Yavuz Axundlu: tarix və istiqlal
aşiqi
15 avqust professor Yavuz Axundlunun
anım günüdür. Dərin
hörmətlə yad edirik!
Yavuz Axundlu 60-cı illər ab-havasını formalaşdıran,
yeni baxışlı ziyalılarımızdan,
ədəbiyyatşünaslarımızdandır.
1947-ci ildə Naxçıvan
Müəllimlər İnstitutunu,
1952-ci ildə ADU-nu fərqlənmə
diplomu ilə bitirən Yavuz Axundlu təyinatla doğulub böyüdüyü Naxçıvanda
müəllim kimi fəaliyyətə başlayır.
90 yaşında dünyasını
dəyişən Yavuz müəllim
ömrünün sonuna
qədər Naxçıvanda
yaşayıb-yaradıb. Burada
fəaliyyət göstərməklə
elmlər namizədi, elmlər doktoru elmi dərəcələri
və professor adı alan ilk ziyalıdır.
1964-cü ildə müdafiə
etdiyi namizədlik dissertasiyası "M.S.Ordubadinin "Dumanlı
Təbriz" romanı"
mövzusundadır. Bu mövzu
alimin gələcək
elmi nailiyyətləri
üçün uğurlu
başlanğıc olur.
Belə ki, Yavuz müəllim
fərqli mövzulara müraciət etsə də, tədqiqatlarının
mərkəzində ədəbi
şəxsiyyət kimi
Məmməd Səid Ordubadi, elmi problem kimi tarixi roman janrının inkişaf mərhələləri, forma-məzmun
xüsusiyyətləri, təmsilçilərinin
yazıçı fərdiyyəti,
xalqımızın istiqlal
mübarizəsi dayanır.
Alimin yaradıcılığından
bəhs edildiyi zaman
ilk yada düşən mövzu
tarixi roman olur. Akademik İsa Həbibbəyli
yazır: "Azərbaycanda
tarixi roman janrının
inkişaf yolunun sistemli şəkildə öyrənilməsi və
elmi-nəzəri tədqiqi
Yavuz Axundlunun adı ilə bağlıdır."
1973-cü
ildən "Azərbaycan
tarixi romanı" mövzusunda doktorluq dissertasiyası üzərində
işləyir. Doktorluq
müdafiəsinə qədər
(1983-cü ilə qədər)
iki kitabı çap olunur. Yavuz müəllim Azərbaycan
tarixi romanı mövzulu araşdırmalarını
öz elmi fəaliyyətinin əsas
süjet xəttinə
çevirir, "Tarix
və roman" (1988), "M.S.Ordubadi" (1997), "Tarixi
roman yeni mərhələdə" (1998)
kitabları və bütün bunların əsasında, yeni araşdırmalar
da əlavə olunmaqla
"Azərbaycan tarixi
romanı: mərhələlər,
problemlər" monoqrafiyası
çap olunur.
"Azərbaycan tarixi romanı: mərhələlər,
problemlər" monoqrafiyasının
Ön sözündə
professor Hüseyn Həşimli
əsərin elmi məziyyətlərini, ədəbiyyatşünaslığımızdakı
yerini belə səciyyələndirir: "...bu monoqrafiya Azərbaycan ədəbiyyatında
tarixi roman janrının
bütün inkişaf
yolunu ardıcıllıqla
araşdıran ilk tədqiqatdır,
yəni burada həmin janrın bütün inkişaf yolu nəzəri-estetik və ədəbi-tarixi yöndə təhlil süzgəcindən keçirilmişdir."
Müəllif özü
də monoqrafiyanı
70 ilin ədəbiyyatına
həsr olunmuş 40 illik tədqiqat kimi qiymətləndirir.
Beş fəsildən ibarət olan monoqrafiyada əvvəlcə tarixi
roman janrının nəzəri
parametrlərinə aydınlıq
gətirilir, daha sonra Azərbaycan ədəbiyyatında keçdiyi
mərhələlər, hər
mərhələnin özünəməxsusluqları
müəyyənləşdirilir.
