Gülçək
Hekayə
İki əlini yerə qoyub başını önə doğru əydikdən sonra qəribə şəkildə
həm çölə,
həm də sinəsinə doğru irəliləyən hava axınının yaratdığı
"Hıhh" səsi
ilə birlikdə özünə güc verib ayağa qalxmağı bacardı. Şalını kürəyinə
doğru atıb qapıya tərəf irəlilədi. Onun yavaş-yavaş, ləngərlənə-ləngərlənə
yeriməsi ilə qapının sürətli
və bərk döyülməsi arasındakı
qeyri-mütənasibliyi ancaq
yaşlılığın hövsələsi ilə
izah etmək olardı. Əlini dəstəyə uzadıb
onu aşağı dartmaq üçün əlavə güc sərf edərək qapını açdı.
***
"Nənə, bu paltarları niyə yandırırsan?" - deyə
soruşan nəvəsinə
soyuq şəkildə
cavab verdi: "Çünki baban ölüb, bu paltarlar daha heç kimə lazım deyil".
Nənə demədi ki, bala,
daha o vaxt deyil ki, ölünün paltarını hansısa kasıba verəsən, camaat bunu yaxşılıq
yox, söyüş kimi başa düşür. İndi çoxu
bir qarın çörəyə möhtacdır,
amma varlı həyatı yaşayır.
Uşaq
isə yanan paltarlardan havaya qalxan küllərə baxıb babasını o biri dünyaya yola saldı.
***
- Ölümdən sonrakı
həyata inanmaq üçün axmaq olmaq lazımdır.
- Bəs bu qədər
sərt düşünmək
üçün nə
olmaq lazımdır?
- Həqiqət, onsuz da, həmişə insanlara sərt gəlib.
- "O biri dünya" məsələsində həqiqət
axtarmaq da, məncə,
avamlıqdır.
- Yaxşı. Axmaqlığa
qarşı avamlıq.
Bəs deyə bilərsən, avamla axmağın fərqi nədir?
- Axmaq ağılsız olur, avam isə
cahil. Axmaqdan çəkinmək, cahildən
qorxmaq lazımdır.
- Bəs sonrakı həyat məsələsində
həqiqət axtarmağı
niyə avamlıq hesab edirsən?
- İsbat edilməsi mümkünsüz olduğu
üçün. Bütün
bunları düşünən
insan, ya bekar olmalıdır, ya da həyatdan əlini üzmüş.
Düz nəzərlərlə aynaya
yansıyan görüntüsünə
baxıb danışır,
qurduğu dialoqlarda anlaşılmazlıq yaşayırdı.
Ölümdən sonrakı
həyatı düşünmə
səbəbini isə
özündən başqa
kimsə bilmirdi, özünün də vəziyyəti göz qabağındadır, uzandıqca
uzanan dialoqlarda beyninin bir küncündə
ilişib qalan səbəb haqqında heç bir məlumat vermir, bəlkə də, onu gizlədir, yaxud özü ondan gizlənir.
Arıqlayıb çöpə dönüb,
gözlərinin altı
qaralıb, ovurdları
çöküb, dodaqları
solub, gözləri qızarıb, qısacası,
insan sifətindən çıxıb. Gəlib
onu müşahidə
edən olsaydı, gözlərini qırpmamaq
üzrə rekordunu qeydə ala bilərdi, ancaq neyləmək olar, tərs oğlu tərs özü-özü ilə
savaşırdı.
Yenə
buz bağlamış
xatirələrdən bəzilərini
istəksizcə yadına
salıb onlar haqqında düşünməyə
başladı. O yaşlı
qadını xatırladı.
