Bəxtiyar Vahabzadə. Klassika.
Müasirlik. Ədəbi gənclik
Qatlayıb dizinin altına
qoyar
Alim Bəxtiyarı şair Bəxtiyar.
Əlbəttə, bütün türk
dünyası Bəxtiyar
Vahabzadəni böyük
şair kimi tanıyır və sevir. Bu isə dostluq şarjıdır, amma ciddi mənada
bütün böyük
şairlər haqqında
söz açanda onların bədii təfəkkürü ilə
elmi təfəkkürü
arasında sədd qoymurlar. Bəxtiyar Vahabzadənin poeziyası əsrlər boyu yaşayacaq, amma bizim üçün onun alimliyi, tənqid və ədəbiyyatşünaslıq fəaliyyəti də çox dəyərlidir və açığını
deyim ki, onun bədii təfəkkürü
ilə elmi təfəkkürünü bir
çevrədə birləşdirən
yeganə bir xətt var - o da Düşüncə
meyarıdır. Sözümə
qüvvət kimi:
"Bizi əhatə edən aləmdə hər nə varsa, Bəxtiyar Vahabzadəni dərindən-dərinə
düşündürür" (Çingiz Aytmatov), "Şairin bədii təfəkkürü həmişə
fəlsəfi ümumiləşdirmələrə
meyil edir. O, bir çox əsərlərində bütün
bəşəriyyəti düşündürmüş
və düşündürən
böyük fəlsəfi
məsələlərin poetik
ifadəsini yaradır"
(Mirzə İbrahimov), "Bəxtiyar Vahabzadə düşüncələr şairidir"
(Kamal Talıbzadə), "Onun şeirlərində özünə xas dərin fikir və düşüncə
ilə qarşılaşırıq.
Şair həyati müşahidələrini, duyğularını
və fikirlərini şeirin əsrarəngiz dilinə çevirməyi
bacarır" (Əli
Yavuz Akpınar), "Bəxtiyar
Vahabzadənin bütün
şeirlərini bir
"mən"in düşüncələri
hesab etmək olar. Onların əsasında həmişə
ömrün dolaylarında
özünü, qəlbini
gəzən bir şairin axtarışları
durur" (Yaşar Qarayev).
Bəxtiyar Vahabzadəni "filosof
şair" adlandıranlar
heç də səhv etməmişlər.
Əlbəttə, o, filosof
deyildi, fəlsəfəyə
aid heç bir tədqiqat əsəri də yoxdur. Amma Aristotelin "Poeziya tarixdən daha ciddi və fəlsəfidir"
fikrini xatırlayıram.
Və Aristotelin fikrincə, poeziya insana yalnız hisslər, duyğular vasitəsilə əldə
edilmiş zahiri bilik vermir, həm
də dərin, elmi bilikdən aşağı durmayan biliklər verir. Bu mənada, poeziya ilə fəlsəfə arasında bir-birini tamamlayan və eyni zamanda bir-birindən
fərqli xüsusiyyətlər
olmasını təsdiq
və etiraf etmişlər. Nizami Cəfərov yazır:
"Sənətdə fəlsəfə
ümumiyyətlə fəlsəfədən
seçilir; o mənada
ki, sənətdə fəlsəfə
konkret şəkildə
insan münasibətlərinə
əsaslandığına görə,
ümumiyyətlə, fəlsəfənin
normativliyinə sığmır,
hətta bəzi obyektiv qanunlara da etiraz edir, hər
şeyə insan istəklərinin gözü
ilə baxır. B.Vahabzadə "Bilmirəm, bilmirəm, bu ölüm nədir - həyat var ikən, - deyəndə məhz sənət fəlsəfəsinin məntiqindən
çıxış edir".
Fəlsəfi fikirlər, həyat
və zaman haqqında
düşüncələr Bəxtiyar Vahabzadənin elmi fəaliyyətində,
tənqid və ədəbiyyatşünaslıq irsində də nəzərə çarpır.
Xasiyyətinə və
işgüzar xarakterinə
sadiq qalan şair filologiya elmi və ədəbi
tənqid sahəsində
də fəal idi, ədəbiyyatla, xüsusilə, poeziya ilə bağlı mətbuat səhifələrində
açılan müzakirələrə
qoşulurdu, yeri gəldikcə, müasir ədəbiyyatın bir çox problemləri ilə bağlı məqalələr yazırdı,
o, ədəbi tənqidin
portret janrına daha çox meyil göstərir, həm ustadlar haqqında, həm də gənc ədəbi qüvvələrin
yaradıcılığı barədə mülahizələrini
söyləyirdi.
