Ayxan Ayvazın "Banan qabığı"
hekayəsinin
psixopoetik yozumu: Selincer
podteksti
Müəllifin intertekstuallığa meyli,
ilk növbədə, ədəbi mədəniyyətlə
(literary culture)
dialoqa girmək ehtiyacından doğulur. Bu tendensiyanı
yalnız estetik seçim kimi deyil, həmçinin mədəni, psixoloji və sosioloji kontekstlərdən də şərh etmək mümkündür. Xüsusən,
gənc yazarlar klassik(ləşmiş) əsərlərə istinad
etmək və onlarla dialoq qurmaqla, bir növ,
yaradıcı mövqelərini
müəyyənləşdirməyə çalışırlar.
Bu, bir tərəfdən müəllifin özünü
ümumi mədəni
sahənin bir parçası kimi hiss etmək\göstərmək
istəyindən qaynaqlanırsa,
digər tərəfdən,
oxucu ilə estetik-intellektual anlaşma
yaratmaq niyyəti daşıyır. Məşhur
bir mətnlə intertekst qurmaq, onun ideya-məzmun xüsusiyyətləri, rəmzi-metaforik
elementləri, obrazları
və ya süjet modellərinə yaradıcı yanaşma yazara mövcud ədəbi-bədii yaddaşa
müraciət vasitəsilə
yeni mənalar aşkarlamaq
imkanı qazandırır.
Bu mənada, intertekstuallıq
texniki vasitə olmaqla yanaşı, müəllifin mədəni
özünüifadə strategiyasıdır.
Klassik(ləşmiş) mətnlərə
müraciət dekonstruktiv
xarakter də daşıya bilir: məşhur əsərin
qəbul olunmuş şərhlərini çağdaş
kontekstdə yenidən
yozmaq, yeni interpretasiya
imkanları formalaşdırmaq
mümkün olur. Ayxan Ayvazın "Banan qabığı" hekayəsi
travmanın metaforik təsvirinə əsaslanan
bədii psixologizm nümunəsidir. Mətnin
adının eşitmə
bənzərliyi ilə
yanaşı, ideya yaxınlığı ilə
də J.D.Selincerin məşhur, qısaca, çox vaxt "Banan balığı"
adlandırılan "Banan
balığı üçün
mükəmməl gün"
hekayəsi ilə intertekstual əlaqə yaratdığını gözardı
etmək olmaz.
Amerikalı yazıçının əsərinin metaforlaşmanın
şərh düyünü
kimi çıxış
edən başlığında
əksini tapan erotik atmosfer Ayxanın hekayəsində
də qabarıqdır.
Selincerin qəhrəmanı
Seemore çox banan yeyən bir balığın çuxurda ilişib ölməsindən bəhs
edir. Bu vəziyyət
nəticədə ölümə
və ya günahsızlığın itirilməsinə
səbəb olan şirnikləndirici vasitələrlə
(bananlarla) dolu bir həyatın metaforası kimi şərh edilə bilər: "- Acan kimi suyun dibində
olan darboğaz çalalara doluşurlar.
O çalalarda kalan banan olur. Onlar
bu çalalara girməmişdən qabaq adi balıqlardan heç nə ilə fərqlənmirlər.
Amma elə ki girdilər,
özlərini lap donuz
kimi aparırlar. Birini öz gözlərimlə görmüşəm:
o, çalaya girəndən
sonra bir dəfəyə düz yetmiş səkkiz banan yedi. - Oğlan
önündəki döşəyi
yükü ilə birlikdə üfüqə
sarı bir az da irəli itələdi. - Təbii
ki, onlar bu cür çox yediklərinə görə
o qədər şişirlər
ki, girdikləri çaladan
bayıra çıxa
bilmirlər. Onun dar boğazından keçə bilmirlər.
- Çox uzağa getməyək, - Sibil dedi, - bəs sonra neyləyirlər?
- Kimlər?
- Banan balıqları.
- Hə, yəni bilmək istəyirsən
ki, onlar bu qədər yeyəndən
sonra o çaladan bayıra çıxa bilməyəndə neyləyirlər,
hə?.. Deməyə
dilim gəlmir, Sibiş. Onlar ölürlər..."
Beləcə, Selincerin hekayəsində
banan balığı
travma, psixoloji deformasiya və çıxılmazlığın bədii ifadəsinə çevrildiyi kimi, Ayxanın mətnində də banan qabığı
travmatik yaşantının
vizual simvolu kimi çıxış edərək sonda atılır. Bu mənada,
ikincidə nikbin sonluğa ümid vurğulanır.
