Pandemik mələk
Hekayə
Kişi
tək yaşayırdı;
bir öz canıydı, bir də inəkləri. Hər səhər günəşlə birgə
sığallı inəklərini
qurban, sadağayla dağa qaldırardı. Hər axşam da onlarla birgə südlü-südlü kəndə
dönərdi. Qazpulu yığan Səlimdən
savayı, onun hansı səslə, nə dildə danışdığını hələ heç kəs eşitməmişdi,
lal-dinməzin biriydi. Kəlməsi kimi kənddən ayağını
da kəsməmişdi. Hamıya
dinməz olsa da, bacardığı yaxşılığı
edərdi. Ev tikiləndə qaça-qaça
gəlib bənnaya əl tutardı. Yasda ağlayardı, toyda oynayardı. Əsgər gedən oğlanların ciblərinə
gözü yaşara-yaşara
pul basardı. Evlərə süd paylayardı. Əvvəllər
yay-qış soyunub gur axan dağ
çayında çimməyi
də vardı. Bədəni də su kimi bəmbəyaz
idi, deyirdin, günəşdi. Qadınlar
ona baxanda yaşmaqlanardılar. Çin
qripi düşəndən
çimməyini tərgitdi.
Daha çimmir. Bir-birinin ardınca qripin apardığı on
yeddi kənd adamının şəkilli
qəbirləri onun sökük daxmasının
düz qənşərindədir.
Kişi həmin şəkilləri əcəl
zəngi kimi anlayır. Bu şəkillər
hər gün ona "Nəbadə xəstələnəsən, ha", - "deyirlər". Sənin bu Uxan oyunu
ilə əlləşməyə
nə sağlam canın var, nə də salamat baxıcın,
xəstələndin, gedəcəksən
fələyin badına,
inəklərin də
qalacaq yetim, qurda-quşa yem olacaqlar. Bunu istəyirsən?" Kişi
belə tez ölməsini istəmirdi.
Qrip düşəndən
ellik kənd adamları kişiyə oxşamağa başlamışdılar.
Hamısı "kişiləşmişdi".
Onlar da kişi kimi daha bir-biriylə
danışmırdılar. Hərə öz hayında, işindəydi.
Nə toy?! Nə yas?! Nə mərəkə?!
Nə elçilik?! Kənddə nə qoca qalmışdı, nə də ağsaqqal sayan vardı. Kəndin bütün kişiləri
vaksin şüşələri
kimi bir-birinə bənzəməyə başlamışdılar.
Elliyi soyuq və şüşəsifət
olmuşdu. Hamı başını soxmuşdu
paçasının arasında
gizlətdiyi telefonuna,
orda yaşayırdı.
Kənddə kimin öldüyü, kimin qaldığı da bəlli
deyildi. Hərə öz qəbrində yaşayırdı. Təkcə
Molla Vəli bildir, durnalar köç edən zaman bərkdən-bərkdən göyə
qışqırmışdı ki: "-
Ay camaat, Allahın bu qripdən xəbəri yoxdur. Olsa, mən bilərəm. Görəsən,
bu naxoşluğu hansı oğraş fallamasından çıxarıb?"
Ona kənddən cavab verən olmamışdı.
Onca gün sonra isə Molla Vəlini sualına cavab vermək üçün qrip özüylə "Uxana"
aparmışdı. Odur-budur,
kənddə qriplə
bağlı daha heç kəs heç kəsdən heç nə soruşmurdu. Adam varsa, vardı, yoxdursa, daha yoxdur. Heç
kəs dərinə getmirdi. Neynəyə bilərdi, ölüm hamı üçün gəlmişdi. Toruna ilişən quzu kimi başını aşağı salıb üzüsulu gedirdi. Daha kənddə ölüyə ağlayan
da yox idi. Qripə nə deyib ağlayasan?! Qrip bayatıya gəlmir axı?!
Uxan naxoşluğu düşəndən
kişi hər səhər inəklərinin
ağzına özünün
çətənədən toxuduğu maskalar taxardı ki, xəstələnməsinlər.
Onlar da arif idilər. Daha inək içinə çıxmırdırlar.
Bir gün kişi axşam evə dönəndə Yallı
dərənin dibində
bir yaralı eşşək gördü.
Eşşəyin rəngi
də, dərəyə
çöküşü də,
adama tərs baxışı da elə
bil başqa cür idi; əsgər
kimi yaralanmağı
da. Kişi yaxınlaşıb
eşşəyin sərt
daşlar əzmiş
incə dırnaqlarını
boynuna sarıdığı
yun şalı ilə sarıdı. Ona su verib toxdadandan
sonra, ayağa qaldırıb dərədə
qurd-quşa yem olmasın deyə daxmasına gətirdi. Kişi çox kasıb idi: nə tövləsi vardı, nə inəklər üçün
qazma daldanacağı.
