Professor və məşuqəsi
"Universitet
hekayələri" silsiləsindən
"Bunları
təcili güllələmək lazımdı". Rusiya Elmlər
Akademiyası Şərqşünaslıq İnstitutunun
professoru İosif Aronoviç Mixelson bu sözləri deyəndə,
az qala, sifətinin yarısını örtən qalın
şüşəli gözlük taxmış arxeoloq-alim
Marqarita Petrovna İvleva sakitcə professorun sözünə
qüvvət verdi: "Məmnuniyyətlə tətiyə
basardım".
Mixelson
Rusiyada üç fərqli dil ailəsinə aid şumer,
akkad, sanskrit dillərinin
hamısını əla bilən yeganə şərqşünasıydı.
Beşinci
kursda, praktikaya elmlər akademiyasına gedən şumer-akkad
qrupunun tələbələri - Andrey, Valeri, Mariya, Tatyana
(rusların dördü də sankt-peterburqluydu) və mənimçün
bu cür qara yumor məqbuluydu. Güllələnməyə
"layiq olmağ"ımızın səbəbisə akkad
dilində mətnləri mixi yazılar vasitəsilə deyil,
rahatlığımızçün transliterasiyada1
oxumağımız idi, - bunun qarşılığında
bizi bu cür zarafatyana danlaqlarla yola vermələri
hamımıza sərf edirdi.
Bir dəfə
Mixelson ciddi-ciddi mənə baxıb dedi: "Zahid, Bakıya
qayıdanda, yəqin həmyerlin Yusif Yusifov2 Midiyada
türkdilli tayfalar tapan kimi, sən də şumerləri azərbaycanlıların
əcdadları edib ölkənizdə məşhur alim
olacaqsan". - "Yox, İosif Aronoviç, elə bir elmi
iddiam yoxdu. Mən regionun ictimai-siyasi tarixini yaxşı bilirəm,
etnogenezi o qədər də dərindən bilmirəm". -
"Sizin alimlər nəyin əsasında şumerləri
türkdilli hesab edir?" - "Şumerlərdə Allah mənasını
verən "dingir" sözünün türklərdə
eyni mənalı tenqri ilə oxşar səsləndiyinə
görə. Hə, bir də "dingir" sözündə
qədim türklərdəki n ilə q-nın
qarışığı olan sağırnun deyilən hərfə
görə". - "Ha-ha-ha. Bəs deyirsən, etnogenezi
bilmirsən?!" - "Yox, demirəm ki, o barədə
heç nədən xəbərim yoxdu, o mövzunu bir az bilirəm".
"Cavan
oğlan, Qarabağ kimindi?" sualını verəndə,
cavabım "Əlbəttə, bizimdi", olmuşdu,
başlamışdım saklardan, massagetlərdən,
albanlardan bu yana Qarabağın tarixindən
danışmağa. "Bir dəyqə. Sakların, massagetlərin
azərbaycanlılara nə aidiyyatı var?" - sarkazmla
soruşmuşdu. "Yaxşı, bəs onların ermənilərə
nə aidiyyatı var?" - "Yoxdu, amma o tayfaların sizə
də aidiyyatı yoxdu..."
Onunla bu
cür mövzularda tez-tez zarafatlaşırdıq, mənimlə
çox vaxt razılaşmasa da, üstəlik, arada dərs
tapşırıqlarına barmaqarası yanaşsam da,
münasibətlərimiz get-gedə məhrəmləşirdi.
Yaxınlıq o həddə çatdı ki, bir dəfə
ona sual verdim: "İosif Aronoviç, siz Stalinin antisemitizm
siyasətinin tüğyan etdiyi bir vaxtda doğulmusuz. Bəs nə
əcəb onda valideynləriniz sizə rus adı qoymayıb,
ya doğum şəhadətnaməsində
soyadınızı, məsələn, Mixaylova dəyişməyib?"
Bilirdim ki, hətta SSRİ-də antisemitizmin səngidiyi
1960-70-ci illərdə minlərlə yəhudi qorxusundan, ya
karyerası naminə öz ad, soyadlarını rus
variantlarıyla əvəz edirdi. "Çünki bizim nəsildən
olanlar öz yəhudiliyi ilə həmişə fəxr ediblər.
Nə də biz antisemitizm kampaniyasından qorxmuşuq", -
özündən razı halda cavab verdi.
