"Adamın adamı" -
tamaşadan sonrakı düşüncələr
Düşüncələrin bir qismi birbaşa və
bilavasitə tamaşanın özünə aiddir, bir qismi isə
tamaşadan doğan təəssüratın (ya bəlkə
"təəssüratsızlığın" desəm,
daha dəqiq olar?) düşüncə, qənaət gəzişmələridir.
Anarın "Adamın adamı"
satirik komediyası teatr rejissorları üçün
çox əlverişli və ən əsası aktual qayəli
mənbədir. Əvvəla, teatr sənətimizin (kino və
televiziyamızın da, təbii ki) sərrast,
düşündürücü, məzmunlu komediyaya, xüsusən,
satirik komediyaya çox böyük ehtiyacı var. Teatr sahəsində
tək-tük qənaətbəxş quruluşları
çıxmaq şərtilə, bu ehtiyac artıq neçə
illərdir ki, təmin edilmir. Ciddi yanaşma müşahidə
edilmir bu janra. İkincisi, istedadlı və bacarıqlı
insan resurslarından vaxtında və yerində istifadə edilməməsi,
"istedadı, bacarığı olanları qabağa çək,
onlara yol aç, istedadsızlar, bacarıqsızlar özləri
özlərini qabağa da çəkəcəklər, yol da
açacaqlar" nəsihətinin əksər hallarda tərsinə
işləyib əksinə meydan suladığı, peşəkarların
yeganə dəyərinin təqdir dolu sözlərdə,
bolluca təriflərdə qalıb karyera yüksəlişi,
layiq olduğu imtiyaz və mükafatlar əvəzinə
,iki-üç nəfərin yerinə
çalışdırılıb bir nəfərin ödənişinin
rəva görüldüyü (əslində təqdir dolu
sözlər və bolluca təriflər elə bu məsədi
güdür) reallığa pyesdən gələn imkanlar sayəsində
çox asanlıqla kəskin və eyni zamanda nəfis səhnə
quruluşu vermək olardı - bariz nümunə, əyani
sübut olan Fağır Bağır obrazını şaxələndirib
inkişaf etdirməklə, Tərs Tahirlə (Əməkdar
artist Şövqi Hüseynov) At Balaxanım (Gülcahan Salamova)
xarakterlərinin missiyasını gücləndirməklə.
Akademik Musiqili Dram Teatrında Əməkdar incəsənət
xadimi Əsgər Əsgərovun qoyduğu "Adamın
adamı" tamaşasının yaradıcı heyəti "komediya ciddi yanaşma tələb
edir, yalnız belə yanaşma sayəsində bu və ya digər
komik əsər ən pis halda lağlağı, ən
yaxşı halda ötəri, özü də yumor hissindən
məhrum lətifə dəyərsizliyindən
sığortalana bilər", belə demək mümkünsə,
xəbərdarlığına o qədər də diqqət və
məsuliyyətlə yanaşmayıb. Məlumat
üçün bildirək ki, teatrın kollektivi artıq
ikinci dəfədir ki, bu əsəri
səhnəsinə gətirib - 2005-ci ildə Faiq Zöhrabov
(1939-2009) musiqi müəllifi Azərbaycanın
Xalq artisti Vasif Adıgözəlov (1935-2008) olmaqla pyesi
"Aldın payını, çağır
dayını" (süjetdəki bir replikanı əsas
götürərək) adı ilə qoymuşdu və beş
il müddətində repertuar tamaşası olaraq
oynanılırdı.
Beləliklə, "Adamın adamı"na
baxırıq və nə görürük: tamaşa
çox qəribə başlayır, hətta deyərdim,
amansız - yarıqaranlıq, məchul, ulduzlu, buludlu fəza
və bu fəzada "uçuşan" Süsən
Sünbüllə (Türkel Tariqperma) Fağır
Bağır (Şaban Cəfərov): Quruluşçu rejissor
satirik komediyanın ilk səhnəsinə faciəvi melodram
kimi quruluş verməyi doğru sayıb, nədənsə və
pyesin ən saf, ən başıaşağı, ən mərifətli,
ən peşəkar, ən bacarıqlı personajları olan,
evsizlik, mənzilsizlik ucbatından neçə vaxtdan bəri
nişanlı qalıb evlənə bilməyən, bir-birini hədsiz
çox istəyən, dəyər verən Fağır
Bağırla Süsən Sünbülü (pyesdə yeganə
istehzasız, satirasız, hətta yumorsuz klassik, poetik ayama)
artıq bu dünyanın deyil, başqa bir dünyanın
adamlarına, Bakının yox, göylərin şəhərinin
sakinlərinə çevirib. Bağır Süsəni dilə
tutub yola gətirməyə çalışır ki,
qayıtsınlar, onu romantik əhvala kökləmək
üçün buludların gözəlliyini də qeyd edir.
