S.V.A.C.O.
Qulam Hüseynli muzeyin girəcəyinə toplaşan bir yığın rusbabı tələbəni görəndə əvvəl çaşdı, sonra gözətçidən şair Bitkinin yaradıcılıq gecəsinin burada keçirilib-keçirilməyəcəyini dəqiqləşdirdi və muzeyin ikinci mərtəbəsinə aparan mərmər pillələrlə yuxarı qalxmağa başladı.
Muzey Qulam Hüseynlinin uzun illər bundan əvvəl gördüyü həmin nimdaş vəziyyətindəydi. Nəhəng giriş qapılarının naxışlı şəbəkəsi də, yuxarı mərtəbələrə aparan mərmər pillələrin solğun, sumağı xalçası da, girəcəyin sol cinahında qaralan qədim qarderob da uzun illər bundan əvvəlki vəziyyətlərində - həmin məhrəm köhnəliklərində qalmışdı. Qarderobda işləyən alçaqboy, yaşlı qadın da həmin illərin yadigarı idi, əsməri üzünün qırışları, çal birçəkləri Qulam Hüseynliyə hansısa qədim el havasını xatırlatdı.
Dörd bir yanını kommersiya dükanları, apteklər və rabitə şöbələri bürüyən qədim Milli Muzeyin bu yorucu hay-küyün içində zərrə qədər dəyişmədən, eynilə əlli il bundan əvvəlki kimi qalması Qulam Hüseynlini həm təəccübləndirdi, həm də bir qədər kövrəltdi.
Yaradıcılıq gecəsi muzeyin ikinci mərtəbəsində - geniş foyedən sonra gələn böyük salonda keçirilirdi. Qulam Hüseynli foyeyə daxil olmağıyla, burada tanımadığı, nə zahiri, nə də davranışı ilə yerli sakinlərə bənzəyən qəribə insan dəstəsi ilə - dama-dama şalvarlı kişilərlə, qara eynəkli, kübar ədalı, əsəbi qarılarla, qalın, sarı hörükləri, az qala, topuqlarına dəyən yekəpər rus qızlarıyla, başı panamalı kürən qocalarla dolu idi.
Yaşadığı əlli altı illik ömrünün heç bir döngəsində, şəhərin heç bir guşəsində rast gəlmədiyi bu qəribə insan yığnağına düşəndə, Qulam Hüseynli ilk əvvəl anlaşılmaz bir yöndəmsizlik hiss eləyib aradan sivişmək istədisə də, Bitkinin narazılıqlar dolu lal baxışları gözlərinin qabağına gəldi. Bitkin dinib-danışmadan, başını aşağı salıb ürəkgöynədici bir ah çəkdi... və Qulam Hüseynli addımlarının həmin bu dərin "ah"dan ləngidiyini hiss edib ayaq saxladı. Bir müddət yad məkana düşmüş əcnəbi turist çaşqınlığıyla foyenin girəcəyində vurnuxa-vurnuxa qaldısa da, mərtəbəni aşağı enməyə ürək eləmədi. Düşdüyü bu yöndəmsizliyə tezliklə son qoymaq üçün girəcəkdə ləngimədən özünü salona saldı.
Salon adamla dolu idi. Adamların bir hissəsi divarlar boyu cərgələnən əntiq stullarda əyləşmişdilər, digər hissəsi Bitkinin yaradıcılığını sərgiləyən nəhəng fotostendin qarşısına toplaşıb öz aralarında danışa-danışa şəkilləri gözdən keçirməklə məşğul idilər.
Salon Qulam Hüseynlinin heç vaxt, heç bir yerdə duymadığı, bir neçə ədəvanın qarışığını andıran əcaib bir qoxu ilə dolmuşdu... Qulam Hüseynli bədəninin bu qəribə qoxudan, ya qoxunun yaratdığı anlaşılmaz həyəcan hissindən yığıldığını hiss etdisə də, özünü o yerə qoymadı, laqeyd baxışlarla ətrafa nəzər sala-sala oturmaq üçün yer axtardı və tapdı. Bir neçə addıma özünü girəcəyin sağ cinahında düzülmüş yumşaq üzlü kreslolardan birinə salıb oturdu.