Eşşəyə də
özü ilə birgə, hər gecə yatdığı inəklərinin yanında
yer eləyib həmin gecə rahatca yuxuya getdi.
Səhər xorhaxorla yatmış
yaralı eşşəyi
yuxudan oyatmasın deyə, ayaqlarının ucunda yeriyə-yeriyə daxmadan çölə çıxıb bir xeyli çayda yuyundu. Qayıdıb, adəti üzrə şor-çörəyini yemək
üçün döşəmədə
bardaş qurdu. Və qəfil dünən dırnağını
sarıdığı eşşəyi
başının üstündə
dayanmış gördü.
Qədim
yunan heykəllərinə
oxşayan eşşək
insan kimi dil açıb ona xırıltılı
səslə: "Sabahın
xeyir!" - dedi.
Kişi,
əvvəlcə, danışan
eşşəkdən qorxdu.
Kim olsa, qorxar da.
İndi adamlar danışmır,
o ki eşşək ola. Sonra özünü birtəhər
ələ alıb səntirləyə-səntirləyə ayağa qalxdı. Titrəyən dodaqlarını
güclə bir-birinə
toxundurub:
- Sən də Uxandan gəlmisən? - soruşdu.
Eşşək: - Xeyr, mən mələyəm! - dedi və bir dəfə
ucadan anqırdı.
Kişi
az danışsa da, az yaşamamışdı.
Mələk, İblis söhbətlərini
də Molla Vəlidən çox eşitmişdi. Bilirdi ki, mələklər qanadlı
və gözəl qadınlara oxşayan canlılar ola bilərlər.
Saçları da qızılı
və qıvırcıq.
Ya da uzaqbaşı onlar çılpaq və əzələli kişilər kimi gözə görünə
bilərlər. Eşşəyin
adam kimi danışa bilməsi nə qədər möcüzəli iş olsa da, onun mələk
olması heç ağlabatan iş deyildi. Bununla belə, kişi eşşəyin xətrinə
dəymədi.
Ondan: - Onda sən, yəqin yük mələyisən? - dedi.
Eşşək nidalı gözlərini
kişinin üzündə
bir xeyli gəzdirdikdən sonra: - Mələk olsam da, sənə oğulluq edəcəm! - söylədi.
Kişi
döşəməyə dağılmış
çörək qırıntılarını
bir-bir yığıb
ağzına atdıqdan
sonra: - Yoxa lənət! Səni verənə şükür.
Gedək, birlikdə inəkləri otaraq! - dedi.
Eşşək sevindiyindən şahə
qalxıb kişinin sinəsinə bir qoşa təpik vurdu. Zərbədən döşəməyə yıxılmış
kişi eşşəyin
gülüşündən anladı ki, qoşa təpik vurmaq mələklərin sevinməsidir.
Və onlar ata-bala kimi qucaqlaşıb birlikdə inəkləri otarmağa getdilər.
Kənd
çiyin-çiyinə dayanmış
üç hündür
dağın ayağında
salınmışdı. Hər
üç dağın
arxasında dibi görünməz uçurumlar
vardı. Hər addımbaşı göz
yaşı kimi duru bulaqlar axırdı.
Kişi arxada mələk kimi oğul tapdığına
sevinə-sevinə gəlirdi.
Eşşək isə
irəlidə inəkləri
haylaya-haylaya dağ yuxarı qaldırırdı.
Otlaq yeri birinci dağın arxasındaydı. Ora gedən
yol dar döngədən
keçirdi. Eşşək
ağzı maskalı
inəklərlə də
tez dil tapa bilmişdi. Onlar da dinməzcə eşşəyin
qabağına düşüb
oynaya-oynaya otlamağa
gedirdilər. İnəklər
arxası uçurum olan dar döngəyə
çatanda elə bil eşşəyə qəfil biz batırdın.
Döyüş atı
kimi birdən-birə şahə qalxıb inəkləri hürkütdü.
Qorxmuş inəklər
çaşıb dağ
tərəfə qaçmaqdansa,
uçuruma səmt götürdülər. Və
hər ikisi uçurumun sürüşkən
sıldırımından aşağı
yumalandılar.
Kişi
illərlə qarnını
doyurmuş inəklərini
bircə anda öldürmüş eşşək
görkəmli mələyə
heç nə demədi, "Allahın mələyidir də",
- düşündü. Səhvi
özündə axtardı,
özünü danladı.
