Ədəbiyyatın
dan yeri
- axirətin mübarək!
Elçin
mənə ədəbiyyatın yolunu tanıdan və sevdirən
imza olub. Ona görə yaradıcılığının
bütün tərəfləri haqda söz deməkdə çətinlik
çəkməmişəm. Qələmindən
çıxan mətnləri yalnız sənət faktı
olaraq deyil, həm də milli məfkurə və amal adına
yazılan əsərlər kimi qəbul edib onlara güvənmişəm.
Ədəbi dövriyyəyə qatılan istənilən mətnin
yaşama haqqı yalnız elmi-nəzəri, bədii-estetik məziyyətlərinin
sanbalı ilə ölçülməməlidir, onlar həm
də milli düşüncəyə təsir
baxımından dəyər və sərvət
olmalıdır, yaddaşa, ictimai əxlaqa, sosial tərəqqiyə
xidmətin miqyası ilə tutum qazanmalıdır. Elçində
bu meyar həmişə qorunub, şaxələnən
yaradıcılığında müstəqil dövlət təfəkkürü
və istiqlal təlimi ilə bağlı mətnlərlə,
bütün zamanların millət, din, şəxsiyyət və
milli "mən" anlayışına, bədii-estetik
ideallarına xidmət edən əsərlərlə
zamanı və yaddaşı ifadə edib, onu tarixi və
estetik özünüdərkin faktına çevirə bilib.
***
Elçinin
qələmindən çıxan hər mətni oxumuşam
desəm, mübaliğə olmaz.
İlk oxuduğum vaxtdan təsirindən
ayrılmadığım hekayə "Baladadaşın ilk məhəbbəti"
idi. Əslində, bura Elçinin əksər hekayələrinin
adını yaza bilərəm. "Şuşaya duman gəlib",
"Beş dəqiqə və əbədiyyət",
"Qatar. Pikasso. Latur. 1968.", "Talvar", "Bu
dünyada qatarlar gedər" və s. Hələ tələbəlik
illərindən sevdiyim bir hekayəsi vardı: "Bozluq
içində iki nəfər". Bu mətnin təsiri ilə
magistr mövzumu Elçinin hekayələrindən
götürmüşdüm. "Nərdivanın birinci pilləsi"ndən
başlayaraq bütün maraqlı hekayələrin təhlilini
aparmışdım elmi işimdə. Unudulmaz Yaşar Qarayev
diplom müdafiəsində mövzumla bağlı alovlu
çıxışımı dinləyib sənədlərimi
aspiranturaya təqdim etməyi ərz etmişdi o andaca. Sonrası
da məlum... Bəzən bir an, bir təəssürat insan həyatında
həlledici məqama çevrilir. "Bozluq içində iki
nəfər" - bu hekayədən
başlanan yolçuluq bu günə qədər uzandı,
onun müəllifi ilə eyni zamanın və ictimai-siyasi, ədəbi-tarixi
proseslərin canlı iştirakçısına çevrilmək
taleyini yaşadım. Həm də yeni mətnlərlə
dolğunlaşan bir tərcümeyi-hala şahidlik edərək,
bəzi əsərlərini hələ çap olunmazdan əvvəl
mütaliə etmək şansını qazanaraq,
zövqünü yaşayaraq...
***
Elçin
əsərləri və tənqidi məqalələri ilə
ədəbiyyat baxışımızın
formalaşmasına, bədii-estetik düşüncə
yolumuzun aydınlanmasına təsir göstərən
yazıçılardan idi. Məncə, bütün gələn
nəsillər üçün bu irs elə həmin missiyada
olacaq. Elçin "Nəsr və tənqid" kitabında
40-60-cı illər Azərbaycan nəsrini geniş şəkildə
təhlil edərək həmin dövrün ən yaxından
araşdıran ədəbiyyatşünaslardan biri olub. Sovet
dövründə qələmə aldığı hekayələri
60-cı illər nəsrində hadisə hesab olunub və bu
gün də romantik təhkiyəsi ilə seçilərək
maraqla oxunur. Əsərləri həm mövzu aktuallığı,
həm də bədii dəyəri ilə diqqət çəkib.
