Görkəmli şəxsiyyətlər
Bəxtiyar Vahabzadə haqqında
Bəxtiyar Vahabzadə-100
Bəxtiyar Vahabzadə şəxsiyyəti
və yaradıcılığı
ilə xalqın milli təfəkkürünün formalaşmasına
xidmət etmiş, onu milli dirçəlişə
səsləmiş, istiqlaliyyət
uğrunda mübarizədə
əvəzsiz rol oynamışdır. O, hər
zaman azadlıq carçısı
olmuş, ən çətin anlarda belə güc və silah qarşısında
baş əyməmiş,
əqidəsindən dönməyən
şair, mübariz millət vəkili, yorulmaz ictimai xadim kimi xalqın
müdafiəsinə qalxmışdır.
Heydər Əliyev
Azərbaycan Respublikasının Ümummilli
Lideri
***
Onun adını Bəxtiyar qoydular. Bu bir arzu, bir ümid,
bir xoş niyyət idi. Bir insan üçün bəxtiyarlıq nədir?
Mal, dövlət, sağlamlıq!
- deyərsiniz. Bəlkə
də, bu nemətlər insanı müəyyən mənada,
müəyyən bir
zaman möhlətində bəxtiyar
edə bilər, lakin bu köçəri
bəxtiyarlıq bu sözün böyük mənasında bəxtiyarlıq
olarmı?
Mən belə mümkün bir sual üstündə
düşünərkən öz-özümə deyirəm:
Yox!
Şair
Bəxtiyarın bəxtiyarlığı
onun qibtə ediləcək dərəcədə
böyük olan poetik istedadıdır. Bu yaradıcılıq istedadı
ona dərin xalq məhəbbəti qazandırmışdır. Onu
vətənin sevimli şairi etmişdir. Belə bir tale səadətdir. Belə bir insan həqiqətən
bəxtiyardır.
Onun ilhamlı ürək döyüntüsü ilə
keçən yuxusuz gecələri, onun xalqını, Vətənini
əsrin çətin
yüksəliş yollarında,
yürüşdə ilk sıralarda
görmək arzusu ilə keçirdiyi nigaranlıq, duyduğu sevinc, keçirdiyi incikli günlər hər kəsə nəsib olmayan bəxtiyarlıqdır.
Rəsul Rza
***
Neçə minillik ədəbiyyat
tariximizin ən dəyərli sənətkarlarından
olan Bəxtiyar Vahabzadə haqqında dəfələrlə yazmışam,
yubileylərində, müxtəlif
tədbirlərdə çıxışlar
etmişəm. O, mənimçün
"Siz" və
"Bəxtiyar müəllim"
idi, mən onunçün "Sən"
və sadəcə
"Anar". Amma aramızda
yaş fərqi və hörmət pərdəsi qarşılıqlı
xoş münasibətlərimizə,
fikir, əqidə birliyimizə, çox qəliz məsələlərdə
eyni mövqedən çıxış etməyimizə,
çətin anlarda bir-birimizə həyan olmağımıza mane olmurdu. Bir çox məqamlarda mətbuat səhifələrində bir-birimizi
şərdən, böhtandan
qoruyurduq. Sənətkar
kimi, vətəndaş
kimi, şəxsiyyət
kimi Bəxtiyar Vahabzadənin bir dırnağına dəyməyən
ədəbi mığmığalar,
ara-sıra onu da sancırdılar. Söhbətlərimizin
birində Bəxtiyar müəllimin dediyi sözləri heç vaxt unutmaram: - Onları qınama, bu dünyada hərənin bacardığı
və bacarmadığı
bir iş olur. Biz yazmağı bacarırıq, böhtan,
şər atmağı
bacarmırıq, onlar
da əksinə, şər,
böhtan atmağı
çox yaxşı bacarırlar, amma yazmağı bacarmırlar.