Qulam Hüseynli burada da ayaq üstə dolaşan və üzbəüz divarın dibi ilə cərgələnən stullarda oturub ahəstə səslərlə öz aralarında danışan adamların heç birini tanımırdı. Və nəinki tanımırdı, geyimləri və üzləriylə, ədaları və qoxularıyla heç vaxt, heç yerdə görmədiyi bu "yadellilər"in əhatəsində olmaq Qulam Hüseynli üçün, bəlkə də, o səbəbdən çətindən çətin idi ki, müstəqilliyə qədəm qoyandan bəri ölkənin xaricində və daxilində gedən açıq-gizli proseslərdən, müxtəlif məramlı əcnəbi təşkilatların təhlükəli fəaliyyətlərindən o qədər eşidib oxumuşdu ki, indi milli mənsubiyyəti ilə məhrəm olmayan hər bir şey gözünə ilan-qurbağa qismində görünürdü. Odur ki oturduğu kreslonun söykənəcəyinə dayaqlanıb dörd bir yanında ləng ilbiz hərəkətləriylə gəzişən adamların üzlərinə baxa-baxa, bir həftə bundan əvvəl hansı möcüzəyləsə iş stolunun üstündə peyda olan mavi dəvətnaməni, dəvətnamənin içindəki mətnin məzmununu yadına salmağa çalışdı və xatırladı...
Dəvətnamənin içindən çıxan ağ vərəqdə yağlı çap şriftləriylə səliqəylə yazılmışdı:
"Hörmətli Qulam Hüseynli!
Sizi görkəmli şair-publisist...
(sonra saysız-hesabsız
titullar, fəxri adlar, bir neçə
ictimai təşkilatların
adları və sair gəlirdi) Bitkinin yaradıcılıq
gecəsinə dəvət
edirik..."
Vərəqin axırında tədbirin
vaxtı və ünvanı göstərilirdi.
...Qara eynəkli kişilərdən biri eynəyini çıxarıb
elə bil ona salam verdi...
Qulam Hüseynli yerində qurcalanıb kişinin salamını ehtiramla aldısa da, sonradan qara eynəklinin onun kreslosundan arxada yeyin addımlarla
kişiyə sarı yeriyən sumağı pencəkli, arıq qadınla salamlaşdığını
anlayıb pərt oldu və bir
həftə bundan əvvəl stolunun üstündə peyda olan dəvətnamənin
lap axırında yazılmış
"S.V.A.C.O." abreviaturunu xatırladı.
Nə demək idi bu "S.V.A.C.O."?.. - Qulam Hüseynli yerində qurcalanıb ayağa qalxdı, bayaqdan bəri gizləməyə yer tapmadığı əllərini
şalvarının ciblərinə
basıb salonun sağ cinahında ucaldılmış hündür
fotostendə sarı addımladı.
Dünənki yağışın palçığı bozarmış
əhəng kimi burunlarında quruyan ayaqqabılarını döşəmənin
təmiz, yaşımtıl
mahudunun üstünə
basdıqca bu səhər binalarının
işığı keçdiyindən
onları təmizləməyi
yaddan çıxardığını
xatırladı və
gözaltı ətrafında
gəzişənlərin ayaqqabılarına
nəzər saldı.
Bütün ayaqqabılar
salonun möhtəşəm
çilçırağı altında balaca, rəngbərəng maşınlar
kimi bərq vururdu...
Stendin qarşısında həmin
o ədəvasayağı qoxunun
bütöv bir layı yaranmışdı.
Stendə baxanların
hər biri, görünür ki, öz
qoxu payından burada xatirə qoyaraq kənara çəkilmişdi.