Elçin
nəsri üçün iki səciyyəvi məqamı hər
zaman qeyd etmişəm. Biri budur ki, Elçinin əksər əsərlərinin
məkan predmeti, sabit mövzu dairəsi və təsvir əhatəsi
Bakı kəndlərindən, Abşeron torpaqlarından ibarət
olub. Bu torpağın mühiti və məişəti
konkretliyi, koloriti qabarıqlığı, insanları psixoloji
nüfuz dərinliyi ilə elə dəqiq lövhələrlə
canlandırılıb ki, ömründə bircə dəfə
də olsun həmin torpaqlara ayağı dəyməyən
şəxs o təsvirlərin izini tutub ünvanına
yetişə bilər. "Bir görüşün
tarixçəsi", "Toyuğun diri qalması",
"Dolça", "Bayraqdar", "Kaşşeyin
taleyi" povestlərində, eləcə də bir sıra
hekayələrində Abşeron mühiti ilə mənəvi
qovuşmanın əyani təcəssümünü görmək
çətin deyil. Digər məqam, Elçinin əksər əsərlərinin
əsas predmetini təşkil edən tarixiliklə
bağlılıq məsələsidir. Elçinin nəsrində
əsas mövzuya çevrilmiş tarixilik onun ən qüvvətli
əsərlərinin əsas ağırlıq mərkəzi
sayılıb. Tarix bu əsərlərdə hara qədər
görünə bilər, hansı səciyyəsi ilə
funksionallıq kəsb edər kimi suallar Elçinin
prozasında həmişə öz önəmini itirib və
tarixdə olmuş hər hansı fakt elə bədii
illüstrasiyada təqdim edilıb ki, daha çox bədii mətn
olaraq yaşamaq səlahiyyəti qazanıb. "Ölüm
hökmü" romanı 1937-ci il repressiyalarının
mürəkkəbliyini, insan xarakterinin ziddiyyətlərini
açmaq baxımından Azərbaycan ədəbiyyatının
ən uğurlu nümunələrindəndir. "Mahmud və
Məryəm" əsərindəki şərti-metarforik
fonla müvazi verilən dərin
tarixi-fəlsəfi məzmun, müstəqillik
dövründə yazdığı, tarixin yenidən interpretasiyasının
əksi olan "Baş" romanında isə XIX əsr Azərbaycan
gerçəklikləri və Çar Rusiyasının siyasətinin
bədii şəkildə təsviri onun roman janrına
qazandırdığı yeni mündəricə sayıla bilər.
Əsərlərin strukturuna birbaşa zaman ünsürü
kimi daxil olan retrospeksiya, zaman paralelləri, çoxqatlı məkan
ölçüləri, biri digərini əvəzləyən
surətlər polifoniyası, keçmiş zamanlar və məkanlar
arasında əlaqələri yaratmağa xidmət edən
metaforik çoxqatlılıq bu romanları müəyyənləşdirən
əsas struktur vahidi kimi çıxış edir.
1990-cı
illərin mürəkkəb və kataklik mühitində də
Elçin ədəbiyyat meyarlarına sadiq qalan azsaylı
yazıçılardan biri oldu. Həmin dövrdə qələmə
aldığı "Məmməd Əmin Rəsulzadə"
və "Nəriman Nərimanov" monoqrafiyaları
mühacirət ədəbiyyatına yenidən
dönüşdə, sovet epoxasının mürəkkəb
proseslərinin aydınlaşdırılmasında
mühüm rol oynadı. Daha sonra zaman
çaşğınlığı və ziddiyyətləri
içrə yazdığı "Sosrealizm bizə nə
verdi", "Aqoniya, yoxsa təkamül" tədqiqatları!
Yenə də zaman qarışıqlığına ayna tutan
absurd pyesləri, Qarabağ nisgilli "Bayraqdar",
"Qarabağ şikəstəsi", "Sarı gəlin"
kimi mətnləri, tarixi səciyyəli "Baş"
romanı. Povestləri, hekayələri, esseləri. Bir də
müsahibələrində, ədəbi söhbətlərində
yer alan saysız-hesabsız ədəbiyyat dərsləri,
fikir və düşüncələri...
Elçin
çağdaş ədəbiyyatla daim nəfəs alan, həm
nasir, həm də tənqidçi postunu ləyaqətlə
qoruyan yaradıcı şəxsiyyət idi.
Yazıçı tənqidi deyilən anlayışın
haqqını verən azlardan idi. Həm güclü elmi-nəzəri
bazası, həm də rus və Avropa ədəbiyyatına
yaxşı bələdliyi ona milli ədəbiyyatımızla
bağla uğurlu paralellər aparmağa, prosesi sinxron,
müvazi şəkildə dəyərləndirməyə
imkan verirdi. Müsahibələrində və məqalələrində
dünya ədəbiyyatından xəbərdar eruditliyi, eyni
zamanda Azərbaycan ədəbiyyatının keçdiyi immanent
inkişaf qanunauyğunluğuna yaxından bələdliyi ilə
fərqlənirdi.
