Dəyirmanda
Hekayə
Dəyirmançı
Aleksey Biryukov - boy-buxun və sir-sifəti matroslara - Jül
Verni oxuyandan sonra uşaqların yuxuda görməyə
başladıqları qayışbaldır və batmanyeriş
matroslara oxşayan yekəpər, enlikürək və
ortayaşlı bir kişi daxmanın qapısı
ağzında oturmuşdu və sönməkdə olan qəlyanını
aram-aram sümürürdü. Əynində cod əsgər
mahudundan bozumtul şalvar, ayağında iri, ağır
çəkmə vardı, eşikdə kefin istəyən qədər
rütubətli və soyuq bir payız havası olsa da, dəyirmançı
pencəksiz və papaqsız idi. Rütubət gətirən
çən-çiskin jiletin açıq yaxasından rahatca
keçib bədəninə hopurdu, amma dəyirmançının
yekə və dəmir kimi möhkəm bədəni soyuğu
hiss eləmirdi. Onun qırmızımtıl və ətli sifəti
həmişəki kimi donuq idi, balaca, süzgün gözlər,
qaşqabaq və şübhə ilə gah çayın bəndinə,
gah qabağı çardaqlı iki anbara, gah da qoca və
yöndəmsiz söyüd ağacına baxırdı.
Monastıra
axır vaxtlarda gəlmiş iki monax anbarların yanında o
yan-bu yana vurnuxurdu: onların biri əbasına
par-palçıq sıçramış, başına
köhnə keşiş papağı qoymuş
hündürboy, çalsaqqal Kliopa, o biri isə adi kəndli
kürkü geymiş, çox güman ki, əslən
gürcü olan qarasaqqal, qarabuğdayı Diodor idi. Onlar
üyütmək üçün gətirdikləri
çovdar dolu kisələri arabadan yerə
düşürürdülər. Biryukovun xidmətçisi
Yevsey - cırıq, gödək kürk geyən və tam sərxoş
halda olan bığsız cavan oğlan bir az onlardan aralıda,
çirkli otun üstündə oturmuşdu. Xidmətçi əlində
balıq toru tutmuşdu. Öz aləmində toru səliqə-sahmana
salmaqla məşğul idi.
Dəyirmançı
ora-bura bir xeyli göz gəzdirib dinməz-söyləməz
dayandı, sonra kisələri daşıyan monaxlara
gözünü zilləyib yoğun və boğuq bir səslə
dilləndi:
- Bu
çayda niyə balıq tutursuz, hörmətli monaxlar? Kim
sizə ixtiyar verib burda balıq tutasız?
Monaxlar nə
cavab verdilər, nə dönüb dəyirmançıya
baxdılar. Dəyirmançı bir az ara verdi, qəlyan
çəkdi və sözünə davam elədi:
-
Özünüz gəlib balıq tutursuz, hələ üstəlik,
alverçiləri də bura dadandırırsız. Mən bu
çayı sizdən icarəyə götürmüşəm.
Sizə pul verirəmsə, deməli, çayın
balığı da mənimdi, heç kimin burda balıq
tutmağa ixtiyarı yoxdu. Allaha ibadət eləyirsiz, amma
oğurluğu özünüzə günah saymırsız.
Dəyirmançı
əsnədi, bir az susub təzədən deyinməyə
başladı:
- Bunlara
bir bax, özlərindən hoqqa çıxarırlar! Fikirləşirlər
ki, müqəddəs işlərə qol qoyurlarsa, day bunlardan
ötrü qayda-qanun yoxdu. Götürüb məhkəməyə
verərəm. Məhkəmə sənin keşiş əbana-filana
baxmaz. Neçə il soyuq zirzəmidə yatarsan, ağlın
başına gələr. O da olmasa, özüm məhkəməsiz
məsələni yoluna qoyaram. Düşərəm
çaya, boynundan elə basaram, qiyamətəcən yadına
balıq düşməz.
- Nahaq belə
danışırsız, Aleksey Dorofeiç! - Kliopa astadan dilləndi.
- Ürəyində Allah xofu olanlar belə sözü
heç Allahın itinə deməzlər, halbuki biz
monaxıq!
-
Monaxıq! - Dəyirmançı monaxın ağzını əydi.
- Sənə balıq lazımdı? Hə? Gəl
balığı məndən al, amma oğurluq eləmə!
-
İlahi, bəyəm biz oğurluq eləyirik? - Kliopa
üz-gözünü turşutdu. - Belə danışmaq nəyə
lazımdı? Düzdü, bizim tələbələr
çayda balıq tutublar, amma onların arximandrit atadan icazəsi
olub. Arximandrit ata belə hesab eləyir ki, pul sizdən ancaq ona
görə alınıb ki, çayın qırağında
tor atıb balıq tutasız. Heç də bütün
çay sizə verilməyib, çay nə sizindi, nə
bizim, çay Allahındı...
