Nəticəli "Axtarış"
Bu teatrı ilk dəfə
2021-ci ildə 1-ci "4.4 Qısa Tamaşalar Festivalı"nda kəşf etmişdim.
Pandemiya dövrü
idi deyə, tamaşalar karantin rejiminə uyğun olaraq videoyazı formatında təqdim edilirdi. İştirakçılar
arasında "ƏSA" teatrı da var idi. Azərbaycanın əlilliyi
olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrının adı həm yerimə problemi olan insanların
istifadə etdikləri
əl ağacından,
həm də əngəlsiz, sərhədsiz,
azad sözlərinin baş hərflərindən
yaranıb. "ƏSA" teatrı festivalda "Qonşu" mistik tündrealizm janrında qoyulmuş tamaşası ilə (müəllif və quruluşçu rejissor teatrın yaradıcısı Nihad Qulamzadə) iştirak edirdi. Vaxtilə Qarabağda qonşu olmuş, məlum münaqişəni törədib
azərbaycanlıların ata-baba
yurduna, azərbaycanlı
qonşusunun yaşadığı
evə sahiblənmiş
erməni ailəsinin
44 günlük Vətən
müharibəsi zamanı
nacinsliyinin daha bir tərəfini göstərməsindən bəhs
edən kəskin süjetli və həm də duyğusal bir quruluş olan bu tamaşa videoyazı təsvirlərinin
o üzündən bu
üzdəki canlı
tamaşaçı auditoriyasına
nüfuz etməyi bir az daha
artıq bacardığı
üçün münsiflərin
yekdil qərarı ilə birinci yerə layiq görülmüşdü. Sonrakı
dövrdə teatrdan N.Qulamzadənin J.P.Sartrın "Bağlı
qapı arxasında"
əsəri əsasında
qoyduğu "Çıxışa
yoxdur" tamaşasına
dəvət aldım.
Düşündüm ki, videoyazı
ilə energetika ötürməyi bacaran yaradıcı heyət canlı tamaşada daha böyük təsir gücünə
malik olar. Amma aşkar
oldu ki, məsələ
tamaşanın formatında
yox, uğurlu və ya uğursuz
alınmasındadır - subyektiv
qənaətimə görə
"Çıxışa doğru" birdəfəyə
ürəyi boşaltmaq
cəhdidir, amma təəssüf ki, nə
ürəyi boşaltmaq
alınıb, nə də eşidilib, dinlənilib anlanılmaq.
Yenicə
başa çatmış
növbəti teatr mövsümünün sonunda
isə "ƏSA"nın
yaradıcısı və
baş rejissoru Nihad Qulamzadə özünün müəllifi
və quruluşçu
rejissoru olduğu
"Axtarış"ın xüsusi premyerasına dəvət etdi. "Axtarış" Fəridəddin
Əttarın (1146-1221) "Uçmağın məntiqi"
(orijinalda "Məntiqüt-teyr"
olan əsərin adının məhz bu şəkildə tərcümə edilməsinin
tərəfdarıyam) epik-fəlsəfi
poeması və Alber Kamyunun (1913-1960) "Anlaşılmazlıq" absurd pyesinin süjetlərinin bir-birilə çulğaşmasını
özündə ehtiva
edən "Axtarış"
quşların Simurq quşuna - nurlu mükəmməlliyə, insanların
günəşli diyarlara
- işıqlı həyata
can atmaq, bu yolda fiziki və
mənəvi sədləri
aşmaq şövqünün
əlaqəli və müqayisəli təsvirinin,
təhlilinin, yaşantısının
təqdimatıdır. Tamaşanın
məsləhətçiləri F.Əttar yaradıcılığı
və irfan fəlsəfəsinin tədqiqatçıları
Şəhram Oromi, Hədiyyə Əhmədidir
- məhz bu iki ədəbiyyatşünas
"Məntiqüt-teyr" poemasını ilk dəfə
Azərbaycan dilinə
tərcümə ediblər.
İki əsərin vahid quruluşda vaqe olan tamaşası
"Uçmağın məntiqi"
ilə başlayır.
Quşlar bəxtiyarlıq
yolçuluğuna çıxırlar.
Bu yolda müxtəlif
hikmət vadilərinə
yetib, onları dəf etdikcə (yaxud bütün bunların zənnində bulunduqca) başçıları,
quş karvanının
sarvanı, dünyanın
altından, üstündən
də hali olan quş Hüdhüd
(Elşən Əsgərov)
onlara absurdizmə xas situasiyaya istehza etmək, ironiya ilə yanaşmaq tərzində adlandırılmış A.Kamyunun "Anlaşılmazlıq"
əsərində baş
verən tükürpədici
və ibrətamiz hadisəni danışır.
Hər iki hekayədə bir nəfər başbilən
öz həmcinslərinə
firavanlıq yolunu göstərir - hər biri öz ağlı
kəsən tərzdə.
