Şeirimizin böyük Bəxtiyarı
Bəxtiyar Vahabzadə-100
Bəxtiyar Vahabzadə çoxları
kimi, mənim də Bakı Dövlət Universitetində
müəllimim olub. Dördüncü kursda, 1972-ci
ildə o bizə Azərbaycan sovet ədəbiyyatı kursundan
mühazirələr oxuyub.
Həmin illər
"inkişaf etmiş"
sosializm dövrü sayılırdı. Partiya
tarixi fənnindən mühazirə deyən müəllimlər bizə
belə deyirdi, qəzetlər, televiziya belə deyirdi. O vaxt fərqli düşünənlər çox
az idi, biz isə hələ ata çörəyi yeyən tələbələr
idik. Başqa cür düşünməyi
hardan götürə
bilərdik?! Ölkə
bağlı bir həbsxana idi.
Amma tale elə gətirdi ki, başqa cür düşüncə faktlarını
biz tələbə auditoriyasında,
professor Bəxtiyar Vahabzadənin
Azərbaycan sovet ədəbiyyatı kursundan
dediyi mühazirələrdə
tapdıq. Onun mühazirələrini üç
qrup dinləyirdi, amma həmişə hər kəs istədiyini götürürdü
eşitdiyindən. Mən
bu mühazirələrdə
alayı cür düşünmək nümunəsini,
hər şeydə öz fərdi nöqteyi-nəzərini tapmaq,
ədəbiyyatda xalqın
taleyini aramaq ehtirasını gördüm
və Bəxtiyar Vahabzadə mənim həyatımda, xüsusilə,
gənclikdə ən
çox təsirləndiym
şəxsiyyətlərdən biri oldu.
İstehza doğuran hal bunda idi ki, alayı
cür düşünmək
faktını tapdığımız
fənnin adı Azərbaycan sovet ədəbiyyatı idi!
Biz tələbələr ilk dəfə gördük
ki, Bəxtiyar Vahabzadə,
ümumiyyətlə sovet
ədəbiyyatını bəyənmir,
onun titullu yaradıcıları haqda
istehza ilə danışır və onları bizim gözümüzdə aşağılayır.
Bunun özü bizim üçün görünməmiş
cəsarət nümunəsi
idi. Aşkar görünürdu ki, bu adam üçün heç bir avtoritet yoxdur, bəlkə də o, saxta nüfuzlara qarşı fikir bildirmək üçün
bəhanə axtarırdı.
Öz tələbələrinə
müstəqil düşünməyi
öyrətmək üçün
onlara yazdırdığı
referatların müzakirəsindən
ustalıqla istifadə
edirdi. Bir tələbə
Mehdi Məmmədovun "Azəri
dramaturgiyasının estetik
problemləri" kitabı
haqda bayağı təriflərdən ibarət
referatını oxudu.
Görünür, şit
təriflər müəllimi
yordu. O, üzünü
referat müəllifinə
tutub dedi: "A bala, sən götürüb "mehdinamə"
yazmısan! O boyda kitabda bir dənə
qüsur tapmadın?"
Bəxtiyar Vahabzadə bizə
aşılayırdı ki, heç bir müəllifə, kitaba, əsərə mükəmməllik
mücəssəməsi kimi
baxmaq olmaz, bu, insanın gözünü bağlayır,
obyektivlik hissini korşaldır. Qələm
sahibi sağlam şübhə və sağlam tənqid üçün həmişə
açıq və ayıq olmalıdır. Onun üçün tələbənin hər
məsələdə öz
mövqeyini axtarması
və formalaşdırması
başlıca məqsəd
idi. Öz ağlına, öz fəhminə, məntiqinə
güvənməyən adamlardan
yaradıcılıq gözləməyə
dəyməz. Yaradıcı
adam, yaxşı mənada özünə güvənməli və eqoist olmalıdır. Hakim
sovet ideoloji sxemlərinin məntiqsiz və yalan ehkamlarla
dolu olduğunu görmək üçün
biz gözüaçıq və şəkkak olmalı idik.
