Bu dünyadan
Elçin keçdi...
Azərbaycan
ədəbiyyatı özünün canlı klassikini itirdi.
Ədəbi aləmdə, adətən yazıçı və
şairlər dünyasını dəyişdikdən sonra
onların klassikaya aid olub-olmadıqlarını müəyyən
edirlər. Xalq yazıçısı Elçin bizim çox
azsaylı elə yazıçılarımızdan biridir ki,
o, sağlığında Azərbaycan ədəbiyyatının
klassikləri sıralarında olduğunu isbat etmişdi.
Heç tərəddüd etmədən demək olar ki,
Elçin XX əsrin ikinci yarısında
yaşayıb-yaratmış bir neçə nəsil
yazıçı və şairlərin ən önündə
gedən sənətkarlardan idi.
"Altımışıncılar"ın ədəbiyyatı
magistralda ədəbi hərəkat səviyyəsinə
çatdırmaq baxımından Elçin əsas,
aparıcı lokomotivlərdən biri olmuşdu. Elçin hələ
yaradıcılığının sovet dövrü mərhələsində
yaşadığı cəmiyyətin dəyişdirilməsinə
təsir göstərə bilən ciddi bədii əsərlərin
müəllifi olmuşdu. Azərbaycan cəmiyyətində
sovet ideoloji təfəkküründən milli şüurun
oyanışına keçidin formalaşmasında Elçin
zamanı qabaqlamışdı. O, psixoloji xüsusiyyətlərə
malik əsərləri ilə həyatın dərinliklərini,
hətta çirkinliklərini və mürəkkəbliklərini
göstərməklə oxucusunu gözəlliyə və gələcəyə
çağırmışdır. Bu cəhətdən Azərbaycanın
görkəmli xalq yazıçısı Elçini
yaradıcılığının xarakterik xüsusiyyətlərinə
görə rus və dünya ədəbiyyatının
böyük simalarından olan Fyodor Dostoyevski ilə müqayisə
etmək olar. Elçinin "Mahmud və Məryəm",
"Ağ dəvə", "Ölüm hökmü",
"Baş" romanları Azərbaycan ədəbiyyatının
milli özünəməxsusluğa malik "Cinayət və
cəzası"dır. Əgər əsərləri xarici
dillərə mükəmməl tərcümə edilərsə,
Azərbaycan dünya ədəbiyyatına yeni tarixi
dövrün fərqli bir Dostoyevski tipli
yazıçısını qazandırmış ola bilər.
Cəmiyyətşünaslıq və psixologizm baxımından
Elçin mənsub olduğu xalqın və müasir
dünyanın "gözünün
açılması"na təsir göstərə bilən əsərləri
ilk növbədə ölkəsinə, xalqına, ümumiyyətlə
bəşəriyyətə xidmət göstərə
bilmiş yazıçıdır. Təpədən-dırnağa
qədər azərbaycançı olan Elçin məhdud
regional baxışların çərçivəsini
aşaraq, həm də bütövlükdə
insanlığa aid olan yazıçı idi. Elçin
dünyaşöhrətli böyük ingilis ədibi Uilyam
Şekspir mövzusunda dram əsəri yazıb. Həmin əsəri
Şekspirin vətənində, London şəhərində
göstərmək məsuliyyəti və cəsarəti
ortaya qoymuş görkəmli Azərbaycan
yazıçısıdır. Elçin Azərbaycan səhnəsində
"absurd teatr" adlı fərqli bir teatrın da
yaradıcısıdır. Elçinin simasında Azərbaycan
özünün yüksək intellektual
yazıçısı və ictimai xadimi ilə
vidalaşmışdır. Elçin qədər böyük
mütaliə dairəsinə, geniş
dünyagörüşünə malik olan yazıçı
və şair göstərmək çətin olar. Dünya ədəbiyyatına
dərindən bələd olan Elçin dünya
yazıçıları səviyyəsində
düşünməyi və yazmağı bacaran qüdrətli
Azərbaycan yazıçısı idi. Fikrimcə,
elmi-intellektual düşüncə Elçinin ədəbiyyat
istedadının donoru olmaqla, onun cəmiyyəti və
dünyanı qavramağa bələdçilik edən mükəmməl
bədii əsərlər yazmasını şərtləndirmişdir.