Monoqrafiya
Müstəqillik dövrünün
elmi tədqiqatı olduğundan burada sovet hakimiyyəti illərində yazılan romanlar ideoloji təzyiq altında qalmadan təhlil edilir; Azərbaycan romanlarında tarixin dəyərləndirilməsi məsələlərinə
yeni aspektdə diqqət
yönəldilir və
onların ideya-bədii
xüsusiyyətləri araşdırılır.
Yavuz Axundlunun Azərbaycan tarixi romanlarının təşəkkül və
inkişaf mərhələlərində
əhəmiyyətli yer
tutan əsas nümunələrinə müraciət
etməsi bu monoqrafiyanın
elmi istinad qaynağı kimi imkanlarını artırır.
Məmməd Səid Ordubadinin
yaradıcılığını araşdırmaqla peşəkar
elmi fəaliyyətə
başlayan Yavuz müəllim
üçün böyük
sənətkar hər
zaman öz doğmalığını
qoruyub saxlamışdır.
Bu səbəbdəndir ki, 2012-ci ildə M.S.Ordubadi
haqda monoqrafiyanın
yeni təkmilləşmiş variantını hazırlayıb
çap etdirir.
Tarix-ədəbiyyat münasibətləri,
dəyişən tarixlərdə
ədəbiyyatın funksiya
və missiyası
Yavuz müəllimin tarixi
romana aid olmayan araşdırmalarında
da mühüm yer tutur. Bu, "Mühit və sənətkar", "İstiqlal şairləri",
"Mənim ədəbi
dünyam", "Ədəbi
yaddaşdan səhifələr",
"Əlimdədir hələ
qələm", "İstiqlalın
əzablı yolu",
"Müəllimlərim və
müəllim dostlarım",
"Ədəbi portretlər"
mövzulu kitablarında
daha qabarıq görünür. Adıçəkilən
hər bir kitab Azərbaycan ədəbiyyat
tarixinin bu və ya digər
səhifələrinə aydınlıq
gətirmək mənasında
ədəbiyyatşünaslığa xidmətdir.
Yavuz müəllimin tarixə baxışında millət
və vətəndaşlıq
duyğusu çox güclüdür. O, maarifpərvər
ədəbiyyatşünasdır. Hər bir monoqrafiyası,
məqaləsi xalqla təmsil olunan auditoriyaya ünvanlanıb;
vətən, millət
qarşısında müqəddəs
borcu yerinə yetirməyə, adət-ənənələrimizi
qoruyub yaşatmağa,
milli kimliyimizi təbliğ
və inkişaf etdirməyə çağırır
oxucusunu. Onun yeni tədqiqatçılara da aşıladığı,
hər şeydən öncə, bu keyfiyyətdir. Bu missiya onun bütün yaradıcılığı üçün
xarakterikdir; "İstiqlal
şairləri" monoqrafiyasının
həsr olunduğu mövzu və problematika, onun bədii həlli yollarını araşdırıb
dəyərləndirmə metodologiyası
təkcə şairlərin
yox, eyni zamanda müəllif, alim-ziyalı mövqeyinin üzə çıxmasına imkan
verir. Kitabda ədəbiyyatın siyasi-ideoloji
proseslərə təsir
gücü, müstəqillik,
azadlıq ideallarının
yaranıb yayılmasındakı
rolu, təlqin və tərbiyə funksiyası Xəlil Rza, Bəxtiyar Vahabzadə və Məmməd Arazın yaradıcılığı əsasında
izah olunur.
Monoqrafiyada birbaşa istiqlal
mövzulu, açıq
tərənnüm xarakterli
şeirlər araşdırılıb
təqdim olunmur. Yavuz müəllim istiqlala həm cəmiyyətdə,
həm də şairlərin yaradıcılığında
dinamik bir proses kimi yanaşır. Müstəqilliyə gətirən
yolun kəsə və qısa, rahat, hamar olmadığını
şeirlərdəki misralarda,
bəndlərdə atılan
addımlar kimi izləyir.