Bir
gün o, nifrətlə deyəndə ki, universitetdə
oxumağıma imkan verməyəcək, sual dolu nəzərlərlə
ona baxıb dilləndim: "İosif Aronoviç, heç nə
başa düşmürəm". - "Necə yəni
başa düşmürsən? Səni akkad mətnlərini
transliterasiyadan normal tərcümə etmədiyinə görə
qovmaq lazımdır. Fikirləşirsən, bunu etməyə
səlahiyyətim yoxdu, mən akademiyada işləyirəm, sən
universitetdə tələbəsən. Amma bil, sizin rektorla eyni
illərdə oxumuşuq və o, heç vaxt sözümdən
çıxmaz".
İki
gün sonra qrup yoldaşım Tanya universitetdə
qulağıma pıçıldayıb dedi ki, Mixelsonun
arvadı azərbaycanlı biznesmenə qoşulub
qaçıb, hər şey mənə aydın oldu.
Növbəti
dərs, otağına ayaq basan kimi, Mixelson məni
başdan-ayağa süzüb dilləndi: "Qarabağ azərbaycanlılarındı,
yoxsa ermənilərin?" Gözlərindən oxudum:
ağzımdan "azərbaycanlılarındı"
sözünün çıxmasını gözləyirdi ki,
əksimə döşəsin. Başımdan etməkçün
neytral cavab verdim: "Qarabağ Strabonun "Coğrafiya" əsərindənki
albanlarındı". - "Əvvəl başqa mahnı
oxuyurdun, - kinayə ilə dilləndi. - Yaxşı, sən
yenə albanları türkdilli hesab edirsən?" Susdum,
çünki əvvəlki söhbətlərimizdə Moisey
Kaqanqatvasidən misallar çəkib iyirmi altı alban
tayfası arasında türkdillilərin olması
ehtimalını demişdim. Eyni zamanda deyəmmirdim, bu
mövzuda məni dünyada
tanınan azərbaycanlı albanşünas Fəridə Məmmədova
tənqid etsə, yenə onu başa düşərdim, siz ki
Qafqaz Albaniyası üzrə alim deyilsiz, hansı üzlə əsəblərimlə
oynayırsız? "Sən fərqindəsən ki, bu beş
ildə əslində, vaxtını boşa keçirmisən?"
- qaşlarını düyünləyib dedi. "Onun sizə
dəxli yoxdu. Siz mənim nə müəllimim, nə də
elmi rəhbərimsiz", - deyib otaqdan çıxdım. Qrup
yoldaşlarım da mənə görə pis olmuşdu.
Ertəsi
gün dəhlizdə kafedra müdirimiz İvan Mixayloviçə
yaxınlaşıb Mixelsonun son vaxtlar məni
sıxışdırmağından danışdım,
soruşdum, "bu adam diplom müdafiəsində mənə
problem yaratmaz ki?" "Yox, yaratmaz, -
pıçıltıya keçdi. - Öz aramızda
qalsın, onun yoldaşı azərbaycanlı biznesmenə
qoşulub qaçıb. Ona görə belə əsəbidi".
- "Bilirəm, amma bu işdə mənim günahım yoxdu
axı. Bir də, başa düşmürəm, niyə
Qarabağ məsələsini ortaya atır?" - "Nə
Qarabağ?" Mixelsonla olan söhbətləri
danışası oldum, məni sakitləşdirməyə
çalışdı: "Zahid, sən hələlik onun
kaprizlərinə döz. Mixelsonla arvadı vaxtilə bir-birini
dəlicəsinə sevib evləniblər. Ona görə belə
qəzəblidi, heç cürə barışa bilmir
arvadının xəyanətiylə. Son vaxtlar öz
işçiləriylə də yola getmir. İvlevanı
tanıyırsan, arxeoloqu deyirəm. Srağagün mənə
zəng edib Mixelsondan şikayət edir, deyir, elə bil mən
buna xəyanət eləmişəm. Hə, sənə bir
şey deyim. Mən əlli doqquzuncu ildə İosiflə
Lyudanın toyunda iştirak etmişəm. Mixelsonun
parıldayan gözlərini görərdin, sanki "Mən
Lyudayla ömürlük xoşbəxt olacam" deyirdi o
gözlər. Lyuda da onun kimi çox xoşbəxtiydi. Sən
iki-üç dəfə praktikaya getmə, qoy bir müddət
səni görməsin, sakitləşsin, qalan məsələləri
sonra danışarıq".
Bu arada mənə
təsəlli verən şey Mixelsonun qrupumuzdakı o biri tələbələri
də acılaması idi, sadəcə, mənə münasibətində
barıtı çox edirdi. Əsas məsələ son kafedra
iclasında Mixelsonun diplom müdafiəmdə mənə
opponent təyin edilməsiydi. Rəyində yazsaydı
"Yeni Aşşur dövlətinin xarici siyasəti"
buraxılış işim müvafiq meyarlara cavab vermir,
müdafiəm gələn ilə qalacaqdı.