Amma
bütün bunlarla yanaşı, onu fərqli edən bir
mühüm cəhət də var. O, çağdaş ədəbiyyatla
nəfəs alırdı, ondan gedən bütün təmayül
və yenilikçi meyilləri zamanında duyub dəyərləndirməyə
çalışırdı. Ədəbi prosesi yaxından izləyir,
istedadlı gənc yazıçıların
yaradıcılığına daim qiymət verir, onların
işıqlı cəhətlərini vurğulamağı
özünə borc bilirdi. Ədəbiyyata yenicə
addımlayanlar üçün bu dəyər həyatın
özü qədər əhəmiyyətli idi.
***
Onun nəsrində
insan duyğularını təbiət hadisələri əsasında
mənalandıran hekayələri ayrıca proses idi mənə
görə. Cazibəsindən, estetik aurasından
qopmadığım "Tut Budağı, Ərik
Budağı və Sarı Bülbül" hekayəsini mənə
göndərəndən sonra fikrimi soruşmuşdu. Söhbət
əsnasında, "Nağıl niyə? Bu ki, gözəl
bir eşq hekayətidir", - demişdim. Gülmüşdü
telefonda. "Bəs nahaq yerə mətnə Şekspirin
"Romeo və Cülyetta"sından Knyazın bu fikrini
epiqraf seçməmişəm ki "...yoxdu dünyada bundan
da qəmli dastan"!
Elçin
bu məsum mövzunu hekayəsində orijinal bədii texnika,
alleqoriyanın mətnaltı deyimi ilə ifadə edir, dərindəki
mətləb, sevgi hisslərinin gizli anlamı məhz
alleqoriyanın dili ilə təcəssüm tapırdı.
Sevginin hakim kəsildiyi ruhun çarpışmalarını,
həsrət və gözəllik duyğusunu açmaq
üçün müəllif maraqlı bədii
priyom-üslub kimi məhz alleqoriyadan ustalıqla yararlanır,
duyğuları ağaclar üzərinə köçürməklə
orijinal bədii interpretasiyada təqdim edirdi.
Bugünün
nəzərlərindən baxanda bir daha yəqin olur, sanki
Elçinin nəsrində həyatın
panoram lövhələri, sosial mənzərələri, həyatın
iztirabları, tarixin gedişatı, xalq taleyi kimi ali məqamların
ifadəsi bütöv bir Obrazda təmərküzləşib
və abtraksiya olunub. Ona görə onun mətnlərindəki
əksər obrazlar bizə tanış görünür,
sanki yazıçı bütün Missiya məqsədli məsələləri
bir Obraza həvalə və etibar edib.
Adətən
həyatı idrakda, mənəvi əhval və ovqatda müəyyən
mərhələlər var ki, yazıçı ömrün
hansısa məqamında addım-addım onlara yetir.
Elçində isə belə bir hərəkət sxemi yoxdur,
çünki yaradıcılığı əvvəldən
dünya, "mən" və varlıq deyilən aləmin
qütbündə qərar tutmuşdu. Onun hər mətni mənəvi
və əxlaqi evolyusiyaya qatılan, həyatı,
varlığı bütün mahiyyəti ilə göstərən
bədii-fəlsəfi spektr idi.
***
"Mən
məmur deyiləm, yazıçıyam", - demişdi
müsahibələrinin birində. Bir də
yaradıcılıq sirri ilə bağlı verilən suala
cavabında "saat beşdən doqquza qədər olan zaman kəsiminin
özünə aid olduğunu" vurğulamışdı.
Demək, bütün yazdığı mətnlər məhz
bu zaman aralığında doğulub Elçin müəllimin!
Bəlkə ona görə həyata, dünyaya dan yerinin
işığından baxıb... Baxa bilib hər halda, buna
nail olub... Ona görə ədəbiyyatın, sənətin nə
olduğunu azacıq anlayan insan üçün Elçin həmişə
məmur yox, yazıçı statusu daşıyıb. Şəxsən
mən Elçini həmişə yazıçı kimi
görmüşəm. Yazıçı Elçinin
sözünün mötəbərliyinə inanmışam.
Bu inamı mənə onun çoxyönlü
yaradıcılığının siqləti
aşılayıb. Əsərlərinə səpələdiyi
müsbət ideallar isə onu üfüq xəttinə, ədəbiyyatın
dan yerinə çevirməyi çoxdan bacarıb. Ona görə
dünənimizdə və bugünümüzdə olduğu
kimi ədəbi fikir həyatımızın gələcəyində
də Elçin faktı olacaqdır!
Ədəbiyyatın
dan yeri! Axirətin mübarək!
Elnarə
AKİMOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, ¹28.- S.9.