Sovet siyasi orqanları onu həmişə nəzarətdə saxlayır,
mühazirələrini təftiş
etməyə çalışır
və onu o zaman üçün ən ağır cəza olaraq, universitet müəllimliyi hüququndan
məhrum etmək istəyirdilər. Onun
1959-cu ildə çap
etdirdiyi "Gülüstan"
poeması Azərbaycan
cəmiyyətində qalmaqal
doğurmuşdu, çünki
bu, antirus mahiyyətli bir əsər idi. Rus imperiyasına qarşı
çıxmaq isə
həmişə ən
ağır siyasi cinayət sayılırdı.
Otuz dörd yaşlı şair tarixi ədalətsizliyə
etiraz edirdi: Azərbaycanı ikiyə parçalayan "Gülüstan"
müqaviləsi Rusiya
və İran imperiyaları
arasında bağlanıb.
Bəs bölünən
ölkənin özü
niyə burda iştirak etməyib? Rəsmi tarix baxımından sadəlövhlük
sayılan bu etiraz bizim özümüzdən
olan İmperiya nökərlərini
daha çox qeyzləndirmişdı. Amma Təbrizdə
qan içində məğlub olmuş Milli
Hökumətin ağrısını
hələ də yaşayan gənclik bu əsərə görə Bəxtiyar Vahabzadəni həmişəlik
sevdi. Çünki o,
ədəbiyyatımızda ilk dəfə Azərbaycanın
öz siyasi taleyini həll etmək hüququnu ədəbi gündəmə
gətirmişdi.
Şair
bunları bilirdi və mühazirələrində
çox ehtiyatlı davranır, əsas fikirlərini məcazi yollarla ustalıqla ifadə edərək, özünü və tələbələrini, ümumiyyətlə
Azərbaycan gəncliyi
ilə əlaqələrini
qoruyurdu. Bu ona mənəvi müvazinəti,
yaradıcılıq ideallarına
sədaqəti saxlamaq
ücün çox vacib idi. Ölkə
rəhbərliyində də
onun istedadının
milli mənasını bilən,
yaradıcılığının misilsiz vətənçi
qiymətini görən
adamlar da vardı, xüsusilə, Heydər Əliyev onu himayə edir və qoruyurdu.
Bəxtiyar Vahabzadə mühazirələrində
mən ilk dəfə
"Molla Nəsrəddin"
jurnalı ilə
"Füyuzat"ın yeni cür müqayisəsini gördüm. Dərsliklərdə
yazılırdı ki, "Molla Nəsrəddin" birinci inqilabçı demokratik jurnaldı, "Füyuzat" isə mürtəce romantizmin təmsilçisidir. Bu əsassız
iddiaları rədd edən şair daşdan keçən arqument gətirdi: nəyə görə çar hökuməti 32 saydan sonra "Füyuzat"ı bağladı,
satirik jurnal isə 25 ildən çox çıxdı?
Çünki "Füyuzat"
Azərbaycan elitası
üçün çıxır
və onu formalaşdırırdı. Novruzəlilər
təhlükə deyildi,
imperiya üçün
təhlükə Əli
bəy Hüseynzadələr,
Məhəmməd Əminlər,
Əlimərdan bəy
Topçubaşovlar idi.
Son illərdə öyrəndim
ki, 28 yaşında güllələnmiş
Əhməd Əhmədov
da 20-ci illərdə rusca
yazdığı "Azərbaycan
türkləri I Rus inqilabında"
kitabında "Füyuzat"a
və onun işlətdiyi ədəbi
dilə böyük və doğru qiymət verib. "Füyuzat" çıxan
illərdə onun dili qəliz olsa da, bütün müasir elmi-siyasi bilikləri ifadə edə bilən ədəbi dil idi. "Molla Nəsrəddin" isə
qurulacaq Azərbaycan dövlətinin öz
milli ədəbi dilini
yaradırdı hələ.
Xalq yazıçılarını bəyənməmək
nə idi o zaman? O demək idi ki, rəsmi ədəbiyyat dərsliklərində, qəzetlərdə
ayrı-ayrı məsələlər,
yazıçılar haqda
yazılanlar, qiymətlər
səhv və həqiqətə uyğun
olmaya bilər. Bu, elə bir vaxt
idi ki, dərslikdə
yazılan fikir və tezislər şərtsiz obyektiv həqiqət sayılırdı.
