Tarixi mənbələrin dili ilə...
(Əvvəli ötən sayımızda)
II yazı)
Hər il, iyulun 1-də sosial
şəbəkələrdə, mətbuatda "Beynəlxalq
Bakılılar Günü"
geniş müzakirəyə
səbəb olur. Bu günün tərəfdarları
və əleyhdarları
müxtəlif arqumentlərlə
çıxış edib
mövqelərini müdafiə
edirlər. Bu il də
istisna olmadı. Mübahisələr, müzakirələr
səngiyəndən sonra
mən də bu "bayram" haqqında düşündüklərimi
qələmə almaq
qərarına gəldim.
Ona görə yox ki, mübahisələrin yenidən
qızışmasına rəvac
verim, ona görə ki, bəzi tarixi məqamlara toxunaraq düşündüklərimi
cəmiyyətə çatdırım.
XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar yarandı, o cümlədən,
Bakı xanlığı
yarandı. Şimal qonşularımız I Pyotrun
Bakını zəbt etmək və Hindistanla Qərbi Avropa arasında ticarət yollarına nəzarət etmək ideyasını yenidən gündəmə gətirərək
yeni planlar qururdular.
XVIII əsrin sonunda II Yekaterina Bakının
zəbt olunması planını reallaşdırmaq
qərarına gəlir.
Belə ki, 1796-cı ildə
rus qoşunları Bakıya hücum edib iyunun 13-də bir əsrdə ikinci dəfə şəhəri işğal
etdilər. Lakin bu işğal uzun çəkmədi. Belə
ki, 1796-cı ilin noyabrında
II Yekaterina dünyasını dəyişir. Onun ölümündən sonra
taxta çıxan I
Pavel 1797-ci ilin martında
qoşunları Bakıdan
geri çağırır.
İşğalçılar şəhəri tərk edirlər. Bakıda həyat yenidən öz axarına qayıdır. Əfsuslar olsun ki, bu əmin-amanlıq
uzun çəkmir.
1801-ci ilin mart ayında
Rusiyada növbəti saray çevrilişi baş verir. I Pavel öldürülür.
Həmin ilin sentyabrında I Aleksandr hakimiyyətə
gətirilir.
I Aleksandr
hakimiyyətinin ilk illərində
liberal reformalar həyata
keçirsə də,
sonrakı illərdə
o da I Pyotrun Xəzərətrafı
bölgələri zəbt
etmək ideyasını
gündəmə gətirir.
1804-cü ildə Rusiya
İrana qarşı müharibə elan edir. Müharibənin əvvəlində
Qafqazda rus hərbi komandanlığı
Xəzər hərbi donanmasının qarşısında
məqsəd qoymuşdu
ki, Bakı limanı və Bakı Qalası rus qoşunlarının dayaq
nöqtəsi olmalıdır.
Ancaq hərbi dəniz donanmasının
heyəti bu tapşırığı yerinə
yetirmək üçün
hazır olmadığına
görə Bakıya hücum 1805-ci ilin yayına təyin olunur.
1805-ci ilin iyul ayının
22-də general Zavalişinin komandanlığı ilə
rus qoşunları Ənzəlidə Xəzər
dəniz donanmasının
gəmiləri ilə
Bakıya tərəf
üzmək əmri aldı. Avqustun 12-də ruslar Bakı limanına yan alır. Avqustun 13-də Bakı xanı Hüseynqulu xan rus hərbi donanmasının gəlişinin
səbəbini öyrənmək
üçün onların
yanına nümayəndə
göndərir. Zavalişin
cavab verir ki, rus imperatorunun əmri ilə Bakını almaq üçün gəliblər
və tələb edir ki, şəhəri və Bakı Qalasını təhvil versinlər. Bunun üçün
o, Hüseynqulu xana iki gün vaxt
verir. İki gündən sonra Hüseynqulu xan daha iki ay vaxt
istəyir. Zavalişin
xanın təklifini qəbul etmir və avqustun 15-də şəhəri gəmilərdən
top atəşinə tutmağı
əmr edir. Bir həftə davam edən top atəşindən
sonra, avqustun 22-də yüksəklikləri tutmaq
və orada artilleriya qurğuları yerləşdirmək üçün
şəhərə bir
neçə desant dəstəsi göndərilir.
