QOCA DİRİJORUN
SONUNCU KONSERTİ
“Sənət haqqında hekayələr” silsiləsindən maestro Niyazinin unudulmaz xatirəsinə
Axşamın alaqaranlığında dənizin kənarında yaşlı bir kişi ağır addımlarla qayalığa doğru gedirdi. Nəzərləri uzaqlara dikilmişdi – üfüqdən də uzaqlara. Saçları küləkdə oynaşır, uzun qara plaşı gah ayaqlarına, gah qayaların sərt üzünə toxunurdu. Əllərində heç nə yox idi, amma barmaqları nə isə axtarırmış kimi arada qəribə bir tərzdə titrəyirdi.
Zamanında böyük səhnələrdə konsertlər vermiş, gurultulu alqışların sahibi olmuşdu. Əlləri, barmaqları ilə orkestrə həyat verər, musiqiyə ruh qatardı. İndi isə səssizliklə dostlaşmısdı. Qocalmışdı, illərdir dirijorluq etmirdi. Amma arxada qalan illərin musiqi dolu havası ruhuna hopmuşdu. Beləcə, musiqi onu, o da musiqini yaşadırdı. Nisgilini tez-tez ürəyində təkrarladığı bir cümlə ilə ovundurdu: “Qulaq eşidər, amma ruh duymasa, musiqi ölər.”
Qayaların üstünə qalxdı. Hər axşam buraya gələrdi. Dənizin daim dəyişən səsi elə bil onun üçün itirdiyi orkestrin səsini əvəz edirdi. Dalğaların çırpıntısında, quşların sükutunda nəsə bir sehr duyurdu…
Oturdu. Ətrafa göz gəzdirdi. Qaranlıq ağır-ağır sahili örtürdü. Günəş batmaq üzrəydi. Uzaqda bir göyərçin qanad çaldı. Və o an – sükutu pozan yüngül addım səsləri eşidildi.
Qoca yavaşca arxaya çevrildi.
Qayanın o biri başında gənc bir qız dayanmışdı. Cavan, lakin qəribə dərəcədə sadə görkəmi vardı. Əlində dəftər tutmuşdu, nəzərlərləri dənizə dikilmişdi, saçları küləklə oynayıdı.
-Salam, - qız dedi. Səsi nə incəydi, nə də qətiyyətli. Sadəcə səmimi idi.
- Salam, - qoca başını tərpədərək cavab verdi.
Qısa sükutdan sonra ilk dillənən qız oldu:
-Sizi burda
bir neçə dəfə görmüşəm. Hər dəfə
eyni saatda, eyni yerdə. Elə bil kimisə gözləyirsiniz.
Bəlkə gələcəyinizi, qarşıdakı günləri?
Qoca
gülümsədi. Dodaqlarına acı bir təbəssüm qondu.
- Yox, səssizlikdən,
sükutdan başqa gözləyəsi bir şey qalmayıb. Nə
keçmişi, nə də gələcəyi dartıb indiyə
gətirməzsən. Amma bəzən insan keçmişin səsini eşidib təskinlik tapa bilir...
Qız
bir az yaxınlaşdı. O da qayanın üstündə
oturdu. Susdu. Sonra birdən içinin lap dərinliyindən gələn sözləri sanki boğazında
sıxa- sıxa soruşdu:
- Siz...
bir vaxtlar dirijor olmusunuz... elə deyilmi?
Qoca ona
baxdı. Dənizdən gələn meh sanki bir anlıq kəsildi.
-Bunu
haradan bildiniz?
-Bilmirəm...
Bəlkə əllərinizdən və
baxışlarınızdan. Onlardan musiqi axır sanki. Musiqi
dinləyən yox, musiqini danışdıran, dirildən birinə
oxşayırsınız.
Qoca bu dəfə
səmimi güldü. Bir damla yaş gözünə doldu,
amma aşağı axmadı
Qız
başını aşağı salıb bir anlıq susdu. Dəftərini
qucağında sıxdı. Sanki içində
saxladığı sözləri indicə deməsə, onlar
birdəfəlik küsüb gedəcəkdilər.
-Bilirsiniz,
- dedi, - məncə, bəzi insanlar bu dünyaya musiqi yaratmaq
üçün gəlirlər. Amma yalnız notlarla yox...
Əlləri ilə küləyi, baxışları ilə
günəşi, nəfəsi ilə dənizi səsləndirən
insanlar da var.
Qoca
dirijor gözlərini ona zillədi. Qızın dedikləri
onu qətiyyən təəcübləndirmədi Bu ifadələrdə
səmimi bir ruh duyulurdu.
-Siz də,
deyəsən, şairəsinin - qoca dedi. - Səhv etmirəm
ki?
Qız
gülümsədi:
-Şair,
şairə çox gurultulu səslənir. Mən
özümün ən vacib, ən gözəl şeirimi
yazmaq istəyirdim. Amma alınmadı…
-Niyə
ki? - qoca soruşdu.
Qız qəribə
cavab verdi:
-Çünki
bu dünyaňın ən gözəl şeiri elə
sükutun özü, onun səsi imiş….
Araya
sükut çökdü. Və qəribədir ki, bu
sükutu hər ikisinin eyni vaxtda çəkdiyi yüngül
“ah” pozdu.
- Bəlkə
bir az qəribə səslənəcək... - qız dilləndi.
