İsfəndiyar
Vahabzadə: Mən atama ilahi
varlıq kimi
baxmışam. Ona səcdə eləmişəm.
- Çingiz Aytmatovla dostluğunun tarixindən
başlayaq.
- Əvvəlcə yazışırdılar. Sonra atamı Qırğızıstana dəvət etmişdi. Orda görüşmüşdülər. Sonra 1985-ci ildə atamın 60 illik yubileyinə gəldi. Çıxış elədi. Çingiz Aytmatov bir neçə dəfə gəlmişdi bizə. Amma xahiş edirdi ki, Bəxtiyar, mən gələndə kimsə bilməsin. Gələrdi. 2-3 gün qalardı. Şəkiyə gedərdilər. Atamın Moskvada çıxan kitabına da Ön söz yazmışdı. Bir xatirəmi danışım. Mən İsveçrədə işləyəndə Heydər Əliyev atama bir qızıl qələm vermişdi ki, bunu Çingiz Aytmatova çatdırarsan. O zaman, səhv etmirəmsə, Çingiz Aytmatov Fransada işləyirdi. Atam qələmi mənə verdi ki, bunu Çingizə çatdırarsan. Mən qələmi özümlə götürdüm. Elə oldu ki, çemodanım itdi. Bilmədim neyləyim, bir həftədən sonra çemodan tapıldı. Mən qələmi Qırğızıstanın İsveçrədəki səfirinə verdim ki, bunu Çingiz Aytmatova çatdırsın.
- Bəs Oljas Süleymenov?
- Onunla da dostluqları çoxdan başlamışdı. Moskvada tanış olmuşdular. Tez-tez telefon danışıqları olurdu. 20 Yanvar hadisələrində atam onu Bakıya dəvət etdi. Gəldi.
- Siz Məhəmməd Hadinin tədqiqatçısısınız. Doktorluq işiniz Hadi ilə bağlı olub. Amma namizədlik dissertasiyanız Süleyman Rüstəmlə bağlıdır. Süleyman Rüstəmin yaradıcılığına sizi sövq edən nə oldu, yaxud Süleyman Rüstəmdən sonra necə oldu Hadiyə yönəldiniz?
- Deməli, mən İrandan gəlmişdim və İrandan özümlə kifayət qədər material gətirmişdim. Dissertasiyamın adı əvvəlcə belə idi: "Cənubi Azərbaycanda inqilabi azadlıq hərəkatının nəsrdə əksi". Yəni söhbət Azərbaycan nəsrindən gedirdi. Mən bunu yazanda sovet vaxtıydı, 1980-ci illərin əvvəlləri. Məqalələrim də çıxırdı. Dedilər ki, Moskva bu mövzunu təsdiq etməyəcək. Elmi rəhbərim Yaşar Qarayev idi. Mövzumun adını dəyişdilər - "Süleyman Rüstəmin yaradıcılığında Cənubi Azərbaycan mövzusu". Müdafiə etdim. Bundan sonra mən Məhəmməd Hadinin yaradıcılığını doktorluq mövzusu kimi götürdüm. Onu da müdafiə etdim. Yadıma gəlir, Xarici İşlər Nazirliyində idarə rəisi işləyirdim. Nazir Həsən Həsənov idi. Həsənov məni çağırıb dedi ki, sabah Heydər Əliyev İrana gedir. Sən də tərcüməçi kimi getməlisən. Tərcüməni sən edəcəksən. Ertəsi gün getdik İrana. Qayıdandan sonra zəng vurub dedilər ki, Heydər Əliyev səni qəbul edəcək. Gəldim Heydər Əliyevin qəbuluna. Dedi, "sənədlərinə baxıram, həmişə partiya sistemində çalışmısan. Mən Bəxtiyarı tanıyandan disident olub. Dedi, əslində sovet sənin kisəndən gedib. Sovet dövründə ancaq vəzifələrdə olmusan, partiya işində çalışmısan. İndi də sovet dağılıb, nazir müavini gedirsən. Sonra dedi, "Süleyman Rüstəm gözəl şair olub, amma tribun bir şairdir, Məhəmməd Hadi Azərbaycan romantizminin banisidir. Hərçənd, Azərbaycanda romantizmin banisi Əli bəy Hüseynzadədir... Sonra əlavə etdi, romantizmə qalsa, Abbas Səhhət də romantik olub. Romantikləri "mürtəce" və "mütərəqqi"yə bölüblər.