-
Arximandrit də elə sənin tayındı. - Dəyirmançı
qəlyanını çəkməsinə
çırpa-çırpa deyindi. - O da adama torba tikməyin
ustasıdır! Amma mən arximandritin yanına gəlib məsələni
ayırd eləmək fikrində deyiləm. Məndən
ötrü arximandritlə sənin, lap elə Yevseyin elə
bir fərqi yoxdu. Çaya enib, sizi göyə
vızıldadaram...
- Deyəsən,
monaxları döyməyə hazırlaşırsız,
özünüz bilən məsləhətdi.
Bizdən
ötrü o dünya bu dünyadan daha yaxşıdı.
Vissarionla Antipiyi döymüsüz, indi də
başqalarını döyün, ürəyiniz soyusun.
Əlindən
tutub Kliopanı bir kənara çəkən Diodor:
- Ona
toxunma, - dedi.
Kliopa
işin nə yerdə olduğunu başa düşdü və
kisələri daşımağa başladı, dəyirmançı
isə deyinməyinə davam elədi. Dəyirmançı hər
kəlmədən sonra qəlyandan bir qüllab alıb, yerə
tüpürüb tənbəlcəsinə sözün
dalını gətirirdi. Balıq söhbəti bitəndə
dəyirmançı özünün iki kisəsini - guya nə
vaxtsa monaxların hiylə ilə ələ keçirdikləri
iki kisəni yada saldı və həmin kisələrə
görə deyinməyə başladı. Sonra sərxoş
Yevseyin bir işə əl vurmadığını
görüb, monaxlardan əl çəkdi və xoruz səsi
eşitməmiş yağlı söyüşlər
yağdırıb xidmətçinin üstünə
düşdü. Monaxlar əvvəlcə özlərini
saxlayıb köks ötürdülər, amma bir azdan Kliopa
dözmədi. O, əllərini bir-birinə vurub ağlar səslə
dilləndi:
- Məndən
ötrü bu dəyirmana gəlməkdən məşəqqətli
iş yoxdu, müqəddəs yepiskop! Cəhənnəm əzabıdı.
Əməlli-başlı cəhənnəm əzabıdı.
Dəyirmançı:
- Elədi,
gəlmə, - dedi.
- Kaş
gəlməyəydik, amma bura gəlməyib hansı dəyirmana
gedək? Özün fikirləş, axı burada başqa bir dəyirman
yoxdu! Dəyirmana gəlməyib, ya acından ölməlisən,
ya üyünməmiş buğda yeməlisən.
Dəyirmançı
sakitləşmədi və dörd bir yanı
söyüşə qərq elədi. Görünür,
deyinib söyüş söymək də ondan ötrü qəlyan
sümürmək kimi bir vərdiş idi.
-
Şeytani şeyləri dilinə gətirmə! - Kliopa
çaşqın-çaşqın gözlərini
döyüb yalvardı.
- Allah xətrinə,
dinmə, barı!
Dəyirmançı
kiridi, amma Kliopanın yalvarmağına görə yox. Ona
görə ki, bəndin üstündə balacaboy, yumru,
xoşsifət, may böcəyinin qanadlarına bənzər
zolaqlı palto geymiş bir qarı göründü. O,
özü ilə çox da iri olmayan bir bağlama gətirmişdi
və bura balaca bir əl ağacının köməyi ilə
gəlmişdi.
Qarı zəif
səslə:
- Salam,
qardaşlar, - dedi və monaxlara təzim elədi. - Allah
köməyiniz olsun! Salam, Alyoşenka! Salam, Yevseyuşka!..
- Salam,
ana, - dəyirmançı qarının üzünə
baxmadan dilucu cavab verdi və qaş-qabağını
tökdü.
Qarı gülümsünüb
nəvazişlə dəyirmançının üzünə
baxdı və:
- Sənə
qonaq gəlmişəm, Alyoşenka, - dedi. - Nə vaxtdı
görmürəm səni. Elə bilirəm, düz Məryəm
ananın ölüm günündən bu yana
görüşmürük. Gəlmişəm, xoş,
naxoş, qəbul elə! Deyəsən, bir az
sınıxmısan...
Qarı dəyirmançının
yanında oturdu və bu yekəpər adamın yanında onun
paltosu may böcəyinin qanadlarına daha çox
oxşadı.
- Hə,
Məryəm ananın ölüm günündən! -
Qarı sözünə davam elədi. - Darıxırdım,
bala, ürəyim səni istəyirdi,
yığışırdım yanına gələm, ya
yağış yağırdı, ya özüm naxoş
olurdum...