Növbəti
dərsdə Mixelson "Ermənistanla danışıqlar nə
yerdədi?" sualını verdi. O vaxt Bakıdan mənə
şəkərbura, qoğal, bəkməz, mürəbbələrlə
bir yerdə çoxlu qəzet göndərirdilər deyə,
ölkəmizdə baş verənlərdən az-çox xəbərim
varıydı. Başladım verdiyi sualla bağlı bildiklərimi
danışmağa. "Aydındı. Siz niyə
Qarabağı ermənilərə vermək istəmirsiz?"
Alışıb yanan gözlərindən bilinirdi ki, məndən
cavab gözləyir. "Niyə Qarabağı ermənilərə
verməliyik?" - özümü məcbur edib sakit tonda
dedim. "Birincisi, ermənilər tarixən sizdən çox
əvvəl bu regionda yaşayıblar. Sizin əcdadlarınız
doqquz-on birinci əsrlərdə Orta Asiyadan Azərbaycana
köçüblər. İkincisi, sizin ərazi Ermənistanın
ərazisindən qat-qat böyükdür". - "Birincisi,
biz regiona doqquz, on birinci əsrlərdə gəlməmişik,
mən axı Qafqaz Albaniyasında türk toponimləri ilə
bağlı misallar..." - "Yenə başladın, - sifətini
əydi. - Gah deyirsən,
etnogenezi bilmirsən, gah da albanların arasında türkdilli
tapırsan". - "Yaxşı, tarixi qoyaq qırağa.
Beynəlxalq hüquq deyilən şey var. Ona qalsa, siz də gərək
on doqquzuncu əsrdə işğal etdiyiniz Şimali
Qafqazdakı vilayətlərə müstəqillik verəsiz.
O vilayətlərin birinin ərazisi heç yüz min kvadrat
kilometrə çatmır, halbuki indi Rusiyanın ərazisi on
yeddi milyon kvadrat kilometrdi. Çeçenlərə
qarşı müharibə aparırsız, hər gün
onlarla dinc adamlar ölür, binalar, xəstəxanalar
dağıdılır. Niyə müstəqillik vermirsiz
onlara?"
Bu, həmin
dövr idi ki, Rusiyanın zəifləməsindən istifadə
edən bəzi vilayətlər öz yerli konstitusiyalarına
ölkənin tərkibindən çıxmaq hüququ haqda
maddə salmışdı. Telekanallar, qəzetlər
Rusiyanın Çeçenistanda apardığı müharibəyə
görə, prezident Yeltsini yıxıb-sürüyürdü,
ona görə belə şeyləri deməkdən çəkinmirdim.
Mixelson
gördü, mənimlə dil çatdırammayacaq, zəhərli-vampir
təbəssümlə dedi: "Hazırda tək
Dağlıq Qarabağ yox, ətraf rayonlar da sizin deyil.
İnanırsız ki, o torpaqları geri ala biləcəksiz?"
- "Əlbəttə, alacayıq" desəm də, elə
bildim, sönük səslə verdiyim cavabla professorun
qarşısında aciz duruma düşdüm. Onun sifətində
"Heç vaxt ala bilməyəcəksiz" mənasını
verən təntənəli eybəcər təbəssüm
qalmaqdaydı.
Diplom
müdafiəsinə bir ay qalmış Mixelsonun infarktdan xəstəxanaya
düşdüyünü eşidəndə bilmədim, ona
ölüm, yoxsa şəfa diləyəm. Elə bildim
ölsə, qarğış etdiyimə görə
günahkar həm də mən olacam,
peşmançılıq-filan çəkəcəm. O biri tərəfdənsə
sağalsa, diplom müdafiəmdə mərdimazarlıq edəcəkdi.
Qarabağla bağlı dediklərini xatırlayanda,
öz-özümə "Gəbərəsən səni"
dedim. Azərbaycanlı biznesmeni də ürəyimdə
söydüm: "Ay oğraş, bu boyda şəhərdə
boşanmış, ərsiz arvadlar ola-ola, vaxt tapdın da alim
arvadı yoldan çıxartmağa". Sonra qəfil
ağlıma gəldi, bəlkə, elə fürsətdi,
alma, armud alıb gedim xəstəxanaya, görsün ki, diqqətciləm,
pislik etməz mənə. Bunu otaq yoldaşım,
"Geologiya" fakültəsində oxuyan gəncəli Fikrətlə
bölüşəndə əsəbi-əsəbi dedi:
"Yox e, təcili dədənə zəng elə, de
Bakıdan Şirvan kanyakı alıb göndərsin. Kanyakı
alan kimi cum xəstəxanaya, professora ver, de ki, arvadının
oynaşı göndərib. Ağzında deyirsən, bu adam səni
o azərbaycanlı gədəyə görə universitetdən
qovmaq istiyir, hələ utanmaz-utanmaz durub yanına getmək
istiyirsən".