Və belə məlum olur ki, quş-başbilənin ağlının
kəsdiyi insan-başbilənin
ağlının kəsdiyindən
daha mütərəqqi
imiş, çünki
insan-başbilən qismində
təqdim edilən şimal ölkəsinin bir ailə başçısının
dənizi, günəşi
olan ölkələrdən
birinə köçüb-gedib
insan kimi yaşamaq imkanına nail olmaqdan ötrü sahib olduğu mehmanxanada gecələmək istəyən
adamları qətlə
yetirib, pullarını
mənimsəyib, meyitləri
çaya atmağın
günəşsiz, sevincsiz
şəhərdən çıxıb
getmək üçün
yeganə çıxış
yolu sayıb bu qərarı illərlə reallaşdırmağın
alternativində quşlar
çətin, bəziləri
üçün çəkilməz,
dözülməz, qət
edilməz olan Simurq quşuna varmaq yolunda bir-birini didib-parçalamağı
ağıllarına belə
gətirmirlər. Bu yolda
müxtəlif hikmət
vadilərinə varırlar.
Tələb vadisindən
keçib arzular və məqsədlər uğrunda səy göstərirlər, eşq
vadisinə çatıb
eşq və sevgiyə qovuşmaq üçün hər şeydən keçməyin
nə olduğunu anlamağa çalışırlar,
mərifət vadisinə
yetişib Allaha dair biliyin dərk
olunmasına cəhd edirlər, istiğna vadisinə uğrayıb öz mənliyindən və hər şeydən imtina etmək imtahanına çəkilirlər, Tövhid
vadisində Allah ilə
birlik, vahidlik, heyrət vadisində Allahın ucalığı
qarşısında heyrətə
düşmək məqamlarını
yaşayırlar, fəna
vadisində mənliyin
yox olması və Allahla birləşmənin nə
demək olduğunu dərk edib duyurlar. "Axtarış"
tamaşasında bir süjetin digərinə keçidi elə bir rəvanlıqda baş verir ki, Alber Kamyunun nəsrdən qaynaqlanan dramaturgiyasının mətləbi
Fəridəddin Əttarın
nəzminin məğzi
üçün açar
rolunu oynamış olur - quşlar bu tükürpədici əhvalatla tanış olduqca, həm də ən həlledici vadini qət etmiş olurlar. "Axtarış"
tamaşaçıya Kamyu
təfəkkür və
qələminin yeni müstəqil
səhnə yozumunu təqdim edir. Eyni zamanda "Uçmağın məntiqi"
əsərinin "ƏSA" teatrının təqdimatındakı
quruluşu da müstəqil
səhnə əsəri
kimi nəzərdən
keçirilə bilər.
Əksər hallarda poetik əsərlərin səhnədə canlandırılması,
ya aksiya, ya da kompozisiya xassəsində olur. "ƏSA"çılar isə
"Məntiqüt-teyr"ə məhz səhnə əsəri, tamaşa statusu verməyin öhdəsindən gələ
biliblər. "Axtarış"
müxtəlif dövrlərdə,
fərqli estetikada qələmə alınmış,
lakin həm də ruhən nəinki yaxın, hətta doğma mahiyyətli, şərqli
Əttarla qərbli Kamyunun əsərlərinin
vahid interpretasiyasıdır.
Subyektiv fikir və təəssürat olaraq qeyd edilməlidir
ki, "Axtarış"ın kamera tamaşasına çox yaxın tərzdə qurulmuş
"Anlaşılmazlıq" hissəsi bir az daha artıq
güclü təsirdə
alınıb. Əlbəttə,
bu qənaəti əsərin dramaturji qanunlara tamamilə cavab verməsi və süjetin ən soyuqqanlı tamaşaçını belə,
biganə qoya bilməməsi də möhkəmləndirir. Nəhayət,
aktyorların oyunundan,
obrazları canlandırmasından,
rola daxil olmasından bəhs etmək zamanı gəlib çatdı. Bilərəkdən bayaqdan
bəri bu xüsusda bir kəlmə belə qeyd etməmişəm. Çünki "Axtarış"
tamaşasının quruluşçu
rejissoru Nihad Qulamzadə bir və ya iki
aktyorun istedad və bacarığını
üzə çıxarmaqla
kifayətlənməyib, səhnə
əsərində "birinci
skripka" yoxdur, baxmayaraq ki, "Anlaşılmazlıq"
hissəsinin Ana obrazını
Xalq artisti Mehriban Zəki canlandırır. Aktrisa bu mürəkkəb
obrazı özünəməxsus
ştrixlərlə tamaşaçıya
təqdim edir. Hətta deyərdim ki,
Mehriban Zəkinin "YUĞ" tearında başlayan, sonralar "İbRus" teatrında, Akademik Milli
Dram Teatrında davam edən səhnə yaradıcılığının yeni səhifəsi məhz
"ƏSA" teatrının "Axtarış" tamaşasındakı
Ana obrazı ilə açıldı - aktrisa
fəhminin duyduğu və bu vaxta
qədər fəaliyyət
göstərdiyi truppalarda,
çalışdığı rejissorlarla işbirliyində
qazandığı, cilaladığı
bütün yaradıcı
çalarlarını Kamyunun
mürəkkəb Ana obrazında
həm ifadə edə bildi, həm də bu vaxta qədər
tamaşaçılara tanış
olan aktrisalıq istedad və bacarıqlarına tamamilə
yeni və fərqli
"naxışlar" vurdu.