İlk iş günündə
oğlunun ölüm
xəbərini apardığı
qadınla necə danışacağını fikirləşərək
dodağını dişləmiş,
başqa iş tapmaq arzusunun baş qaldırmasına baxmayaraq, arvad qorxusuna yenilib bu fikrindən birdəfəlik vaz keçmişdi. Həyat yoldaşını da qınamaq
olmazdı, əri onu işləməyə qoymurdu, əvəzində
özü evə çörək aparmalı
idi. Belə vəziyyətdə işdən
çıxıb evdə
oturmaq da olmazdı. O qədər də köhnə fikirli olmasa da, uşaqlarına ən yaxşı anasının baxa biləcəyini düşündüyü
üçün bu qərarı vermişdi. Hərçənd hələ
uşaqları olmamışdı,
amma taleyin də işini bilmək olmaz, bəlkə də, həyat yoldaşı işə girəndən sonra hamilə qalacaqdı?! Arvadının
işləyərkən doğmasına
razı ola bilməzdi,
çünki uşaq
doğulduqdan sonra körpəni anasına, bacısına verib təzədən işə
getmək kimi istəyi ola bilərdi. Bütün bunları düşünərək həyat
yoldaşının işləmək
arzusunun üstündən
qalın xətt çəkmişdi.
Düşüncələr beynində fırtına əsdirdiyi
zaman ayaqları onu tanımadığı qapının
qarşısına gətirmişdi.
Ətrafa göz gəzdirdikdən sonra xəbəri verəcəyi
qadının evi olduğunu anlamışdı.
Dərindən nəfəs
alıb qapını borc dalınca gəlmiş insafsız sələmçi kimi döyməyə başlamışdı.
Bir neçə dəqiqə
belə davam etdikdən sonra qapı ağır-ağır
açılmış, yaşlı
qadının maraqlı
gözləri qarşısında
dilinin topuq vurmasını əngəlləmək
üçün onun adını-filan soruşmadan
oğlunun öldüyünü
söyləmişdi. Bunu
deyəndə ortaya qəribə görüntü
çıxmışdı: sol gicgahından süzülən
tər damlasının
qıcıqlandırdığı yanağı qeyri-təbii
şəkildə dartılmış,
sanki gülümsəyirmiş
kimi görünmüşdü.
Oğlunun ölüm
xəbərinə qadının
reaksiyası da qəribə
olmuşdu. O, əlini
sinəsinin üstünə
qoyaraq dərin bir "ah" çəkmiş,
sonra eləcə durub xəbər gətirənin üzünə
baxmışdı. Baxışma
qadın qapını
örtənə qədər
davam etmişdi.
Bu zibil dişağrısı
haradan çıxdı
belə? Düz beynimin ortasına vurur.
Onda mən "xəbərçi"
işləyirdim. Doğrusu,
işləməyə təzə
başlamışdım. Düzdür,
belə bir iş rəsmiyyətdə
olmasa da, yaxşı maaş vəd etmişdilər. İş
də bu idi ki, ölən, tutulan biri olanda,
yaxud bu qəbildən hadisələr
baş verəndə ailələrinə mən
çatdırmalı idim.
Əvvəl elə bilirdim, çox asan olacaq, sadəcə
duyğularımı ört-basdır
edib robot kimi işimi görəcəm,
ancaq o qadının qapısına çatana qədər artan həyəcanım bu işin mənlik olmadığını sübut
etmişdi. İşdən
çıxmağım da mümkünsüz
idi, çünki ailəmə baxan mən idim. Ailə dediyim də bir arvad
idi, bir də özüm. Uşağa anasının
tərbiyə verməsini
istədiyim üçün
həyat yoldaşımı
işləməyə qoymadım.
İki ildir, evli idik, lakin
ortada hələ uşaq yox idi.
Səbəbi də bu idi ki, iqtisadi
uğursuzluqlarım yataqdakı
iqtidarıma da sirayət
etmişdi. Orada-burada fəhlə kimi işlədiyim zamanlarda - baxmayaraq ki, ali təhsilliyəm, "day-dayı"m
və pulum olmadığından işə
girə bilməmişdim
- elə bilirdim, hər şey yorğunluqdan qaynaqlanır.
Lakin sonralar problemin yorğunluq olmadığını
anladım. Sanki həyat
yoldaşımla aramdakı
bağ qopmuşdu və bunun səbəbini
pulda görürdüm.