Belə də davam edəcək. Biz əsər yaradacağıq,
onlar da bizə şər, böhtan atacaqlar.
ANAR
***
Vahabzadənin poetik təfəkkür
mədəniyyəti təbiətcə
millidir. Bu, müstəsna
dərəcədə zəruri
haldır ki, sən övladı olduğunu nitq hissəsində fel olmağı bacarsan, xalqının canlı dil memarlığına öz
töhfəni verə
biləsən. Bununla yanaşı, Vahabzadənin
poetik təfəkkür
mədəniyyəti daha
üstün mahiyyət
kəsb edir və millilikdən ümumbəşəri fövqə
qalxır. Milli və beynəlmiləl münasibətlər
problemi günümüzün
canlı mübahisələrə
çevrilən məsələlərindən
biridir və bu problem... öz mütərəqqiliyini, obrazlılığını,
nadir əhatəliyini və
məhsuldarlığını bir daha Vahabzadə
yaradıcılığında tapıb. İndiki halda sən azərbaycanlı şairi
oxuyanda - dünyanı
oxuyursan.
...Lirizm və vətəndaşlıq Bəxtiyarın
yaradıcılığında ayrılmaz qoşa simlərdir və bu simlər onun şəxsi və ictimai dünyagörüşünün qüdrətliliyinə bir
daha şəhadət
verir. O, vətənpərvərdir,
o aqildir, sözün yaxşı mənasında,
nəsihətverən, yol
göstərən sənətkardır.
Vahabzadənin başqa
kamil cəhətlərindən
biri də odur ki, şair öz əsərlərində
tarixi müasirlik qədər yaşada bilir. Keçmişə görə əzab çəkmək, ona bu günün gözüylə baxmaq - Bəxtiyarın mövzu dairəsinin genişliyindən,
mürəkkəbliyindən və zənginliyindən xəbər verir.
...Dünyada ad çıxaran çox şairlər var. Qəzet
və jurnalları vərəqlədikcə görürsən
ki, əsl şair azdır. Tək-tənha qalanda, bir neçə
kəlmə ilə
"Həyat nədir?"
sualına cavab axtaranda yalnız sözü fikirdən, obrazdan, ruh və
nəfəsdən yoğrulmuş
həqiqi şairlər
sənin yaşamaq eşqinə, düşüncələrinə
qol-qanad verir. Müasirimiz Bəxtiyar Vahabzadə belə şairlərdəndir.
Çingiz Aytmatov
***
B.Vahabzadə bütün
ölkədə tanınan
və sevilən bir şairdir. Mən onu həm
insan, həm də sənətkar kimi yaxşı tanıyıram. Onun poeziyasında Şərqə
məxsus bütün
gözəl keyfiyyətlər
əksini tapıb. O, Xalq şairidir, laureatdır, ən böyük mükafatlara layiq görülüb.
Lakin ən böyük
mükafatı xalqın
sevgisidir. Bir cavan oğlan mənə Bəxtiyarın şeirini
ana dilində oxudu, sonra isə tərcümə elədi
və dedi: - Bu, bizim Bəxtiyarın şeiridir. Şərqdə
ən hörmətli adamları soyadı ilə deyil, adı ilə çağırırlar. Məsələn,
Abay, Sabir, Səməd
və s.
Bəxtiyarın həm bədii
yaradıcılığı, həm də ictimai fəaliyyəti hər cür hörmətə layiqdir.
Oljas Süleymenov
***
Bəxtiyar Vahabzadənin yaradıcılıq
dünyasının ən
ülvi qayəsi müdriklik duyğusudur. Söz sərrafı olan şairin ali ustalığının
məna və mahiyyəti də məhz bunun üstündə köklənmişdir.