- İndi
sən bu ayaqla qəsəbədən gəlirsən? - dəyirmançı
qaşqabaqla soruşdu.
- Qəsəbədən
gəlirəm... Evdən...
-
Can-cüssənin belə zəif vaxtında sənə evdə
oturmaq lazımdı, day qonaq getmək yox... Bax nəyə gəlmisən?
Özünə yazığın gəlmir, heç olmasa,
başmaqlarına heyfin gəlsin.
- Səni,
görməyə gəldim... İki oğlum var, - qarı
üzünü monaxlara sarı tutdu, - biri budu, biri də
Vasilidi, qəsəbədə olur. İkicədilər.
Onlardan ötrü mənim ölüb-qalmağımın bir
fərqi yoxdu. Onlar mənim ürəyimin bir
parçasıdı, ömrüm-günümdü. Onlar mənsiz
yaşaya bilirlər, amma mən onlarsız, yəqin ki, bir
gün də yaşaya bilmərəm... Qocalmışam,
qardaş. Qəsəbədən durub onun yanına gəlmək
yaman çətin olub.
Bir
müddət heç kim dinmədi. Monaxlar axırıncı
kisəni anbara gətirdilər və arabada oturdular ki, dinclərini
alsınlar. Sərxoş Yevsey hələ də torla
qurdalanırdı və mürgü döyürdü.
Dəyirmançı:
- Pis
vaxtda gəlmisən, ana, - dedi. - Mən indi Karyajinoya getməliyəm.
- Get!
Allah üstüncə getsin! - Qarı köks
ötürdü. - İşindən qalma... Mən bir saat
dincimi alıb dala qayıdıram... Alyoşenka, Vasyayla
uşaqlar sənə salam-dua göndərirdilər...
- O, yenə
içir?
-
Çox da olmasa, içir. Adam gərək düzünü
deyə, içir... Çox içmək, özün bilirsən
ki, bəzən yaxşı adamları da yaxalayır... Onun dolanışığı
yaxşı deyil, Alyoşenka! Onun halına yanıram... Evdə
yeməyə bir şey yoxdu, uşaqlar cır-cındır
içindədi, özü küçəyə
çıxmağa xəcalət çəkir,
şalvarları ələ gələsi deyil, geyməyə
başmaq tapmır... Altı nəfər bir otaqda oluruq. Bir
kasıbçılıqdı, bir kasıbçılıqdı,
Allah göstərməsin... Elə
kasıbçılığa görə yanına gəldim...
Alyoşenka, bu qarının xətrinə Vasiliyə əl
tut... Axı qardaşındı!
Dəyirmançı
susdu və gözünü yayındırıb bir kənara
baxdı.
- O,
kasıbdı, amma sən - Allaha min şükür! Həm dəyirman
özünündü, həm bağ-bostan becərirsən, həm
də balıq tutub satırsan... Allah səni hamıdan
ağıllı yaradıb, səni hamıdan ucaya
qaldırıb, İlahi sənə hər şey verib.
Özü də təksən... Amma Vasyanın dörd
uşağı var, üstəlik, mən başı
batmış da ona bir yükəm. Cəmi-cümlətanı
yeddi manat aylıq alır. Bu qədər adamı yazıq necə
dolandırsın? Kömək elə, Alyoşenka.
Dəyirmançı
dinmədi və cidd-cəhdlə qəlyana tənbəki
doldurmağa başladı.
- Bir
şey verirsən? - Qarı soruşdu.
Dəyirmançı
ağzına su almış adam kimi lal-kar dayandı. Qarı
cavabı gözləməyib ah çəkdi, monaxlara və
Yevseyə baxıb ayağa qalxdı və dedi:
- Allah
köməyin olsun, vermə. Mən bilirdim ki, verməyəcəksən...
Sənin yanına ən çox da Nazar Andreiçə
görə gəlmişəm... Gözünün
yaşını tökürdü, Alyoşenka! Əllərimi
öpüb yalvarırdı ki, mən sənin yanına gələm,
xahiş eləyəm ki...
- O, nə
istəyir?
-
Xahiş eləyir, sən onun borcunu qaytarasan. Deyir,
üyütməyə çovdar aparmışdım, amma o, mənə
bir çöp də vermədi.
-
Başqasının işinə qarışmaq sənin
işin deyil, ana, - dəyirmançı narazılıqla dilləndi.
- Sənin işin Allaha dua eləməkdi, öz işinlə
məşğul ol.
