Qəhrəmanlıq
dramaturgiyada tarixləşib
Vətəni
Vətən edən onun qəhrəman, igid
övladlarıdır. Vətən uğrunda nə qədər
oğul və qızlarımız döyüşlərdə
qəhrəmanlıqlar, şücaətlər göstəriblər.
Döyüşdə özünü qumbara ilə
düşmən tankının altına atanlar da,
özünü düşmənin atdığı
qumbaranın üstünə tullayanlar da, məbədin pəncərəsindən
düşmənin qapalı mühitə atdığı kimyəvi
tərkibli tüstüboğucunu yerdən götürüb
qarşı tərəfə tullayanlar da, olub. Daha nələr,
nələr... Onların bir məqsədi, bir amalı olub -
qoy mən ölüm, ancaq qalan döyüşçü
yoldaşlar sağ qalsınlar, onlar döyüşə davam
etsinlər. Ermənilərin Azərbaycanın ərazi
bütövlüyünə qarşı başladığı
müharibə zamanı xalqımızın mərd
oğulları belə qəhrəmanlıqlar göstəriblər.
Həm
Birinci, həm də İkinci Qarabağ müharibəsi
zamanı döyüşlərdə düşmənin xeyli
canlı qüvvəsini, döyüş texnikalarını,
hava hədəflərini məhv edən, gözündə zərrəcə
qorxu olmayan cəngavər oğullarımız haqqında məqalələr,
oçerklər, poemalar, dastanlar yazılıb; qəhrəmanları
da, qəhrəmanlıqları da xalqa tanıdıb. Elə qəhrəmanlarımız
da olub ki, onların qəhrəmanlıqlarını
döyüş yoldaşlarından başqa görən
olmayıb, onların hamısı döyüşdə şəhid
olub. Sonradan onların misilsiz şücaətlərini
düşmən də etiraf edib. Xocalı rayonunun Pirlər kəndi
yaxınlığındakı Alban məbədinin
qarşısına Azərbaycan bayrağı sancan, bu bayraq
uğrunda 6 nəfər döyüşçü ilə 5
gün düşmənə qarşı döyüşən
Natiq Qasımovun qəhrəmanlığı bənzərsiz
qəhrəmanlıq olub. Onun son döyüşdən
sonrakı taleyini fotolentə köçürən ingilis
jurnalisti olub və gerçək tarix belə
yaşadılmaqdadır. Bu hadisəyə Əməkdar incəsənət
xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik
Abdulla Qurbani "Məbəddə döyüş"
adlı ikihissəli, səkkizşəkilli sənədli
povest həsr edib.
Pyesdə
baş verən hadisələr Xocalı
soyqırımından sonrakı on günə təsadüf
edir. 1992-ci il fevralın 25-dən 26-na keçən qarlı,
şaxtalı gecədə mühasirədə olan Xocalı
camaatına qarşı soyqırımı həyata
keçirəndən sonra Ağdamın "Qarabağ
Şahinləri" könüllü
özünümüdafiə taborunun yeddi nəfərdən
ibarət qrupu düşmənin böyük bir dəstəsinə
qarşı döyüşməyi qərara alır. Natiq
Qasımov silahdaşlarına Pirlər kəndindəki qədim
Alban kilsəsini səngər etməklə düşmənlə
son nəfəsə kimi döyüşəcəklərini
bildirir. Belə döyüşürlər. Rabitəçidən
telefon dəstəyini götürüb qərargahdan
onların yerləşdiyi yüksəkliyi - kilsəni də
artilleriya ilə vurulmasını tələb edir. Ermənilər
elə zənn edirlər ki, Alban məbədinə çoxlu
azərbaycanlı döyüşçü toplaşıb.
Bu səbəbdən də düşmən məbədi
mühasirəyə alır. Natiq Qasımov və altı nəfər
döyüşçü mövqelərini tez-tez dəyişərək
xeyli sayda düşməni məhv edir. Ermənilər geri
çəkilirlər. Məbədə yaxınlaşmağa
ehtiyat edirlər. Səsgücləndirici vasitəsilə məbəddəki
döyüşçülərdən təslim
olmalarını tələb edirlər. Əsir
düşmüş ermənilərlə onları dəyişəcəklərinə
söz verirlər. Erməni səhra komandirinin bu hiyləsi də
baş tutmur. Məbəddə tək sağ qalan Natiq təslim
olmur, döyüşə davam edir.
Pyesin
personajlarından Natiqin anası Dursun ana və Qonşu qız
maraqlı dialoqla yer alıb. Mart ayı olduğu
üçün xalqımız Novruz çərşənbələrini
qeyd edirlər. Qonşu qız da Dursun ananın yanına gəlib
onu tək qoymaq istəmir. Vətənin müdafiəsinə
gedən Natiqdən neçə gündü xəbər
olmadığı üçün onlar narahatdırlar.
Pyesin əsas
personajlarından biri də Cəfər müəllimdir. Cəfər
müəllim Xocalı şəhər orta məktəbinin
direktorudur. Xocalı faciəsi günü ermənilər Cəfər
müəllimi əsir götürür. Səhra komandiri Cəfər
müəllimi yanına gətizdirib deyir ki, məbədə
gedib orada olan nə qədər döyüşçü
varsa, hamsına təslim olmağı bildirsin. Əvəzində
Xocalıdan olan əsirləri də, onları da bizdə olan
erməni əsirləri ilə dəyişərik.
Cəfər
müəllim ağ bayraq qaldırıb məbədə
yaxınlaşır. Döyüşçülərdən
güllə atmamasını, özünün də kim
olduğunu bildirir. Məbədə keçəndə
heç kimi görmür, təkcə yuxarıda pəncərə
önündə oturan əli avtomatlı Natiqi görür.
Ona yaxınlaşıb düşmənin şərtini deyir.
Natiq Cəfər müəllimi diqqətlə dinləyir.
Xocalıdan əsir düşmüş qadınlar,
uşaqlar, qocaları xatırlayır.
Səhra
komandiri məbəddə sağ qalan və ermənilərə
qarşı son ana qədər vuruşanın bir
döyüşçü olduğunu biləndə təəccüblənir.
Erməni komandirləri sonradan vədinə naxələf
çıxırlar. Səhra komandiri Natiqi Azərbaycanda təxribatlar
törətməsi müqabilində sağ
buraxacaqlarını bildirir. Lakin Natiq Qasımov bu vədlərə
uymur, Vətəni, milləti hər şeydən uca tutur...
Əməkdar
incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü,
polkovnik Abdulla Qurbaninin "Məbəddə
döyüş" pyesi son illərin ən dəyərli sənədli
bədii əsərlərindəndir.
Bəxtiyar ƏLİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, №28.- S.23.