Üç
gün sonra kafedra müdirimizə yaxınlaşıb
Mixelsonun səhhətini soruşdum, bic-bic gülümsəyib
dedi: "Düzünü de, onun ölməyini istəyirsən,
hə?" - "Yox, yox, İvan Mixalıç, nə
danışırsız?" - "İstiyirsən, gözlərindən
görürəm. Səni yaxşı başa
düşürəm. Artıq xəstəxanadan
çıxıb, birisigün akademiyaya gedərsən
yanına, səni görmək istəyir. Yüngül infarkt
keçiribmiş".
Düşmənimin
sağalmasına sevindim, fikirləşdim, yəqin münasibətləri
yaxşılaşdırmaq istəyir deyə, məni görmək
istəyir. "Gərək Fikrətə qulaq asmayaydım,
iki-üç kilo meyvə alıb xəstəxanaya gedəydim".
Özümü inandırdım ki, arada ağzımdan
qarğış-fason sözlər çıxsa da, heç
vaxt ürəkdən ona ölüm arzu etməmişəm.
Mixelson
doğrudan, bədbəxt idi: sevdiyin qızla evlən, illərlə
bir yerdə yaşa, bir oğlunuz olsun, Rusiyanın
tanınmış şərqşünaslarından biri ol, qəfil
arvadın azərbaycanlıya qoşulub qaçsın və əlli
bir yaşında səni infarkt vursun. Deyilənə görə,
arvadı yeganə övladları - kimya üzrə vunderkind məktəbli
oğlunu da özüylə aparıbmış. Ərinin
maaşla ailəni dolandırmağından bezən bu
qadını həmyerlimiz harda, necə yoldan
çıxarmışdı, burasını bilmirdim.
1990-cı
illərin əvvəlləri Rusiya əhalisi ərzaq
qıtlığından, kasıbçılıqdan əziyyət
çəkirdi. Akademiyada işləyənlər maaşdan əlavə,
ali məktəblərdə saathesabı dərs deməyin,
xaricdə çıxan məqalələrin qonorarları, Qərbin
elmi fondlarının qrantları hesabına dolanırdı.
Mixelsona bizim universitetdə dərs demək dəfələrlə
təklif olunmuşdu. Öz işinə hədsiz bağlı
olan bu alim müəllimliyi elm yolunda maneə
gördüyündən, təklifdən imtina etmişdi.
Qaldı ki, qrant məsələsinə, Mixelson bir layihəylə
bağlı Almaniyanın hansısa elm fonduna göndərdiyi
sənədlərdən ikisində xırda texniki səhvə
yol veribmiş. Fond həmin sənədləri qaydaya salıb
yenidən göndərməyi xahiş edəndə, o,
acığa düşüb "Cəhənnəm olsunlar,
bunlar boş-boş şeylərlə vaxtımı
alırlar" deyib, üç min dollarlıq qrantdan imtina
edibmiş.
İvan
Mixayloviçin tapşırığına uyğun, iki
gün sonra Şərqşünaslıq İnstitutuna getdim,
qorxa-qorxa düşmənimin otağına girdim. Alovlu-alovlu
kimləsə telefonla danışırdı. Dəhlizə
çıxmaq istəyəndə, əliylə qapının
yaxınlığındakı stulu göstərdi, oturdum.
"...Yox və yox... Bir daha təkrar edirəm, sən dünən
mənim yatağımda olmalıydın... - sanki evdəki
çarpayısını nəzərdə tuturmuş kimi
işarə barmağıyla masanı taqqıldatdı. - O
şeirlər?.. Yox, konkret bir şey deyə bilməyəcəm...
Ultimatum tonunda danışmaq lazım deyil... Məni çox
çətin vəziyyətə salırsan, əzizim, - qəfil
yalvarış tonuna keçdi. - Nə isə, sonra
danışarıq", - dəstəyi yerinə qoydu.
"Dünən mənim yatağımda olmalıydın"
sözlərini eşidəndə, düzü, şok oldum.
Arvadıyla danışdığını, barışmaq,
onu geri qaytarmaq istədiyini təxmin etdim, amma anlamadım, niyə
bunları eşitməyimi istədi. Ürəyimdə Allaha
yalvardım, barışsınlar, Mixelson da mərdimazarlığına
son qoysun.
