Sərçənin hekayəsi
"Elə gözəl sökülmüşdü o gün
dan" romanından parça
Söyüd ağacının gövdəsində
balaca tırtıl gördüm. Qıvrıla-qıvrıla
yuxarı dırmaşırdı.
Hər dəfə tırtıl yemək istəyəndə söyüdlərin
yanına gəlirəm.
Söyüd yarpaqları
təzə pöhrələnib,
yupyumşaqdı. Tırtıllar
ruma söyüd yarpağını xoşlayır.
Yarpaqların yanına
çatanda tırtılları
çətin seçmək
olur, rəngləri yarpaq rənginə çalır deyə. Ancaq ağacın gövdəsində olanda rahat görünürlər.
Çox məzəli
həşəratlardı. Gəzməkləri
aləmdi. Xırda əlləriylə ağacın
gövdəsindən yapışır,
bədəninin arxa hissəsini qabağa dartır, beli qabarır, sonra başını qabağa
atır, beli açılıb düzləşir,
belə-belə gedir. Onlara baxanda uğunub gedirəm özümdən. Həm də şirəli olurlar, dadları xoşagələndi.
Bəsdi
güldük, yemək
də lazımdı. Tırtılın üstünə
şığıyıb bir
həmlədə dimdiyimə
alıram. Ağzıma
atan kimi tırtılın nazik dərisi üzülür,
bədəni parçalanır,
şirəsi ağzıma
axır. Mmm! Ləzzət!
Kefim kökəlir, havalanıb
kəndin üstündə
süzürəm. Uzaqdan
qarğa nənənin
yuvası gözümə
dəyir. Boşdu. Başım tırtıla
qarışanda uçub
gedib.
Gəlib
qarğa nənənin
yuvasında otururam. Xoşum gəlir burdan. Rahat yuva düzəldib qarğa nənə. Haçan gördüm yuvada yoxdu, gəlib otururam yerində. Kənd də burdan bir ayrı
cür görünür.
Qarğa
nənəni çox
istəyirəm. Bir az
dəymədüşərdi, xasiyyəti ağırdı,
ətiacıdı, dilindən
də xoş söz eşitməzsən.
O da belədi də. Kənddə heç kimin ondan xoşu
gəlmir. Heç o biri qarğaların da. Çünki hamını
söyür, qarğışlayır.
Məni də söyür söyməyinə,
mən incimirəm. Nə olsun?! Söysün də. Onun da dili belə
öyrəşib. Bundan
sonra dəyişən
deyil ki?!
Qarğa
nənənin yuvasında
oturan kimi məni yuxu basır. Yəqin, çox rahat olduğuna görədi.
İndi də xumarlanmağa
başlayıram. Qarğa
nənə qayıdana
qədər yatsam, yaxşı olar. Düzdü, gəlib məni yuvasında görsə söyəcək,
deyinəcək. Eybi yox, deyərəm ki, sən gələnə qədər yerini isti saxlayırdım.
Gözlərim yumulur. Çoxlu
tırtıl görürəm.
Hamısı aramla söyüdün gövdəsinə
dırmaşır. Bədənlərinin
arxa tərəfini qabağa çəkirlər,
belləri qabarır, baş tərəfi qabağa atırlar, bədənləri düzləşir.
Bir də... Bir də... Çox ləzzətli
görünürlər. Ağzım sulanır...
Birdən
nəsə xışıltı
eşidirəm. Gözlərimi açan
kimi boz pişiyin üstümə tullanmağa
hazırlaşdığını görürəm. Onun
tullanmağı ilə mənim uçmağım bir olur.
Tuta bilmir.
Yekəbaş pişik! Az qalsın, tuturdu.
Çinarın ətrafında dövrə vurub pişiyin
qabağına gəlirəm. Hirslə mənə baxıb
mırıldayır. Səni görüm, öləsən,
yekəbaş! Ona dil çıxardıb uzaqlaşıram.
Günəş xeyli qalxıb. Kəndin
üstündə uça-uça baxıram. Alan gözümə
dəyir, yaxınlıqdakı ağaca qonub onu izləyirəm.
Alan kəndin ən qoca itidi. Deyirlər, vaxtikən kəndin
sürüsünü o qoruyurdu. İndi çox
düşüb, gəzməyə halı yoxdu. Hərdən
durub beş-altı addım atır, sonra yaşlı bədənini
saxlaya bilməyib yerə çökür. İndi də
kölgədə uzanıb quru çörək gəmirir.
Çörəkdən xırda parçalar qopartdıqca
dişlərinin arasında xırtıldayır. Alan
çörəyi ağzının suyuyla isladıb
yumşaldır, çeynəyib udur. Torbalanmış gözləri
hər şeyə etinasızlıqla baxır. Elə bil, ətrafda
baş verənlərin heç ona aidiyyatı yoxdu. Elə
bil, vaxtikən bütün kəndi qoruyan bu olmayıb. Deyirlər,
onun dişlərində neçə canavar, neçə
tülkü, neçə çaqqal canını
tapşırıb. Bütün itlər onun hörmətini
saxlayır, tez-tez gəlib onunla məsləhətləşirlər,
sürünü necə qorumaq lazımdı, canavar hücum
eləyəndə neyləmək lazımdı, soruşub
öyrənirlər. Hərdən cavan itlər öz
paylarından gətirib ona da verir.
Alan çörəkdən bir-iki
dişləm də yeyib yorulur.
Çörəyi yerə buraxıb başını əllərinin
üstünə qoyur, gözlərini yumur.