- Dua eləyirəm,
amma nə işdisə, Allah mənim dualarımı
eşitmir. Vasili dilənçi günündədi, mən
özüm başqasının paltosunu geyinirəm, amma sən,
maşallah, yaxşı yaşayırsan, Allah özü sənə
verir, Allah özü bilir sənin necə qəlbin var. Ax,
Alyoşenka, pis adamlar səni pis yola çəkiblər!
Axı sən mənim hər üzünə yaxşı
balamsan: həm ağıllısan, həm
yaraşıqlısan, həm də tacirlər tacirisən,
amma adam ola bilmirsən! Qaraqabaqsan, üzün gülmür,
xoş söz deməyin yoxdu, nainsafsan, vəhşi heyvana
oxşayırsan... Gör nə gündəsən,
üzündən zəhrimar yağır! Camaat sənin barəndə
nələr danışır, dərdin alım! Soruş bu
adamlardan. Danışırlar ki, sən camaata divan tutursan,
camaatın qanını sorursan, quldur işçilərinlə
birləşib gecələr yoldan ötənləri
soyub-talayırsan, at oğurlayırsan... Sənin dəyirmanın
allahsız bir yer kimi tanınıb... Qızlar, balaca
uşaqlar ora yaxın düşməkdən qorxurlar. Hamı
səndən qaçır. Kaindən, İroddan başqa sənə
nə ad vermək olar?!
-
Ağılsız adamsan, ana!
- Hara ayaq
qoyursan, ordan ayaq kəsilir, harda nəfəs alırsan, ordan
ins-cins qaçaq düşür. Sənin barəndə ancaq
bu sözləri eşidirəm, deyirlər: "Kaş biri
çıxıb bunu öldürəydi, ya da tutaydılar
bunu, canımız dincələydi!" Hansı ana buna
dözər? Hansı ana? Axı sən mənim doğma
balamsan, canım-ciyərimsən...
Dəyirmançı
ayağa qalxıb:
-
Vaxtdı, mən getməliyəm, - dedi. - Xudahafiz, ana!
Dəyirmançı
arabanı diyirlədib anbardan çölə
çıxartdı, atı gətirdi, onu it kimi itələyib
qoşqunun arasına saldı və arabaya qoşmağa
başladı. Qarı oğlunun yanınca addımladı,
onun üzünə baxdı və göz yaşından
islanmış kirpiklərini aram-aram qırpdı.
Oğlu
köynəyi tələm-tələsik əyninə
keçirəndə qarı:
-
Xudahafiz, - dedi. - Sağ-salamat ol, Allah köməyində
dursun, bizi yaddan çıxartma. Dayan, sənə pay gətirmişəm,
- qarı səsini endirib, düyünçəni
aça-aça dilləndi. - Dünən keşişin
arvadına baş çəkməyə getmişdim, orda
verdilər... Mən də səndən ötrü
saxladım...
Qarı əlindəki
nanəli qoğalı oğluna sarı uzatdı...
- Geri dur!
- Dəyirmançı qışqırıb qarının əlini
kənara itələdi.
Qarı pərt
oldu, qoğalı əlindən yerə saldı və sakitcə
çayın bəndinə sarı getdi... Bu səhnə
ağır bir təəssürat əmələ gətirdi.
Dəhşətə gəlib qışqırışan
monaxlar bir yana, hətta sərxoş Yevsey də yerində
quruyub qaldı və qorxu içində gözlərini ağasına
zillədi. Monaxların və xidmətçinin sifətindəki
ifadənin nə demək olduğunu anladımı, sinəsində
çoxdan mürgüyə getmiş hansısa duyğu
oyandımı, nə baş verdisə, dəyirmançının
da üzündə qorxuya bənzər bir şey gözə dəyib
yoxa çıxdı...
- Ana! - dəyirmançı
ucadan səsləndi.
Qarı səksəndi
və boylanıb baxdı. Dəyirmançı tələsik
əlini cibinə saldı və cibindən pul kisəsi
çıxartdı... Kisədən bir topa kağız pul və
bir xeyli də gümüş pul çıxarıb:
-
Götür, - dedi.
Dəyirmançı
pul topasını əlində eşələyib əzişdirdi,
nədənsə dönüb monaxlara baxdı və
barmaqları ilə pulu təzədən bir də əzişdirdi.
Kağız və gümüş pullar barmaqlar arasından
bir-bir sürüşüb təzədən kisəyə
doldu və əldə ancaq bir iyirmiqəpiklik qaldı... Dəyirmançı
həmin pula baxdı, onu barmaqları arasında sürtdü,
şaqqıltı ilə gülüb,
qıpqırmızı rəng alıb pulu anasına verdi.
Anton ÇEXOV
Tərcümə
edəni: Muxtar Kazımoğlu
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, №28.- S.24-25.