Bəxtiyar Vahabzadə: "Mən
sükutun dilini, dərdini, möhnətini,
həm də əbədiyyətin bir
ani minnətini qavramaq
istəyirəm", - deyəndə,
həmin məqamda sirli-soraqlı varlığın
əsrarını və
qanunauyğunluğunu açmağın
ülviliyinə, ilkinliyinə
ucalır. Bu cəhd şairi filosoflarla qohumlaşdırır, doğmalaşdırır.
Poeziyada insanın mənəvi aləmi sanki çılpaqlaşır,
o, adilikdən, ətalətdən
qurtulur. Poeziya optikanı - görüm dairəsini də dəyişir: İnsan əbədiyyətlə aniliyi,
ötəriliyi bir-birindən
ayırd edib fərqləndirir. Bəxtiyar
Vahabzadənin poeziyası
məhz bu keyfiyyətlərə malikdir.
Mən Bəxtiyar Vahabzadənin əsərlərini
oxuyarkən, ondakı
şair sözünün
tutumu, siqləti və dəqiqliyi barədə düşünürəm.
Bəxtiyar Vahabzadə insan
varlığını, insan
taleyini ənənəvi
motivlərlə, ən
yeni poeziyanın nailiyyətləri
ilə birləşdirərək
geniş imkanlar yaradır. Şairin ehtiyat tədbiri heç də nəsihət deyil, "şəxsi məsuliyyət
mövzusundakı monoloq"
ruhunda səslənir.
Şair
hər şeirində
təbiidir, çünki
o səmimidir, ürəyiaçıqdır,
ədəbaz deyil, sünilikdən uzaqdır.
Məhz buna görə
də onun sözünə inanırsan.
Axı, poeziyada ən acı hiss aldanışdır. Tez inanan
oxucu etiraf gözləyir, oxucu qəlbi məhz yalnız ona - səmimiliyə hay verir. Burada onu süjetlə
ələ almaq, fabula
ilə maraqlandırmaq
olmaz. Təqdim edilən mətndə poetik iksirin, maddənin olub-olmadığını
oxucu, hətta bir neçə misradan səhvsiz müəyyənləşdirir. Mən də bir oxucu kimi
təsdiq edirəm: Bəxtiyar Vahabzadənin
"Bir gəminin yolçusuyuq"
kitabında ağır
və eyni zamanda çəkisiz, şəffaf və əsrarəngiz poetik iksir var.
Pavlo Movçan
(Ukrayna)
***
Nəsimi
personaj kimi pyesdə birbaşa iştirak etməsə də, Nəsiminin üsyankar ruhu, onun məsləki hadisələrin gözə
görünməyən iştirakçısına
və qəhrəmanına
çevrilir. Yüksək
səviyyəli dramatik
təcəssümü ilə
seçilən bu əsər B.Vahabzadənin
böyük istedadını
və sənətkarlığını
təsdiq edir.
L.N.Qumilyov
***
Bəxtiyar Vahabzadə... fitri
şairlik istedadı sayəsində hələ
gənc yaşlarından
oxucuların sevməyə
başladığı, həmişə
diqqətlə izlədiyi
və böyük ümid bəslədiyi xoşbəxt sənətkarlardandır...
Vahabzadə bu sözün ən yaxşı mənasında
narahat şairdir... B.Vahabzadənin qəhrəmanı ilə
özü arasında
ziddiyyət yoxdur.
Mehdi Hüseyn
***
Həqiqi
sənətkar... bəzən
od tutub yanır, bəzən Prometey kimi üsyankar, bəzən məsum uşaq kimi kövrək olur və bu zamanlar
da onun Lirası insanın qəlbini sarsıdan, ruhi aləmini təlatümə
gətirən ülvi
bir avazla səslənir. Və biz ona şair deyirik.
Bəxtiyar Vahabzadə
belə sənətkarlardandır.
İlyas
Əfəndiyev
***
Mənə Bəxtiyar Vahabzadənin
şeirlərini tərcümə
etmək, Mərdəkandakı
sanatoriyada onun yeni şeirlər kitabı üzərində birlikdə
işlədiyimiz vaxt tez-tez görüşmək
səadəti nəsib
olmuşdur. Biz, adətən
səhər yeməyi
zamanı görüşərdik.