Qulam Hüseynli bir neçə addım da atıb özünü bəlli sərhədləri
olan qapalı məkana daxil olantək, qoxu layının içinə
saldı, fotoları nəzərdən keçirməyə
başladısa da, sirli
qoxu qarışığından
gözlərinin qaraldığını
hiss etdi. Şəkillərin
altında hər fotonun tarixini və məzmununu açıqlayan lövhəcikləri
oxuduqca, bir həftə bundan əvvəl yazı masasının üstündə
peyda olmuş dəvətnamənin aşağı
hissəsinə vurulmuş
"S.V.A.C.O." abreviaturunun mənasını açıqlamağa
çalışdı.
"Sülh - Vətən - Azərbaycan - Cəmiyyəti..."
"Sənət - Vicdan - Amal -
Cəmiyyəti..." Bəs
sonuncu "O" hərfi?..
Bu yerdə ağlına gələn növbəti
fikrin təsirindən
ürək döyüntülərinin
ləngiyib zəiflədiyini,
qəribə sərxoş
nizamsızlıqla səyridiyini
hiss edib duruxdu.
Bu Bulqakovsayağı iblisanə
məclisə qələm
əhlindən ondan savayı, bircə adamın belə dəvət olunmamasının
sirli mənası barədə düşünüb-daşındısa
da, bu qəribəliyə
konkret bir aydınlıq gətirə
bilmədi, gözaltı
stendin qarşısında
dayana-dayana öz aralarında hansısa əcnəbi dili andıran qəribə leksikonla asta-asta danışan adamlara baxdı.
Sol tərəfdə - kövrək
çiyinləri bir-birinə
pərçimlənmiştək dayanıb stendi sulu gözləriylə, titrək
başlarıyla nəzərdən
keçirən iki çəlimsiz qarının
bu şəkillərdən
nə isə anladığı, yaxud ümumiyyətlə onları
gördüyü şübhə
doğururdu. Qarıların
həyat əlaməti
olmayan ağımtıl-sarı
dərilərindən ətrafa
soyuducu buzxanasından
yayılan soyuğabənzər
əcaib bir soyuqluq yayılır, şirəsi quruyub bürüşmüş tut qurusunu
andıran bu bəyaz vücudların buralara - isti nəfəslərin cövlan
elədiyi bu gur işıqlı salona hardansa, gün işığı
dəyməyən soyuq,
havasız bir yerdən - Yerin alt qatından çıxıb
gəldiyinə işarə
edirdi.
Qulam Hüseynli nəfəsini bir anlıq saxlayıb sağ tərəfində öz aralarında nə barədəsə astadan danışan ortayaşlı,
başı beretli kişi ilə, dərisinin süni ağlığıyla mum heykələ
bənzəyən qadının
söhbətinə diqqət
kəsildisə də,
onların anlaşılmaz,
qarışıq nitqindən
heç nə anlamadı. Qadın da, kişi də Qulam Hüseynliyə nə vaxtsa, uzaq uşaqlıq illərində tamaşa etdiyi hansısa operettanın baş qəhrəmanlarını xatırlatdılar.
Danışan əsasən qadın
idi. Başını qəribə, dairəvi hərəkətlərlə tərpədə-tərpədə,
Qulam Hüseynlinin heç vaxt eşitmədiyi dildə, fışıltı dolu sözləri gizli təlaşla doğrayıb
tökə-tökə, deyəsən,
kimdənsə gileylənirdi.
Qadının bu fışıltılı mətni
Qulam Hüseynliyə adi danışıqdan çox, kilsələrdə
şam işığında
oxunan duaları xatırlatdı... Bu fışıltıdan
oldu, ya nə isə baş verdi - Qulam Hüseynli qəfildən özünü
pis hiss elədi, qulaqları təyyarə uçuşları zamanı
olduğu kimi göynəyib uğuldadı,
ağzında kimyəvi
qarışığın dadını andıran qəribə bir tam əmələ gəldi...