- Siz mənim bir xahişimi yerinə yetirə bilərsinizmi?
Qoca
başını azca yana əydi. Qız gözlərini
üfüqə dikdi.
-Baxın,
bu axşam nə qədər gözəldir. Günəş
batır, külək dənizin saçlarını
darayır. Az sonra Ay çıxacaq. Dalğalar sanki insan kimi nəfəs
alır. Mən istəyirəm... istəyirəm ki, siz
bütün bu səslərə dirijorluq edəsiniz.
Qoca bir
anlıq donub qaldı. Sanki zaman dayandı. Sonra astaca nəfəs
aldı. Əllərini dizlərinin üstünə qoydu.
Barmaqları azacıq titrədi.
- Mən...
uzun zamandır heç nəyə dirijorluq etməmişəm.
Nə orkestr var, nə səhnə, nə də dinləyici...
Qız
gülümsədi.
- Əvəzində
təbiət var. Və mən varam.
Qoca
baxışlarını dənizə çevirdi. Bir neçə
an düşündü. Sonra birdən ayağa qalxdı.
Plaşını sığalladı. Əllərini arxada
çarpazlayıb bir neçə addım atdı və
qayaların başına çıxdı. Gözləri batan
günəşdə, qolları havada idi. Sanki gözə
ğorünməyan böyük bir orkestrin önündə
dayanmışdı.
Qız dəftərini
örtdü. Gözlərini qocanın siluetinə dikdi.
Qoca
yavaş-yavaş əllərini qaldırdı. Batmaqda olan Günəşin son
şüaları bir andaca onun barmaqları ilə oynadı. O,
əllərini aşağı endirdikcə dəniz sakitləşdi.
Sonra kəskin bir hərəkətlə sağ əlini havada
yellədi – dalğalar daşlara daha güclü
çırpıldı. Sol əli ilə bir yaylıq kimi
küləyə işarə etdi – külək dənizin səthində
dalğacıq yaratdı. Elə bil ətrafdakı hər
şey onun əmrində idi. Və ya o, onların içində
itib, onların dilini danışmağa
başlamışdı...
Qız
göz yaşlarını gizlətmədi. Əlini ürəyinə
qoydu. Bu sükutun içində sanki musiqi var idi – dinləmək
üçün təkcə qulaq yox, qəlb gərək idi.
Sonra...
göydə Ay göründü. Qoca barmaqları ilə
Ayın çıxışını yavaş-yavaş
müşayiət etdi. Əlləri onun rəqsini idarə
edirdi. Və... bu, təkcə gözəl bir tamaşa deyildi.
Bu – bir vidalaşma, bir doğuluş, bir möcüzə
idi...
Qoca
dirijorun əlləri getdikcə daha geniş hərəkət
etməyə başladı. Bəzən havada görünməz
xətlər çəkir, bəzən barmaqları ilə
sanki səmanı cilalayırdı. Onun hər jestində bir əmr
yox, bir yalvarış vardı – sanki musiqiyə çevrilmək
istəyən dünyanın ruhu ilə dərdləşirdi.
Qız
ayağa qalxdı. Bir neçə addım irəlilədi,
qayaların yanına gəldi. Artıq nə sükut, nə də
rüzgar onu qorxudurdu. Gözləri parlayırdı – ilk dəfə
bu qədər canlı, bu qədər işıqlı.
-Siz... siz
bu axşam həqiqətən də möcüzəli musiqi
yaratdınız, - pıçiltı ilə dedi. - Mən bunu
duydum... ürəyimlə.
Qoca
asta-asta başını çevirdi. Gülümsədi.
Gözlərində qəribə bir dərinlik vardı – illərin
yaratdığı hüzün, anidən tapılan azadlıq
kimi.
-Musiqi həmişə’
hər yerdə var, -dedi. -Sadəcə onu duya biləcək
ürək lazımdır...
Qız
bir addım da yaxınlaşdı. Əlini uzatdı. Qoca tərəddüdsüz
onun əlini tutdu.
Və o
an...
...bir
yüngüllük gəldi. Elə bil qayalar artıq sərt,
ayaqlar artıq yerə bağlı deyildi, hava isə su kimi
çalxalanırdı. Əvvəlcə plaşın ətəyi
yüngülcə yelləndi. Sonra saçlar, sonra barmaqlar...
və sonra – onların özləri.
Dənizin,
Ayın və həzin küləyin müşayiəti ilə
onlar səssizcə, yavaş-yavaş qalxmağa
başladılar. Sanki qəribə bir musiqi onları öz
qanadlarına alıb səmaya
qaldırırdı. Dirijor əllərini son dəfə yellədi
– havada səsssiz bir musiqi səsləndi. Qız
baxışlarını göydən ayırmadı.
Və... bir
an sonra onlar Ay işığının içində əridilər.
Arxada dəniz
yenidən çırpıldı. Ay daha parlaq oldu. Külək
qızın dəftərini kimi uçurub qayaların
üstünə qoydu. Və susdu.
Qayaların
başında, qaranlığın içində, dənizdən
bir qədər yuxarıda – artıq heç kim yox idi.
Yalnız
bir köhnə dirijor çubuğu sakitcə daşın
üstünə düşdü.
Əlisəfdər
HÜSEYNOV
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, ¹28.- S.26.