Mən kişilik vəzifəmi hər iki halda yerinə
yetirə bilmirdim: evə pul gətirəmmirdim,
buna görə də
utancım qasıqlarıma
yayılır və həyat yoldaşıma qarşı yaranan utanc qarışıq istəksizlik onun arxasını çevirib
yatmasına səbəb
olurdu. Hətta o vaxtlar bunun bir
problem olduğunu dərk
etsəm və həyat yoldaşımın
xəyanət ehtimalı
barədə düşünsəm
də, sevdiyim qadının bunu etməyəcəyini bilirdim.
Əmin idim.
Qadın
qapını örtdükdən
sonra anlaqsız kimi dayanıb hadisəni dərk etməyə çalışmışdım.
Ürək döyüntüm
yavaşladıqdan, ağlım
yerinə gəldikdən
sonra bir anaya oğlunun ölüm xəbərini
verməyin çətinliyindən
savayı, onun reaksiyasızlığı məni
dəhşətə gətirmişdi.
Övlad nə qədər pis olsa da, övladdır axı, ana öz canından-qanından olan birinin ölüm xəbərini niyə belə səssizlik və rahatlama ilə qarşılasın
ki? Bu sualın cavabını
tapa bilmədim. Üstündən
illər keçsə
də, hələ də düşünürəm,
düşünürəm, ancaq bir nəticəyə
gəlib çıxa
bilmirəm. Deyəsən,
bu, ana olmamağımdan
qaynaqlanır. Ərimin
özünü ailə
başçısı kimi
yetərsiz hiss etməsi,
zaman keçdikcə qaraqabaq,
dinib-danışmayan bir
adama çevrilməsi
onu məndən uzaqlaşdırmışdı. İşləmirdi, evə
çörək gətirən
mən idim və bu ona
ağır təsir edirdi. Kitablar arasında itib-batmış,
gerçək həyatdan
uzaq düşmüşdü.
Özünə, təmizliyinə
fikir vermirdi. Görən deyərdi, küçədə yaşayan
səfildir. Əlbəttə,
bu natəmizliklə mən onu yataqda
qəbul edə bilməzdim. Buna görə
də yatağın ən küncünə çəkilib arxamı ona çevirirdim.
Yalan deyirəm. Natəmizlik məsələsi deyildi, ərim həmişə baxımlı və səliqəli olub. Problem bu idi ki, mən
ona artıq kişi gözü ilə baxa bilmirdim.
Zalım oğluna sanki iynə vurmuşdular, heç nə onu həyəcanlandırmır,
mənim qadınlıq
istəklərimi yerinə
yetirə bilmirdi. Evliliyimizin ilk aylarını
xatırlayıram, o qədər
həyəcanlı, ehtiraslı
idik, elə bilirdim, bu ehtirası
heç vaxt, heç kim söndürə bilməz.
Ancaq elə söndü ki, külü
belə qalmadı.
Nənəm babamın paltarlarını
yandıranda onlardan havaya qalxan küllər
üst-başımı bürümüşdü.
Mən çırpırdım,
uçurdular və başqaları gəlib üzərimə yapışırdı.
Elə bil həmin küllər babamın bu dünyada məndən yapışdığı əlləri
idi. O əllər, ya məni də
özü ilə aparacaqdı, ya da babam bu dünyaya
qayıdacaqdı. Heç
biri olmadı. Hər halda, mən belə zənn edirəm.
Diş ağrım, deyəsən,
keçir.
***
Uşaq
olanda ona demişdim ki, həyatı
elə yaşamalısan
ki, yaşamağı bütün
ruhunla hiss edəsən.
Özümdən belə
bir cümlə gözləmirdim, savadsız
idim, hərçənd
indi də bir elə savadım
yoxdur, ancaq yaşadıqlarım məni
qoca qarı müdrikliyinə çatdırmışdı.