Bir qədərdən sonra
o özünü toplayıb
yan-yörəsində dayanan
o biri adamların da danışığına diqqət
kəsildisə də,
yenə bircə sözü belə tuta bilmədi. Əhvalı isə stendin üzərində qəribə anlaşılmaz
simmetriya ilə yanbayan, alt-alta düzülən fotoşəkillərə
baxanda pozuldu...
Fotolardakı Bitkin Qulam Hüseynlinin otuz ildən bəri tanıdığı, vətənpərvər
ruhlu şeirləri ilə böyüyüb formalaşdığını zənn
etdiyi, bir növ, müəllimi, mənəvi atası sandığı həmin
həlim təbiətli,
xeyirxah adam deyildi... Stenddə cərgələnən, demək
olar, bütün fotolarda Bitkinin adi vaxtlarda insansevərlik
və mərhəmət
işaran gözlərinin
dərinliyində səbəbi
gizlin qalan məkrin və qəzəbin sönük
qığılcımları sezilməkdəydi...
Qulam Hüseynli eynəyini gözünə yaxınlaşdırıb
şəkillərdən birinə
daha diqqətlə baxdı və Bitkinin gözlərinin dərinliyində işaran
yandırıcı qəzəbdən
bədəninin vicələndiyini
hiss etdi.
Qəribəydi ki, şəkillərin heç birində Bitkin öz sənətkar bioqrafiyasının
atributuna çevrilmiş
həmişəki qara
eynəyində deyildi.
Həyatının hansısa,
Qulam Hüseynliyə məlum olmayan dövrlərini əks etdirən fotoların hər birinin altında Bitkinin ayrı-ayrı fikirləri
yazılmışdı. Fikirlərdən
biri belə idi:
"Dünyanın bir üzü işıq, o biri üzü qaranlıqdı. İşıqda
azan qaranlığa çıxmaz".
Fikirdən sonra Bitkinin yağlı boya və fırçayla çəkilmiş "botanika"
sözünü andıran
vermişelvari imzası
gəlirdi. Qulam Hüseynli imzalara baxdıqca Bitkini yerə sərilmiş stendin üzərinə çıxıb alt dodağını
çeynəyə-çeynəyə, şəkillərin böyür-başını
rəssam fırçasıyla
işlədiyi yerdə
təsəvvürünə gətirdi. Belə vəziyyətdə Bitkin şairdən çox, mühəndisə oxşayırdı...
Stendin mərkəzi hissəsindəki
fotoşəkillərin biri
Bitkini yol getdiyi yerdə kiminsə çağırışına
geriyə qanrılan məqamda yaddaşda saxlamışdı. Burada
üzünün xof dolu ifadəsi ilə onu qarabaqara
izləyən kiminsə
əlindən qaçıb
canını qurtarmağa
çalışan casusa
bənzəyirdi.
Qulam Hüseynli bu fotoşəkildən canına
yeriməyə başlayan
naməlum xofun tərini silməkdən ötrü cibindən burun yaylığını
çıxarıb alnını
quruladı və eynəyini düzəldib
o biri fotoların qarşısına keçdi.
Stendin aşağı hissəsinə
cərgə ilə vurulmuş digər fotolarda Bitkin matros kostyumunda idi, bir əlində
tutduğu dolçadan
su tökə-tökə,
Qulam Hüseynlinin heç vaxt görmədiyi qapqara saqqalını yuyurdu... Fotostendin sol tərəfindəki
nisbətən iri fotoda isə Bitkin kəfənəbənzər
uzun, ağ libasda, qollarını sinəsində çarpazlamış
vəziyyətdə dərin
fikrə dalmışdı.
Şəklin böyründə:
"Hindistan səfəri"
yazılmışdı.
