Dünya tarixi-fəlsəfi
fikrində türk
mədəniyyətləri
və sivilizasiyaları problemi
XIX əsrin
ikinci yarısından başlayaraq, mədəniyyət və
sivilizasiyalar tarixi, mədəni-tarixi tiplər ilə əlaqədar
N.Danilevski, O.Şpenqler, A.Toynbi və digərləri tərəfindən
irəli sürülmüş konsepsiyalarda türklər
yalnız "vəhşi" və
"dağıdıcı", ən yaxşı halda neqativ
planda verilən "köçəri" mədəniyyət
daşıyıcısı kimi göstərilib. Klassik
avrasiyaçıların və Turan
avrasiyaçılığı, türk-slavyan tədqiqatları
("tyurkoslavika") istisna olmaqla, bəşəri əhəmiyyətə
malik Qədim və Orta əsrlər türk sivilizasiyaları
haqqında bu cür mübahisəli və qərəzli rəylərə
qarşı dünya fəlsəfi fikir tarixində hələ
ki ciddi arqumentlər irəli sürülməyib.
Məqalədə
Rusiyanın böyük Avrasiya dövlətinə çevrilməsində
əhəmiyyətli rol oynamış türk
xalqlarının tarixi keçmişinə və mədəniyyətinə
obyektiv qiymət vermiş avrasiyaçılıq elmi-nəzəri
platformasına, ayrıca olaraq N.Trubeskoyun "Avropa və bəşəriyyət"
kitabına, "Rus mədəniyyətində Turan elementləri"
məqaləsinə, L.N.Qumilyovun etnogenez və passionarlıq nəzəriyyələrinə,
O.Süleymenovun "Az i Ya" kitabı ilə əsası
qoyulmuş türk-slavyan (tyurkoslavistika) tədqiqatlarına və
digər mənbələrə alternativ mövqe kimi müraciət
edirik.
Məqalənin tədqiqat predmeti türk mədəniyyətləri və sivilizasiyalarının, türk tarixi-mədəni tipinin dünya mədəniyyətləri və sivilizasiyaları kontekstində, bu vaxtadək bu istiqamətdə irəli sürülmüş nəzəriyyə və konsepsiyalarda təmsil və təqdimolunma problemidir. Məsələnin aktuallaşdırılması hazırda ciddi geosiyasi, iqtisadi, mədəni və informasiya mübadiləsi platformasına çevrilməkdə olan Türk Dövlətləri Təşkilatının ideoloji bazasının formalaşması ilə də bağlıdır.
Burada dünya sivilizasiyaları tarixinə dair ən yeni tədqiqatlardan birində Amerika siyasətçisi Samuel Hantinqtonun gəldiyi rəyə istinad qaçılmazdır: indi ölkələri siyasi və iqtisadi sistemlərə, iqtisadi inkişaf səviyyəsinə söykənərək yox, mədəni və sivilizasiya meyarlarına görə qruplaşdırmaq daha düzgün olardı... Sivilizasiyaların toqquşması və dünya nizamının modernləşməsi bütün dünyada qeyri-Qərb mədəniyyətlərinin dirçəlməsinə yol açıb (Huntington S. The Clash of Civilizations? // Foreign Affairs. - 1993. - Summer (vol.72, ¹ 3). - P. 20, 50-66).
B.Yerasovun
qeydinə görə, Amerika kulturoloqları A.Kryober və K.
Klakxon tərəfindən tərtib olunmuş lüğətdə
("A Critical Review of Consepts and Definitions". N.Y. 1952. - P.