Durub
uçmağa başlayıram. Bayaq mənə hücum eləyən
pişik indi çəpərin dalında yatıb, peyinlikdə
eşələnən cücələri marıtlayıb.
Uça-uça yerdən balaca daş götürürəm,
havalanıb hündürdən pişiyin üstünə
buraxıram. Daş pişiyin belinə dəyir, pişik səksənib
tüklərini qabardır, göyə baxır. Məni
görəndə hirslə dişlərini qıcayır. Onun
səsini eşidən cücələr hürküb
analarının yanına qaçırlar. Pişik hirslə
bir cücələrə, bir də mənə baxır. Bayaq əlindən
qaçmağım azmış kimi, indi də cücələri
duyuq salmağım onu cin atına mindirib. Əlinə
düşsəm, lələklərimi bir-bir qopardar. Yenə
ona dil çıxardıb uçuram.
Yenə
çinarın yanına
gedirəm. Qarğa nənə hələ
qayıtmayıb. O, tez-tez səhərdən harasa uçur,
bir də axşamtərəfi qayıdır. Gərək bir
gün düşüm dalınca, görüm hara gedir?!
Qarğa
nənənin yuvasında
otururam. Qayıdana qədər yatım
bir az. Elə gözlərimi təzəcə yuman kimi uzaqdan
tappıltı səsləri eşidirəm. Gözlərimi
açıb baxıram. Hələ heç nə
görünmür, amma tappıltı səsləri gəlir.
Səslər getdikcə güclənir. Yuvadan
çıxıb uçmağa başlayıram. Uzaqdan toz
dumanı görünür. Toz dumanı kəndə tərəf
gəlir. Bütün quşlar mənim kimi gözünü
ora dikib baxır, itlər, pişiklər qulaqlarını
şəkləyib dinləyir.
Toz dumanı getdikcə yaxınlaşır. Yaxınlaşdıqca
tozun içində atlar görünür, atların belində
oturan adamlar görünür. Atlar bir anda kəndin
küçələrinə yayılır. Heç kim kəsdirə
bilmir nə olub, nə baş verir. Biz özümüzə gəlməyə
macal tapmamış qışqırıq səsləri
eşidirik. Kənddə aləm bir-birinə dəyir.
Arvad-uşaq qışqırır, itlər
hürüşür, atlar kişnəyir, toyuq-cücə
qaqqıldayır. Atlıların əllərində
parıldayan uzun şeylər var. Onu kimə vursalar, həmin
adam yerə yıxılır, bədənindən qan axır.
Alan elə bil canlanır,
ayağa durub yorğun səsiylə bir ağız ulayır.
Atlılardan biri əlindəki parıldayan şeyi Alanın
başına vurur, Alanın başı parçalanır, yerə
yıxılıb qalır, başından qan axır.
Atlılar kənddə kim
varsa, öldürürlər. Arvadlar,
uşaqlar yerə yıxılıb can verir. Atlılara
hücum edən itləri də öldürürlər.
Atlılar atdan düşüb evlərə girir, evlərdə
gizlənənləri də öldürürlər,
toyuqları, qazları, ördəkləri tutub
ayaqlarını bağlayırlar, atların yəhərindən
asırlar. Tövlələrdə qalan, sürüyə
qoşulmayan boğaz inəkləri, qoyunları, quzuları,
danaları bir yerə yığırlar. Atlılardan bəziləri
heyvanları qovub kənddən çıxarır, yerdə
qalanlar kösövləri götürüb evlərə
atır. Hamısı çıxıb gedirlər.
Evlər
tüstülənməyə, yanmağa başlayır.
Dəhşətlə kəndin üstündə uçuram.
Çox qorxunc mənzərədi, ürəyim
sıxılır. Kənddə bir nəfər də sağ
adam qalmayıb.
Sonra hardansa bir dəstə
quş peyda olur. Qəribə quşlardı, indiyəcən
heç belələrini görməmişəm. Çox
iridilər, boğazları uzun, tüksüzdü. Quşlar
meyitlərin üstünə qonub dimdikləməyə
başlayırlar. Əsas da meyitlərin gözlərini
oyurlar.
Qarğa
nənə də hardansa peyda olur. O da kəndin üstündə
uça-uça dəhşətlə bu mənzərəni
izləyir. Çinar ağacına çatıb yuvasına
qonur. Onun yanına gedirəm.
Ağzımı açan kimi özümü saxlaya bilmirəm, gözlərimdən
yaş axır. Ağlaya-ağlaya deyirəm:
- Qarğa nənə, hamını öldürdülər. Bir nəfəri
də sağ qoymadılar. Heç bilmədik necə oldu. Bir
də gördük dolublar kəndə...
Qarğa
nənə bayaq gələn qəribə quşlara baxır.
Sonra ağacın yanındakı həyətə qonur. Ana
oğlunu qucaqlayıb yıxılıb. Qız isə onlardan
bir az aralı düşüb. Üçünün də bədəni
qan içindədi. Qarğa nənə qızın sinəsinə
qonur, gözlərinə baxır.
Qəribə quşlar meyitləri
dimdikləyə-dimdikləyə gəlir.
Quşlardan biri ananın meyitinin üstünə qonur,
gözlərini oyub qarğa nənəyə baxır. Dimdiyindən
bir damcı qan arvadın çənəsinə damır.
Qarğa nənə qanadlarını açıb
qızın üzünü tutur.
- Balaca uşaqlar dadlı olur, - qəribə quş deyib
gülür.
Qarğa
nənə cavab vermir. Quş uçub gedir.
Mən də qızın meyitinin yanına qonub qarğa nənəyə
baxıram...
Həmid PİRİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, №28.- S.12.