"Türk
Edebiyatı" jurnalının
son sayı
Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olundu
Fəlsəfi məzmunlu lirikanın
gözəl nümunələrini
yaratmağa müvəffəq
olan Bəxtiyar Vahabzadə ədəbiyyatımızda,
ictimai fikir həyatımızda mənəvi
ucalıqda qərar tapan şairlərdəndir.
Azərbaycan poeziyasında
vətəndaşlıq ruhunun
qüvvətlənməsində və sənətkarlıq
imkanlarının genişlənməsində
Bəxtiyar Vahabzadənin
müstəsna xidmətləri
var. Bəxtiyar Vahabzadə
Azərbaycanın Türkiyədə
ən çox tanınan və sevilən şairlərindəndir.
Elə şairin türk dünyasına münasibəti, Türkiyəyə
bəslədiyi doğma
sevginin bariz nümunəsi olan "bir millət, iki dövlət" misraları ondan hər iki xalqın
sevimlisi kimi bəhs etməyə imkan verir.
Bu il Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə
Türkiyədə də
bir sıra işlər görmək planlaşdırılır. Bu sıradan,
gerçəkləşən nümunələrdən biri
Türkiyənin nüfuzlu
təşkilatlarından sayılan
Türk Ədəbiyyatı
Vəqfinin böyük
şairin 100 illiyinə
həsr etdiyi "Bəxtiyar Vahabzadə 100 yaşında" xüsusi
buraxılışını ərsəyə gətirməsidir.
Türk
Ədəbiyyatı Vəqfi
son illərdə ədəbiyyat
yönündə bir sıra uğurlu nümunələr meydana qoyur ki, bütün bunlar hər iki xalqın ədəbiyyatının qarşılıqlı
şəkildə əməkdaşlığına,
zövq və tanışlıq mübadiləsinə
yol açır. Bəxtiyar Vahabzadəyə
həsr olunmuş jurnal həmin missiyaya daxil olan işlər sırasındadır. Azərbaycan
ədəbiyyatını türk
oxucusuna daha çox yaxınlaşdırmaq,
daha çox tanıtmaq və sevdirmək! Türk Ədəbiyyatı Vəqfinin
rəhbəri Serhad Kabaklı daim belə işlərə dəstək verir, Azərbaycan ədəbiyyatını
diqqətdə saxlamaqla
bütün mühüm
məqamları bədii
düşüncənin mərkəzinə
gətirməyə çalışır.
Yubileylər keçirir,
təqdimatlar təşkil
edir, kitablar yayınlayır, mükafatlarla
dəyərləndirir. Bu yöndə,
həmçinin Azərbaycan
Yazıçılar Birliyinin
Türkiyə təmsilçisi
İmdad Avşarın
da xidmətini ayrıca
qeyd etmək lazımdır. İmdad Avşar Azərbaycan ədəbiyyatının təmsilçisi
olaraq bədii mətnlərin operativ və peşəkar şəkildə Türkiyə
türkcəsinə çevrilərək
çap olunmasında
səmərəli fəaliyyət
sərgiləyir.