Lakin şəhərin müdafiəçiləri
rusların hücumunu
dəf edərək sentyabrın 3-4-də desant
dəstələrini gəmilərə
qayıtmağa məcbur
edirlər. Sentyabrın
6-da Zavalişin hərbi
komandanlığın zabitlərinin
toplantısında hücumun
uğursuz nəticələrini
nəzərə alaraq,
Bakıdan çəkilib
Lənkəran yaxınlığında
Sarı yarımadasına
üzmək qərarını
elan edir.
Rus qoşunlarının Qafqazda
komandanı general Sisianov
Bakı məğlubiyyətini
qəbul edə bilməyərək, 1805-ci ilin
dekabrında özü
Bakını işğal
etmək üçün
hərbi yürüşə
başlayır. Şirvan
xanlığının ərazisindən
keçən yürüş
zamanı Sisianov bu əraziləri zəbt edərək onları Rusiya ərazisi elan edir. Sisianov Hüseynqulu xana xəbər göndərir ki, onun Bakını zəbt etmək fikri qətidir. O, ya Bakını işğal edəcək, ya da bu döyüşlərdə
şəhər darvazası
qarşısında həlak
olacaq. Hüseynqulu xan Sisianova sülh
danışıqları aparmaq
təklif etsə də, rus generalı
bu təklifləri rədd edir. 30 yanvar 1806-cı ildə rus qoşunları Bakının ətrafında
- Nahar-Bulaq quyusunun yanında düşərgə
qururlar və Hüseynqulu xana yenidən təslim olmaq haqqında ultimatum göndərirlər.
Fevral ayının 8-də səhər
Sisianov şəhərin
açarlarını təhvil
almaq üçün
dəvət olunur. Bakı darvazasının
girişində general Sisianov
və onu müşayiət edənlər
güllələnərək öldürülür. Rütbəcə
Sisianovdan sonra komandanlıq üzərinə
düşən general Zavalişin
tələm-tələsik qoşunu
geri çəkir və gəmilərə minərək Dağıstan
sahillərinə üzürlər.
Buradan çətinliklə
Rusiyaya keçməyə
müyəssər olurlar.
General Sisianovun ölümündən
sonra Rusiya hakimiyyəti Bakının
işğalı planında
dəyişiklik edir.
1806-cı ilin may ayında
general-leytenant Qlazenap yenidən formalaşdırılmış
qoşun dəstələri
ilə Dərbəndi,
Qubanı və Bakını işğal etmək üçün yürüşə çıxır.
1806-cı il iyunun 22-də rus
qoşunları Dərbəndi
zəbt edirlər. Bir
aydan sonra yürüşə yeni təyin
olunmuş general Bulqakov
Dərbəndə gəlir
və buradan Qubaya, daha sonra
Bakıya istiqamət götürür. Bakıya
yaxınlaşan qoşun
dəstələri Beşbarmaq
dağı yaxınlığında
düşərgə qururlar.
Burada general Bulqakov Hüseynqulu xanın yaxın adamı Kazım bəylə görüşür və
söz verir ki, nə xana, nə
də Bakı əhalisinə heç bir ziyan vurulmayacaq.
Lakin Hüseynqulu xan
general Bulqakovun vədinə
inanmır və qeyri-bərabər döyüşdə
məğlub olacağını
qabaqcadan bildiyi üçün şəhəri
tərk edərək Ərdəbilə gedir.
3 oktyabr 1806-cı ildə rus qoşunları Bakıya girir və bütün əhalini tərk-silah edirlər. Bakı xanlığı ləğv
edilir və şəhər Rusiya imperiyasının tərkibinə
daxıl edilir.
Beləliklə, 1813-cü ildə Rusiya
və Qacarlar dövləti arasında Gülüstan (Qarabağın
Gülüstan kəndində)
müqaviləsi imzalanır. Müqaviləyə
əsasən, Qarabağ,
Gəncə, Şəki,
Şirvan, Dərbənd,
Quba, Bakı, Talış xanlıqları,
həmçinin Dağıstan,
Kartli-Kaxeti, Meqrel, İmereti, Quri, Şuraqel və Abxaziya Rusiyanın himayəsinə keçir.
1814-cü
ildə Böyük Britaniya və İran arasında imzalanmış
razılığa əsasən
Böyük Britaniya və İran Gülüstan
müqaviləsinin şərtlərini
tanımaqdan imtina edirlər. İran Böyük
Britaniyaya arxalanaraq Gülüstan müqaviləsinin
şərtlərini yenidən
müzakirə etməyi
tələb edir. İngilislər Qacar hakimiyyətinin tələblərini
haqlı sayır və İranı bu məsələdə müdafiə edirlər. Ruslar isə bununla qətiyyən razılaşmırlar.
