Xaqan və xalqın
birliyi - vətənin
diriliyi
Göytürk kontekstində
"Boylar bir olsa,
elin dirliyi artar;
el
bir olsa, torpağın ömrü
uzanar".
"El bir olsa, dağ
oynadar yerindən",
deyib ulu babalar. Bu sözlər yalnız torpağın deyil, həm də insanın içindəki
mənəvi yurdun qorunması üçündür.
Torpağı qoruyan qılıncdırsa, mənəviyyatı
qoruyan hikmətdir. Hikmət isə yalnız ağıldan deyil, həm də vicdandan doğulur. Tarixin dərin qatlarında bir həqiqət var - xalq təkcə torpağı ilə deyil, yaddaşı ilə yaşayır. Bu yaddaşın mərkəzində
bir obraz dayanır - xalqla bir olan, onu
qoruyan, onun ruhunu yaşadan Böyük Xaqan. Bizim genetik kodumuzun
daşıyıcılarından biri də elə
budur - xalqla rəhbərin birliyi, arada sərhəd olmadan var olan yaxınlıq. Bu yaxınlıq
qanun kitablarında yazılmır, zamanın sınaqlarında sübut
olunur və Allahın verdiyi bir nemət kimi yaşanır.
Oğuz
elində Xaqan yalnız taxtın yiyəsi deyil, həm də vicdanın səsinin daşıyıcısı idi.
Böyük Xaqan anlayışı sadəcə
siyasi titul deyil. Xalq özünü
onda görür, onu özündə hiss edir. O təkcə dövlət başçısı
deyil, xalqın ən sadə nümayəndəsi ilə
eyni süfrədə
oturan, onun dərdini dinləyən, sevincinə şərik olan insandır. Çünki xalqın gözündə böyüklük
zirvədə dayanmaqla
deyil, zirvədən aşağı enib xalqın yanında dayanmaqla ölçülür.
Bu isə həm mənəvi, həm də ilahi bir
məsuliyyətdir - Allahın
insana verdiyi əmanəti daşımaq
məsuliyyəti.
Basat Təpəgözü öldürəndə
igidlik insafla yanaşı dururdu. Qəhrəmanlıq sadəcə
gücün deyil, haqqın tərəfində
durmaqdır. Qazan xanın elinin yağmalanması boyunda əsir elin azad olunması üçün qılınc
qanunla birləşirdi,
çünki qanunsuz güc başsız bədəndir. Oğuz Xaqanı həm cəng meydanı, həm də məclis başında elin dayağı idi. Onun böyüklüyü
sadəcə düşməni
məğlub etməsində
yox, məğlub olanı ədalətə
çağırmasında idi. Qorqud Ata hər boyun sonunda dua edərdi:
"Ağ otaqlı, qızıl taxtlı Xaqan sağ olsun, ömrü uzun olsun, əli
qalib, sözü düz olsun." Bu dua bir nəfərə
deyil, bir ideyaya, birliyə, diriliyə, gücə və ədalətə idi. Xaqan gecələr
obadan-obaya gedər, qopuz səsi ilə könülləri
yumşaldar, səhərlər
isə ordusunun önündə dağlar
aşardı. Onun üçün həm saz, həm qılınc
müqəddəs idi
- biri ruhu qoruyardı, biri torpağı.
Ocaq yanan yerdə ümid sönməz. Zaman
dəyişdi, amma boyların hikməti göydə qaldı, əsrlərdən-əsrlərə köçdü. Göytürk
daş yazılarında,
monqol bozqırlarında,
Osmanlı saraylarının
divar naxışlarında
Xaqan adı yenidən çəkildi.
Böyük Xaqan hər iki aləmin
tərəzisində ədaləti
bərabər tutan idi - qılıncı haqq üçün çəkən, zəfəri
xalqın sabahına bağlayan. Bu gün Azərbaycan torpaqlarında
o qədim boyların nəfəsi yenidən yaşayır. Burda
"boy" artıq tayfa
deyil, dil, etnos, din, mədəniyyət
fərqləri ilə
bir xalqın müxtəlif qollarıdır.
Talışın dili,
tatın sözü, ləzginin rəqsi, avarın mərdliyi, qarapapağın yaddaşı,
tərəkəmənin səfər
ruhu, Şirvanın irfan nəfəsi, hamısı bir bayrağın kölgəsindədir.
Bu kölgə tək
qanunla deyil, həm də əsrlərdən gələn
bir mənəvi əhdlə qorunur. Əhdinə sadiq olanın yolu nur olar. Dədə
Qorqud boylarında Xaqan tayfaları birləşdirir, torpağı
müdafiə eləyir,
amma ən çox insanlar arasındakı inam, sülh, bərabərliyi qoruyur. Bu gün də həmin irs yaşayır, xalq bilir ki, lider yalnız əmrlər verən deyil, həm də xalqa qulaq
asan, onu başa düşən, anlayandır.
Bu gün bayrağımızın
altında Xaqan var -
İlham Əliyev! Onun
qətiyyəti Qazan xanın ildırım sürətini xatırladır
- düşmənin üstünə
şığıyan, amma
qələbədən sonra
düşmənin də
haqqını tanıyan!