"Həmişə
ayaqüstə, İosif Aronoviç", - deyib ayağa
qalxdım, üzümə elə bir ifadə verdim, guya telefon
danışığına fikir verməmişəm. Əliylə
oturmağıma işarə edib məhrəm təbəssümlə
dedi: "Sağ ol, Zahid. Necəsən? Dərslərin necə
gedir?" - "Yaxşıyam. Dərslərim
qaydasındadı". - "Telefonda Vikayla, Viktoriya
Malışevayla danışırdım, sizin yataqxanada
qalır, moskvalı aspirant qız. Tanıyırsan onu?" -
"Hə, tanıyıram", - qaşlarım yuxarı
qalxdı.
Beş ay
idi Vikanın (Viktoriya) yataqxanamıza köçdüyü,
mən qalan üçüncü mərtəbədə
balaca otağı varıydı. Damağından siqaret, əlindən
kitab əskik olmayan, - ümumi mətbəxdə sol əlindəki
qaşıqla xörəyi qarışdıranda, sağ əlində
tutduğu kitabı oxuyurdu, - beynində daima cürbəcür
təhlillərin, induktiv və deduktiv metodların,
monoqrafiyaların, terminlərin var-gəl etdiyi bu qız adi
söhbətlərdə də elmi cümlələrlə
danışırdı. Məsələn, mən "Vika, necəsən?"
soruşanda, "Eksiztensial kədər içindəyəm, əzizim"
cavab verirdi. "Vika, hazırda nə oxuyursan?" - "Eyni
zamanda Kyerkeqorun "Həzz və borc" traktatını,
professor Herman Oldenberqin "Mahabharata"ya yazdığı
şərhləri, eləcə də..." - "Vika, de
görüm, hazırda dissertasiya işinin hansı fəslini
yazırsan?" Qəsdən bu sualı verirdim ki, oxuduğu
kitablarla bağlı detallara varıb məni çənəsinin
altına salmasın. Narazı-narazı əlini yelləyib məndən
uzaqlaşırdı. Bilməyənlərçün deyim, bəzən
yazı prosesi ləng getdiyindən, dissertanta "İndi
hansı fəsli yazırsan?" sualını verməklə bir növ, yarasına duz
basmış olursan.
Vikanın,
xoşuna gəlmədiyi adamın ağız-burnunu
qanatmaqçün onu söhbətə çəkib "səhv"
tapan, reketliklə pul qazanan çeçen Həmzətlə
tez-tez ümumi mətbəxdə, dəhlizdə söhbət
etməsi parlaq təzad nümunəsiydi. Həmzət
komendanta hər ay artıqlamasıyla pul verib xalçası,
soyuducusu, elektrik piltəsi olan geniş otaqda komfort həyatı
yaşayırdı. Mətbəxdə yemək bişirəndə,
Vikayla Həmzətin söhbətlərinə qulaq asmalı
olurdum. Vika tutaq ki, sanskrit dilinin özəlliklərindən, -
yeri gəlmişkən, o, həm də ingilis, alman, fransız
dillərini bilirdi, - "Mahabharata"yla başqa qədim
Şərq poemaları arasında fərqli, oxşar cəhətlərdən
danışanda, ömründə üç kitabın
üç səhifəsini oxumayan çeçen balası
heç nə başa düşməyə-düşməyə,
həvəslə ona qulaq asırdı, arada, hətta primitiv də
olsa, suallar verirdi. Bir dəfə Həmzət məni
qırağa çəkib ciddi-ciddi dedi: "Bura bax, sən Vikaya
de, az kitab oxusun". - "Niyə?" - "Necə yəni
niyə? Başa düşmürsən, o, dəlixanaya
düşə bilər?" - hikkə qarışıq əminliklə
dedi. Yalandan başımı tərpətsəm də, Vikaya
heç nə demədim...
"Vikayla
aran necədi?" - Mixelson növbəti sualını verib
"Düzünü de" ədasıyla mənə
baxdı. "Yaxşıdı". - "Sən telefonda ona
nə dediyimi eşitdin. Qıraqdan kobud, əcaib görünsəm
də, mən haqlıydım. Söz vermişdi, dünən
axşam evimə gələcək, amma gəlmədi.
İndisə mənə şərt qoyur, gərək
akademiyanın müxbir üzvü olam. Ona sanskrit dilində elə
əlyazmalar tapıb vermişəm, onları dünyanın
heç bir arxivində tapa bilməz. Deyirsən, münasibətləriniz
yaxşıdı. Yataqxanaya qayıdanda, ona de, sabah axşam
saat onda evimə gəlsin. Daha doğrusu, de ki, İosif
Aronoviç xahiş etdi". - "Oldu". - "Yeri gəlmişkən,
İvan Mixalıç sənin diplom işini mənə verib
ki, oxuyub rəy yazım. İşi hələ tam
oxumamışam. Girişə, bir az da birinci fəslə
baxmışam. Politoloji terminləri niyə ora
soxuşdurmusan, anlamadım. Bu cür dırnaqarası
eksperimentləri Bakıda, öz elmlər akademiyanızda edərsən.