1826-cı
ilin iyul ayında Qacarlar hücuma keçərək
Talış və Qarabağ xanlıqlarını
geri alırlar. Həmin ilin payızında artıq Gülüstan müqaviləsi
ilə Rusiyaya qatılmış bütün
ərazilər (Dağıstan
istisna olmaqla) azad edilir. Rus qoşunları bu əraziləri boşaltmağa
məcbur edilir. Lakin Qacarların bu qələbə sevinci uzun sürmür. Ruslar toparlanaraq doyüşlərdə tədricən
üstünlüyü ələ
alırlar. Əvvəl
Şamxor ətrafında
qələbə çalan
rus qoşunları sonra Gəncəni, Şuşanı, Naxçıvanı,
Sərdarabadı işğal
edirlər. İrəvan
uğrunda qızğın
döyüşlər gedir.
Ruslar İrəvanı
mühasirəyə alaraq
aylarla şəhərin
müdafiəsini yarmağa
çalışırlar. Nəhayət,
1 oktyabr 1827-ci ildə
İrəvan xanlığı
da ruslar tərəfindən
işğal olunur.
1826-1828-ci illər Rusiya-İran
savaşında ermənilər
ruslara hərtərəfli
yardım edirlər.
10 fevral 1828-ci ildə Rusiya və İran arasında Türkmənçay
(Təbriz yaxınlığında
kənd) müqaviləsi
imzalanır. Müqaviləyə
əsasən, 1813-cü il Gülüstan
müqaviləsinin şərtləri
ilə Rusiyaya keçmiş ərazilərdən
başqa, İrəvan
və Naxçıvan
xanlıqları da rusların
himayəsinə keçir.
Araz çayı boyunca dövlətlərarası
sərhəd müəyyən
olunur.
Rusiya imperiyası I Pyotrun düşündüyü planları
reallaşdırmaq üçün
Bakını ruslaşdırmağa
başlayır. Tarixi mənbələrdə 1807-ci ildə
Bakıda 500 evin olduğu və şəhərdə (Qala
divarları ilə əhatə olunmuş ərazidə - K. Ş.) 3000 nəfər
əhali yaşayırdı
(Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin Prezident
Kitabxanası). Qala divarlarının ətrafı
boyunca (Bayir şəhər - K. Ş.) şəhər
böyüməyə başlayır.
1840-cı ildə Kaspi
vilayəti təşkil
olunur. Mərkəzi Bakı şəhəri olmaqla Bakı qəzası yaradılır. 1846-cı il 14 dekabr
taixində I Nikolay Şamaxı
quberniyası yaradılması
haqqında fərman imzalayır. Bakı qəzası Şamaxı
quberniyasının tərkibinə
daxil edilir. Bakıda neft sənayesi sürətlə
inkişaf edir. 1848-ci ildə dünyada ilk neft quyusu qazılır.
1863-cü ildə Suraxanıda
ağ neft zavodu tikilir. 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə neft-qaz çıxarılmasına başlanılır.
1859-cu il
may ayının 29-30-da baş
vermiş güclü
zəlzələ nəticəsində
Şamaxı şəhəri
tamamilə dağılır.
II Aleksandrın 6 dekabr
1859-cu il tarixli fərmanı
ilə Şamaxı quberniyasının mərkəzi
Bakıya köçürülür
və adı dəyişdirilərək Bakı
quberniyası adlandırılır
(Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin Prezident
Kitabxanası).
Həmin
fərmanla Bakı şəhəri
quberniya mərkəzi
statusu almır.
1851-ci ildə Bakı şəhərində 7431 nəfər
türkdilli müsəlman
yaşayırdı. 1863-cü ildə əhalinin sayı 14.500 nəfərə
çatır. 1897-ci ildə
Bakıda əhalinin sayı artıq 111.904 nəfər idi. Birinci Dünya müharibəsindən (1914-1918) əvvəl Bakının
əhalisi iki dəfə artır.
1903-cü ildə Bakıda
143.786 nəfər, 1913-cü ildə isə 214.640 nəfər yaşayırdı.
Şəhərin etnik
tərkibi digər bölgələrdən gələn
köçkünlər tərəfindən
böyük ölçüdə
dəyişmişdi (Yorq
Baberovskiy. Sivilizatorluq
missiyası və Qafqazda millətçilik:
1828-1914-cü illər. Kazan. 2004. səh. 322. rus dilində).