Onun ədaləti Qorqud Atanın hikmətinə bənzəyir
- dostun, bəzən düşmənin də haqqına hörmət edən! Onun birliyi qorumaq eşqi Salur Qazanın torpaq sevgisini xatırladır. Vətən yalnız daş və torpaq deyil, o həm də torpaqda yanan ocağın isti nəfəsidir. Dövlət
yalnız qanun kitabı deyil, həm də xalqın ruhunun yaşayış yeridir. Əgər Xaqan xalqına arxa çevirməsə, xalq da Xaqana arxa
çevirməz. İlham
Əliyev bu bağlılığı sözdə
deyil, əməldə
sübut edib - Zəfər günü ön cəbhədə, quruculuq günü xalqın içində. Bu, Dədə Qorqudun dediyi kimi, el üçün
can verən, elin dərdini çəkən başçı
olmaqdır. Onun siyasətində mərhəmət
ədaləti zəiflətmir,
ədalət mərhəməti
susdurmur. Böyüklük
hökmranlıqla deyil,
məsuliyyətlə ölçülür.
Əgər rəhbər
xalqın yükünü
öz çiyinlərində
daşıyırsa, əgər
onun verdiyi qərar hər bir insanın həyatına fərəh
gətirirsə, bu, artıq sırf idarəçilik deyil, mənəvi missiyadır.
İlham Əliyevin böyüklüyü də
bundadır - o yalnız
siyasi fiqur deyil, həm də humanist insan örnəyidir. Qələbə onun üçün yalnız
meydanda zəfər qazanmaq deyil, həm də bu qələbəni xalqın rifahına çevirməkdir. Qərar
qəbul eləmək
onun üçün yalnız dövlətin xeyri deyil, eyni
zamanda, insanların həyatına düşən
işıqdır.
Tərəzinin bir gözü ağır olsa, o əsl tərəzi deyil. Liderlik - tərəzinin iki tərəfini taraz saxlamaq sənətidir. İlham Əliyevin sözü az, çəkisi ağırdır.
Onun hər kəlməsi fərman, hər hərəkəti nişanədir. Onun diplomatiyası Göytürklərin
uzaq səfərlərini
xatırladır, amma bu səfərlər artıq at belində
deyil, müasir dünyanın masabaşı
meydanlarında edilir. Xalqla birlikdə olmaq bizim genetik
kodumuzun, tarixi yaddaşımızın dəyişməz
hissəsidir. Oğuz boylarında Xaqan obadan-obaya gedər, hər kəsin evində oturar, uşağın gülüşünə,
qocanın duasına şərik olardı. Bu gün də
xalqın gözündə
Böyük Xaqan hər bölgəyə gedən, hər insanın dərdinə şərik olan, onun sevinci və
kədərini paylaşan
rəhbərdir. Bu, dövlət başçısının,
sadəcə, vəzifəsi
deyil, bu onunla xalq arasında
əsrlərin dərinliyindən
gələn mənəvi
müqavilədir və
bu müqavilənin şahidi də, qoruyucusu da Allahdır.
Bu günün
Azərbaycanı yeni bir "Qalın Oğuz" dastanı yazır: Qarabağın azadlığı bu dastanın qəhrəmanlıq
bəndidir; Şuşanın
dirçəlişi mədəniyyət
bəndidir; Zəngilan
və Cəbrayılın
quruculuğu birlik bəndidir. Hər məktəb, hər məscid, hər şəhər, hər yol, hər mədəniyyət
ocağı bu boyun yeni misralarıdır.
Qopuz indi elektrik işığında
çalınsa da, onun ruhu hələ
də Dədə Qorqudun əlindəki kimi təmizdir. Xalq bilir ki,
bu böyüklük təsadüfi deyil. Bu, əsrlərin formalaşdırdığı bir ənənənin davamıdır. Xalqın gözündə Böyük
Xaqan yalnız bu günün lideri deyil, həm
də sabahın tarixini yazan başçıdır! Onun
böyüklüyü yalnız
hakimiyyətdə olduğu
müddətlə deyil,
xalqın yaddaşında
yaşayacağı əsrlərdə
ölçüləcək. Allah şahiddir ki, xalqına xidmət edən rəhbərin adı zamanın yaddaşından
silinmir, çünki
bu, insanların qəlbində yazılan bir kitabdır.
Böyük Xaqan anlayışı həm yerli, həm də bəşəri bir rəmzdir. Yerli - çünki bu torpağın tarixi, dili, adət-ənənəsi
ilə formalaşıb.
Bəşəri - çünki
dünyanın hər
yerində həqiqi liderin böyüklüyü
xalqın qəlbində
ölçülür. İlham
Əliyevin böyüklüyü
də bundadır - eyni vaxtda həm
öz xalqının tarixi genetik kodunu yaşadır, həm də dünyada qəbul edilən humanist lider modelini təcəssüm etdirir.
Dədə Qorqudun diliylə desək, yum verəlim! Ulu Tanrım, xalqımızın birliyini, diriliyini gücləndir, bayrağımızın kölgəsini qalın elə! Xaqanımızın adını göylərə ucalt! Oğuz elinə verdiyin gücü, ədaləti, mərhəməti bu yurddan əskik eləmə! Könüldə nur olarsa, elin çırağı sönməz! Xalqın ürəyindəki sevgini, Xaqanın qəlbindəki məsuliyyəti əbədi elə! Yeri-göyü yaradan Sənsən, bizi sözümüzdən döndərmə, əhdimizdən ayırma. Xalqla Xaqan bir, birliyin ömrü min olsun!
Adəm İsmayıl BAKUVİ
Vəhdət Partiyasının sədri,
yazıçı-publisist
Ədəbiyyat
qəzeti.- 2025.- 15 avqust, №29.- S.12.