291) "mədəniyyət" sözünə verilmiş
164 tərifin böyük hissəsi "sivilizasiya" termini
ilə eyniyyət təşkil edir (Sravnitelğnoe
izuçenie üivilizaüiy. Xrestomatiə, - M., 2001., s.23). Fikrimizcə,
göstərilən müntəxəbatda sivilizasiyaların tədqiqinə
kompleks yanaşmadan bəhs edən bölmədə səslənən
rəy "vəhşi" və "barbarlar"
anlayışlarına müəyyən aydınlıq gətirməklə
yanaşı, bu ifadələrin konkret xalqlara aid edilməməsi
iddiasını ortaya qoyur: "Sosial antropologiyanın nailiyyətləri
ona gətirib çıxardı ki, "barbarlar" və
"vəhşilər" anlayışları elmi işlərin
səhifələrindən itmiş oldu (söz gəlmişkən,
bəzən qeyri-elmi publisistikada hansısa başqa bir
xalqın və ya əhali kateqoriyasının mədəni
statusunun aşağı salınması üçün bu
ifadələrə yol verilir). Bu sözlər "ibtidai"
və ya "təbii" tayfalar, "ənənəvi"
və ya "tarixəqədərki" cəmiyyətlər
ifadələri ilə əvəzləndi, lakin ... bu
"reabilitasiya" sözün mənalarını terminoloji
müəyyənlikdən məhrum edərək, daha çox
aşınmasına səbəb olub". (Sravnitelğnoe
izuçenie üivilizaüiy. Xrestomatiə, s.30)
Sivilizasiyaların
inkişaf tarixi və xüsusiyyətləri barədə digər
mötəbər rəylərə müraciət edək. XIX
əsr fransız tarixçisi və filosofu, dil və ədəbiyyat
nəzəriyyəçisi, dövlət xadimi Fransua Gizo qəti
şəkildə əmin idi ki, "Sivilizasiyanı konkret
olaraq hansısa Avropa ölkəsində axtarmaq olmaz. Onun tarixi
təkcə bir ölkənin tarixi ilə bağlı öyrənilməməlidir...
o, heç vaxt tam olaraq müəyyən bir ölkədə
inkişaf etməyib. Sivilizasiya tarixinin elementlərini gah
Fransada, gah İngiltərədə, gah Almaniyada, gah da
İtaliya və İspaniyada axtarmaq lazım gəlir... Ona tam əminəm
ki, bəşəriyyət ümumi bir müqəddərata
malikdir: sivilizasiya xəzinəsini nəsillərdən-nəsillərə
ötürmək. Bu isə o deməkdir ki, sivilizasiyanın
ümumdünya tarixi mövcuddur".
Alman
filosofu, ekzistensializmin əsas nümayəndələrindən
biri, psixoloq və psixiatr Karl Yaspers yazır ki, "son beş əsrdə
avropalılar bütün dünyanı öz orbitalarına
çəkdilər. Onlar hər yerdə öz sivilizasiyalarını
yayır, digərlərinin sivilizasiyasından onlarda olmayan ən
qiymətli xüsusiyyətləri götürürdülər...
İlk olaraq avropalılar dünyanı dərk olunan,
ünsiyyəti məqsədyönlü, uzunmüddətli və
etibarlı etdilər... Mədəniyyətlərin birliyi
faktiki olaraq, həyati formaların, institutların, təsəvvürlərin
və təriqətlərin ümumi birliyidir - bu, xalqların
yaranışının, dil və taleyinin birliyidir;
"dünya dinləri" statusu ilə dinlərin vəhdətidir"
(Əspers K. Smısl i naznaçenie istorii: Per. s nem. - M.:
Politizdat, 1991. - s.260-261)
Bu məsələyə
öz münasibətimizə gəlincə, qeyd edək ki, XX əsrin
əvvəllərində Türkiyə və Rusiyada
türkizm ideyalarını təbliğ edən ideoloqlar da
Avropa mədəniyyətinin üstünlüyünü dərk
edir, türk mədəniyyətinin ondan geri
qaldığını təsdiqləyirdilər. Əhməd
Ağaoğlu 1927-ci ildə nəşr olunmuş kitabında
yazırdı: "Sel kimi axıb gələn və
qarşısında öz türündən əngəllər
görməyən Avropa mədəniyyəti hər şeyi
sürükləyib götürür. Bu halda tək çarə
yenə o mədəniyyətə isinişmək, onu
almaqdır." (Ağaoğlu Ə. Üç mədəniyyət.
- Bakı: Mütərcim, 2006. - s.30).