Bəxtiyar Vahabzadənin elmi
dünyagörüşü zəngin və çoxcəhətli bilikləri
özündə əks
etdirirdi. Təkcə ədəbiyyat tarixini, ədəbiyyat nəzəriyyəsini,
ədəbi dilimizi, folkloru, keçmiş
SSRİ-də yaşayan
xalqların ədəbiyyatını
deyil, muğam və opera sənətini də, teatrı da, rəssamlığı da, musiqinin
ayrı-ayrı janrlarını
da mənimsəmiş və
yeri gəldikcə fikirlərini, mülahizələrini
söyləmişdi.
Ədəbiyyat və Sənət,
Həyat və Zaman haqqında düşüncələrini
Bəxtiyar Vahabzadə
ilk məqalələr toplusu
olan "Sənətkar
və zaman" kitabında
(1976) oxuculara təqdim
etmişdi. İndi bu kitabın çapından
əlli il keçir, amma o kitabda, həmçinin on il sonra nəşr etdirdiyi "Dərin qatlara işıq" məqalələr
toplusunda və illər boyu mətbuatda dərc etdirdiyi məqalələrini
oxuyandan sonra bəzi ümumiləşdirmələr
apardım.
"Heyrət, ey büt!.. Bəxtiyar Vahabzadə Azərbaycan klassik poeziyasının bilicisi və tədqiqatçısı idi.
Onun Universitetdə tələbələri olan
hər kəs bunun şahididir. O, Füzulini bizə sevdirən ilk müəllim,
ilk yolgöstərən oldu.
Saat yarımlıq mühazirələrində hansı
mövzudan söz açırsa-açsın, mütləq
Füzuliyə qayıdır,
yeri gələndə,
onun qəzəllərini
xırdalıqlarına qədər
şərh edirdi.
"Heyrət, ey büt!" məqaləsi
mənim fikrimcə, Azərbaycan Füzulişünaslığında
maarifçilik nöqteyi-nəzərindən
sanballı yazılardan
biridir. Burada Bəxtiyarın alimliyi ilə maarifçiliyi (Füzulini dərk etdirmək, öyrədincəyə
qədər tanıtdırmaq)
vəhdətdədir. "Mən
Füzuli tədqiqatçısı
deyiləm. Füzulini
tam mənada başa düşürəm - iddiasında
da deyiləm. Lakin vaxtilə
Füzuli sənətindən
başa düşdüklərimi
yaşımın bu çağında ayrı
cür başa düşürəm".
Əlbəttə, Bəxtiyar müəllimin
"Mən Füzuli tədqiqatçısı deyiləm"
fikrini qəbul edirik. Amma onun məqaləsindəki müddəalarla
tanış olanda görürük ki, Füzuli
tədqiqatçısı olmasa da, onun dahi şairin yaradıcılığına yanaşma
tərzi elə Füzulişünaslığın özündən gəlir.
O, Füzuli eşqini sırf təsəvvüflə
bağlayanların fikrini
qeyd-şərtsiz qəbul
etmir. Yazırdı
ki: "Füzuli şeirindəki
təsəvvüf, onun
özündən əvvəlki
ədəbiyyatın ümumi
ruhundan, ənənəsindən
gəlir. Füzuli, zəmanəsinin bütün
biliklərinə sahib olan,
özündən əvvəlki
ədəbiyyat və
fəlsəfəni dərindən
bilən ustad şairdir. O, yəqin ki, Mövlana Cəlaləddin
Rumini, Şəms Təbrizini, Şeyx Mahmud Şəbüstərini və
Nəsimini dərindən
bilirdi. Bu ədəbi
təsir və ənənə Füzuli yaradıcılığına da öz təsirini göstərməyə bilməzdi".
Ümumiyyətlə, Füzulidə təsəvvüf məsələsinə
münasibət birmənalı
olmamışdır. Müasir
Füzulişünaslıqda bu məsələ artıq həll olunub (Sabir Əliyevin, Samət Əlizadənin,
Rafael Hüseynovun yazılarını,
həmçinin tədqiqatçı
Xuraman Hümmətovanın
"Məhəmməd Füzuli
poeziyası irfan işığında" məqaləsini
oxumaq kifayətdir.
