Seyid Əzim Şirvani qəzəllərində
ruhun seyri
XIX əsr Azərbaycan ədəbiyyatının gedişatına
nəzər salsaq, görərik ki, bu əsr ən çox maarifçi ideyaların yaranması və çiçəkləndiyi
dövr kimi xarakterizə olunur. Maarifçi sənətkarlar
təkcə bu ideyaların təbliği
və tətbiqi ilə məşğul olmamış, onlar həm də insanların ruhi varlıqlarına təsir
etmək üçün
lirik şeirlər də yazmışlar. Belə şairlərdən
biri də Seyid Əzim Şirvanidir (1835-1888).
XIX əsr Azərbaycan poeziyasında qəzəl
janrının ən mükəmməl nümunələrini
yaradan Seyid Əzim Şirvani Füzuli ədəbi məktəbinin davamçılarından
olmuşdur. Şair Füzuli irsindən bacarıqla istifadə etməklə yanaşı,
onun yaradıcılığını
incəliklərinə qədər
dərk etmiş, onun poeziyasının dərin qatlarına nüfuz edə bilmişdir.
Seyid Əzim Şirvani ədəbi irsinin əsas hissəsini lirik şeirlər təşkil edir. Şairin lirik şeirləri içərisində
qəzəlləri xüsusi
əhəmiyyət kəsb
edir. Onun qəzəllərində sevən
aşiqlə cəfakeş
məşuq bir qütbdə birləşir.
Bu qütblərin mərkəzində
isə şairin lirik "mən"i dayanır. "Gəlmişəm
kuyüvə yüz səy ilə can vermək üçün",
"məndən özgə
hüsnünə bir kəs nigahban olmasın", "verdim dilü can nəqdini, aldım qəmi-eşqi"
və s. kimi qəzəllərində cəfakeş,
sevən aşiq obrazını görürük.
Qəzəllərinin birində
şair "gün o gün olsun ki, səni məclisi səhbada görüm",
deyərək, real aləmdə
olan sevgilisini "şərab" məclisində
görmək istəyir,
o günün tez gəlməsini arzulayan aşiqin məqsədi məşuqəni hər gün: gecə də, gündüz də, yuxuda olsa belə, onun işıq saçan camalını yenə görmək istədiyini deyir.
Özgə aləmdir həqiqətdə
bu vəhdət aləmi,
Kəsrət ilə aşiqin
halı pərişan
olmasın.
Məşuqə ilə birlikdə
olan aşiq bəzm aləmində onunla "ol meyi-nab ki, vəslində səninlə içdim"
(494) deyir. Aşiqin məşuqəyə içirdiyi
eşq şərabıdır
ki, hələ vəhdət
aləmində bir canlı varlıq olmazdan əvvəl yaranan eşqin tərənnümüdür. Şair
"bəzmi-ələstə" işarə edərək ruhların "qalu-bəla"
Tanrının "mən
sizin rəbbinizəmmi?"
sualına ruhların verdiyi "bəli" cavabı deməsindən qabaq haqqın dərgahında olduğunu
bildirir. Belə ki, ruh ilahi məzmunlu
olduğu üçün
öz əslinə qovuşmağa can atır.
Aşiqin surətə
(gözələ) olan
vurğunluğu da ilahi
mənaya olan vurğunluğudu:
Məqsədim, şəşəeyi-mahi cəmalındır sənin,
Xah məsciddə onu, xah kəlisada görüm.
Seyid Əzim yaradıcılığında
din ayri-seçkiliyi yoxdur.
Onun yaradıcılığında
istər müsəlman,
istər büthəpərəst,
istər nəsrani olsun, hamı birdir. Aşiq üçün
sevgilisinin məsciddə,
istərsə də kilsədə olmasının
heç bir fərqi yoxdur, onun arzusu məşuqəni
görməkdir.
Şair
qəzəllərinin bəzisində
mifik, dini, əfsanəvi obrazlardan istifadə etməklə özünün poetik fikir yükünü oxucusuna çatdırır.
Bəzi qəzəllərində
isə seyi-sülük
yolu ilə sanki fövqəltəbii qüvvə vasitəsi ilə bu aləmdən
ayrılaraq, başqa bir aləmdə olduğunu, ruhunun dili ilə gördüklərini
danışır.
Boynuma saldın o müşkin zülfüvün zünnarını,
Ey bütü-tərsa, məni
eşqində Sənan
eylədin.
Aşiq
eşqi yolunda Sənan kimi sevgilisinin zülflərini
zünnar edib boynuna bağladığını,
deyir. Seyid Əzim burada oxucusunun yaddaş kodunda yer alan
dini rəvayəti poetikləşdirir. Bu beytlə
bağlı Qurani-Kərimdə
elə bir ayə keçməkdədir.