Fotolara baxdıqca Qulam Hüseynlinin fikrinə o
da gəldi ki, dəvətnamədə
yazılan sirli "S.V.A.C.O."nun açmasının,
həmin bu Hindistanla, Bitkinin əynindəki bu uzunətəkli ağ libasla hansısa əlaqəsi olmamış
deyil. Elə bu məqam qəfildən
arxadan kimsə xırıltılı səslə
bərkdən-bərkdən güldü və Qulam Hüseynli niyəsə dayandığı
yerdəcə pörtdü.
Başını aşağı
salmadan gözucu palçıqlı ayaqqabılarına
baxdı, sonra əllərini cibindən çıxarıb fotostenddən
uzaqlaşa-uzaqlaşa, qonaqların
çoxalıb sıxlaşdığı
cərgələrin arasıyla
özünə yer axtara-axtara fikirləşdi
ki, necə olub ki, uzun illərlə bir təşkilatda işlədiyi, dəfələrlə
duz-çörək kəsib
əsərlərini qəlbinə
köçürdüyü Bitkini bu vaxtacan
bircə dəfə belə olsun, bu şəkillərdəki
kimi eynəksiz görməyib?!
...Zal getdikcə adamla dolurdu... Bayaq muzeyin qarşısına
yığışan tələbələr
də burada idi, əllərində gül-çiçək divar
boyu cərgələnərək,
qəribə hazırlıq
vəziyyətində dayanmışdılar.
Bitkinin özü isə hələ ki gözə dəymirdi.
"Olsun ki, haradasa gizlənmişdi", - Qulam
Hüseynli, axır
ki, özünə yer
tapıb otura-otura fikirləşdi. - Həmişəki
kimi, hamını çaşdırmaqdan ötrü,
yaxud hər yerdə hamıdan, hər şeydən seçilmək məqsədi
ilə mərasim başlananda alovlu qutunun içindən sağ-salamat çıxan
sirk qəhrəmanı
kimi, qəfildən zalın ortasında peyda olmağa hazırlaşırdı..."
Sonra Qulam Hüseynli bunu gözünün qabağına da gətirdi
və bu təsəvvürdən niyəsə
özünə və
üzləri bir-bir gözünün qabağına
gələn bir dəstə fağır qələm adamına yazığı gəldi.
Bitkinin hamını çaşdırmaq,
o birilərdən nə
iləsə, necəsə
seçilmək azarını
Qulam Hüseynliylə
bir ədəbiyyat sahəsində çalışan
adamların çoxu bilirdi. Bunu Bitkinin
şeirlərini sevənlər
də, sevməyənlər
də, bu salona toplaşanlar da bilirdi. Odur ki gecənin başlanması
bir xeyli ləngisə də, hamı səbirlə nəyinsə başlanmasını
gözləyirdi.
Ədəvasayağı qoxu layı fotostendin qarşısından Qulam Hüseynli ilə bir buralara da gəlib çıxmışdı,
fışıltı dolu
sirli pıçıltılara
qarışa-qarışa, elə bil bir
az da qatılaşmaqdaydı...
"İndi,
bu dəqiqə, gecə başlanmazdan qabaq aradan çıxmaq
qərarına gəlsəydi,
bu qalın qoxu qatını yarıb keçmək mümkün olmayacaqdı",
- Qulam Hüseynli tavana baxa-baxa fikirləşdi. Yeganə
yol - çəpərdən
atılantək qoxu layının üstündən
atılıb qaçmaq,
yaxud tikanlı məftillərin altından
keçəntək döşəmənin
üstüylə sürünüb
qoxunun altından çıxmaq qalırdı.
Sonra qəfildən nə
oldusa, bayaqdan bəri böyür-başında
yandırıcı fışıltılar
şəklində dolaşan
bu ədəva qoxulu, sirli pıçıltıların
tilsimi öz-özünə
qırıldı... kimsə
Qulam Hüseynlinin qulağının dibində:
- Da vse mı tam... - dedi və Qulam
Hüseynli bayaqdan bəri ardınca qara duman kimi
sürünən bu anlaşılmaz "duaların"
uzaq tələbəlik
illərində, şəhərə
oxumağa gəldiyi gündən addımbaşı
böyür-başından eşitdiyi, özünün
də ara-sıra işlətdiyi rus dili olduğunu anladı...