Qamətli, nəzakətli,
gözlərinin şəfqəti
ilə qəlb isindirən Bəxtiyar mənim üçün həmişə başlanan
iş gününün
fərəhli akkordu idi. Səhər yeməyindən sonra, adətən bağda gəzirdik. Addımlarımız
getdikcə yeyinləşir,
söhbətimiz isə
getdikcə daha dolaşıq olur, tez-tez qırılırdı.
Bəxtiyarın çöhrəsindən
görürdüm ki, bütün
varlığı ilə
haradasa uzaqlarda, öz xəyallar aləmində dolaşır.
O, demək olar ki, həmişə gözləmədiyim
halda, birdən dayanır, vidalaşır
və yazı masasının yanına gedirdi. Əvvəllər söhbəti birdən-birə
kəsmək ədası
məni təəccübləndirirdi,
sonralar xatırladım
ki, ağlıma bir fikir gələndə, ilhamım coşanda mən özüm də bu cür
hərəkət edirəm,
Bəxtiyar yaradıcı
adamın bir göz qırpımında
öz poetik düşüncələr aləminə
daxil olmasının və sanki real həyatdan ayrılmasının
ən parlaq timsalıdır.
Rimma Kazakova
(Rusiya)
***
Türk
ədəbiyyatı üçün
Mehmet Akif, Yəhya Kamal, Nəcib
Fazil nə isə, Azərbaycan ədəbiyyatı üçün
də Bəxtiyar Vahabzadə odur... B.Vahabzadə bütün türk dünyasının ortaq səsi, sevən ürəyi, aydınlıq
üzü və gözəllik cizgisi, rəmzidir! Bu baxımdan,
yeni Azərbaycan Cümhuriyyətinin
yaranmasında onun hayqıran yaradıcılığının
mühüm bir payı vardır.
Yavuz Bülənd Bakilər
(Türkiyə)
***
Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən B.Vahabzadədən öyrəndim... B.Vahabzadə
realist şairdir. Dolaşıq
və müəmmalı
ifadələr, aydın
olmayan tərkiblər
və əllaməçilik
onun sənətinə
yaddır.
Əhməd Şmide
(Almaniya)
***
Xalq şairi Bəxtiyar Vahabzadənin çoxcəhətli
yaradıcılığı bir neçə doktorluq dissertasiyası üçün mövzu verir. Əgər onun sənətkarlığının
sirlərini açası
olsaq, qalın-qalın
kitablar yazmalı olarıq. Bu böyük şair hansı bir fikri isə
deməkdən ötrü,
onu düşündürən,
darıxdıran bir fikri insanlara çatdırmaq üçün
şeir yazır. Yəni, şeir yazmaq özü onun qəlbini yüngüllətmək, fikrini
demək, ürəyini
boşaltmaq üçün
bəhanədir. İlk anda
heç kəsin ağlına gəlmir ki, Bəxtiyar Vahabzadə dərdini danışır.
Xeyr, xeyr, Xalq şairi şeir yazır, gözəl şeirlər!
Şeirin gözəl
deyilişi, gözəl
hörülməsi, şirin
ləhcəsi sənətkarlıqdırsa,
şeirin fikri, dediyi dərdin, sevincin nə dərəcədə düzgün,
xalq üçün nə dərəcədə
vacibliyi şairin çəkisidi, ağırlığıdı.
Şair xalqın təzyiq ölçənidir.
Şairin şeirində
xalqın güzəranı,
arzuları, xoş günləri, bəd günləri yaşayır:
əlbət ki, əsl
şairdən söhbət
gedir, Xalq şairi Bəxtiyar Vahabzadədən danışırıq.