"Hamınız bir
yerdə Allahın ipindən möhkəm yapışın". Poeziyada
ip, saç, tel, tük və.s
kimi təsəvvüf
terminləri bağlılıq
anlamı kəsb edir. Burada zülf
vəhdətlə kəsrət
arasındakı əlaqəni
göstərən vasitə
kimi dəyərləri
özündə əks
etdirir. Bu beytdə zülf öz müstəqim mənasından
uzaqlaşaraq irfani məna kəsb edir. Zülf həm də cism ilə can ( ruh) arasında əlaqə yaradan bir vasitədir. Dini rəvayətə görə
müsəlman şeyxi
Sənan xristian keşişinin qızına
vurulur. Sevgisinə qovuşmaq üçün
boynuna xaç asır və belinə zünnar bağlayır. Başqa bir qəzəlində:
Oldu hər zərrədən eşqin təcəllası
əyan,
Aləmi
Musatək, ey xurşud, heyran eylədin.
Şair
bu beytdə İlahi Yaradanın hər bir varlıqda
təcəlla etdiyini,
bütün canlı və cansız aləmdə onun zərrələrinin olduğunu
vurğulayır. "Ey
günəş, sən
də Musa kimi ələmi heyran etdin", deyir. Şair burada günəşə xitabən
Musa peyğəmbərin möcüzələrinə
işarə edir və bunlardan biri də onun
əsasının işıq
saçıb aləmi
işıqlandırması ilə bağlıdır.
Təsəvvüf təlimində Allahın
varlığı işıqla
təzahür olunur, hər şey, həmçinin insan da bu işığın təzahürüdür. İlahi
məqamda Məhəmməd
peyğəmbər də
teoqatda işıqla təmasda olur.
Seyid Əzim qəzəllərində
bəzən şairin
öz iç dünyasına xəyalən
və ruhən seyrini görür, bu seyr zamanı
gördüklərindən bəhs etdiklərinin şahidi oluruq.
Bu gecə bir mah
ilə ovci-Sürəyyada
idim,
Vəsli
meracı ilə ərşü-müəlladə idim.
Təsəvvüf ədəbiyyatında seyi-sülük gəzmək,
səyahət etmək
anlamını verir.
Bu səyahət adi gəzmək deyil, insanı tərbiyələndirici,
əxlaqverici bir səyahət formasıdır.
Bu səyahət insanın öz daxili dünyasından ilahi varlığın vüsalına
doğru hərəkətidir.
Bu irəliləyiş tərbiyələndirici
və özünüdərk
anıdır ki, insan onu yaşayır. Ruhumuzun Allaha dönərək Allahın
Zatına ulaşmasının,
yaxınlaşmasının səyahətidir, Tanrı
məqamında ona təslim olmasıdır. Poeziyada gerçəkləşən
bu səyahət, şair ruhunun varlıq aləmindən ayrılaraq Allaha doğru olan yolçuluğunun gerçəkləşdirilməsidir.
Çıxıban şəhrdən, ey
mah, cigərqan gəldim,
Bu səfərdən tapıban
ay kimi nöqsan, gəldim.
Seyid Əzimin "Gəldim"
rədifli qəzəlində
Aya müraciət edən
şair "çıxıban
şəhrdən, ey mah, cigərqan gəldim" deyərək,
yaşadığı aləmdən
ayrıldığını, "ay kimi nöqsan gəldiyini" etiraf edir. Burada şair
"ay kimi nöqsan gəldim" deməklə,
yaddaş kodumuzda yer alan Ayla bağlı
əfsanəni yadımıza
salır.
Sonrakı beytdə:
Muri-avarə idim, daməni-səhranı gəzib.
Bildim Aqabəgi aləmdə Süleyman gəldim.
Şair
qəzəldə bədii
təsvir vasitəsi olan litotadan istifadə etməklə, özünü cismən zəif, kiçik olan qarışqa ilə müqayisə edir və "muri-avarə idim, daməni-səhranı gəzib",
səhranı qarışqa
kimi avara dolanırdım, deyir və bu aləmə
Süleyman kimi gəldiyini etiraf edir.
Seyid Əzimin "Genə gəldim" rədifli qəzəli məzmun baxımından təsəvvüf
ideyalarını özündə
təzahür edir.
Sufi fəna-fillah halına
yetişmək, həqqi-mütləqə
qovuşmaq üçün
müxtəlif çətinliklərlə
rastlaşır və
onları dəf etməkdən ötrü
müəyyən məqamlardan
keçərək, mərifət
əhlinə, hal əhlinə çevrilir.
Son anda fənaya qovuşub, həqqi mütləqə yetişir
və bununla da o, öz əvvəlki halından çıxaraq,
başqa bir yolun yolçusu olur.
Canan yoluna verməyə can mən genə gəldim,
Bu Kəbə ara olmağa qurban genə gəldim.
Qəzəlin mətlə beytində
aşiq ilahi varlıq yolunda özünü qurban vermək üçün
yenidən gəldiyini
etiraf edir. Bu gəlişinin səbəbi
ilə Kəbə zinətlənəcək, onun
gəlişi ilə Kəbənin yeni bir təravət alacağını
deyir.