Dünya həqiqəti
bir cür - o da bolşevik həqiqəti kimi təqdim olunurdu. Şair isə bizə deyirdi: "Heç kimin tituluna, adına baxmayın, əsərlərini oxuyub,
özünüz nəticəyə
gəlin!"
Bəxtiyar Vahabzadə niyə
belə deyirdi? Ona görə ki, Moskvanın
yaratdığı total mətbuat
Azərbaycanda sağlam
ictimai rəy üçün yer qoymurdu. Kommunist tərbiyəsi din kimi beyinlərə yeridilirdi. Guya kütlə hər şeydir və haqlıdır, güclü şəxsiyyətlər
isə cəmiyyətə
lazım deyil. Bu, bəşəri tərəqqiyə
qarşı olan tezis idi və
öz işini gördü. SSRİ rəhbərliyində
Stalindən qalan sonuncu güclü şəxsiyyətlər ölən
kimi, dünyanın yarısını idarə
edən dövlət öz içindən dağıldı. Bu, bolşeviklərin
"nomenklatura" adı ilə
yaratdığı süni
elitanın mənəvi
iflasının nəticəsi
idi. Nomenklatura yaddaşsız
idi, həqiqi elita isə dövlətçi yaddaşın
qoruyucusu və daşıyıcısı idi.
***
Onun şairlik istedadının
ən parlaq dövrü olan 60-cı illər sovet ədəbiyyatının çox
təriflənən illəridir.
Mən də tərifləmişəm. Amma həmin
illər həm də İ.Stalindən qalma bolşevik nomenklaturasının
ədəbiyyatda, qəzetlərdə
və jurnallarda amansız basqısı olan dövr idi. "Azərbaycan" jurnalı 50-60-cı illərdə
4-5 imzadan ibarət idi. Ədəbiyyata gəlmək üçün
bu bolşevik nomenklaturasından kimsə
sənə "uğurlu
yol" yazmalı idi. Bu, partiyaya girmək üçün
yazılan təqdimat kimi bir şey
idi. 1950-60-cı illərdə
Bəxtiyar Vahabzadə,
Sabir Əhmədov, Atif Zeynallı
və başqaları
MK qərarlarına düşmüşdülər.
Bunun əsas səbəbi
o idi ki, stalinçi koqorta onu acıq
müdafiə edə bilməsə də, əməldə ona sədaqətini qısqanclıqla
qoruyur, bolşevik senzurasının davam etməsi üçün
canfəşanlıq edirdi.
Onları bu senzura yaratmışdı
və yaşadırdı.
Bunu yaxşı başa düşürdülər.
Yalnız SSRİ dağılandan
sonra bolşevik nomenklaturası Azərbaycan
ədəbiyyatının inkişafı
yolundan kənar oldu, o da tam şəkildə
yox.
Xüsusilə, poeziyada Cənubdakı
Milli Hökumətin təsiri
ilə güclü vətənçilik meyli
vardı. Lakin Milli Hökumətin
tarixçəsinə senzura
qoyulmuşdu. Milli ovqatla
davadan sonra ədəbiyyata gələn
şairlər nəsli
çap oluna bilmir, xüsusilə, kitablarını nəşriyyat
planlarına saldıra
bilmirdilər. Bu isə
Bəxtiyar Vahabzadə
başda olmaqla, bu nəsildə küskünlük yaradır
və bolşevik
nomenklatura yazarlarına qarşı
protest ovqatları doğururdu;
gənclərin özləri
və ailələri maddi korluq çəkirdilər.
Şair
biz tələbələrinə alternativ tərzdə düşünmək öyrədirdi.
Birhəqiqətli dünya
amansız bir yalandır, tragik bir aldanışdır.
Bu, ovaxtkı partiya düşüncəsinə zidd
idi. Kommunist tərbiyəsi gəncliyə
partiya sənədlərində
olduğu kimi düşünməyi öyrədirdi.