Bəxtiyar Vahabzadə haqqında
hazırlanmış "Türk
edebiyatı" jurnalının
xüsusi buraxılışı
da bu mənada Vəqfin gördüyü
mütərəqqi addımlardan
hesab oluna bilər. Jurnal yazıçı-tərcüməçi,
"Türk Ədəbiyyatı
dərgisi"nin baş
redaktoru İmdad Avşarın "Hasbihal"
məqaləsi ilə
açılır. İmdad
Avşar Bəxtiyar Vahabzadənin şair kimi səciyyəvi cəhətlərini təhlil
etməklə bərabər,
şairin Əhməd
Şmidenin vasitəçiliyi
ilə Ahmet Kabaklı
arasında qurulmuş
dostluğuna, bütövlükdə
Türkiyə ilə əlaqələrinə diqqət
çəkir. Bu gün
müstəqil və suverenliyini yaşayan Azərbaycan xalqına Bəxtiyar Bahabzadənin zamanında səsləndirdiyi
ideyaların nə qədər gərəkli
və gerçək olduğunu vurğulayır:
"Bu ay sayfalarımızın tamamını doğumunun
100. yılı dolayısıyla
büyük şair Bahtiyar Vahapzade'ye ayırdık. Bahtiyar Vahapzade'nin dergimizle ilişkisi 1972 yılı
Eylül ayında başlamış. 9. sayımızdan
itibaren de yazıları
ve şiirleri sayfalarımız arasında
yer almış. Onun, Ahmed Schmiede aracılığıyla kurucumuz
Şeyhülmuharrir?n
Ahmet Kabaklı ile dostluğu da o yıllara dayanıyor. Dolayısıyla
bu sayımızın,
uçmağa varan bu
iki abide şahsiyete bir vefa borcu
olarak değerlendirilmesi
gerekir. Bahtiyar Vahapzade yalnızca büyük bir şair değil, aynı zamanda Türk dünyasının
bağımsızlık meşalesini
ateşleyen bir fikir ve aksiyon
adamıydı. Bu sayımızla,
Sovyet rejiminin ağır baskıları
altında dahi "Türk'üm" demenin bedelini göze alarak kalemini bir kılıç gibi kullanan, Azerbaycan'ı bağımsızlığa
taşıyan yolbaşçısı
olan Türkçenin ve Türk dünyasının
bayraktarı B. Vahapzade'nin
çok yönlü portresini sunmaya gayret ettik".
Daha sonra jurnalda Azərbaycan və Türkiyə ədəbiyyatının
bir sıra tanınmış yazarlarının
Bəxtiyar Vahabzadə
ilə bağlı araşdırma yazıları
yer alır. Anarın "Muğama defn edilen şair",
A.Yağmur Tunalının
"Ruhum ateş",
İsa Həbibbəylinin "Milli istiklal şairi Bahtiyar Vahabzade", Yahya Akenginin "Bahtiyarca hatıralar", Rafael Hüseynovun
"Bahtiyarlık", Mitat
Durmuşun "Bahtiyar
Vahabzadenin şiirlerində
tarih, kimlik ve öteki", Sabir Rüstəmxanlının "Şairin ölümsüzlüğü",
İsa Kocakaplanın "Bilge muallim", Nizami Cəfərovun "Milletin
şairi Bahtiyar Vahabzade", Abuzər Bağırovun "Dede Bahtiyar",
Əjdər Olun
"Bir başka pencereden
Bahtiyar Vahabzade", Nilufər Yıldırımın
"Ürekdedir sözün
kökü. Bahtiyar Vahabzadenin poetikası",
Azər Turanın
"Bahtiyar Vahabzadenin
okunmamış sayfaları",
Elnarə Akimovanın
"Bahtiyar olmak",
Orxan Arasın "Kökü var ağacın
da, taşın da", Pərvin
Nurəliyevanın "Şeki
ve Bahtiyar Vahabzade", İmdad Avşarın "Rus generalin
yüzünə tüküren
şair" məqalələrində
Bəxtiyar Vahabzadənin
şəxsiyyəti və
yaradıcılığının bütün çalarları
dolğun və incə boyalarla təhlil predmetinə çevrilir.
"Türk edebiyatı" jurnalının digər mühüm məqamlarından
biri şairin ən sevilən şeirlərinin Türkiyə
türkcəsində təqdim
olunmasıdır. Bütövlükdə,
bu buraxılış
şairin fikir və məfkurə adamı olaraq təqdimatında və yaradıcılığının çağın yenilikləri
kontekstində şərh
edilməsində qiymətli
nümunə olmaqla bərabər, Bəxtiyar Vahabzadənin 100 illiyinə
ən layiqli ərməğandır.
Ədəbiyyat
qəzeti.- 2025.- 15 avqust, №29.- S.7.