"Azərbaycan" jurnalı,
2024, № 12), ancaq Füzulidə
təsəvvüfü qəbul
edənlərlə bunu
qəbul etməyənlər
arasında fikir müxtəlifliyi keçən
əsrdə mövcud
idi. Bəxtiyar müəllimin məqaləsində
də bu haqda müəyyən məlumatlar təqdim edilir. Bircə misal: "Füzuli... kendini sırf təsəvvüfə vermiş,
yaşayış, duyğu
və düşüncəsi
ilə bu fəlsəfə içində
ərimiş bir insan deyildir. Onda təsəvvüf, sadəcə (yanğı
artdıqca qoyulaşan
və dərinləşən)
bir düşüncə
zövqüdür. Nitekim
"Eşq" anlayışı
da büsbütün təsəvvüfə
bağlanmaz" (Əhməd
Kabaqlı).
Bəxtiyar Vahabzadə Füzulinin
"Leyli və Məcnun" poemasından
söz açır, bu əsəri haqlı olaraq dünya ədəbiyyatının
şah əsərlərindən
biri hesab edir. "Romeo və Cülyetta", "Gənc
Verterin iztirabları"
kimi dünya ədəbiyyatının misilsiz
məhəbbət dastanlarında
məhəbbət fərdi
sevginin himnidirsə,
"Leyli və Məcnun"dakı məhəbbət,
ümumiyyətlə sevginin
özünə himndir".
Bəxtiyar Vahabzadə
bu poemanı təhlil edərkən burada heç bir təsəvvüf nişanəsi axtarmır,
Leyli və Məcnunun faciəsini
"Gülə xavr, lələ xarə deyən zəmanə"də
axtarır.
Şairin
əksər şeirlərində
- poemalarında iki aləm. İki bir-birinə zidd təzadlı lövhələr,
xarakterlər qarşılaşdırılır,
Bu, şairin bütün
yaradıcılığını səciyyələndirən bir
xüsusiyyətdir. O, həqiqət
axtarışındadır - bəzən müsbət-mənfi
qarşılaşdırılmasına deyil, iki ideal görünən zirvələr
arasında da müqayisələr
aparır. "Sənətkarın
faciəsi" məqaləsində
B.Vahabzadə XX əsrin iki böyük şairi -
Sabir və Hadini qarşılaşdırır: "Sabir xalqın dərdinə çıraq kimi yanmışdır. Hadi də yanmışdır.
Lakin fərq burasındadır
ki, Sabir bir istiqamətdə
yanmış, heç
bir külək, heç bir tufan onun alovunu başqa
səmtə əyə
bilməmiş, Hadinin
alovunu küləklər
istədiyi səmtə
əymiş və bəzən onu tamam keçirmişdir. O,
yenidən yanmış,
burula-burula, əyilə-əyilə
yanmışdır. Sabirin
alovu - uğrunda yandığı xalqına
çatmış, Hadinin
alovu isə xalqına çatmamışdır".
Bəxtiyar Vahabzadənin klassik ədəbiyyata bu sevgisini müasir ədəbiyyata həsr etdiyi yazılarında da görürük. Yaşadığı illər ərzində o, ədəbiyyatımızda mühüm yer tutan sənətkarlar, ədəbi hadisəyə çevrilən əsərlər barədə öz sözünü demişdi. Burada, ilk növbədə, onun Səməd Vurğunun həyat və yaradıcılığına həsr etdiyi monoqrafiyasını xatırlamalıyıq. Səməd Vurğun gənc Bəxtiyar Vahabzadəni "Yaşıl çəmən, ağac altı, bir də tünd çay" şeirinə görə otağına dəvət etmiş, ədəbiyyatın qapılarını onun üzünə açmışdı. Bəxtiyar Vahabzadə Səməd Vurğun ədəbi məktəbinin ilk müdavimidir, - desəm, səhv etmərəm. Ancaq şagird nəinki öz müəlliminin yolunu davam etdirmiş, şeirimizdə bir "Bəxtiyar Vahabzadə yolu"nun da müdərrisi olmuşdur.