Başqa cür düşünmək "fraksiyaçılıq"
adlanırdı və
qadağan idi. Bəxtiyar Vahabzadə isə
şüurlu surətdə
bizə alayı cür düşünməyi
təlqin edirdi. Düzü, o, ideoloji məsələlərə toxunmurdu,
ancaq Azərbaycan sovet ədəbiyyatı haqda danışırdı;
amma rəsmi proqramda olduğu kimi yox, öz
başa düşdüyü
kimi şərh edirdi əsərləri. Onun parlaq şəkildə
təhlil etdiyi əsərlərdən biri
Cəfər Cabbarlının
"Od gəlini" dramı
idi. Ərəb sərkərdələrindəki qızıl hərisliyini vurğulayan müəllimimiz
ehtirasla deyirdi:
"Vali qızıl yığar!"
Yəni, öz milli əqidəsini təmsil etməyən idarəçi
məmurlar qızıl
aludəsidilər, çünki
onlarin milli arzu və idealları yoxdur. Bununla şair o zaman ölkədə
gedən rüşvətlə
mübarizə kampaniyasına
işarə edirdi. Anladırdı ki, raykom katibləri ona görə rüşvətə
qurşanır ki, onların
milli əqidə və
idealları yoxdur, onlar özgələrin iradəsini təmsil edirlər, yəni validilər.
C.Cabbarlı bu əsərində
ərəb-islam işğalı
timsalında rus imperializmini nəzərdə
tuturdu. Bu ittihamı əsərin 20-ci illərdəki
ilk tamaşalarından sonra
özümüzdən olan
bəzi bolşevik nökərləri də yazmışdılar. Lakin o vaxt
bolşevik komissarı
Mustafa Quliyev cəsarətlə
"Od gəlini" pyesini
islama qaşı əsər kimi müdafiə etmişdi. Əsərdə ərəblər
məhz istilaçı
və işğalçı
kimi təqdim olunur. Müəllimimiz bunu xüsusi vurğulayırdı, çünki
1920-ci ilin aprelində
Bakıda heç bir inqilab olmamışdı.
Azərbaycan Cümhuriyyətinin
Milli Məclisi dinc yolla hakimiyyəti yerli bolşeviklərə
ciddi şərtlər
əsasında təslim
etmişdi. Lakin XI Qızıl
Ordu Bakıya daxil olub bütün
inzibati və hərbi hakimiyyəti öz əlinə almışdı, yəni
faktiki olaraq, Moskvanın hərbi istilası baş vermişdi. Xaricə getmiş Müsavat liderləri də buna
"27 aprel istilası" deyirdilər.
Gəncliyin və tələbələrin bunu
bilməsi Bəxtiyar Vahabzadə üçün
bir müəllim kimi çox vacib idi.
Hələ hadisələr vaxtı
bir çox Azərbaycan ziyalıları
bunu görüb, istila kimi qiymətləndirmişdilər.
Hüseyn Cavid də "Peyğəmbər"
pyesində islamın dünyada hərbi yolla yayılması ilə bolşeviklərin Rusiya xalqlarını və Azərbaycanı Qızıl Ordu süngüləri ilə
istilası arasında
paralellər aparmışdı.
Ərəblər bunu
islam bayrağı, bolşeviklər isə fəhlə inqilabı bayrağı altında etmişdilər. Bəxtiyar
Vahabzadə "Od gəlini"
pyesini çox sevirdi, çünki bu əsərdə Azərbaycan xalqının
tarixi taleyi məsələsi qoyulmuşdu
ilk dəfə. Bu, bir
əsər olmaqdan çox, milli manifest idi. Azərbaycanın tarixi taleyi Bəxtiyar Vahabzadə üçün
də ömrünün
sarsılmaz ideyası,
yaradıcılığının əsas leytmotivi idi. Onun bütün
əsərləri bu məsələ ilə bu, ya digər
dərəcədə bağlı
idi.
***
Tələbəlik illərindən mən
Bəxtiyar Vahabzadəni
izləyirdim.
Cari ədəbi tənqidlə
onun münasibətləri
sağlam deyildi, bəlkə paradoksal idi. O, Səməd Vurğun haqda namizədlik və doktorluq dissertasiyası yazmışdı. Gənclikdən
onu sevirdi. Lakin məhz S.Vurğunu
bütləşdirən adamlar
onun yaradıcılığını
öz xeyirxah müəllimi ilə qarşı-qarşıya qoyurdular.