Ölkəni və dünyanı elmi-siyasi şəkildə
qavramaqla bədii düha olaraq dərindən hiss etmək
Elçinin əsərlərindəki dərinlik və
müasirliyin açarıdır. "Mahmud və Məryəm"i,
"Ölüm hökmü" və nəhayət,
bütöv bir epoxanı əks etdirən "Baş"
tarixi romanını intellektual baxış, bilik və hətta
siyasi təcrübə olmadan, yalnız bədii istedadın
hesabına yazmaq mümkün olmazdı. Elçin dünya
baxışlarında intellektual olmaqla
yazıçılıqda professionallıq nümayiş etdirməyin
nadir və nəhəng təzahürlərindən idi.
Xalq
yazıçısı Elçin özünəməxsus
siyasi baxışlara malik olan ictimai xadim idi.
İntellektuallıq, yüksək bədii istedad siyasi
düşüncə və təcrübə ilə birləşərək
Elçin səviyyəsində bir şəxsiyyəti
yetişdirmişdir. Elçin sözün əsl mənasında
yazıçı-mütəfəkkirdir. O,
yazıçılıqla yanaşı, Azərbaycan
parlamentinin deputatı, Baş nazirin müavini, Xaricdə
yaşayan həmvətənlərimizlə əlaqə -
"Vətən" cəmiyyətinin sədri olaraq siyasətin
də çətin və mürəkkəb
sınaqlarından şərəflə keçmişdir.
Elçin ədəbiyyatda olduğu kimi, ictimai-siyasi fəaliyyətində
də Azərbaycançılıq idealına xidmətin
nümunəsi idi. Elçinin bədii əsərlərini XX əsr
Azərbaycan cəmiyyətinin ədəbiyyat vasitəsilə
ifadə edilmiş ictimai-siyasi traktatları kimi də qəbul
etmək mümkündür.
Xalq
yazıçısı Elçinin dünyasını dəyişməsi
Azərbaycan elmi ictimaiyyəti üçün də
böyük itkidir. Elçin cavanlıq yaşlarından
ömrünün sonlarına qədər
yazıçılıqla paralel olaraq tənqid və ədəbiyyatşünaslıqla
da fəal surətdə məşğul olmuşdur. O, 1970-ci
ildə "Azərbaycan bədii nəsri ədəbi tənqiddə"
mövzusunda namizədlik, 1997-ci ildə isə "Ədəbiyyatda
tarix və müasirlik" mövzusunda doktorluq
dissertasiyası müdafiə etmişdir; filologiya elmləri
doktoru, professor idi. Bu rəsmi elmi adlar və elmi dərəcələr
bir yana, Elçin son yarım əsrdən artıq bir
dövrdə ölkəmizin ən sanballı və nüfuzlu
ədəbiyyat tənqidçisi olaraq qəbul edilirdi. Ədəbi
tənqidin vəziyyəti və vəzifələri
haqqında da ən ciddi və elmi sözü, demək olar ki,
çox vaxt Elçin müəllim demişdir. Bu baxımdan
Elçin Azərbaycan ədəbi tənqidinin atası
funksiyasını ləyaqətlə yerinə yetirmişdir.
Elçindən sonra bu missiyanı görəsən, kim və
hansı səviyyədə yerinə yetirə biləcəkdir?!.