Bəxtiyar Vahabzadənin lirik
qəhrəmanları üçün
hüzur fərdi istək və arzuların təmin olunmasından daha geniş tələbatlarla,
daha doğrusu, yüksək ideallarla bağlıdır. Müəllif
yazır: "Şairin
lirik qəhrəmanı...
üçün ömür
yaşamaq, nəfəs
almaq, evlənmək, oğul-uşaq sahibi olmaq kimi dar
mənalara sığmır,
ömrün mənası
daha ali məqsədlərlə səciyyələndirilir."
Öz şanlı tarixinə bağlı olan qəhrəman parçalanan, ayrı salınan Vətən, millət üçün
yanıb qovrulur, daxili rahatlıq tapmır. Yavuz müəllim
bu narahatlığı,
yanğını göstərmək
üçün Bəxtiyar
Vahabzadənin yaradıcılığından
xarakterik nümunələr
seçir. Məsələn:
Yarım
bu tayda qaldı,
Yarım
o tayda qaldı.
Toyum burda çalındı,
Yarım
o tayda qaldı.
Şairlə eyni yaşantını,
duyğuları paylaşan
oxucuya bu misraların ötürdüyü
psixoloji təsiri düşünün ... Bu, eləcə
də milli faciələrimizlə
bağlı digər misralar, bəndlər, bütöv əsərlər
hər biri oxucunu etiraza, üsyana çağırır.
Ədəbiyyatımızda uzun müddət Cənub mövzusu mübarizə ruhunu qoruyub saxlayan mərkəzi cəbhə funksiyasını
yerinə yetirib. O, təkcə cənub həsrətini yox, siyasi-tarixi mənada bütün itirdiklərimizin
ağırlığını üstündə daşıyan
ana xəttə çevrilib.
Bəxtiyar Vahabzadə
öz daxili yanğısını və
ictimai çağırışlarını
bu mövzuda ustalıqla ifadə edə bilib. Yavuz müəllim şairin yaradıcılığında "cənub"un açdığı
və aşdığı
sərhədləri diqqətlə
izləyir və onu istiqlala doğru
irəliləyişlərdən biri kimi qiymətləndirir.
Bəxtiyar Vahabzadə yaradıcılığını
araşdırarkən Yavuz müəllimin
irəli sürdüyü
başqa bir tezis də son dərəcə maraqlıdır.
O, şairin yaradıcılığında
siyasi lirikanın mühüm yeri olduğunu vurğulayır,
eyni zamanda sovet dövrünün tələb etdiyi siyasilikdən fərqli xarakter daşıdığını
qeyd edir. "...şair bu səpkili
(siyasi lirika - T.M.) şeirlərində cəmiyyətin
eybəcərliklərinə, doğma dilimizin sıxışdırılmasına, tariximizin açıq-aşkar
təhrif edilməsinə
öz cəsarətli
münasibətini bildirmişdir."
B.Vahabzadənin geniş
oxucu kütləsi üçün məlum olan "Gülüstan"
poemasından başqa,
1963-cü ildə Qırğızıstanın,
1964-cü ildə Azərbaycanın
Rusiyaya birləşdirilməsinin 150 illiklərinin
bayram elətdirilməsinə
qarşı yazdığı
şeirlərə istinad
edən Yavuz müəllim
istiqlalın ədəbiyyatla
açılan cığırlarına
diqqət yönəldir.
Aşağıdakı nümunələr
təkcə B.Vahabzadənin
yox, əsarətə
qul olmaq istəməyən, azadlıq
aşiqi bütün ziyalıların, eyni zamanda onları təqdirlə təhlil edən Yavuz Axundlunun üsyanıdır. Bəxtiyar
Vahabzadə yazır:
Tapdamaq olarmı haqqı bu qədər?
Yüz əlli ildir ki, soyurlar bizi.