Bu məqam haradasa qonşu salonda qapı çırpıldı...
və Qulam Hüseynli nəhəng salonu başına götürən rus sözlərinin hamısını
necəsə, birdən
eşitdi. Hamı birdən danışdı
və Qulam Hüseynli kürəyinin
ortasıyla üzüyuxarı
sürünüb tədricən
başına yığılan
qanının gicgahlarında
lükküldədiyini hiss elədi.
Qulam Hüseynli fikirləşdi
ki, əsəbləri əməlli-başlı
korlanıb və alnına yığılan
növbəti tər damlalarını pencəyinin
sağ cibindən çıxardığı iri
burun yaylığıyla
quruladı və nə iləsə tələyə bənzəməyə
başlayan bu əcaib məclisdən qurtulmağın yollarını
düşünüb-daşınmaqdan ötrü başını
yuxarı qaldırıb
tavana zilləndi.
Tavan da adamla dolu idi...
Başıçalmalı, qıyıqgöz adamlar balaca, gödəkqıçlı
atların yedəyindən,
bardaş qurub oturduqları xalçaların
üstündən aşağı
- ona baxırdılar.
Uzun illər bundan əvvəlki yaşılımtıl-mavi naxışlarla
işlənmiş bu qədim miniatürlər muzeyin ümumi əhvalına uyğun neçə illərin qalın toz örtüyü altında
rahat-rahat bozarmağındaydı.
Qulam Hüseynli gözlərini
qıyıb tavanın
künclərində və
tən ortasında işlənən o biri miniatürlərə də
baxdı, sonra eynəyini düzəldib,
salonun divarlarına da
nəzər yetirdi və həmin yaşılımtıl-mavi miniatürlərin
burada da qalın toz rahatlığının
altında uyumaqda olduğunu aşkar etdi. Divardakı miniatürlərin məzmunu
fərqli idi. Tavandakı başıçalmalı,
qıyıqgöz adamlar
burada bellərini əyib bir-birinin ardınca düzülmüşdülər,
görünməz kiməsə
təzim edirdilər. Balaca, barmaqsız əllərini dilənəntək
kiməsə açıb,
qıyıq gözlərini
divarın bir qədər aşağı
hissəsində - sinəsində
ox, yerdə uzanmış
yaralı ceyrana zilləmişdilər...
"Bu nə demək idi?.. - Qulam Hüseynli yenə tərlədiyini
hiss elədi və bu intensiv tərləmə
prosesinə görə
öz-özünə əsəbiləşdi.
- Bu qıyıqgöz adamlar
kim idi?.. Kimə təzim
edirdilər? Əllərini
kimə açmışdılar,
nə istəyirdilər?.."
Salonun o
biri divarlarındakı
miniatürlərdə də
həmin başıçalmalı,
qıyıqgöz adamlar
idi... müxtəlif vəziyyətlərdə sıraya
düzülmüşdülər. Birində oturan yerdə, o birində atların belində. Hər birində də dilənəntək
əl açıb ona baxırdılar...
Alnının tərini quruladıqca
Qulam Hüseynlinin yadına düşdü
ki, həmin bu miniatürləri uzun illər bundan əvvəl, uzaq tələbəlik illərində
bu muzeydən savayı, haradasa ayrı bir yerdə
də görmüşdü.
Amma harada?.. O vaxt dəqiq
yadına gəlir, həmin bu miniatürləri
balaca heykəlciklər
şəklində görmüşdü.
Hətta orası da yadına düşdü
ki, hansı birininsə
başına dolanıb
bu qıyıqgöz,
tamahkar adam müxtəlif nöqtələrdən
də baxmışdı...