Fikrət Qoca
***
B.Vahabzadənin müşahidə
dairəsi, toxunduğu
problemlər və düşüncələr axarı
çox geniş və vüsətlidir. İnsan qəlbini bir xəritəyə bənzətsək, onun bir çox naməlum guşələrində,
əlçatmaz zirvələrində
Bəxtiyar kəlamına
məxsus bayraqcıqların
sancılmış olduğunu
görərik.
Bəkir Nəbiyev
Akademik
***
Müasir
zövqümüzün, bədii
zehni təfəkkürümüzün,
mənəvi koloritimizin
külçələşməsində,
gələcəyimizə yadigar
verilməsində böyük
xidməti olan söz ustalarımızdan
biri Bəxtiyar Vahabzadədir.
Tofiq Hacıyev
Akademik
***
B.Vahabzadə ənənəyə
sadiq şairdir. B.Vahabzadə poeziyasında vəzn və qafiyədən çox ustalıqla istifadə olunur. Onun şeirini oxuyarkən insan səs ahənginin necə ustalıqla dəyişdiyini hiss edir. B.Vahabzadə poeziyası şeirin məna və mündəricəsinə uyğun
ucalıq duyğusu təlqin edən bir söz sehridir.
Mehmet
Kaplan
Professor
***
Başqaları üçün bəlkə
də şeir mövzusu olmayan mövzular, görüşlər
və fikirlər onun şair nəfəsi ilə şeirə çevrilə
bilir. Bir sözlə,
o şeirlə düşünən
sənətkardır. Oxucusunu
da qələmə aldığı
mövzuda özü kimi düşünməyə
vadar edə bilir... Bu qüdrətli Azərbaycan şairi türk oxucuları üçün də əzizdir. O, Türkiyədə
də sevilir və oxunur.
Yavuz Akpınar
(Türkiyə)
***
B.Vahabzadə bizə
öyrətdi ki, hər
millətin ana dili o millətin namusu və vicdanıdır. O, nəsillərin bir-birinə
ötürdüyü ən
qiymətli misradır.
Namusumuz üstündə
necə əsiriksə,
dilimiz üçün
də eyni şəkildə əsməli,
onu gözlərimiz kimi qorumalıyıq. Ana dilində xalqın tarixi yaşayır. Bu dil uca dağlarımızın
əzəmətindən, yatağına
sığmayan sel-suların
hiddətindən, çiçəklərin
əlvan rəngindən
və ətrindən,
aşıqlarımızın yanıqlı türkülərindən
yaranmışdır.
...Vahabzadə seçdiyi ən adi mövzuya
"lirizmi" tətbiq
etməyi bacaran, ən adi əşyada
belə şeiriyyət
görən, onu şeirləşdirə bilən
qüdrətli söz
ustasıdır...
Vahabzadə anadan şair doğulub. Qüdrətlidir,
çoxşaxəlidir.
Əhməd Bican Ercilasun
(Türkiyə)
***
Azadlıq, müstəqillik uğrunda
mücadilə zəmanəmizin
böyük sənətkarı
Bəxtiyar Vahabzadənin
yaradıcılığının ana xəttini təşkil edir. Əlli ildən çoxdur ki, şair, mütəfəkkir,
ictimai xadim, ideoloq Bəxtiyar Vahabzadə milli azadlığın
poetik tarixini yaradır. Həmin tarixin son beş illik mərhələsinin
sosial-psixoloji həyəcanları
da ən mükəmməl
şəkildə, birinci
növbədə, Vahabzadənin
ehtiraslı poeziyasında
əks olunur. Bəxtiyarın zamanla,
milli ekoloji mühitlə
nəfəs alan təbiətən üsyankar
qəhrəmanı özünün
kim olduğunu bütün etnik-fizioloji aydınlığı ilə
yaxşı bilir.
Nizami Cəfərov
Akademik
Ədəbiyyat qəzeti.- 2025.- 15 avqust, ¹29.- S.4-5.