Nə isə, dediklərimi Vikaya çatdırarsan".
Qəribə
hisslərin, fikirlərin məngənəsinə
düşdüm, bir tərəfdən, diplom işimin
müdafiəsində qarşımdakı şlaqbaumun
açılması şansı yaranmışdı. O biri tərəfdənsə
bilmirdim, Vikaya diplom müdafiəmin onun Mixelsonla sevişməyindən
asılı olduğunu necə başa salım. Məsələnin
başqa maraqlı tərəfi professorun bu işdə mənə,
tələbəyə güvənməsiydi, yəni nəyə
əminiydi ki, ismarıcı çatdıranda, Vika axşam
saat onda onun evinə gedəcək, telefonda
qırışmışdılar axı. Nə olsun professor
bildi ki, Vikayla aram əladı, ya diplom məsələsinə
görə professordan asılı vəziyyətə
düşmüşdüm, nə qədər də olmasa, mənə
intim, hardasa riskli iş tapşırdığının fərqindəydi.
Sonda anladım ki, aspirant qıza "Sən dünən mənim
yatağımda olmalıydın" deyən alimçün tələbəylə
aranı açmaq problem deyildi.
Həmin
gün axşam Vikanı otağında tapdım. Söhbətə
ümumi girişdən sonra, əsas məsələyə
körpü atdım: "Mixelson sənin elmi rəhbərindi?"
- "Elmi məsləhətçimdi. Elmi rəhbərim
Moskvada Asiya və Afrika İnstitutunun professoru Vladimir
Solomonovdu. Nədi ki?" - deyib maraqla mənə baxdı.
"Çox güman, elə Solomonov bunun oynaşıdı,
ona görə Mixelsona "vızqırt" deyir", - ani
düşündüm (Sonralar yataqxana qonşum Vera, Vikanın
yetmiş altı yaşlı Solomonovun sevgilisi olduğunu mənə
deyəcəkdi). "Mixelsonla aran necədi?" - "Bura
bax, Zahid, sən lap müstəntiqlər kimi sual verirsən.
Əsas məsələyə keç". Düz gözlərinin
içinə baxıb cəsarətləndim: "Vika,
İosif Aronoviç xahiş etdi ki, sabah axşam saat onda onun
evinə gedəsən. Bəlkə Mixelsona yox deməyəsən?!"
Duruxdu, "Maqna" qutusundan siqaret çıxardıb
alışqanıyla yandırdı, deyəsən, gözləmirdi
bu sualı. Elə bildim, bu dəqiqə məni söyüb
deyəcək: "sən niyə şəxsi həyatıma
burnunu soxursan?" "Sən onu hardan tanıyırsan?" -
gözlərini qıyıb soruşdu. "Bizim qrup praktikaya
onun şöbəsinə gedir". - "Bəs səni niyə
bu işdə elçi salıb?" - bic təbəssümlə
soruşdu. Akademiyada Mixelsonun bununla telefon
danışığına qulaq şahidi olduğumu,
müdafiəmin Mixelsonun buraxılış işimə
müsbət rəy yazmasından asılı olduğunu
danışdım. Vika bir qədər fikrə gedib dilləndi:
"Ona "hə" deməyin qiyməti çox bahadı.
Təbii ki, pul mənasında yox". - "Axı sən
onun qarşısında mümkün olmayan şərt
qoyursan? Tələb edirsən ki, o, mütləq
akademiyanın müxbir üzvü olsun. Səncə, belə
bir şey..." Özündən razı, isterik qəhqəhəylə
sözümü kəsib dedi: "Bu, onun fantaziyasıdı,
Zahid. O barədə aramızda ümumiyyətlə söhbət
olmayıb". - "Hmm, qəribədi. Hə, bir də
deyir, sanskrit dilində sənə elə əlyazmalar verib ki,
onları gedib dünyanın heç bir arxivində tapa bilməzsən".
- "Bunu da həyasızcasına yalan deyir. O, mənə
kitablardan kseroks etdiyi şeirlər verib, onları mən
özüm də tapıb surətlərini çıxarda bilərdim.