- Bunu Heydər Əliyev dedi?
- Bəli. Belə dedi: Hərçənd, Azərbaycan romantizminin banisi Əli bəy Hüseynzadədir, onun davamçıları Cavidlə Məhəmməd Hadi olub, dedi. Sonra Süleyman Rüstəmlə, Məhəmməd Hadi ilə bağlı fikirlərimlə maraqlandı... O söhbətdən sonra mən Mədəniyyət nazirinin müavini təyin olundum.
- Bəs Məhəmməd Hadi mövzusuna
necə gəldiniz?
- Məhəmməd Hadi ağır mövzudur.
Hətta deyərdim, Füzulidən də ağır
mövzudur. Elmi məsləhətçim Məmməd Cəfər
müəllim, rəsmi opponentim Əziz Mirəhmədov idi. Mənə
məsləhət gördülər ki, mövzunu işləməzdən
əvvəl Kantı, Şopenhaueri və Nitsşeni
oxuyum... Hadi ilə Şopenhauer
arasında paralellər, müqayisələr aparım. Yeniyetməlik illərimdən bir
şakərim vardı. Atam demişdi ki, bir şey oxuyanda çalış,
kitabın qıraqlarına fikirlərini yaz. On ildən sonra bir də oxuyarsan. Mən
Hadini də elə oxumuşdum. Qeydlər edərək.
Atamın dediyi kimi oldu. Müdafiə edəndən neçə
il sonra bir də oxudum. Gördüm ki, yox, həmin fikirləri
özüm də qəbul etmədim. Burda Məmməd Cəfər
müəllimin bir fikri yadıma düşür. Demişdi,
elmlər doktoruyam, professoram, akademikəm, hamısından
imtina etməyə hazıram. Çünki biz Məhəmməd
Hadini layiqincə tədqiq edə bilməmişik. Hadi ilə
Şopenhauer arasında paralellərdən söz düşəndə,
deyirdim bəs, siz niyə aparmadınız bu paralelləri?
Deyirdilər, sən cavansan, bacararsan. İndi özüm
çatmışam onların yaşına, görürəm
yox, bu mövzular mən girən kol deyil. Sovet dövründə
Hadini dərindən tədqiq etmək olmazdı. İndi isə
Hadini, Şopenhaueri və Nitsşeni bir yerdə tədqiq eləmək
mümkün deyil. Buna kimin qüdrəti çatar? Elə bil
Hadi Şopenhauerin əsərlərini
nəzmə çəkib. Mən müxtəlif işlərdə
çalışdım. Buna görə də tədqiqatçılığımı
davam etdirə bilmədim.
- Hadi
haqqında ən yaxşı yazılardan birini 1958-ci ilə Bəxtiyar
Vahabzadə yazmışdı. "Şairin faciəsi" məqaləsi.
Yeri gəlmişkən, Bəxtiyar Vahabzadənin həmin məqaləsində
Şopenhauer də xatırlanır. Hadi üzərində tədqiqlərinizi
indi davam etdirmək istəyərsiz?
- Yox. 71
yaşım var mənim. Artıq gecdir... Atam mənim indiki yaşımdan 13
yaş böyük olanda dünyasını dəyişib.
-
Atanızın yubileylərini xatırlayırsız?
