Qalaktion TABİDZE
Qalaktion Vasilyeviç Tabidze
(1892-1959) - çar və
sovet Rusiyasında ən tanınmış gürcü şairi sayıldığından XX yüzildə
gürcü şeirinin
ana xətlərini və
mövzu dairəsini cızmaq haqqını da qazanıb. Özündən
sonra gələn bütün gürcü şairlərinin üzərində
danılmaz təsiri
var. 1933-cü ildə Gürcüstan
SSRİ-nin xalq şairi adına layiq görülüb.
1944-cü ildə isə
Gürcüstan SSR Elmlər
Akademiyasının akademiki
seçilib. Kutaisi yaxınlığındakı
Çkvişi kəndində,
həm də müəllim ailəsində
doğulub. Dünyaya göz açdığı
vaxt atası artıq vəfat edibmiş. 1908-ci ildən
Tbilisi ruhani seminariyasında
təhsil almağa və elə həmin ildən də öz qələm təcrübələrinin
dərcinə başlayıb.
1914-cü ildə ilk şeir
toplusu işıq üzü görüb.
1915-16-cı illərdə Moskvada
ikən görkəmli
rus şairlərindən
A.Blok, V.Bryusov
və K.Balmont ilə tanışlıq qurub. 1916-cı ildən başlayaraq gürcü simvolistlərinin buraxdığı
"Mavi buynuzlar" jurnalında çap olunub. 1915-ci ildə ailə qurub. 1919-cu ildə "Artistsayağı
şeirlər" adlı
şeirlər kitabı
çıxıb. 1924-cü ildə isə "Mnatobi" (Şamdan) jurnalının yaradıcılarından
biri olub. "Con
Rid" (1924), "Zəmanə" (1930)
və "İnqilabi
Gürcüstan" (1931) poemalarının
müəllifidir. 1930-cu illərdə
öz soydaşı İ.Stalinin apardığı repressiyalardan
sağ qurtulan Q.Tabidze bu diktatorun
ölümündən sonrakı
dövrdə də rejimin ciddi təqibləri
ilə üzləşib.
Azad bir ruha sahib olduğundan təzyiqlərə
dözə bilməyərək,
dərin depressiyaya qapılıb və tək çarəni içkiyə qurşanmaqda
görüb. Əsəb
sistemi tamamən pozulduğundan onu psixiatriya klinikasına yerləşdiriblər, amma
böyük şair üçüncü mərtəbədəki
pəncərədən özünü
aşağı atmaqla,
canına qəsd etməyi üstün bilib. Onun nəşi
Tbilisidəki Mtaçminda
panteonunda torpağa tapşırılıb. Doğulduğu
kənddə hazırda
Tabidzenin ev muzeyi fəaliyyət göstərir. Xatirəsini
əbədiləşdirmək məqsədilə Tbilisi, Kutaisi və Batumi şəhərlərindəki
mərkəzi küçələrə
şairin adı verilib.
"Qulağım həsrətdir
tanış səslərə..."
Qulağım həsrətdir tanış
səslərə,
Dostlar
da baş alıb, gedib harasa.
Qara xülya kimi sanki Tiflisi
Hey qoynuna çəkir... qara yarasa.
Qadın
gözəlliyi qarşısında
mən
Dönmüşəm çarəsiz,
gücsüz ahıla.
Leysan yağdırmaqla göylər
də yəqin
Mənim
bu halıma yas saxlayırlar.
1914
Sənin sağlığına, ay alaverdi!
Tərcüməçinin vacib qeydi:
Qafqazda qurulan süfrələrdə,
içki məclislərində
sıra və ya növbə ilə sağlıq söyləyib, qədəh
qaldıran hər iştirakçı digər(lər)inə nəzərən "alaverdi"
adlanır. İşləndiyi
digər Qafqaz dillərində (gürcü,
erməni və sair) bu söz
hər hansı məna yükünə
sahib deyildir. Bu səbəbdən
də onun daha çox Azərbaycan (türk) dilindəki "Al(a) ha, verdim"
deyimindən törədiyini,
bir vurğuyla deyildiyi üçün sonradan hələ qismən təhrifə də uğradığını
söyləmək mümkündür.