Mehriban Zəki bütün
tamaşa boyunca zərrə qədər də olsun, bir an belə tərəf-müqabilləri olan
Marta rolunun ifaçısı
Səmayə Ağayarovaya,
Jan rolunda çıxış
edən Elsevər Rəhimova və Qoca obrazını canlandıran Elşən Əsgərova münasibətdə
ustadlıq nümayiş
etdirmədi (bu, təbii ki, yaxud yəqin ki, məşqlər
zamanı olub), özünün benefisi effektini yaratmadı, "Anlaşılmazlıq" pyesinin
yeni quruluşu aktyorlarla
iş, süjetin və mövzunun səhnə həlli, müəllifin çatdırmaq
istədiyi ideya - əməlisaleh olmağı
bacarmayan kəslərin
sonda insan həyatının, bu dünyadakı varlığının
mənasızlığı qənaətinə gəlməsi,
hətta gözlə görünən hər hansı dekor, detal olmasa belə,
Kamyunun pyesinin xristianlıq əsaslarına
dayaqlanması (Jan da İsa Məsih kimi 33 yaşındadır, onun sevən və sevilən xanımının
adı isə Mariyadır - Lalə Süleymanova) da xəfif bir sərrastlıqla səhnə həllini tapdığına görə
aydın görünür
və hiss olunur. Eyni sözləri "Axtarış" səhnə
əsərinin "Uçmağın
məntiqi" hissəsi
haqqında da söyləmək
mümkündür. Quşların
yalnız 30-u Simurqa yetə bilir. 30 quş, 33 yaşında çarmıxa çəkilən
İsa Məsih və
həmin yaşda anası ilə bacısının anlaşılmazlıq
nəticəsində, tanışlıq
verməyi hansısa uyğun məqama saxlamağı Mariyanın
ürəyinə daman faciəsini
qaçılmaz edən
- anası və bacısının növbəti
kirayənişin kimi zəhərləyib cəsədinin
çaya atıldığı
Jan... Bacısı Martanın
dediyi kimi, "məsumluğu ona çox baha oturdu..." Kamyunun Janın 20 il əvvəl ailəsini, doğma şəhərini tərk
edib günəşli
ölkələrə üz
tutmasının, bu 20
il ərzində doğmaları
ilə əlaqə saxlamamasının səbəbsiz
olduğunu qeyd etməsi, təbii ki, absurdizmin diktə etdiyi təqdimatdır: Jan
ailənin hara yuvarlandığını
müşahidə etdiyi
üçün oralardan
çox-çox uzaqlara
yollanmışdı.
"Uçmağın məntiqi"
hissəsində Elşən
Əsgərovun Hüdhüdü,
Elvin Mirzəyevin Qartalı,
Fərid İsmayılovun
Sərçəsi, Gülnar
Əlfidatlı Göyərçini,
Səadət Abbasovanın
Homası, Sərxan Nəciyevin Şahini, Bəhram Rəhimli Günəşi quşların
timsalında yaşam hikmətlərini qulağa
çatıb, idrakda özünə yer edən tərz və dillə söyləyib ifadə edirlər. Bu nailiyyətin
əldə edilməsində,
şübhəsiz ki, tamaşanın
prodüseri Nicat Qulamın, işıq rəssamı Binyamin Sailovun,
səhnə tərtibatçısı
Tamerlan Abdullayevin, geyim tərtibatçısı
Nübar Hüseynovanın,
multimedia meneceri Famil Mahmudbəylinin də zəhməti öz töhfəsini verib. Tamaşaya, hətta ötəri nəzər belə, ətraflı və dərin yanaşma sayəsində ərsəyə gəldiyini
büruzə verir.
"Axtarış"ın arayıb-bulmaq cəhdi nəticəsiz qalmayıb.
Bütün bu keyfiyyətləri
"Axtarış" tamaşasına
Əttarın Şərq
təfəkkürünün mistik fəlsəfəsindən,
Kamyunun Avropa absurd təxəyyülündən "qidalanan" əsərlərini
sadəcə Azərbaycan
dilində deyil, teatr lisanında danışdırmaq və
anlatmaq imkanı verir.
Samirə BEHBUDQIZI
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, №28.- S.30.