Dostları
üçün isə Elçinin dünyasını dəyişməsi
dərin mənəvi münasibətlərdə əvəzolunmaz
bir boşluq yaradıb. Müasir Azərbaycan ədəbiyyatının
görkəmli yazıçıları olan Elçinlə
xalq yazıçısı Anarın dostluğu şəxsi
münasibətlərdəki çoxillik dostluğun
sınaqlarından çıxmış etibarı ilə
birlikdə, həm də ədəbi-ictimai mühitdə ədəbiyyatı,
ədəbi simaların adlarını qarşıya
çıxan haqsız-lüzumsuz təhdidlərdən və
tənqidlərdən qorumaqda vahid mövqe nümayiş etdirməyin
əyani nümunəsi idi. Ədəbi mübarizələrdə
bərkimiş bu sədaqətli dostluq XX əsrin əvvəllərindəki
Mirzə Cəlil Məmmədquluzadə ilə Mirzə Ələkbər
Sabirin, Hüseyn Cavidlə Abdulla Şaiqin, Səməd
Vurğunla Yusif Məmmədəliyevin və Osman Sarıvəllinin
dostluqları kimi təkcə ədəbiyyatımızın
yox, ədəbi fikrimizin də qoşa qanadı
missiyasını məsuliyyətlə və şərəflə
yerinə yetirməyin, ədəbiyyat vasitəsilə cəmiyyəti
qabağa aparmaq uğrunda mübarizənin rəmzi idi.
Mənim
Elçin müəllimlə münasibətlərimin də
uzun bir tarixçəsi vardır. Belə ki, mən 1974-cü
ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi
ixtisası üzrə aspiranturasına qəbul olunduqda ilk
tanıdığım adamlardan biri həmin şöbənin
böyük elmi işçisi Elçin Əfəndiyev olub.
Onda Elçin artıq namizədlik dissertasiyasını
müdafiə etmişdi. Görkəmli rejissor və
böyük sənətşünas Mehdi Məmmədovun rəsmi
opponent kimi onun haqqındakı rəyini "Ədəbiyyat və
incəsənət" qəzetində çap etdirməsi
hadisə hesab olunmuşdu. Çünki çox müstəsna
hallarda opponent rəyi mətbuata
çıxarılırdı. Mehdi Məmmədovun dissertasiyasında
Elçin Əfəndiyevin elmlər doktorluğu
dissertasiyalarının yüksək tələblərə
cavab verən problemlərin qaldırılıb həll
olunduğunu qeyd etməsi cavan yazıçı Elçinin həm
də istedadlı bir elm adamı olduğunu cəmiyyətə
bəyan etmişdi. Mənim namizədlik dissertasiyamın
mövzusu o zaman Akademiyanın müxbir üzvü olan Məmməd
Cəfər Cəfərovun rəhbərlik etdiyi Ədəbiyyat
nəzəriyyəsi şöbəsinin iclasında müəyyən
edilərkən, Elçinin dediyi fikirlər indiki kimi
yadımdadır. Şöbənin əməkdaşlarından
hərəsi mövzuya dair hansı ədəbiyyatları
oxuyub öyrənməyi, nələrə daha çox diqqət
yetirmək haqqında təkliflər səsləndirdikləri
həmin iclasda dissertasiya mövzumun "XX əsrin əvvəlləri
Azərbaycan romantik lirikasının sənətkarlıq
xüsusiyyətləri" kimi müəyyənləşdirildiyini
nəzərə alan Elçin, diqqətimi həmin illərdə
SSRİ miqyasında ədəbiyyat nəzəriyyəsi sahəsində
dəbdə olan bir məsələyə yönəltmişdi.
Dövrün ədəbiyyat nəzəriyyəsində (bir
çox hallarda indi də) sənətkarlıq məsələlərindən
bəhs edilərkən populyarlıq naminə
yazıçı və şairin poetikası formatında tədqiqatlar
aparmağa meyil edirdilər. Aleksandr Çudakovun
"Çexovun poetikası" monoqrafiyasının geniş
səs saldığı, populyarlaşdığı o illərdə
ədəbiyyat nəzəriyyəsində mövcud
baxış bu modelə üstünlük verməyi tələb
edirdi. Elçinin tövsiyəsi isə bunun əksinə idi.