Bəlli
olduğu kimi, Selincerin hekayəsi psixoanlitik şərhlərdə
fərqli interpretasiyalar
qazanır. Dilrubanın
davranışları da "Banan qabığı"
hekayəsinin podtekstini
nişan verir - barəsində açıq
danışılmasa da, o həm
təcavüz qurbanıdır,
həm də bu aktı xatrılamaqdan
özünə məlum
olmayan zövq alır: "Anamın qabağına yüyürdüm,
əlindəkiləri alıb
mətbəxə apardım
və onda gördüm ki, bacım uzanıb, bananları da üstünə düzüb.
Elə o an mətbəxə
gələn atamla usta da bu mənzərəni
görüb çaşdılar.";
yaxud "Bacımın
pal-paltarı, telefonu,
çarpayısı da sarıya
çevrilmişdi. Bütün
günü öz-özünə
danışır, arada
bananları ilə oynayır, sonra uzun-uzadı pəncərədən
çölə baxırdı".
Ayxanın psixoloji hekayəsində Dilrubanın
bananlarla oynama aludəliyini birmənalı
yozmaq mümkün olmur. Bu cür reqressiv hallar, adətən, şüuraltı
müdafiə mexanizminə
çevrilib acı təcrübəni unutmağa
(və ya başqa bir formada yaşamağa) çalışıldığı zaman baş verir. Dilrubanın davranışları
travma üzərində
nəzarəti bərpa
etmə cəhdi kimi də yozula
bilər. Freydə görə, insan basdırılmış travmatik
təcrübəni düşüncə
və xəyalında
təkrar yaşamaq, yaxud imitasiya etməklə onu bu dəfə öz iradəsi ilə idarə etmək istəyir. Bu düşüncəyə əsasən,
qızın hərəkətlərini
passiv qurban olmaqdan çıxma arzusu kimi də
şərh edə bilərik.
Bədii-estetik dəyəri həmçinin
rəng simvolikasına
əsaslanan "Banan qabığı" hekayəsinin
intermedial aspekti də
diqqətəlayiqdir: rənglərin
vizual sənətlərdəki
psixoloji-assosiativ mənalarından
istifadə edilməsi
mətnə fərqli
kontekst qazandırır.
Qara və sarı rənglərin qarşılaşdırılması məzmunun məhz bu rəmzləşmə üzərindən ifadəsinə
şərait yaradır.
Sarı çox vaxt günəşi, istiliyi, enerjini, sevinc və nikbinliyi ifadə edir. Psixoloqun sarı rəngi "alternativ günəş"
kimi tövsiyə etməsi də bir növ, travmanın
antidotunu yaratmaq, qara(nlıqdan) çıxmaq üçün
işığı çağırmaq,
yaddaşın ağrısını
günəş metaforası
ilə "yuyub" sağaltmaq cəhdidir.
"Kafedə oturub çay sifariş eləyəndə atam ofisiantın qulağına
pıçıldayıb ki, çoxlu limon gətir, bir də elə
elə, çay sapsarı olsun. Ofisiant onda atama
deyib ki, ananas aromalı
çay var, o elə siz deyən kimidir, gətirim baxın. Süfrədə
hər şey sarı rəng olub: ofisiant hardansa sarı örtük gətirib masaya sərib, ananas aromalı, sapsarı çayı şüşə
çaynikdə qarşılarına
qoyub. Üç qabda limon dilimləri və qənd qabındakı qəndlər
də sarıymış.
Onda günün günorta çağıymış,
hardasa gizlənmiş
günəş də
birdən çıxıb
göyün üzünə
və düz bacımın gözlərinə
zillənibmiş." Psixoloji
terapiyanın tərkib
hissəsinə çevrilən
sarı rəng hekayədə bütün
simvolik mənaları
ilə birgə emosional yük daşıyıcısı olmaqla
yanaşı, ailənin
ümidlərini təmsil
edən estetik detal kimi hekayənin
strukturuna hopur.
Ayxan Ayvazın şüuraltıya
estetik təmas edən "Banan qabığı" hekayəsi
travmanın yeni semantik
qatlarda şərhinə
imkan yaratmaqla, ədəbi-mədəni yaddaşla
yaradıcı ünsiyyətin
nəticəsi kimi ərsəyə gəlir: Selincer mətninin strukturu və məna qatlarını yarıaşkar
şəkildə təkrarlasa
da, onu fərqli ədəbi və psixoloji kontekstdə rekonseptuallaşdırır, intertekstual
dialoqu bədii özünüdərk mexanizminə
çevirir.
Mətanət
VAHİD
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, ¹28.- S.13.