O yaşda uşağa
belə cümlə qurursansa, davamını gətirməlisən, ancaq
mənim müdrikliyim
elə o cümlə qədər idi. İri gözlərlə baxıb soruşmuşdu
ki, ruh nədir? Durub ona dindən-filan
danışası deyildim.
Başını aldatmaq
üçün əlimi
qarnımın altına
qoyub demişdim ki, ruh bizi hərəkət
etdirən şeydir, özü də bax, burada olur.
Gözləri daha da böyümüşdü. Uşaq
marağı idi, suallarının ardı-arası
kəsilmirdi: ruh nəyə oxşayır,
içimizə necə
girir, haradan girir... Suallar qarşısında dilsiz olmuşdum, axırda bezib üstünə qışqırmışdım ki, daha bəsdir, ruhdan danışmaq olmaz. İki gün sonra isə onu alaçıqda
qanlar içində tapmışdım, əlində
də oraq. Sən demə, mən ruhun qarının altında olduğunu deyəndə ağlında yer edibmiş, onu çıxarıb necə
bir şey olduğunu görmək üçün özünü
oraqla kəsib. Uşaqdır da, gücsüz
olduğundan dərindən
yaralamayıb, ancaq yenə də ayağa durması bir həftə-on gün çəkmişdi.
Onu özüm sağaltdım, nənəmdən
öyrəndiyim türkəçarələrlə.
Handan-hana, yalandan da olsa, başa salmışdım ki, ruh deyilən şey yoxdur, özümdən uydurmuşam. Uşaq ərkəsöyünlüyü ilə demişdi ki, hə, kəsəndə heç nəyin çıxmadığını gördüm. Uşaqdır
da, neyləyəsən?!
***
Səhərdən axşama kimi oturduğu yerdə qalır, tərpənmək
ona işgəncə kimi görünürdü.
Get-gedə dizləri bir-birindən uzaqlaşırdı,
elə buna görə
gəzməyə qorxurdu
ki, birdən çolaqları
sürüşər, qalar
çırpına-çırpına.
Həmin
gün isə qapının döyülməsindən
anlamışdı ki, pis
nəsə olub. İki əlini yerə qoyub başını önə
doğru əydikdən
sonra qəribə şəkildə həm çölə, həm də sinəsinə doğru irəliləyən
hava axınının
yaratdığı "Hıhh"
səsi ilə birlikdə özünə
güc verib ayağa qalxmağı bacardı. Şalını
kürəyinə doğru
atıb qapıya tərəf irəlilədi.
Onun yavaş-yavaş,
ləngərlənə-ləngərlənə
yeriməsi ilə qapının sürətli
və bərk döyülməsi arasındakı
qeyri-mütənasibliyi ancaq
yaşlılığın hövsələsi ilə
izah etmək olardı. - Əlbəttə,
bilməyənlər üçün.
Bilənlər isə
bilirlər ki, bunun səbəbi gəzmək
qorxusudur. - Əlini dəstəyə uzadıb
onu aşağı dartmaq üçün əlavə güc sərf edərək qapını açdı.
"Oğlunun cəsədini bu gün dərənin
yanında tapıblar!"
- bu sözlər onun üzünə sərt şillə kimi vuruldu.
Qadın
isə heç zərbə almamış
kimi dərin bir "ah" çəkdi:
"Şükür sənə,
İlahi, varlığına
şükür, Allah! Qurban
olum sənə! Balamı sağ-salamat gətirdin qapıma!"
Qapının zəncirini açmaq
üçün azca bağlayıb sonra taybatay açdı. Onu qucaqladı, öpdü, göz yaşları ilə üzünü yudu. "Balam" dediyi şəxs isə donub qalmışdı, beyni baş verənləri ayırd edə bilmirdi. Elə zənn edirdi ki, xəbəri verəndən sonra çıxıb gedib, ancaq yox, budur,
buradadır və qadın onu pişik balasını yalayan kimi yalayır.