Bu ərəfədə
İsmayıl Qaspıralı, Yusif Akçura, Əli Bəy
Hüseynzadə və b. tərəfindən pantürkist
ideyaları fəal şəkildə müzakirə edilirdi.
1923-cü ildə Ziya Göyalpın
"Türkçülüyün əsas prinsipləri"
kitabı işıq üzü görmüşdü. Yeni
yaranmış Mustafa Kamal Atatürk hökuməti Avropa dəyərlərini
özünə hədəf seçmişdi. Rusiya, Fransa və
Türkiyənin təhsil, ictimai-siyasi və sosial-mədəni
həyatının bilicisi kimi Ə.Ağaoğlu türk
dünyası mədəniyyətinin Qərb mədəniyyətindən
geri düşdüyünü etiraf edərək, bu qalib mədəniyyətə
üstün gəlməyin
mümkünsüzlüyünü vurğulayırdı
(Ağaoğlu Ə. Üç mədəniyyət. - s.35). Təbii
ki, bugünkü şəraitdə Avropa mədəniyyətinin
mənimsənilməsi, süzgəcdən keçirilməsi,
milli zəminə uyğunlaşdırılması ilə
bağlı Azərbaycan mütəfəkkirinin fikirləri qəbuledilməzdir.
Sivilizasiya
nəzəriyyələrinin meydana gəlməsini rus mənşəli
Amerika sosioloqu Pitirim Sorokin müasir sosiologiya və bir-birilə
əlaqəli elmlərin möhtəşəm nailiyyəti
hesab edir. O, N.Danilevskinin bunu nəhəng "mədəni-tarixi"
tiplər, O.Şpenqlerin "yüksək mədəniyyətlər",
A. Toynbinin "sivilizasiyalar", A.Kreberin "ali dəyərlərə
əsaslanan mədəniyyət modelləri", F.Nortropun
"mədəni sistemlər" və ya "dünya mədəniyyətləri",
N.Berdyayevin "böyük mədəniyyətlər",
özünün isə "nəhəng mədəni sistemlər
və supersistemlər" adlandırdıqlarını
vurğulayır. P.Sorokin o fikirdədir ki, yarım əsr
intervalla irəli sürülmüş N.Danilevski və
O.Şpenqler nəzəriyyələri arasında konseptual
uyğunluq var. Daha geniş tarixi materiallara söykənən,
tarixi və makrososial biliklərin şedevri hesab olunan
A.Toynbinin sivilizasiyalar nəzəriyyəsini isə P.Sorokin ilk
iki nəzəriyyənin kuliminasiya nöqtəsi kimi dəyərləndirir
(Sorokin P. Sociological Theories of Today. N.Y.; L., 1966. - p. 177-204). Son
tədqiqatlarda ən yeni dövrün Qərb və islam
sivilizasiyalarının toqquşması kimi səciyyələndirilməsi
barədə rəylərə rast gəlsək də (Fukuyama
F. The End of History and the Last Man. The Free Press, 446 p.; Huntington S.
The Clash of Civilizations? // Foreign Affairs. - 1993. - Summer (vol.72, ¹ 3).
- p. 22-49), fikrimizcə, bu gün yüksək
texnologiyaların (həm də hərbi) və süni
intellektin tərəqqisi, tətbiqi, bütün fəaliyyət
sahələrində intişarı, bundan irəli gələn
fəsadlardan bəşəriyyətin özünüqoruma
instinktinin formalaşması mərhələsindəyik.
