Kərkəsin hekayəsi
"Elə gözəl sökülmüşdü o gün dan" romanından parça
Çöllərdə
həyat ağır idi. Çöldə yemək az olur, ya
hansısa heyvan acından, susuzluqdan ölməlidi, ya da
bir-birini öldürməlidilər, başqa heç cür
yemək tapmaq mümkün deyil. Biz özümüz
ovlamağa öyrəşməmişik, bizimki hazır yemdi.
"Bir-birini öldürən heyvanlar"ı deyəndə
yırtıcı heyvanların ovundan danışmıram. O,
onsuz da bizim deyil. Tutaq, hansısa yırtıcı başqa bir
heyvanı öldürəndə öz yeməyi
üçün öldürür. Çox vaxt bizə ondan
pay düşmür. Əgər öldürülən heyvan
çox böyükdüsə, məsələn, kəldisə,
maraldısa, onda artıq qalanına göz dikə bilərik.
Amma onu da çox gözləməli olurduq. Gərək
yırtıcı yeyib doyaydı, leşin qalanından əl
çəkəydi, sonra biz daraşaydıq. Bəzən o qədər
gözləməyimiz də əbəs gedirdi. Çünki
qalan yeməyə də çaqqal, kaftar daraşırdı.
Çöldü də, yemək azdı, rəqib çox.
Qartallar, şahinlər də hərdən yemimizi
caynağımızdan alırdı. Onlara da heç nə deyə
bilmirdik. Nolsun onlar da quşdu? O yan-bu yan olsa, bizi də
parçalaya bilərdilər. Düzdü, öz aramızda
qartallara gülürük, boyunları tüklüdü
axı. Başlarını leşin qarnına soxanda boyun
tükləri qana batır, quruyub boğazlarına
yapışır. Gülməli görünürlər. Bizdə
elə olmur, boynumuzda tük yoxdu.
Olurdu ki,
günlərlə uçub yeməyə bir şey
axtarırdıq. Acından bilmirdik neyləyək, dimdiyimizi
daş-qayaya sürtməkdən ucu yeyilmişdi.
Bir dəfə
dəstəylə bir yerdə uçanda moğol ordusunu
gördük. Heç vaxt bu qədər adamı bir yerdə
görməmişdik. Ordunun dalınca bir sürü mal-qara da
aparırdılar. Biz də dallarınca düşüb getdik.
Dincəlməyə dayananda malları kəsib soydular, ocaqdan
asıb bişirməyə başladılar.
İçlalatları, dəriləri, kəllələri bir
tərəfdə atılıb qalmışdı. Bir az
gözlədik, gördük onlara tərəf heç baxan
yoxdu. Ehtiyatla qalağın yanına qonduq. Qorxurduq ki, birdən
bizi qovarlar, öldürərlər. Qorxa-qorxa dimdiyimi
uzadıb içalatı dimdiklədim. Sonra yenə. Heç
bizə tərəf baxan da yox idi. Hamımız ürəkləndik,
daraşdıq içalatın üstünə.
Qarnımız dolanacan yedik.
O biri kərkəslərə
dedim ki, gərək ordudan əl çəkməyək. Onlar
hara, biz də ora. Hamı razılaşdı.
Odur-budur,
ordu hara getdi, biz də gedirik. Yeməkdən korluğumuz yoxdu.
Xeyli kökəlmişik, çox vaxt harınlıq edirik. Yemək
o qədər çox olur ki, bilmirik harasını yeyək, nəyini
dimdikləyək. Mən dəstə başçısı
imtiyazımdan istifadə edib meyitlərin gözlərini
oyuram. Məncə, meyitin ən ləzzətli yeri gözləridi.
Dəstəmizdə biri var, o ancaq dil yeyir.
Elə
axırıncı kənddə də bütün meyitlərin
gözünü mən oyuram. Hələ günorta
tanış olduğumuz qarğaya da rast gəlirəm. Demə,
o da burda yaşayırmış. Balaca bir qızın sinəsinə
qonub oturub. Deyirəm ki, gözlərini oysun, ən ləzzətli
yeri oradı. Ancaq qarğa tərpənmir. Eləcə oturub
qalıb. Yaman qəribə quşdu. Çiyinlərimi çəkib
ordan uzaqlaşıram.
Hava
qaralmağa başlayır. Yığışıb
düşərgəyə qayıdırıq.
Döyüşçülər kənddən gətirdikləri
sürünün çoxunu kəsib soyub. Cəmdəklər
ocaqların üstündə cızıldayır.
Təzə
içalat qalağına baxıram. Çəpgöz kərkəs
qalağın yanına qonur:
- Yemirsən?
Gəl də, - mənə deyir.
- Kənddə
az yemisən? - soruşuram.
- O
ayrı, bu ayrı, - deyib irişir.
Başımı
bulayıram. Yaman acgözdü, qarnı doysa da, çəp
gözləri doymur.
Düşərgənin
üstündə bir dövrə vurub atların yanına
qonuram. Ən hörmətli at Cəbə Noyonun atıdı.
Ordu başçısını gəzdirdiyi üçün
başqa atlar da ona hörmət edir, adamlar da ona xüsusi
qulluq göstərir. O at heç vaxt başqa atlar kimi saman, ot
yemir. Onun üçün meyvə gətirirlər, suyu da
qızıl vedrədə içizdirirlər.
-
Yatın, dincəlin, - Cəbə Noyonun atı o biri atlara
deyir. - Səhər yola düşəcəyik.
Aha, demək,
sabah səhərdən yenə yollardayıq. Gərək, mən
də dincəlim. Qayalığa qonub gözlərimi yumuram. Sabaha
gümrah olmaq lazımdı.
Həmid
PİRİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 15 avqust, №29.- S.25.