O, Məmməd Cəfər Cəfərov, Yaşar Qarayev, Arif
Hacıyev kimi nüfuzlu ədəbiyyat nəzəriyyəçiləri
qarşısında bildirirdi ki, ədəbi şəxsiyyətin
poetikası yox, ömür yolu, dünyagörüşü,
xidmətləri, kitabları ola bilər. Poetika
yazıçının şəxsiyyətinə deyil,
yaradıcılığının, onun əsərlərinin
özünəməxsusluğuna, sənətkarlıq
xüsusiyyətlərinə aid olan məsələdir.
Yazıçının poetikası anlayışı elmi cəhətdən
düzgün olmadığı kimi, həm də istər-istəməz
tədqiqatçıdan sənətkarın həyatı və
yaradıcılığı haqqında yazmağı tələb
edir ki, bu hal mövzunu ədəbiyyat nəzəriyyəsindən
uzaqlaşdırır.
Ədəbiyyat
nəzəriyyəsi sahəsində kütləvi axına
qarşı vaxtilə deyilmiş bu fikirlər nəinki o zaman
üçün, bu gün də obyektiv elmi gerçəklik
kimi ədəbiyyat nəzəriyyəsi baxımından öz
əhəmiyyətini saxlayır. Azərbaycan ədəbiyyatında
hekayə axını müşahidə olunanda da Elçin
bir tərəfdən, Abşeron motivləri üstündə
köklənmiş "Balaqədeşin ilk məhəbbəti"
silsiləsindən olan unudulmaz hekayələrini, yaxud
yalnız özünəməxsus olan bənzərsiz
"Gümüşü, narıncı, məxməri"
üslubunda qələmə alınmış hekayələrini
cəmiyyətə təqdim etməklə əsl hekayənin
necə olmasını canlı örnəklərlə
göstərməklə hekayə axınının səmtini
ən yaxşı hekayəyə doğru yönəltmişdi.
İkinci tərəfdən isə, Elçin elmi şəkildə
hekayə axınının mahiyyətini açıb göstərən
və yalnız "axını" tənqid etməklə
yox, çıxış yollarını müəyyən etməklə
də "axına qarşı" olmağın fərqli
nümunəsini təqdim etmişdir. Azərbaycan ədəbiyyatında
roman bumu yaşananda da hər iki cəbhədə, həm bədii
yaradıcılıq sahəsində və həm də ədəbi
tənqiddə ən nüfuzlu
yazıçı-tənqidçi sözünü
Elçin demişdi. Elçin uzun illər "mürtəce
burjua ziyalıları" adlandırılaraq tənqid olunan
Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu kimi
mütəfəkkirlər haqqında obyektiv həqiqəti ilk
deyənlərdən biri idi. Keçid dövründə bu
görkəmli ziyalılar Azərbaycanın digər
yazıçılarına və mütəfəkkirlərinə
qarşı qoyulanda da Elçin "birini ucaltmaq o birini
alçaltmağın hesabına olmamalıdır" - deyərək
bu kortəbii kütləvi axına qarşı
çıxmış, ədəbi-ictimai fikrin istiqamətini
dəyişməyə nail ola bilmişdir. Yaxud sovet ədəbiyyatının
əsas yaradıcılıq metodu olan sosialist realizmi ədəbiyyatına
yalnız birtərəfli münasibət dalğasının
qarşısında da Elçin dayanmışdı.
"Sosializm bizə nə verdi?" adlı elmi əsərində
o, bu vahid yaradıcılıq metodunun mənfi cəhətlərini
göstərməklə bərabər sovet dövründə
yaşayıb-yaratmış bütün sənətkarların
üzərindən eyni dərəcədə qara xətt
çəkməyin əleyhinə
çıxmışdır. O, tənqid etmək naminə tənqidçi
olmağın da əleyhinə idi.