XIX əsrin
ikinci yarısından başlayaraq, mədəniyyət və
sivilizasiyalar tarixi ilə əlaqədar N.Danilevski,
O.Şpenqler və A.Toynbi tərəfindən irəli
sürülmüş konsepsiyalarda məsələyə tam
başqa yanaşmalara rast gəlirik. N.Danilevskinin
yaratdığı "lokal sivilizasiyalar", "mədəni-tarixi
tiplər" nəzəriyyəsinin daha geniş müzakirəsinə
ehtiyac var. Çünki mədəniyyət və
sivilizasiyalar tarixi barədə ziddiyyətli rəylərin, bu
tarixdə türk xalqlarının yeri haqqında qeyri-obyektiv
və qeyri-müəyyən fikirlərin formalaşmasında
ona məxsus göstərilən nəzəriyyə
mühüm rol oynayıb. Rus avrasiyaçı-alimlərin və
Rusiya - keçmiş Sovetlər İttifaqında baş
qaldıran Turan avrasiyaçılığı ideyaları
daşıyıcılarının, xüsusilə, XIX əsrdə
rus ictimai-fəlsəfi fikrində formalaşmış
antitürk baxışları və nəzəriyyələri
təkzib edən elmi axtarışlarını daha çox məsələyə
daxili münasibət və etiraz kimi qiymətləndiririk.
1869-cu ildə
rus filosofu N.Danilevskinin "Rusiya və Avropa" kitabında
irəli sürülmüş lokal sivilizasiyalar
konsepsiyasından (bu, həm də mədəni-tarixi tiplər
nəzəriyyəsi kimi müəyyən olunur) başlanan
müzakirələr bu gün də aktuallığını
saxlayır. N.Danilevski öz kitabında dünya tarixində
yer almış on özünəməxsus və müstəqil,
"mükəmməl" mədəni-tarixi tipin mövcud
olduğunu təsdiqləyir: 1) Misir; 2) Çin; 3)
Assiriya-Babil-Finikiya; 4) hind; 5) İran; 6) yəhudi; 7) yunan; 8)
Roma; 9) yeni semit və ya Ərəbistan; 10) roman-german və ya
Avropa. Onuncu bəndə inkişaf dövrünü
tamamlamağa macal tapmadan "zorla ölümə məhkum
edilmiş" daha iki Amerika tipi: Meksika və Peru mədəni-tarixi
tipləri daxil edilir. N.Danilevski həm də gələcəkdə
rus-slavyan mədəni-tarixi tipinin formalaşacağı qənaətində
idi (Danilevskiy N.Ə. Rossiə i Evropa. - Moskva:
İzdatelğstvo AST: OQİZ, 2023. s.121-124). Bu məqsədlə
o, kitabın "Ümumslavyan İttifaqı" fəslində
Rusiyanın Avropa siyasi sisteminin üzvü ola bilməsini
istisna edir və Avropa ilə mübarizənin vacibliyini
vurğulayır (Danilevskiy N.Ə. Rossiə i Evropa. - s.481-524).
Sonuncu - yekun fəsildə isə Avropa tipindən fərqli
slavyan mədəni-tarixi tipini səciyyələndirilir
(Danilevskiy N.Ə. Rossiə i Evropa. - s.565-612).
N.Danilevskinin
müasiri - F.Dostoyevski də onun konsepsiyasını, "mədəni-tarixi
tiplər" nəzəriyyəsi ilə bağlı
yazılarını böyük maraqla izləyirdi. Xüsusən,
"Şərq məsələsi"ndə onların
mövqeləri üst-üstə düşürdü.
Fikrimizcə, "Mənim paradoksum", "Paradoksdan
çıxan nəticə" və "Şərq məsələsi"
başlıqları altında apardığı qeydlərdə
(Dostoevskiy F.M. Dnevnik pisatelə: izbrannıe straniüı. -
M.: Sovremennik, 1989, 557 s.) F.Dostoyevski rus filosofu N.Danilevskinin
türk mədəni-tarixi tipinin mövcudluğunu inkar etməsinin
əsl səbəbinə aydınlıq gətirir. Belə
çıxır ki, XIV-XVII əsrlərdə Qızıl
Orda, sonra isə Osmanlı İmperiyası ilə sıx
münasibətləri sayəsində qüdrətli Avrasiya
dövlətinə çevrilmiş və böyük
yüksəlişə nail olmuş Rusiya özünün hun,
avar, Xəzər, peçeneq və tatar keçmişinə
görə xəcalət çəkir. Məqsəd isə
Avropada, Qərbdə eşidilmək və qəbul olunmaq istəyi
idi. Avropaya pəncərə açmış Rusiya təkcə
pravoslav yox, həm də türk keçmişindən imtina
etməliydi. Bircə "xəstə adamı yataqdan
sürüyüb birdəfəlik atmaq" (burada F.Dostoyevski
Osmanlı İmperiyasını nəzərdə tuturdu - T.C.)
qalırdı. Ancaq slavyan birliyi naminə N.Danilevski və
F.Dostoyevski Avropanın konsilium çağırıb, yenidən
"onu müalicə etməsi"ni istəmirlər...