Təsəvvüf poeziyasının özünəməxsus
rəmzlər dili var,
bəzi şairlər
bu dili "quş dili" adlandırıblar. Seyid Əzim də bu dili özünəməxsusluqla
işlədərək, söz
içərisində söz
yarada bilmişdir. Qəzəldə "can" sözü
müxtəlif anlamları
özündə ehtiva
edir. İşlənmə
məqamından asılı
olaraq bu cinas ifadənin məzmun və fikir yükü dəyişir. Əgər
bəzi yerlərdə
"can" sözü "qurban olmaq, fəda
olmaq, can vermək, ölmək mənalarında
işlənirsə, bəzi
məqamlarda "ruh"
mənasında işlənir.
Şair bu məqamda ruhun müxtəlif varlıqlarda
təcəlla edib dönüşündən söz
açır. Deməli,
şair ruhunun artıq bu aləmə
bir dəfə gəldiyini, amma onun hər hansı
bir varlıqda - insanda təzahür edə bilməyib yenidən öz aləminə döndüyünü
etiraf edir.
Sonrakı beytdə şair
deyir:
Bir gəlmiş idim verməyə can, olmadı
qismət,
Getdim, dolanıb bir dəxi ey can, genə gəldim.
Beytin birinci misrasında
"can" sözü fəda
olmaq, özünü
qurban vermək mənasında işlənirsə,
ikinci misrada
"can" sözü ruh
mənasında işlənib.
Şair ikinci misrada ruhun yenidən
dolanaraq döndüyünü,
yenidən bu aləmə gəldiyini deyir.
Dərman
dedilər dərdi nihanimə dəhanın,
Yox yerdə sanıb dərdimə dərman, genə gəldim.
Beytin açılışı: aşiqin
gizli dərdinin dərmanını məşuqənin
ağzın (dəhanın)
bildilər, amma mən yenə dərmanın o yoxluq aləmində olduğunu bilərəkdən, yenə
gəldim, deyir.
Klassik poeziyada dəhan (ağız) anlamında işlədilən bu ifadə fars sözü olub zahirən danışıq
mənasını bildirir.
Təsəvvüf poeziyasında
"yoxluq" mənası
kəsb edən (dəhan) bu söz haqqın kəlamı mənasında
işlədilir. Dəhan
- yoxluq aləmində
bəzən gizli olan sirlərin faş olması üçün ötürücülük
funksiyasını yerinə
yetirir.
Yüz dəfə xəzan olmuş idi bağü baharım,
Bu bağı görüb, fəsli-gülüstan, genə
gəldim.
Bu beytdə dəfələrlə
bağ-bağçasının xəzan olduğunu görən aşiq, bahar fəslində gülüstana dönən
bağını görüb,
yenə gəldiyini deyir.
Aldım
ələ payi-mələx-asa
dilü canı,
Sandım
ki, çıxıb təxtə
Süleyman, genə gəldim.
Bu beytdə şair bizim gen yaddaşımızda
yer alan "Qarışqa və Süleyman" əhvalatını
yadımıza salır.
Qarışqa Süleymanın
taxta çıxmasını
eşidib ona hədiyyə olaraq çəyirtkənin budunu
hədiyyə aparır,
mən isə səni görmək üçün hüzuruna
ürəyimi çıxarıb
gəlmişəm. Sevgilinin
hüzurunu şair Süleymanın taxtı ilə müqayisə edir, yenə üstünlüyü sevgilisinin
məqamına verir.
Qəzəlin məqtə beytində
şair deyir:
Seyyid, neçə yol gəlmiş idim mülki-cahanə,
Səd şükür tapıb surət-insan, genə gəldim.
Bu beytdən belə aydın olur ki, şair insan ruhunun dövr edərək bu aləmə müxtəlif
formalarda gələ bilməsinin mümkün olduğunu deyir. Ruhun bu aləmə
dönüşünün və insan cismində
bərqərar olmazdan
öncə hansı vəziyyətdə olması
haqqında A.Gölpınarlı
yazır: "Onlar bu aləmə gəlməzdən əvvəl
nəşir halında
idi. Onların hissələri yəni, cüzləri heyvan, bitki və cansız varlıqlarda təzahür
idi. Bu hal hərflərə bənzəyir.
Ana və baba yeyib-içdikləri
şeylərdən onun
mayasını toplamış,
sonra ana rəhmində
tərkibə düşərək,
həşr edilərək
bu aləmə gəlmişdir ki, bu da hərflərin birləşərək
kəlmə, kəlmələrin
birləşərək söz
oluşuna bənzəyir".
Seyid Əzim poeziyası fəlsəfi və irfanyönlü bir poeziyadır. Şair dövrünün bütün
elmlərini mükəmməl
bilmiş, onlardan yeri gəldikcə şeirlərində istifadə
etmişdir. Bu baxımdan
onun "Genə gəldim" rədifli qəzəlinin məqtə
beytində demək istədiyi fikir yükü ruhun insan cismində bərqərar olmazdan öncə başqa-başqa
məqamlarda və varlıqlarda olmasına bir işarədir.
Xuraman
HÜMMƏTOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 15 avqust, ¹29.- S.30.