"Adam da varı-yoxu olan
son iki inəyini tanımadığı, üstəlik,
adam dilində danışan eşşəyə
etibar eləyər ? Eşşəyin nə təqsiri var? O, nə bilir axı inəklər qəfil haydan qorxurlar?! Təqsir özündədir,
öz işini özü görməliydi!"
İnəkləri ölmüş kişi
eşşəyin noxtasından
tutub kor-peşman daxmasına döndü.
Yolda bircə gün ona belə oğulluq
etmiş eşşəyin
verdiyi saysız suallara cavab vermədi. Daxmaya çatanda ağ neftin bitdiyini görən kişi oğulluğunu neft dalınca kəndə göndərməyə məcbur
oldu.
Eşşək tez qayıtdı.
İçəri keçib
nefti bidondan quru otla döşənmiş
çırpılı döşəmənin
üstünə boşaltdı.
Sonra da yandırdığı kibrit çöpünü
islanmış quru otların üstünə
atdı. Kişi eşşəyin nə etdiyini soruşmağa macal tapmamış daxma od tutub
alışdı.
Yanğını köməyə gəlmiş
kənd camaatı hec cürə söndürə bilmədi.
Evdən
ancaq kişinin özü salamat çıxdı.
Kişi
bu dəfə də eşşəyə
bir söz demədi, yenə səbir elədi. Səhvi yenə özündə gördü
və olanı yaxşılığa yozdu.
Ev yanan gecəsinin səhəri eşşək
kişini belinə mindirib şəhərə
getmək fikrində olduğunu söylədi.
Kişi:
- Şəhərdə nə
işimiz var? - soruşdu.
Eşşək: - Artıq sənin
burda evin yoxdur! - dedi.
Eşşək kişini tez razı sala bildi.
Və onlar şər qarışan zaman birdəfəlik
kənddən çıxdılar.
Yolda eşşək yorulanda kişi onu belinə
mindirirdi, kişi yorulanda eşşəyi minirdi. Beləcə, eşşəklə kişi
üç gün, üç gecə yol getdikdən sonra azdıqlarını anladılar. Bu həqiqət
onlara qaranlıq gecədə, qalın ormanlıq içində birdən-birə aydın oldu. Kişinin gözü elə təzəcə meşənin
zülmət qaranlığına
öyrəşirdi ki, qarşısında
iri çöl qabanı gördü. Qaban onunla eşşək
kimi dil açıb danışmadı,
dinməzcə üstünə
cumub qarnına möhkəm bir kəllə vurdu. Zərbədən kişi
yerə yıxıldı.
Qabanın iri, kəsici dişləri qarnına soxulanda isə öləcəyini
anladı. Və sonda onu bu
sıx ormanlığa
gətirib qabana yem etmiş eşşəyə üz
tutub: - Bəs sən Mələk deyilsən?.. Kömək elə də mənə! - qışqırdı.
Eşşək kişinin sönən
gözlərinə baxıb:
- Mələk sənsən,
mən deyiləm, görmürsən qanadların
çıxıb?! - dedi.
Kişi
həqiqətən də,
elə indicə çiynindən çıxmış
qanadlarına baxıb:
- Bəs onda sən kimsən? - soruşdu.
Eşşək: - Mən eşşəyəm
də, ancaq sən məni mələk kimi görürdün! - dedi və ormanın qaranlığında birdən-birə
eşşək kimi qeyb oldu.
Eşşəklə birgə qaban da bircə anda yoxa çıxdı.
Kişi əvvəlcə
qabanın dişləm-dişləm
etdiyi qanlı ayaqlarına baxdı. Sonra
çiyinlərində əmələ
gəlmiş bir cüt qanadın arasından harda olduğunu anlamaq üçün ətrafa
boylandı. Tanımadığı
gözəl bir yerdəydi. Ətrafında
ağ donlu qadınlar, ağ köynəkli kişilər
dolaşırdılar. Biri qanadlarına,
o biri çiyninə buz qoyurdu. Bədənindən
axan qırmızı
qan get-gedə yaşıllaşırdı...
Kişi
ayağa qalxdı. Uzaqda inəklərinin otladığı dağ döşü görünürdü.
İkisi də sapsağlam idilər, arın-arxayın otlayırdılar.
Kişi inəklərini
tapdığına çox
sevindi.
Və qanad çalıb inəklərinə doğru
uçdu.
Və uça-uça son dəfə
dünyaya baxdı. Öz-özünə fikirləşdi
ki, "görəsən, yazıq
eşşək onsuz
o qripli dünyada, qaranlıqda necə yaşayacaq? Aciz olduğu üçün
onu incitməyəcəklər
ki?"
Orxan FİKRƏTOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, №28.- S.17.