Çünki Avropa ölkələrinin "heç vaxt həllini
tapmayan Şərq məsələsi"nə müdaxiləsi
Filofoyin siyasi nəzəriyyəsinə və I Pyotrun vəsiyyətinə
uyğun olaraq, Rusiyanın Konstantinopolu azad etməsi və onu
Ümumslavyan İttifaqının mərkəzinə
çevirmək planlarına mane olacaqdı... Hətta rus alimlərinin
ən yeni tədqiqatlarında da Rusiyanın bugünkü bəlalarında
türk irsi günahlandırılır, türk izləri
axtarılır. Rusiyanın Qərb sivilizasiyası ilə
qaynayıb-qarışmamasının səbəblərindən
biri kimi bu ölkənin bəzi tarixi, dini, mədəni
xüsusiyyətləri göstərilir. Qərb siyasətçilərinin,
publisist və mütəfəkkirlərinin fikrincə, bir
sıra hadisələr rus təhlükəsi haqqında mif
formalaşdırıb, Rusiyanın "çoxəsrlik
dayaqları sarsılmış Avropa sivilizasiyasını
öz qanında boğmaq mükəlləfiyyətini
çiynində daşıdığı"
vurğulanır [Baqno V.E. Mif - obraz - motiv. - Sankt-Peterburq:
İzdatelğstvo Puşkinskoqo Doma, izdatelğstvo "Vita
Nova", 2014. - s.336, 339].
N.Danilevskidən
təxminən, yarım əsr sonra alman filosofu O.Şpenqler
ümumdünya tarixi ideyasını rədd edərək,
çox sayda ayrı-ayrı özünəməxsus, tam sərbəst
orqanizmi xatırladan mədəniyyətlərin
mövcudluğunu vurğulayır, bu xüsusda səkkiz
böyük mədəniyyət üzərində dayanır:
Misir, Babil, hind, Çin, yunan-Roma (antik), ərəb-Bizans
(mistik), Mayya (Meksika), Qərbi Avropa (Faust). O, yeni - rus-Sibir mədəniyyətinin
yaranmasını ehtimal edir... (Şpenqler O. Zakat Evropı: v 2
t. M., 2004. T. 2. - s.39)
İngilis
tarixçisi, filosof və nəzəriyyəçisi
A.Toynbinin təklif etdiyi təsnifatın kökündə dini
və ərazi meyarları durur; o, cəmiyyətlər
arasında dini əlaqələrin mövcudluğu və ya
yoxluğu, həmçinin konkret cəmiyyətin
yarandığı məkandan aralılıq dərəcəsi
amilinə istinad edir. Əvvəlcə tarixdə yer
almış iyirmi bir sivilizasiyanı xüsusilə
vurğulayır: Qərb, əsas pravoslav xristian (Bizans-balkan),
Rusiyadakı pravoslav xristian, İran, ərəb, hind, indus,
Uzaq Şərqin əsas sivilizasiyası, Koreya və Yaponiyaya
aid Uzaq Şərq sivilizasiyası, ellin (yunan-Roma), Suriya,
Çin, minoy, Şumer, Xett, Babil, and, Meksika, yukatan, maya və
Misir. Sonra isə A.Toynbi müstəqil sivilizasiyaların
sayını ona endirir... (Toynbi A. Postijenie istorii. - M.:
Akademiçeskiy proekt, 2023. - s.77-79).
N.Danilevskinin
irəli sürdüyü məqamlara fikir bildirmək
üçün tarixə ekskursa və rəyə ehtiyac
duyuruq:
1.
