş"i nizamlayır və
yeni təcrübə, məntiq və dövrün
düşüncə üsullarının formalaşması
imkanlarını yaradır. Bütün bu qabiliyyətlərin
təməlində yaradıcılıq və ya F.Nitsşenin
təbiri ilə desək, "xaosu təşkil etmək"
bacarığı dayanır. Orucovun nəzəriyyəsinə
görə, "toplanmış keçmiş" (və ya
K.Popperin "üçüncü dünya"sından fərqli
olaraq) insanın ayrılmaz bir hissəsidir və insan onu daim
özü ilə daşıyır, onunla
qarşılıqlı əlaqədə olur və onu "təşkil
edir".
Bəs "toplanmış keçmiş" necə
yaranır? Bu, insanın əcdadına instinkt kimi verilmiş
sözlü dilin imkanlarından doğur. Ç.Darvin hələ
öz dövründə dilin insana instinkt olaraq verildiyini irəli
sürmüşdü. Bu fikir bir çox alim tərəfindən
qəbul edilsə də, müasir dilçilər, xüsusilə
N.Xomski və S.Pinker tərəfindən daha da əsaslandırılmışdır.
Onlar dilin insanın yaradıcılıq qabiliyyətlərini
oyandırmaq xüsusiyyətinə malik olduğunu
vurğulamışdır. S.Pinker, N.Xomskiyə əsaslanaraq,
dilin aprior düşüncənin xüsusiyyətlərinə
yaxın olduğunu və bunun insan təbiətinin yaranma
sirrini anlamaq üçün əhəmiyyətli olduğunu
qeyd edir. Sözlərin konkret xarici obyektlərdən
asılı olmaması insanlara bir tərəfdən, hər
bir cümləni tarixən heç vaxt təkrarlanmayan yeni
kombinasiya ilə qurmaq imkanı verir, digər tərəfdən
isə, uşaqlar doğuluşdan bütün dillərin
qrammatikasına xas olan bir sxem ("Universal Qrammatika")
daşıyır. Bu onlara valideynlərinin nitqində sintaktik
modelləri fərqləndirmək bacarığı
qazandırır.
Şifahi dilin "başlanğıcı" kimi
keçmiş ilə insan təbiətinin sintezi nəticəsində
"toplanmış keçmiş" yaranır və bu
"keçmiş" olmadan insanın aprior qabiliyyəti
mümkün deyildir. "Toplanmış keçmiş"
insana keçmişin elementləri ilə
qarşılıqlı əlaqədə olmağa və əvvəllər
bir-biri ilə qarşılıqlı əlaqədə olmayan
bu elementləri sintez etməyə imkan verir. Beləliklə,
Kantın aprior sintez anlayışı, yəni tam apriorizm
meydana çıxır ki, bu da insana xas olan bir xüsusiyyətdir.
Z.Orucov bir qədər də irəli gedərək
iddia edir ki, hətta heyvanlar dünyasında belə, apriorizmin
müəyyən dərəcədə mövcud olduğu
müşahidə edilir. Əgər heyvan "ölü"
daşlardan fərqli olaraq, xarici mühitdə baş verən
dəyişikliklərə qabaqlayıcı reaksiya verməsəydi,
onu daha güclü yırtıcılar və ya təbiət
hadisələri məhv edərdi. Heyvan "mikroapriorizm"ə,
yəni məntiqi analoji forma şəklində bir qabiliyyətə
malikdir. Bu qabiliyyət ona ətrafında baş verən
müxtəlif proseslərə fərqli reaksiya verməyə
imkan yaradır. Analogiya ən sadə məntiqi
düşüncə formasıdır və heyvana
"özünü", necə deyərlər,
"başqasından" ayırd etmək imkanı verir.
Filosof Zahid Orucov hesab edir ki, Paleolit dövründə
yaşayan insan artıq analitik qabiliyyətə, hətta
"yarım-apriorizmə" malik idi. Bu qabiliyyət vasitəsilə
o, daşlardan və ya öldürülmüş heyvanlardan
"təhlükəli" alətləri ayıra bilirdi.
İnsan həm incəsənət sahəsində, həm
də real islahatlar sahəsində daim xaosu təşkil edir,
ona öz təsəvvürlərinə uyğun forma verir və
bu təsəvvürləri zamanla gerçəkliyə
çevirir. Eyni proses gündəlik həyatda da baş verir,
belə ki, insan öz həyat şəraitini, digər
insanlarla münasibətlərini təkmilləşdirməyə
və dəyişməyə çalışır.
Zahid Orucov Yeni dövr utopistlərinin "insan təbiəti"nin
dəyişməz olduğunu iddia edən konsepsiyasını
rədd edir. Bunun əksinə olaraq, "insan təbiəti"nin
tarixi olaraq dəyişən "ictimai münasibətlərin
məcmusu"na bərabər olduğunu iddia edən
konsepsiyanı da qəbul etmir. Filosof belə hesab edir ki, tarix
insanın inteqrativ təcrübəsidir.
...Bəli, dialektik məntiqin öyrənilməsində
böyük nailiyyətlər əldə etmiş filosof uzun
illərdən bəri mühüm bir ideyanın - insan təbiətinin
formalaşmasını tədqiq etməklə məşğuldur.
Tanınmış filosof professor T.V.Kuznetsova, Zahid
Orucovun son kitabları haqqında söz açarkən
yazmışdır: "Bu gün, demək olar ki, Z.M.Orucovun
"İnsan təbiəti və tarixin mənası"
kitabında Karl Yaspers tərəfindən
formalaşdırılmış fəlsəfənin əsas
probleminin elmi-fəlsəfi həlli kifayət qədər
inandırıcı formada təqdim edilmişdir".
Zahid Orucovun yaşı 90-ı keçsə də,
yenə ciddi elmi tədqiqat işi ilə məşğuldur.
O, müsahibələrində tez-tez vurğulayır ki, bu
yaşda başladığın işləri tez başa
vurmalısan.
Böyük alimə yaradıcılıq fəaliyyətində
daha yeni uğurlar arzu edirik.
Firuz MUSTAFA
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (№27).- S.30;31.