Bu heç,
Bizə
bayram elətdirirlər
Tarixdə ən böyük
faciəmizi.
Bəxtiyar Vahabzadəni Azərbaycan
yox, işğalda olan bütün türk yurdları və xalqları düşündürür. Yavuz müəllim şairin
1961-ci ildə Yaltada istirahət edərkən yazdığı şeirə
istinadən mübarizəsindəki
dönməzliyi, ardıcıllığı
göstərir:
Krım,
Yalta, Qızıldaş. Bir xalqın ata yurdu,
O xalqa yad, ay Allah, gəlməyə
vətən oldu.
Şairin
Qarabağı bizə
yadlaşdırmaq planlarına
qaldırdığı üsyan
dolu misraları da
Yavuz müəllim tədqiqatında
xatırladır.
Yavuz Axundlu istiqlala dəvət, istiqlal əhval-ruhiyyəsini Bəxtiyar
Vahabzadənin xalqı
öz vəziyyəti
ilə barışmamağa,
səbir etməməyə
çağırdığı şeirlərində də
göstərir.
Sovet dövründə şair
istiqlal ruhunu həm də ana dilinə həsr etdiyi şeirlərində
nümayiş etdirir.
Yavuz müəllim bu şeirlər üzərində
də ayrıca dayanır.
Azərbaycanın müstəqillik əldə
etməsindən və
90-cı ilin qanlı Yanvar hadisələrindən
sonra Bəxtiyar Vahabzadənin mübariz səsi yeni bir rəng qazanır. Yavuz müəllim istiqlal şairinin istiqlal dövründəki yaradıcılığı
üzərində də
ayrıca dayanır.
Bu illərdə Azərbaycanın
gərgin tarixi şəraitində vəziyyətdən
çıxış yolu
kimi türk birliyi idealını daha da inkişaf etdirən şairin bir el ağsaqqalı
kimi səsləndirdiyi
fikirləri təqdirlə
qarşılayır Yavuz Axundlu.
Bəxtiyar Vahabzadədə olduğu
kimi, Xəlil Rza yaradıcılığında
da istiqlal idealını
Yavuz Axundlu başlanğıcdan
izləyir və ondakı dinamikliyi, ardıcıllığı üzə
çıxarıb təqdim
edir. Hələ
60-cı illərin başlanğıcından
özünü azadlıq
aşiqi kimi tanıdan Xəlil Rzanın Azərbaycanın
problemlərini başqa
məkanların üzərinə
köçürməklə çatdırdığını yazan Yavuz Axundlu şairin əsas mövzusunun doğma Vətən olduğunu vurğulayır, ona görə də şeirlərində Vətən
və vətəndaşlıq
şüurunun hər
şeydən öndə
gəldiyini qeyd edir. Qəhrəmanlıq motivlərini, döyüş
ruhunu Xəlil Rza şeirinin spesifik xüsusiyyətlərindən
biri kimi qiymətləndirən tədqiqatçı,
bunun nəsillərə
aşılanan istiqlal
ruhuna xidmət etdiyini bildirir.
Yavuz müəllim Xəlil Rzanı müasir Azərbaycan poeziyasında
siyasi lirikanın ən gözəl nümunələrini yaradan
şair kimi dəyərləndirir.
Xəlil
Rzanın siyasi ovqatlı şeirləri içərisində Qarabağ
uğrunda mübarizə
önəmli yer tutur. Qarabağın azadlığını Vətənin
istiqlalının çətin,
lakin aşılması
vacib olan zirvəsi kimi dəyərləndirən şair
xalqı bu yolda ölüm-dirim mübarizəsinə çağırır.
Yavuz müəllim X.Rzanın Qarabağ mübarizəsinə çağırış,
haray səciyyəli şeirlərindən bəhs
edərkən yazır:
"Bu şeirlər od, alov
kimiydi, şimşək
kimi çaxırdı,
şair sanki qızmış bir pələngi xatırladırdı.
O, açıq-açığına xalqı silaha sarılmağa çağırırdı."