Sivilizasiyalar (lokal sivilizasiyalar) və ya mədəni-tarixi tiplər
nəzəriyyəsinin təqdim edildiyi XIX əsrin 60-cı
illərinin sonu Rusiya və Osmanlı imperiyaları arasında
növbəti müharibələr dövrünün
başlanğıcı idi. Rusiya Osmanlı
İmperiyasını Şərqi Avropa və Balkanlarda
asılılığında olan slavyan dövlətlərinin
ərazisindən çıxartmaq məqsədini
qarşısına qoymuş, rus siyasi və mədəni
mühitində slavyanofil ideyaları geniş
yayılmışdı. Bir tərəfdən, slavyanofil, digər
tərəfdən isə, qərbçilik ideyaları rus
ictimai-mədəni-ədəbi mühitinə və təfəkkürünə
hakim kəsilmiş, Rusiyada, eyni zamanda bütün Avropada
antitürk əhval-ruhiyyəsi güclənmişdi.
2.
Filosofun qənaətinə görə, Avropanın (əslində
Avrasiyanın) yenidən bölüşdürülməsi
prosesində Mərkəzi, Şərqi və Cənubi Avropa
bu qitənin yeni tarixinə töhfələr vermiş
Rusiyanın təsir dairəsi altına keçməli,
Yunanıstan da daxil olmaqla, bütün slavyan xalqları, hətta
düşmən mövqeyində duran Polşa, slavyanlara yaxın
Rumınya, Macarıstan Ümumslavyan İttifaqına
qoşulmaqla rus-slavyan mədəni-tarixi tipini
formalaşdırmalıdır. Bu İttifaqın
yaranmasında dominant rol mədəni-mənəvi komponentə
verilsə də, müəllif siyasi azadlığı əsas
fundament kimi dəyərləndirir.
3. Dini-ideoloji, siyasi, sosial-iqtisadi cəhətdən ikiyə bölünmüş Avropada (roman-german və yunan-slavyan dünyası) Rusiya: 1) slavyan xalqlarının siyasi müstəqilliyinin təminatçısı; 2) yunan-slavyan dünyasının müdafiəçisi və havadarı, eyni zamanda Avrasiyada onun təsiri altında olan ərazilərə mədəniyyət və tərəqqi gətirmə missiyasını üzərinə götürür. Hərçənd sonuncu missiyanı N.Danilevski heç də Rusiya üçün gərəkli hesab etmir. Xatırlatmağa dəyər ki, Rusiya İmperiyası "Rusiya və Avropa" kitabı çap olunanadək artıq Polşanı, Finlandiyanı, Qafqazı, Qafqazyanı əraziləri, Orta Asiyanın böyük bir hissəsini, Uzaq Şərqi və sair torpaqları öz ərazilərinə qatmışdı. Gündəlikdə isə nəinki zəifləmiş Osmanlı İmperiyasının Şərqi və Cənubi Avropada, Balkanlarda istilasına son qoymaq, hətta İstanbulu azad edib oranı Ümumslavyan İttifaqının paytaxtına çevirmək planı var idi.
4. N.Danilevski tərəfindən yeni - rus-slavyan tarixi-mədəni tipinin irəli sürülməsi iddiası fonunda tarixdə türk mədəniyyətləri və sivilizasiyalarının izləri və rolunun inkarı faktının kökü çox dərində idi. Bu, hələ 1453-cü ildə II Məhmət (Fateh) tərəfindən Konstantinopolun tutulması zamanından bəri Avrasiyada genişlənməkdə və möhkəmlənməkdə olan Moskva Rusunda, kilsə dairələrində formalaşmış "Moskva - III Romadır" siyasi nəzəriyyəsi platformasında Osmanlı Türkiyəsinə qarşı təşəkkül tapan dini-ideoloji və hərbi-siyasi mübarizənin davamı idi.