XX əsrin əvvəllərində
Bakıda 214.700 nəfər
yaşayırdı. Onların
arasında ruslar -
76.300 (35,5%), azərbaycanlılar (o vaxt terminologiyada "Zaqafqaziya tatarları")
- 46.000 (21,4%), ermənilər - 42.000
(19,4%), farslar - 25.000 (11,7%), yəhudilər - 9700 (4,5%), gürcülər
- 4000 (1,9%), almanlar - 3300 (1,5%), Kazan tatarları - 2300
(1,1%). (Müasir Azərbaycan.
Yeni Şərq. 1926.
¹ 4. səh. 174. rus dilində).
Müsəlmanlar xan qalasını əhatə edən tarixi mərkəzdə və şəhərin qərbində, ruslar sənaye qurşağında,
ermənilər isə
şəhərin şimalında
yaşayırdılar. Şəhərin
tikilən yeni mərkəzində qarışıq
əhali yaşayırdı.
(Sivilizatorluq missiyası
və Qafqazda millətçilik: 1828-1914-cü illər. Kazan. 2004. səh.322).
Rəsmi rəqəmləri
təsdiqləyən daha
bir mənbəyə baxaq:
1913-cü ildə Bakının əhalisi, ruslar - 76.228 nəfər, ya da 35,5%, Azərbaycan
türkləri - 45.962 nəfər,
yaxud 21,4%, ermənilər
- 41.680 nəfər, yaxud
19,4% idi ( V. Alişevskiy.
Bakı şəhəri
və sənaye-zavod rayonu 1913-cü il siyahıyaalınmaya əsasən.
II h. Buraxılış 2. Bakı.
1922. səh. 49. rus dilində).
Göründüyü kimi, Rusiya imperiyasının
apardığı siyasət
nəticəsində Bakı
şəhərinin demoqrafik
vəziyyəti tamamilə
dəyişdirilmişdi. Azərbaycanlıların
sayı əhalinin yalnız 21,4%-ni təşkil edirdi. Rusların və ermənilərin birlikdə
sayı şəhər
əhalisinin 54,9%-nə
bərabər idi.
23,7% isə digər millətlərdən ibarət
idi. Çar Rusiyası istəyinə nail olmuşdu. Növbəti addım isə Bakını rus şəhərinə çevirməkdən ibarət
idi. Bu istiqamətdə
də planlar düşünülürdü.
Bakıda əhalinin
sayı 1897-ci ildə
36,0%-dən, 1913-cü ildə
21%-ə enmişdi (Şahbaz
Muradov. Azərbaycan Respublikasında etno-demoqrafik
proseslər: tarixi dəyişikliklər və
reallıqlar. Bakı.
2013).
Bakı XX əsrin
əvvəllərində Rusiyanın
5 ən böyük şəhərlərindən birinə
çevrilmişdi. Sovet
və rus tarixçiləri bu prosesi neft sənayesinin
inkişafı nəticəsində
Bakıya miqrant axını ilə əlaqələndirsələr də, əslində bu, imperiyanın apardığı siyasətin
nəticəsi idi. Şübhəsiz ki, o dövrdə Bakıya güclü miqrant axını olmuşdu. Nəinki Rusiyadan, hətta Avropa ölkələrindən belə,
Bakıya qazanc məqsədi ilə gəlmiş xeyli sayda alman, polyak,
yəhudi, ukraynalı,
belorus, latış, eston mənşəli miqrantları misal çəkə bilərik.
Lakin Bakı əhalisinin rusların və ermənilərin hesabına belə kəskin artması yalnız qazanc üçün gələn
miqrantlarla əlaqəli
deyildi. Məqsədli
şəkildə Bakıya
köçürülən rusların və ermənilərin sayı miqrantların ümumi sayından qat-qat çox idi və getdikcə artmaqda davam edirdi. I Dünya müharibəsinin (1914-1918) başlanması
Bakını rus şəhərinə çevirmək
planını yarımçıq
qoydu.
Yeri gəlmişkən,
qeyd edim ki, Bakıda dövlət müəssisələrində,
idarə və təşkilatlarda bütün
vəzifələrə Rusiyadan
məqsədli şəkildə
köçürülənlər təyin olunurdu. Qazanc məqsədi ilə gələnlər isə "qara" işlərdə çalışırdılar.
Gördüyünüz bu
şəkil 1903-cü ildə
çəkilib. Bakının
küçələrini o zaman Rusiyadan gələn qasterbayterlər
süpürürdü.
(Davamı var)
Kamil
ŞAHVERDİ
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, ¹28.- S.14-15.