- Təəssüf
ki, yox. Heç vaxt atamın yubileylərində iştirak edə
bilməmişəm. 1975-ci ildə atamın 50 illiyində təcili
Moskvaya getməli oldum, o səbəbdən yubileyində
iştirak edə bilmədim. 60 illiyində Azərbaycanda
deyildim. 70 illiyində də, 80 yaşı tamam olanda da burda
deyildim, qismət olmadı. Söz vermişdim ki, 90 illiyində
olacam. 83 yaşında dünyasını dəyişdi. Bu da
belə qismət olmadı. İndi səhhətimdə problem
var, əməliyyat olunmalıyam. Ölümdən qorxmuram.
Amma zülümlü ölümdən qorxuram. Bilmirəm, atamın 100 illiyində
iştirak etmək mənə nəsib olacaqmı?
-
İki kitabınızı - Süleyman Rüstəmlə və
Məhəmməd Hadi ilə bağlı
kitablarınızı oxumuşam. Başqa kitablarınız
varmı?
-
Çap olunmamış 5 kitabım var. Nə vaxtsa çap olunar...
- Əvvəllər
Zəki Vəlidi Toğan barədə də silsilə
yazılarınızı oxuyurdum.
-
Əlimdəki kitablardan biri elə Zəki Vəlidi Toğan
haqqında yazdığım kitabdı. Orda legionlar barədə
də yazmışam. O kitabı yazanda bildim ki, Azərbaycan
legionu olmayıb, Türküstan legionu olub. Mən Almaniyada
olanda bu məsələləri dərindən
araşdırdım. Türküstan legionu 1939-cu ildə
yaradılıb. Onun da ilk başçısı qazax Mustafa
Çokayev olub. Çokayev 1941-ci ilin dekabrında ölüb. Onun yerinə Vəli Qəyyum Xan gəlib. Ondan sonra Baymirza Hayıt.
Basmaçılar. Orta Asiyadan
gedən basmaçılar Türküstan legionu yaradıblar.
Azərbaycan legionuni isə yarada bilməyiblər.
Gürcüstan legionu yaranıb, Ermənistan legionu da
yaradılıb. Azərbaycan legionu isə yaranmayıb.
Çünki azərbaycanlılar iki yerə
bölünüb. Zəki Vəlidi haqqında kitabımda Sədri Məqsudi Arsal barədə
də yazmışam.
- Mənim
düşüncələrimdə Bəxtiyar Vahabzadənin
Neftçala səfərləri bir ayrı tarixdir. Evimizdə onun atama
yazdığı 134 məktub qorunur. Gənclik illərindən
üzü bəri birgə çəkilmiş neçə
şəkilləri var. Atamın şəxsi kitabxanasında
istisnasız olaraq bütün kitablarının avtoqraflı nüsxələri
qorunur. İndi məşhur olan "Ay Allah" şeirinin ilk
nüsxəsi də bizdədir. Atam, bəlkə də yeganə
adamdır ki, Bəxtiyar Vahabzadə
dörd şeirini ona ithaf edib, haqqında iki məqalə
yazıb...
- Anam həmişə
deyirdi ki, İmamverdi nur kündəsidi. Həqiqətən,
nur adam idi. Səsində bir yatımlılq var idi.
Mülayimlik var idi. Mən heç kəsdə elə
mülayim səs görməmişəm. Atamla çox
yaxın dost idilər. Atam tez-tez Neftçalaya - sizə
gedirdi. Xudu Məmmədovla, Məsud Əlioğlu ilə. Atam
deyirdi ki, bəzən ürəyim dolur, heç kəsə
deyə bilmədiyim sözlər olur, səhər tezdən də
olsa, gecəyarısı da olsa, İmamverdigilə getmək
istəyirəm. Yadıma gəlir, lap balaca olanda mən də
gəlmişdim sizə. Atamla birgə.
- Neçənci
il olardı?
- Mən
lap balacaydım, beş-altı yaşım olardı..
-
Atanıza ehtiyac duyursunuz?
- Mən
atama ilahi varlıq kimi baxmışam. Ona səcdə eləmişəm.
Həmişə də çalışmışam ki, o, məni
təsdiqləsin... Həmişə istəyim bu olub.
Söhbətləşdi:
Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2025.- 15 avqust, ¹29.- S.6-7.