Beləliklə,
görkəmli yazıçı-tənqidçi Elçin əsl
vətəndaş ziyalı kimi ümumi kütləvi
baxışlara dərin, əsaslandırılmış tənqidçi
münasibəti bəsləməklə Azərbaycan ədəbiyyatının
və ədəbi tənqidinin, geniş mənada ictimai
fikrimizin sağlam məcrada irəliyə doğru inkişaf
etdirilməsi uğrunda ardıcıl olaraq mübarizə
aparmışdır. O, daşıdığı yüksək
rəsmi vəzifələrin nüfuzundan Azərbaycan ədəbiyyatının
və elmi ictimai fikrin xeyrinə istifadə edərək, vətəndaş
ziyalı-mütəfəkkir missiyasını həyata
keçirmişdir.
Elçin
dostluqda da "axın"ın tərəfdarı deyildi. Son
illərdə qədim dostu Anarla bizim üçlükdə,
bəzən dördlükdə olan dost süfrəsi ətrafındakı
ədəbiyyat və həyat haqqındakı unudulmaz söhbətlərimizə
əlavə kimlərinsə qarışmasına iclas kimi
baxırdı. Növbəti görüşümüz iyul
ayında olmalı idi. Xəstələnməyi haqqında məlumatlı
idik. Zəngləşirdik, "indi vəziyyətim
yaxşıdır", - dedi. Özünəməxsus yumorla əlavə
etdi ki, evdəki "generallar" hələ ki şəhərə
çıxmağa icazə vermirlər. Anar müəllim zəng
vuranda ona da səhhətinin yaxşı olduğunu
deyibmiş. İndi yadıma düşür ki, Elçin
müəllim son hekayələrindən birində "Əcəldən
qaçmaq olmaz" qənaətini yekun fikir kimi ümumiləşdirmişdi.
Hekayə haqqında fikrimi soruşanda yarızarafat: - Sonluq
mistik realizmin ifadəsidir, - demişdim. - Siz isə neorealist
yazıçısınız. Əslində isə hekayənin
dəyəri Elçin müəllimin uzun illərdən sonra
Abşeron mövzusuna yenidən qayıdıb cavanlıq
dövründəki yaradıcılıq şövqü ilə
kiçik bir novellada bu dəfə təkcə Balaqədeşin
yox, Abşeron koloritli bütün təbəqələrin bənzərsiz
obrazını yaradıb ümumiləşdirməsində
idi. Sanki yaxın taleyindən xəbərdar imiş kimi, Azərbaycan
hekayəçiliyinin şedevrlərindən olan "Balaqədeşin
ilk məhəbbəti" silsiləsini
tamamlamışdı...
Nə isə...
Zəngləşdiyimiz vaxtdan
on-on beş gün keçməmiş xalq
yazıçısı Anar sədaqətli dostu, ədəbi
mübarizələrdə birgə addımladıqları,
görkəmli yazıçı Elçin haqqında vida
sözü deməli, mən isə vida məqaləsi
yazmalı oldum...
Heyhat, bu
dünyadan Elçin keçdi!..
Bəli,
məhz keçdi, "köçdü" sözü ona
aid deyildir. O, ədəbiyyatda və həyatda dərin izlər
salaraq, sanki "burdan bir atlı keçdi" kimi, həyatda
və ədəbiyyatda dərin izlər qoyaraq, yaxud da
özünün yazdığı şəkildə sonuncu
dayanacağı olmayan, gələcəyi mənalandıran əbədbiyyət
qatarları kimi keçdi. Əsərləri və
idealları diləklərə, xatirəsi isə ürəklərə
köçdü...
4 avqust
2025-ci il
İstanbul
İsa
HƏBİBBƏYLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, ¹28.- S.6-7.