Uzağı, işimi yüngülləşdirib". -
"Yaxşı, o səndən nə istəyir?" Duruxdu,
elə bil, nəyisə deməyə çəkindi, nəhayət,
dilləndi: "O, bilir nə istədiyimi. Onda Kalidasanın
nadir nüsxələri olan şeirləri var. Kalidasa
eramızın dördüncü, beşinci əsrində
yaşadığı ehtimal olunan hind şairi və
dramaturqudur. Dediyim şeirlərsə nə rus, nə də
ingilis dilinə tərcümə olunub, təsəvvür
edirsən?" - deyib, ağzını burnuma
yaxınlaşdırdı, sərt tütün qoxusuna
qarşı yarana biləcək nifrət mimikasının
qarşısını güclə aldım. "Siqaret
çəkməyən Mixelson bununla necə öpüşəcək?"
düşündüm. Vika nə gözəliydi, nə də
çirkin, ağıllı gözləri, babat döşləri,
bas səslə kitab dilində koloritlə danışması
onu cazibədar edirdi. Alimlər, intellektuallarçün bu cəhətlərin
harmoniyası bəs edirdi: bu qızla elmdən
danışsınlar, yorulanda bir-birinə sarılıb
yıxılsınlar divana. Onu deyim, bu qızla aramızda
qarşılıqlı meyil-filan yox idi.
Vika isə
öz aləmindəydi: "Bu alçaq şeirləri mənə
vermədən istəyir ki, onun məşuqəsi olum. Elə
bil hərifəm onunçün". Nəhayət, Mixelsonun
telefonda buna dediyi "Ultimatum tonunda danışmaq lazım
deyil" sözlərinin mənası mənə
çatdı. "O şeirlərin özəlliyi nədədi?"
- soruşdum. "Bax, bu sualı səndən gözləyirdim,
Zahid. Mixelsonun dediyinə görə, o şeirlərdə elə
erotik misralar var ki, onların nə Şərq, nə də ədəbiyyatında
analoqu var". - "Yəni Mixelson o şeirləri sənə
versə..." - "Hə, onda onun evinə axşam, yoxsa səhər
saat onda getmək barədə düşünərəm",
- soyuq-minnət tonunda cavab verdi. Ürəyimdə bunu
söydüm: "Qancıx. Konkret hə, ya yox demək əvəzinə,
oyun oynuyursan o boyda alimlə".
Güman
ki, Mixelson özü o şeirləri tərcümə edib,
haqqında məqalə yazıb sanskritşünaslıqda səs
salmaq istəyirdi, eyni zamanda "elmi uğur, yoxsa Vikayla
seks?" dilemması arasında qalmışdı. Vika isə
professorun yatağına girmədən o şeirləri ələ
keçirib, Mixelsona "bye-bye" (əlvida) demək istəyirdi. Bilmirdim, mənim hərəkətlərimə
ara düzəldənlik, mamarozalıq demək olardı, ya
yox. Bu işdə maddi marağım olmasa da, öz
işimçün bunların intriqasına baş vurmuşdum
deyə, içimdə narahatlıq varıydı.
Növbəti
praktika dərsi qurtaranda, Mixelson əliylə işarə etdi
ki, ayağa durmayım. O biri tələbələr otaqdan
çıxan kimi dedi: "Vikaya de, axşam gəlsin evimə,
istədiyi şeirləri götürsün". Sevincək
cumdum yataqxanaya, Vikaya gözlədiyi xəbəri
çatdırıb, üzümə yazıq ifadə verərək
dedim: "Bir həftə sonra diplom işimin müdafiəsidir,
mənim uğurum səndən asılıdır, əzizim. Kəsilsəm,
Bakıya qayıtmağa üzüm olmayacaq, atam məni
söyüb deyəcək, "illərdi sənə xərc
çəkmişəm, amma bir diplom işi yaza bilməmisən".
Vika qəhqəhəylə güldü və həyatın
maraqlı, unikal tərəddüdlü anlarından biri
baş verdi: ona "Mixelson istədiyin şeirləri sənə
verir, bəlkə "hə" deyib ona əzab verməyəsən?"
sualını verməyə cəsarətim çatmadı,
qorxdum "yox" eşidə bilərəm. O isə sanki mənim
acığıma utanmaz-utanmaz xeyli güldü, axırda
başıyla otağından çıxmağıma işarə
etdi.
Öz
otağıma qayıdanda, Fikrətin ilk dediyi bu oldu: "Hə,
nə oldu? Vika professora..." - "Yenə burcudur".
Gördü, danışmağa həvəsim yoxdu, yaman yerdən
vurdu: "Deyirəm, bu arada sən də paparoza oldun,
getdin". - "Demə-demə. Amma paparozalar qəhbələrin
nazıyla oynamır, nə də qəhbələr onlara naz
eliyir".