Bunların çoxu ədəbi mühitdə
senzura nökərçiliyi
edənlər idi. Onlar sayırdılar ki, Bəxtiyar Vahabzadəyə
"Gülüstan"ı yazmağını bağışlamaq
olmaz. Amma xalq, gənclik, xüsusilə,
Azərbaycanın taleyi
ilə maraqlanan çoxluq onu sevirdi. Onlar, dediyim kimi, çox
idilər. Amma Bəxtiyar
Vahabzadənin şair
üslubunu bəyənməyənlər
də vardı. Onlar sadəlövh idilər. Elə güman edirdilər ki, Azərbaycanın gələcək
böyük şairlərinin
hamısı Səməd
Vurğun üslubu üstündə yazacaqlar.
Müharibədən sonra
ədəbiyyata gələn
şairlər nəslinin
hamısı buna can atdı
və çalışdı;
Bəxtiyar Vahabzadə
başda olmaqla, Adil
Babayev, Atif Zeynallı, İslam Səfərli, Qasım Qasımzadə, Balaş Azəroğlu, Qabil və s. hamısı Səməd Vurğunu hamıdan çox sevirdilər. Amma nəticə
dramatik oldu. Bunların hər birinin yaxşı-pis, balaca-böyuk də olsa, öz üslubu
formalaşdı. Nəyə
görə belə oldu? Ona görə ki, üslub - insandır. Yazıçıların fərdi
üslubu təbii bir şeydir, anadangəlmədir. Min şair
Səməd Vurğun kimi
yazmaq istər, təqlid eləyə bilər, amma təqlid dövrü bitən kimi hər kəs özünü yazır və buna "fərdi üslub" deyirik.
Bəxtiyar Vahabzadə özü də bu dramdan keçib və öz fərdi üslubunu tapıb. Amma Səmədsevər kimi mövcud olan azlıq Bəxtiyar Vahabzadənin formalaşan fərdi üslubunu qəbul etmədi. Onlardan biri, tanınmış şair dostum mənə dedi: "Bəxtiyarın yazdıqları kəllə suyudu". Yəni ürəkdən yox, ağıldan gəlir. Axı, ağıldan gəlməyən əsər olmur. O, demək istəyirdi ki, Bəxtiyarın sözündə emosiya azdır. Bu, əslində oxucu sözüdür, yəni sıravi oxucu. Ədəbiyyat müəllimi ola bilər ki, ancaq bir şairi çox sevsin, bu, normaldır. Amma peşəkar ədəbiyyatçı üçün yox. Peşəkar ədəbiyyatçı Azərbaycan ədəbiyyatını öyrənir, ona qiymət verir və digərlərinə, məsələn, ədəbiyyat müəllimlərinə öyrədir. Bizim böyük şairlərin isə hər birinin öz yaradıcılıq fərdiyyəti və üslubu var. Peşəkar ədəbiyyatçı bu üslubların hamısını doğru qiymətləndirməyi bacarmalıdır. Bunu ədəbiyyatın inkişaf məntiqi tələb edir.
Bu məntiq nədir? Odur ki, hər bir yeni böyük şair və yazıçı ədəbiyyata öz fərdi üslubunu və yaradıcılıq fərdiyyətini gətirir, onların ədəbiyyat tariximizə ən böyük töhfələri budur. "Aşıq poeziyası" deyilən anlayış var və bura məxsus olanlar folklora aid edilir. Nəyə görə? Ona görə ki, onların işlətdiyi üslub xalq folkloruna aiddir, onların özününkü deyil. Şair, ilk növbədə, böyuk, zəngin fərdi üslub yaradandır. Bəxtiyar Vahabzadə də S.Vurğun məktəbi çərçivəsində ən böyük və dəyərli yeni üslub yaradan şairdir. Hesab edirəm ki, Musa Yaquba və Sabir Rüstəmxanlıya məxsus yaradıcılıq üslubunu da Bəxtiyar Vahabzadədən sonrakı mərhələnin ən dəyərli və zəngin üslubları saymaq olar.
Bu mənada, Bəxtiyar Vahabzadə S.Vurğundan sonrakı poeziyamızın aparıcı inkişaf istiqamətlərini təyin etmiş böyük şairimizdir.
Rəhim
ƏLİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 15 avqust, ¹29.- S.10-11.