Və bir də dəqiq yadında qalan o idi ki, o vaxt həmin bu qıyıqgöz
adamların əllərində
ox var idi...
Salon adamla dolduqca, içərinin temperaturu yüksəlirdi. Yoxsa, təzyiqi qalxırdı?.. - Qulam Hüseynli
ürəyi sıxıla-sıxıla
fikirləşdi.
Dama-dama
pencəkli, əliəsalı
kişilər uzun-uzun
qəlyanlarını tüstülədə-tüstülədə
salonun mərkəzi hissəsi ilə gəzişir, qadınlar xırda-xırda əsdirdikləri
alabəzək yelpiklərinin
arxasından pıçıldaşırdılar.
"Qəribə olan bir də bu
idi ki, - Qulam Hüseynli qalstukunun düyününü boşaldıb
yerində qurcalana-qurcalana
fikirləşdi, - burda
hamı bir-birini tanıyırdı". Salona yenicə
daxil olanların gecənin məclis əhli ilə, uzun illərdən bəri itirdikləri əziz adamlarıyla görüşəntək gizli
həyəcanla görüşməkləri,
qəhərlərini öz
mədəniyyətləri hesabına cilovladıqları
göz qabağındaydı.
Salonun yuxarı başında - Bitkinin oturacağı uzunsov rəyasət stolunun arxa hissəsində əlləri bellərində,
dabanlarını altdan-altdan
mərmər döşəməyə
vura-vura dayanan kürən rus qızları qollarını
yana açıb salon
boyu rəqs eləməkdən özlərini
zorla saxlayırdılar...
"Burda - saniyəbəsaniyə
nəyəsə hazırlaşan
bu əcaib salonda nə isə baş verməliydi", - Qulam Hüseynli ürək döyüntüləri zəifləyə-zəifləyə
fikirləşdi. Bütün
bu əcaib qəribəliklərin, əslində,
hansısa gözlənilməz,
lakin həyat əhəmiyyətli nəyəsə
hazırlıq olması
qonaqların hər birinin üzündə, salonun hər küncündə duyulmağa
başlamışdı.
Niyə
bunu bayaqdan bəri başa düşməmişdi?.. - Qulam Hüseynli
əlini pencəyinin cibinə salıb, orda ovcuna doldurduğu
xırda pulları qarışdıra-qarışdıra fikirləşdi - başa düşməmişdi ki, bu
qədim milli muzeyi özlərinə yığıncaq
yeri seçmiş bu rusbabı əhali, əslində, yaradıcılıq gecəsinə
yığışmamışdı. Yaradıcılıq gecəsi
məsələsi burada
bəhanədən savayı,
ayrı bir şey deyildi və olsun ki, bunun Bitkinə də bir elə
dəxliyyatı yox idi.
Bu yerə gəlib çatanda Qulam Hüseynli burada - bu salonda nələr
baş verə biləcəyi barədə
fikirləşdi və
ağlına gələn
bu fikirlərdən ayağa sıçrayıb
gözləri qarala-qarala
yan-yörəsinə baxdı...
Ona məhəl qoyan yox idi.
Cərgələrin arasından sivişib çıxışa
sarı yönəlməyə
hazırlaşırdı ki, salonun, az qala,
tavana dirənən qədim şəbəkəli
giriş qapıları
taybatay açıldı
və qapının qabağında gül dəstələrinin arasından
sınayıcı nəzərlərlə
ona baxan Bitkinin ağarmış bənizi göründü...
Bitkinin qapıda görünməyi
ilə salondan qopan alqış sədalarının şahə
qalxmağı bir oldu. Bitkin içəri
daxil olub qucağındakı gül
dəstələrini qarşısına
çıxan qadınlara
paylaya-paylaya, arxasınca
gələn bir dəstə adamla yuxarı başa yeridi.