***
Dörd
gün sonra evə yardım gətirən şəxs belə dəhşətli
mənzərə ilə
qarşılaşacağını gözləmirdi. Qapını
açan olmadığından
ətrafda gəzinib məhsulları qoymaq üçün heç kimin görə bilməyəcəyi yer axtarırdı. Sonra da yardım
paketini hara qoyduğunu
kağıza yazıb
qapının altından
atacaqdı. Həyətin
sol tərəfinə keçib
pəncərədən içəri
baxanda donub qaldı, qorxudan gözləri bərələdi.
25-30 yaşlı biri divanda uzanan yaşlı qadının
göbəyinin altını
kəsib əlini onun içinə salmışdı. Kənardan
onların ölüb-ölmədiyi
bilinmirdi, ancaq yer-yurd qan içində
idi.
***
Nənəm öləndə nə
edəcəyimi bilmədim.
Uşaqlıqda ruhla bağlı mənə dediyi o sözləri xatırladım. Bıçağı
götürüb göbəyinin
altını kəsdim.
Canını təzə
tapşırmışdı, ruhun həmin dəqiqə uçub getdiyini zənn etmirdim. Qarnını kəsib əlimi içinə saldım ki,
ruhu tutub saxlayım. Boşluqdan və qəribə mayedən başqa əlimə heç nə gəlmədi. Bilmirəm, neçə gün elə qaldım. Bir onu bilirəm ki, üstümə
çox pis qoxu sinmişdi.
Nənəm mənim bu dünyadakı tək yaxınım idi, ondan başqa heç kimim yox idi. İndi isə o da yoxdur. Onunla kənd-kənd gəzmişdik. Keçmişimizdən,
bizi tanıyan insanlardan qaçırdıq.
Ömrümüz qaçmaqla
keçdi və qaça-qaça gəlib
onun ölümünə
çıxdıq.
Anamı
heç görməmişəm.
Mən uşaq olanda bizi tərk
edib getmişdi. Sadəcə üçümüz
idik: atam, nənəm və mən. Bir gün nənəmlə gözümüzü
odun-alovun içində
açdıq. Atamı
öldürüb qapımızın
ağzında cəsədini
yandırmışdılar. Kəndçilərimiz. İndiki
kimi xatirimdədir, atamın kənddəki balaca qıza təcavüz etdiyini demişdilər. Nənəm
oğlunun ölümünə
yandığı bir vaxt məni də onun qucağından
alıb başqa yerə apardılar. Yazıq arvad elə bildi ki, məni də öldürəcəklər. O fəryadı hələ də qulaqlarımdadır.
Amma öldürmədilər, öldürməkdən betər
etdilər, bütün
həyatımı əlimdən
aldılar. Atamın nəsli davam etməsin deyə kişiliyimi, o vaxtlar nə olduğunu bilmədiyim kişiliyimi əlimdən aldılar.
Günlər sonra özümə
gəldim. Başqa yerdə idik, nə xəstəxana kimi xəstəxana idi, nə də
ev kimi ev.
Elə bildim, yuxu görürəm, ancaq yuxu da deyildi.
Özümə gəldiyimi
görən nənəm
alnımdan öpdü,
gözyaşları tellərimi
islatdı. Nənəm
o günlə bağlı
mənə heç nə demədi. Bir neçə gün sonra ikimiz başqa
yerə köçdük,
sonra başqa yerə, daha sonra da başqa yerə. Köçdük.
Amma o keçmiş heç vaxt məndən əlini üzmədi, həmişə, ya yanımda, ya da önümdə oldu. Bütün bunları bir az da varsa, arxada qoymağımda həyat yoldaşımın böyük əməyi var. O olmasaydı, nə edərdim, bilmirəm. Yəqin, elə mən də ölüb getmişdim, ya da hansısa dəlixanada idim.
***
Bütün ölkə psixiatriya xəstəxanasındakı yanğından danışırdı. Sağ qalan olmamışdı.
2024 avqust-2025 iyul
Aqil BƏKİR
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, ¹28.- S.31.