Yavuz Axundlu Xəlil Rzanın siyasi lirikasında Lefortovo şeirlərinin
də mühüm yeri olduğunu göstərir. "Bu şeirlərdə
qəzəb, kin, hiddətlə
yanaşı, səbir,
dözüm, təmkin
də var. Lakin hər
bir şeirdə şairin məqsədi, amalı Azərbaycan uğrunda döyünən
ürəyinin çırpıntısını
eşidirsən." Alim Xəlil
Rzanın həbsxanada
yazdığı gündəliyini,
şeirlərini təhlil
edib, orada əks olunan azadlıq və mübarizə ruhunu yüksək qiymətləndirir,
"Əlvida, Azərbaycan"
poemasındakı yenilməzlikdə
özünün, bütün
işıqlı ziyalıların
ürək döyüntüləri
və çağırışını
hiss edir.
Xəlil
Rzanın Vətən
yolunda oğlunu qurban verdikdən sonra yaşadığı
yanğıların misralarda
əksini diqqətə
çatdıran Yavuz müəllim,
şair üçün
oğlu Təbrizin müqəddəs yurd məkanlarımız kimi
and yerinə çevrilməsini,
istiqlal uğrunda ən qiymətli varlığını qurban
verməsini də onun qəhrəmanlığı
və yenilməz ruhu ilə əlaqələndirib
təqdir edir. Xəlil Rzanın aşağıdakı misralarına
istinad edən alim onun yaşantılarına
şərik olur:
And olsun Araza, balam
Təbrizə,
Bir an susmayacaq bu
mübarizə.
Heç
bir düşmənimə,
hətta özümə
Zərrəcə güzəştə getməyəcəyəm!
Yavuz Axundlu Xəlil Rzanın tərcüməçilik
fəaliyyətinə də
diqqət çəkməklə
istiqlal şairinin necə beynəlmiləl, insanlığa sevgi dolu bir ziyalı
olduğunu göstərir. Şair bir çox xalqların ədəbiyyatlarından
tərcümələr etmişdir.
Ancaq türk xalqlarının ədəbiyyatından
tərcümələr onun
yaradıcılığında özgə bir yer tuturdu. Yavuz müəllim bunu şairin məfkurəsi və əqidəsi ilə əlaqələndirir.
"İstiqlal şairləri"
monoqrafiyasının üçüncü
fəsli xalq şairi Məmməd Araza həsr olunub. Yavuz müəllim həyat faktlarına istinadən göstərir
ki, haqqında söz açdığı digər
istiqlal şairləri
kimi, Məmməd Araz da sovet rejiminin
tüğyan etdiyi zamanlardan istiqlalçı,
mübariz davranışı
ilə ideologiyanın
təqiblərinə məruz
qalmış, sağlamlığı
ağır zərbə
almış, lakin öz ideallarına sədaqətini itirməmişdir. Müqəddəs
dəyərləri, ailə,
cəmiyyət davranış
normalarında milliliyi
təlqin edəndə,
Arazı Vətənin
köksündə açılan
"şırım"a, "Qıratın yalmanı"na,
"nənənin ipəkliyi"nə,
"babanın sərtliyi"nə
bənzədib onsuz yaşaya bilməyəcəyini
söyləyəndə, "vətən daşı"
olmağı "vətəndaş"lığın
ilkin yaşantısı
kimi təbliğ edəndə: yaradıcılıq
yolunun ilk mərhələlərində,
istiqlal toxumu səpirdi Məmməd Araz. Yavuz Axundlu Məmməd Araz yaradıcılığında istiqlal əqidəsinin keçdiyi təlatümlü
yolu son dərəcə
diqqətlə izləyir,
şeirlərin yazıldığı
dövrdə oyatdığı
həyəcanı oxucuya
yenidən yaşadır.
Azərbaycanın parçalanmasının,
işğala məruz
qalıb müstəqilliyini
itirməsinin səbəblərini
yalnız xarici yox, həm də
daxili amillərdə arayan şair, xalqı laqeydlikdən, etinasızlıqdan xilas olub birləşməyə,
itirdiklərimizi yenidən
qazanmağa səsləyir.