Diplom müdafiəsində Mixelson opponent kimi yazdığım işi təriflədi. Çıxışında dedi ki, mən diplom işimdə tarixi və politoloji terminlərdən yerində istifadə etməklə ilk dəfə uğurlu sintez metodu tətbiq etmişəm, bununla gələcək tədqiqat işimə zəmin yaratmışam. Sonda aspiranturaya daxil olub eyni mövzunu dissertasiya işi kimi davam etdirməyi tövsiyə etdi. Həmin anlar İvan Mixayloviçin mənə yönələn baxışlarında məmnunluq varıydı, yəni, gördün, mən deyən oldu, müdafiən problemsiz keçdi. Sonralar bildim ki, Mixelson diplom işimə mənfi rəy yazsaydı belə, müdafiədən keçəcəkdim, çünki bu məsələdə əsas olan elmi rəhbərin rəyi idi.
Müdafiədə tərifli sözlərdən necə ruhlandımsa, evdəkilərin yalvarışlarına, ultimatumlarına baxmayaraq, Bakıya qayıtmadım. Avqustda aspiranturaya qəbul oldum, İvan Mixayloviçin təkidli məsləhətiylə Mixelsonu özümə elmi rəhbər seçdim, məni inandırdı ki, İosif Aronoviç elmi fəaliyyətimdə mənə ancaq dəstək olacaq. Yeri gəlmişkən, arvadından boşanandan bir müddət sonra, Mixelson çelyabinskli iranşünas aspirant Nataşayla evləndi.
Keçmiş düşmənim dissertasiya işimin planının yazılmasında, lazım olan materialların tapılmasında mənə kömək etdi, fəsilləri oxuduqca, düzəlişlərini, qeydlərini etdi, məsləhətlərini verdi. Artıq söhbətlərimizdə Qarabağ məsələsiylə bağlı məni cırnatmırdı, bir-iki dəfə "Ermənistanla danışıqlar nə yerdədi?" tipli suallar vermişdi.
Müdafiə edib oldum cavan alim, qısa müddətdə Rusiya vətəndaşlığını aldım. Mixelsonun müdir olduğu şöbədə elmi əməkdaş kimi işə düzəldim, universitetdə "Mesopotamiya tarixi"ndən saathesabı dərs deməyə başladım.
Keçmiş yataqxana qonşum Veranın dediyinə görə, Moskvaya qayıdıb elmlər namizədliyini müdafiə edən Vika iki il sonra Berlində hindşünasların beynəlxalq konfransında özündən iyirmi səkkiz yaş böyük alman alimlə tanış olmuşdu, ona ərə gedib köçmüşdü Almaniyaya.
İllər sonra Rusiya Milli Kitabxanasında, erkən orta əsrlər Şərq poeziyası üzrə məqalələr toplusunu vərəqləyərkən, artıq akademiyanın müxbir üzvü olmuş Mixelsonun yarım səhifəlik Ön sözüylə bir yerdə Heydelberq Universitetinin professoru Viktoriya Malışevanın "Kalidasanın yeni şeirlərində erotizmlər" məqaləsinə rast gəldim, qeyri-ixtiyari gülümsədim. Ön sözün ilk abzasında Mixelson yazırdı: "Bu məqaləsi ilə artıq sanskritşünaslıqda dəfələrlə öz sözünü demiş professor Viktoriya Malışeva Kalidasa poetik irsini növbəti dəfə zənginləşdirmişdir. Ürəkdən sevinirəm ki, onun ilk elmi uğurlarına mənim də müəyyən töhfəm olub". İstədim, qələmi götürüb "müəyyən" sözünü dırnağa alam, həmin sözdən səhifənin aşağısına ox işarəsi çəkib "Mənim də "töhfəm" olub. M.Z." (ad, soyadımın baş hərfləri) yazam, vaz keçdim. Məqalənin ilk cümləsində Vika Mixelsona daima verdiyi dəyərli məsləhətlərinə görə dərin təşəkkürünü bildirir, onunla əməkdaşlıqdan xüsusi zövq aldığını yazırdı. Əlim dinc durmadı, "xüsusi" sözünü dırnaq içinə saldım.
1 - transliterasiya - sözün və ya cümlənin bir əlifba qrafiki ilə yazılışının digər əlifba qrafiki ilə yazılması. Bu zaman hər bir hərf digər əlifbanın hərfi ilə deyildiyi kimi yazılır.
2 - tanınmış Azərbaycan tarixçisi (1929-1998), qədim Elam dövləti üzrə mütəxəssis. Uzun müddət N.Tusi adına Azərbaycan Pedaqoji Universitetində dərs deyib.
Alpay AZƏR
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, ¹28.- S.28-29.