5. N.Danilevski tərəfindən Avropada roman-german mədəni-tarixi tipinə alternativ rus-slavyan tipini irəli sürməsi anlaşılan idi. Anlaşılmayan o idi ki, rus filosofu hələ slavyan tayfalarının tarix meydanında ortaya çıxdıqları ilk dövrlərdən bəri təmasda olduqları, xalqların böyük köçləri zamanı tərəfindən hərbi yürüşlərə cəlb edildikləri, çoxəsrlik qonşuluq və birgəyaşayış nəticəsində hərbi-siyasi, iqtisadi və mədəni təsirini daddıqları və sıx interqasiya nəticəsində qarşılıqlı assimiliyasiyada olduqları türk xalqlarını, özünü bariz şəkildə büruzə verən türk xalqlarının mədəniyyət və sivilizasiyalar tarixini görməməzliyə vururdu. O, sərhədləri yenidən formalaşan Avropada rus-slavyan mədəni-tarixi tipinin yaranmaqda olduğunu təsdiq edirsə, hansı səbəbdən Rusiyanın ucsuz-bucaqsız Avrasiya dövləti kimi ucaldığı, iddia olunan slavyan mədəni-tarixi tipinin formalaşdığı tarixi türk torpaqlarındakı dövlətçilik ənənələrinin, hərb sənətinin, mifik və dini təsəvvürlərin, elmi-mədəni irsin, folklor və ədəbiyyatın üzərindən adlayırdı?
6. Təbiyyatçı alim və filosof kimi N.Danilevski həm də tarixin inkişaf qanunauyğunluqlarını, etnos, xalq və cəmiyyətlərə məxsus mədəniyyətlərin formalaşması proseslərini yaxşı dərk edirdi. Lakin hərbi-siyasi konyuktura onu obyektivlikdən uzaq tuturdu. XX əsrin 20-30-cu illərində rus avrasiyaçı alimlər P.Savitskinin və N.Trubeskoyun irəli sürdükləri "Rus tarixinin Avrasiya konsepsiyası", "Rus mədəniyyətində Turan elementləri", əsrin sonlarına doğru L.Qumilyovun passionarlıq, etnogenez və Yerin biosferi nəzəriyyələri, onun "Qədim türklər", "Xəzər ətrafının minillik tarixi", "Rusdan Rusiyayadək", "Avrasiya ritmləri: dövrlər və sivilizasiyalar" və digər kitabları, O.Süleymenovun "Turan avrasiyaçılığı" axtarışları, son illər türk mədəniyyətləri və sivilizasiyaları tarixi ilə bağlı türk ölkələrində, xüsusilə, Azərbaycanda (F.Ağasıoğlu, N.Cəfərov, C.Feyziyev, R.Rəsulov və b.) və Qazaxıstanda (O.Süleymenov, R.Rəhmanəliyev, S.Bulekbayev və b.) nəşr olunan kitab və məqalələr nəinki rus filosofu N.Danilevskinin 1869-cu ilə aid "lokal sivilizasiyalar" nəzəriyyəsini, hətta onun davamçıları kimi görünən O.Şpenqlerin və A.Toynbinin dünya mədəniyyətlərinin və sivilizasiyalarının yaranması, formalaşması, çiçəklənməsi və süqutu kimi anlayışlara düzəlişlər etməyin vacibliyini aktuallaşdırır.
7. Fikrimizcə, "Rusiya və Avropa" kitabının yeni nəşrinə yazılmış geniş və tarixin gedişinə müasir yanaşmada iddialı "Ön söz"də bu gün türk və slavyan dünyasında baş verən hadisələr obyektivcəsinə qiymətləndirilməli idi. "Ön söz"ün müəllifi İ.S.Bajov türk və slavyan dünyasının yeni siyasi və mədəni mənzərəsinə, türk-slavyan münasibətlərinin yeni məzmununa, Rusiya-Ukrayna hərbi-siyasi qarşıdurmasına yuxarıda qeyd etdiyimiz siyasi, mədəni və ideoloji platformalara uyğun N.Danilevskinin lokal sivilizasiyalar nəzəriyyəsini, mədəni-tarixi tipləri və onların mövcudluğunu şərtləndirən qanunauyğunluqları düzgün şərh edə bilərdi.
(Davamı
var)
Telman CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, ¹28.- S.20-21.