"Məndən ötdü,
qardaşıma dəydi..."
şeirindəki haraya,
çağırışa diqqət yönəldən
Yavuz müəllim, Məmməd
Araza qoşulub Azərbaycanın nə qədər qiymətli, müqəddəs bir məkan olmasını vurğulayır, şairin
misralarına istinadla onu təqdir edir:
Azərbaycan - mayası nur, qayəsi nur ki ...
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə, ayağa
dur ki,
Füzulinin ürəyinə toxuna
bilər!
Məmməd Arazın Nizamini,
Füzulini, Xətaini,
Vaqifi, Sabiri şeirlərində hörmət
və məhəbbətlə
yad etməsi, özünü
onların yolunda irəliləyən söz,
fikir mübarizi kimi görməsi şairin yaradıcılıq
missiyasına aydınlıq
gətirir. Monoqrafiyada
adıçəkilən hər
bir mütəfəkkirin
sözü qarşısında
şairin duyduğu yaşantılara aydınlıq
gətirən Yavuz Axundlu
Məmməd Arazın
bu dahi şəxsiyyətlər
içində daha çox Xətaiyə bağlılığını vurğulayır. "...Məmməd
Araz Xətayini öz dahi sələfi
hesab edir:
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı
göyərdi."
Yavuz müəllim, haqlı olaraq Məmməd Araz poeziyasının əsas məzmun xüsusiyyətinin vətəndaş
yanğısı olduğunu
göstərir. Bu yanğı
onun gülə, çiçəyə, daşa,
qayaya, çaya, tarixə ... yazılan bütün şeirlərindən
boylanır və nəhayət, Qarabağ hadisələrindən sonra
gur tonqala çevrilib ətrafa şölə, səs-səda
salır. O, yenə də bütün xalqa, cəmiyyətə müraciət edir, onları sarsıntıdan
qurtulub mübarizəyə,
döyüşə səsləyir.
Yavuz Axundlu Məmməd
Arazın bu dönəm şeirlərində
millətə müraciətləri
üzərində ayrıca
dayanır. Şair sanki bu şeirlərdə
oyanan, kükrəyən
ruh idi, öz uğultusuna yatanları oyadırdı.
"Ata millət, ana millət
ağlama!", "Ayağa
dur, Azərbaycan!", "Vətən çağırır!"
şeirlərinə istinadən
alim Məmməd Arazdakı
mübariz ovqatın xalqın mübarizə ruhuna təsirindən, səfərbərliyə çağırışın
gücündən, bununla
da SÖZ-ün isiqlalın
əldə olunmasındakı
rolundan bəhs edir.
Üç böyük şairin
yaradıcılığı timsalında istiqlala gedən yolu və istiqlal əhval-ruhiyyəsini izləyən
tədqiqatçının mövzunu son dərəcə
rəğbət, səmimi
münasibət və
vətəndaşlıq borcu
ilə yazdığı
müşahidə olunur.
İstiqlal şairlərinin
mübariz obrazını
yaradan alim onların fonunda özünün ağsaqqal, müdrik, maarifpərvər simasını
da canlandırır. Yavuz müəllim
ədəbiyyat tarixinə
aid bir çox monoqrafiya və məqalə müəllifidir.
Onların hər biri öz elmi
məziyyətləri ilə
ədəbiyyatşünaslığımızı
zənginləşdirir. Lakin tarixi romanlar və istiqlal şairləri haqda yazdığı əsərlər
ədəbiyyatşünaslıq tariximizin qiymətli inciləri sırasına daxildir. Bu əsərlərdə
Yavuz Axundlunun özünün
bir şəxsiyyət
kimi obrazı kamilləşib tamamlanır.
Tahirə MƏMMƏD
Ədəbiyyat
qəzeti.- 2025.- 15 avqust, ¹29.- S.24-25.