Süsən isə orada onlar üçün çətin
keçdiyini, adamsız, "dayısız",
arxa-dayaqsız olduqlarına
görə ürəkləri istədiyi kimi işləyə,
yaşaya bilmədiklərini, zəhmətlərinin,
bacarıqlarının, biliklərinin bəhrəsini görə
bilmədiklərini xatırladır, Bağırın bulud
hesab etdiyinin isə əslində yeni və yöndəmsiz
tikintilərin toz-torpaq dumanı olduğunu deyir. Amma
Bağır təslim olmur, yeni tikintilərin həyata da
yeniliklər gətirmək ehtimalı olduğunu deyir.
Bağır buna inandığı üçün Süsən
də Bağıra inanır (ya da inanmış kimi
görünür) və onlar qayıdırlar.
Əlbəttə, aydındır ki, rejissorun belə
bir dəyişiklik tətbiqi Adəmlə Həvva əhvalatının
bir yozumudur. Üstəgəl, pyesin bir səhnəsində
personajlardan biri Süsəni "cənnət cücəsi"
adlandrır. İstənilən halda belə bir, şahmat
dilində desək, gediş, şah effektini o halda verə bilərdi
ki, quruluşun sonrakı gedişatı ilə həmahənglikdə,
ən əsası isə final səhnəsi ilə harmoniyada
davam edəydi. Lakin belə deyil - tamaşa cüzi, fabulaya əlavə
çalar verməyən, məna yükünü qabartmayan dəyişikliklərlə,
məsələn, alverçi obrazını əlavə etməklə,
uydurma "dayılar"ın ad-soyadlarını dəyişməklə,
müasir dövrün çox böyük qismi mənasız,
uzun-uzadı, keyfiyyətsiz, düşünülməmiş
tikinti həşirinin səhnədə canlandırılmaq
kimi əlavələri nəzərə almasaq, əsasən, pyesdəki axar və məzmunda
davam edir və sona yetir. Bu halda tamaşanın əvvəlini
bu dərəcədə ağırlaşdırmağa, bədbinləşdirməyə,
dramatikləşdirməyə ehtiyac yox idi.
Ədəbi materialda pyes çox işıqlı,
romantik səhnə ilə - Süsənlə
Bağırın görüşü ilə başlayır;
Süsən Qubadan qayıdıb və hər ikisinin sevimli
bayatısında (Xəncəri işlə yolla, Üstün
gümüşlə yolla, Mənə beş alma göndər,
Birini dişlə, yolla) deyildiyi kimi beş alma gətirib və
eynilə bayatıdakı kimi onların birini dişləyib
nişanlısına atır. Qadın, kişi, alma...Bəlli
mövzu, məlum detallar... Amma necə ümidverici, nikbin,
ülvi, parlaq, oynaq və incə bir əhval!. İnsanın
öz simasını, iç dünyasını, o dünyaya
daxil olmağa layiq bildiyi kəsin qədrini bilməyin
vacibliyinə necə zərif və eyni zamanda güclü bir
inam!.
Akademik Musiqili Dram Teatrının "Adamın
adamı" ikihissəli musiqili satira tamaşasında
Anarın pyesindəki personajlar olduğu kimi səhnəyə
gətirilib. Hər bir obraza bir neçə bucaqdan baxmadan, fərqli
tərəflərdən yanaşmadan. Aktyorların əksəriyyəti
adət etdikləri şablon oyun tərzindən, öyrəşib
vərdişə çevirdikləri mizanlardan, qəlibləşmiş
intonasiya və mimikalardan təəssüf ki, kənara
çıxmayıblar.
Bütün bunlarla bərabər haqqında
danışdığımız "Adamın adamı"
tamaşasının əksər səhnələri
müvafiq atmosferli, uyğun ab-havalı quruluşdur -
tamaşa XX əsrin 60-70-ci illərinin və konkret olaraq bu
pyesin ovqatını tamaşaçıya ötürə
bilir. Bu keyfiyyətə nail olmaqda əsas "rol"u birmənalı
şəkildə ədəbi materialın bədii tələblərə
cavab verməsi, Vasif Adıgözəlovun yazdığı
musiqi, dekorasiya və əlbisələr, bir də
aktyorların az da olsa, ara-sıra nəzərəçarpan
tapıntıları "oynayır". Əvvəlki məqalələrimizdə
qeyd etdiyimiz kimi, bu, son dərəcə vacib cəhətdir.
Çünki atmosfer, ab-hava olmadan vizual sənət nümunəsi
sönük, cansız, ruhsuz təsir bağışlayır.
Samirə BEHBUDQIZI
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (¹27).- S.32.