Tənqidçi Bəxtiyar Vahabzadə haqqında söz açmaq istəyirəm. B.Vahabzadə, heç şübhəsiz, ədəbi tənqidin missiyasını düzgün dərk edirdi. Onun ustad tənqidçi Məmməd Arif haqqında bir yazısı var: "Arif müəllimin tənqidindəki kəsər, dəqiqlik və xüsusi aydınlıq, yığcamlıq məni həmişə heyran etmişdir. Hörmətli alimin bir sözünü xatırlatmaq istəyirəm: "Yazıçıda ancaq nöqsan axtarmaq nə qədər zərərli isə, ancaq müsbət cəhətlər axtarıb nöqsanlara göz yummaq da bir o qədər zərərlidir, Arif müəllim həm tərifində, həm tənqidində sözün müstəqim mənasında arifanədir". Bu arifanə tənqidi B.Vahabzadə "Şeirimiz haqqında bəzi düşüncələr", "Poeziyamızda sənətkarlıq məsələsi", "Müasirlik və şeirimiz", "Sənətkar və zaman", "Tənqidmi, tərifmi?", "Dildə təbiilik və gözəllik","Ədəbi şəxsiyyət və dil" kitabının müəllifinə açıq məktub" və s. məqalələrində görə bilirik. O, bu tənqidi məqalələrində açıq söhbət ahəngini - yolunu seçir...
Bəxtiyar Vahabzadə ədəbi gəncliyin ən yaxın dostlarından biri idi. Onun müxtəlif illərdə ayrı-ayrı gənc şairlər və nasirlər haqqında qələmə aldığı yazılardan illər keçir. İndi o gənclərin çoxu altımış-yetmiş yaşlarını başa vurublar və müasir ədəbiyyatda sayılan-seçilən söz adamlarıdır (vəfat edənlər də var).
Ağahəsən Bədəlzadənin (bu yaxınlarda o, dünyasını dəyişdi) bu şeiri ətrafında onun digər şeirlərinə də dəyər verən B.Vahabzadə elə o yazıda deyirdi ki: "Ədəbiyyat aləminə qədəm basmaq istəyən hər kəsə deyərdim: Vətəninə deməyə təzə sözün, mətləbin varsa, buyur, gəl, yox, əgər qəlbin boşdursa, sənət aləminə gəlmək xatirinə, ucuz şöhrət xatirinə gəlmək istəyirsənsə, qələmini yerə qoy".
Bəxtiyar müəllim söz sərrafı idi, haqqında söz açdığı, yaradıcılığına ümidlə baxdığı hər cavan müəllifin özünəməxsusluğunu açıqlayırdı. Nüsrət Kəsəmənlinin şeirlərini təzə rəng, təzə nəfəs adlandırır və yazırdı ki, bu şeirləri oxuyanda Qədir Rüstəmovun "Sona bülbüllər" mahnısı yadıma düşür. Adil Cəmil haqqında yazırdı ki: "Adilin şeirləri xalq ruhundan süzülür. Hiss olunur ki, aşıq şeirini, folkloru yaxşı bilir. Buna görə də deyimləri təbii və səmimidir". Şəkidə yaşayan Namizəd Xalidoğlunun "kövşən ətirli şeirləri" barədə isə: "Ümumiyyətlə, onun yazıları torpaq ətri ilə yoğrulduğundan şairin hissləri dönə-dönə rast gəldiyimiz şablon ifadələrdən deyil, kənddən, özü də mənim yaxşı tanıdığım Kiçik Dəhnə kəndinin havasından, iqlimindən, suyundan gəlir", - fikrini söyləmişdi. O, Zakir Fəxrinin şeirlərində poetik düşüncənin təzəliyini sezmişdi. Baba Vəziroğlunun hekayələrində "təsvir etdiyi hadisələrdə həyat qoxusu" gəldiyini nəzərə çarpdırırdı. Tələbəsi olmuş Rahilə İsmayıllını isə ona görə təqdir edirdi ki, klassik və müasir şeirimizin gözəl ənənələrini mənimsəyir. Yusif Nəğməkarı da orijinal deyimlərinə görə dəyərləndirirdi.
Mən də Bəxtiyar Vahabzadənin tələbəsi olmuşam (1971-ci ildə). 1998-ci ildə mən "Tənqid yarpaqları" məqalələr kitabımı müəllimimə hədiyyə verdim. Üstündən heç bir ay keçməmiş "Xalq qəzeti"ndə Bəxtiyar müəllimin "Tənqid yarpaqları" haqqında qeydlər" məqaləsi çap olundu. O, kitabımda olan ayrı-ayrı məqalələrdən səmimiyyətlə söz açır, mənim bu kitabımı ədəbiyyatşünaslıq elmimizə qiymətli töhfə hesab edirdi.
Bütün ömrüm boyu mən müəllimim - ustadım Bəxtiyar Vahabzadənin bu qədirbilənliyini unutmayacağam...
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 15 avqust, №29.- S.8.