Ana dilimizdə qarşılıqlı
şəkildə görülən
hər hansı işdə, deyişmədə
və ya yarışmada işlənən,
bir növ estafetin vaxt itirilmədən, bir an əvvəl qarşı tərəfə ötürülməsini
xatırladan daha bir deyim isə
"Al, gəldi!"dir.
Kafeyə
girərkən oval güzgüdə
Qəribə bir cənab dəyir gözümə.
Təkəm, iki qədəh
şərab süzürəm:
Birin - onun üçün, birin - özümə.
Əşyalar gözümdə əriyib-gedir,
Qovuşub öz şəffaf
cizgilərinə.
"Sənin sağlığına,
ay alaverdi,
Kaman nalə çəkir cavab yerinə.
Umuram
ki, sağlıq deyərək
bəlkə
Verəsən ruhuma xoş bir təsəlli.
Ancaq əbəs yerə: görmürəm çünki
Qədəhə uzanan o tanış
əli.
Hardasan?
Bir hay ver. Niyə qırmırsan
Könlümdə taxt quran qorxunc sükutu?!
Əzəldən belədir - boşalan
yeri
Həmişə şux, çılğın
dalğalar tutur.
1916
Şeir - hər şeydən
öncə
Dostlar, şeir gəlir sizlərdən öncə,
Təkcə zamandan yox, özümdən öncə,
İlk sevgidən öncə, ilk
otdan öncə,
İlk qardan, hər şeydən, hər şeydən öncə.
Qardan bəmbəyazsa, safsa ruhumuz,
Günəş boylandısa pəncərəmizdən,
İçəri işıq yox,
şeir süzülər
Svetiçxovelidən, hər şeydən öncə.
Tərcüməçinin qeydi:
Svetiçxoveli - 12 həvarinin şərəfinə
Mçxeta şəhərində
inşa olunmuş kafedral kilsənin adıdır.
Gürcü Pravoslav Kilsəsinin
patriarxlığı da hazırda
bu binada fəaliyyət göstərir.
Ey doğma şəhərim,
niyə soyuqsan?
Bir çələng çoxmudur
oğluna, səncə?!
Bu dua tökülər dodaqlarımdan:
Həyat,
Ölüm, Şeir -
hər şeydən öncə.
1920
Oğlan ilə qız
Dünya
ibarətdir uca dağlardan,
Səmadan, bir də ki göy meşələrdən.
O, bir cüt uşağın
dilləşməsini
Bizə
xatırladır nədənsə...
hərdən.
Torpaq da
ondadır, sel-su da onda,
Sual da ondadır, cavab da onda.
Heyrətdən yüksələn hər
"Əşşi, hə!"nin
Mütləq "Əşşi, yox!"u var cavabında.
Yamyaşıl çəmənin içiylə
orda
Yaydıqca sürünü dərə
aşağı,
"Əşşi, hə!"
deyirsə, şəksiz
haqlıdır
O qoyun otaran oğlan
uşağı.
Böyründəki qız da "Əşşi, yox!" desə,
Haqlı
sayılmazmı özünə
görə?!
İstənilən cavab haqlı səslənər -
Baxılmaz gecəyə, ya
da səhərə.
O bir cüt uşağın
şux söhbətində
Niyə
yola getmir "yox"larla "hə"lər?!
Çünki könlümdə də
- dünyadakı tək
-
Bunlar bir-birini izlər, hədələr.
1924
Külək əsir
Hayqırır, hayqırır, külək
hayqırır,
Yarpaqlar
budaqdan üzülür
asan.
Ağaclar cərgəylə qarşıma
çıxır:
Hardasan?
Hardasan? Axı hardasan?
Yağışın ardınca qar gözlənilir,
Damlalar kəsilib o qara qənim.
Qovuşmasaq belə bir ömür boyu,
Hüsnün yaşayacaq könlümdə
mənim.
Yağışda, yuxuda səsləyib
səni,
Dinlərəm küləyin... iniltisini.
Qalaktion TABİDZE
Rus dilindən çevirdi:
Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2025.- 8 avqust, ¹28.- S.32.