Bitkin Qulam Hüseynlinin beşcə dəqiqə bundan əvvəl fotostendin şəkilləri
arasında gördüyü
həmin qara eynəyindəydi, salonun yuxarı başına keçib orada rəyasət stolunun böyründə onun üçün ayrılmış
hündür söykənəcəkli,
sumağı kresloya əyləşdi, ayağını
həmişə elədiyi
kimi o biri ayağına aşırıb
tünd şüşələrin
arxasından görünməyən
xırda bəbəklərini
ona zillədi. Yoxsa, bu, Qulam
Hüseynliyə elə
gəldi?..
Oturanların üzündən uzun müddətdən bəri içəridə sıxıb saxladıqları qara kədərin, nisgilin çölə buraxılmağının, boğazlara dirənən acı qəhərin göz yaşlarında əridilə-əridilə ağlamağın məqamı çatdığı bilinirdi. O məqam haradasa lap yaxındaydı... Qulam Hüseynli bunu salonun aşağı başında divar boyu cərgələnən tələbələr kiminsə işarəsiylə yüksək tonda hansısa rus romansını oxumağa başlayanda anladı. Tələbələr əllərindəki gül dəstələrini bir kənara qoyub, üzlərini salonun yuxarı başında oturan Bitkinə tutaraq cingiltili səslərlə oxuyurdular. Tələbələr oxuduqca, Qulam Hüseynli böyür-başındakıların göz yaşlarını gizlicə sildiyini, bəzilərinin başlarını aşağı salıb qəm dəryasına qərq olduğunu müşahidə etdikcə, özünü düşdüyü bu cəmiyyətin yekdilliyində bir daha qərib hiss elədi.
Romans bitdikdən sonra tələbələr gül dəstələrini havaya atıb salon boyu səpdilər. Güllərdən biri havada süzə-süzə Qulam Hüseynlinin ayağının lap yanında yerə düşdü.
Bu, Qulam Hüseynlinin heç vaxt - nə uşaqlıq illərində kənddə, nə sonralar şəhərin heç bir gül dükanında görmədiyi xırda sarı ləçəkləri ilə inci topasını andıran qəribə çöl çiçəyi idi... Çiçəyə baxdıqca Qulam Hüseynlinin təsəvvüründə bu çiçəyin özü kimi xırda, zərif çiçəklərlə dolu ucsuz-bucaqsız, yad bir çəmənlik canlandısa da, bu çəmənlikdən də ürəyi niyəsə pis-pis bulandı.
Salona sakitlik çökdü, Bitkinlə yanaşı əyləşmiş ortaboylu, dolubədənli, çatmaqaş adam ayağa qalxaraq mikrofona yaxınlaşdı, mikrofonu tarazlayıb Bitkinin yaradıcılığı barədə - onun özünəməxsus poetik təxəyyülünün mədəniyyətlərarası əlaqələrin yaradılmasında xüsusi və əvəzedilməz rolu barədə qısaca danışıb mərasimi açıq elan elədi.
Çatmaqaş adamın üzü Qulam Hüseynliyə altmışıncı illərin al-əlvan boyalarla işlənmiş rəsm tablolarında təsvir olunan qəhrəman neftçilərin üzlərini xatırlatdı. Natiqin mikrofonun arxasından çəkilməyi ilə kürsünün arxasındakı divarda yağlı boyalarla işlənmiş orta əsr şairlərinin portretlərinin görünməyi bir oldu. Şairlərin üzləri, qəribəydi ki, bir-birinə oxşayırdı...
Mikrofona hörüklü qadınlardan biri yaxınlaşdı, sinəsinə düşmüş qol yoğunluğunda sarı hörüyünü kürəyinə atıb nəhəng bədəni həyəcandan titrəyə-titrəyə, rus dilində Bitkinə həsr etdiyi şeirini oxumağa başladı.
Qulam Hüseynli qadının söylədiyi şeirdən Bitkinin ağardığını, qəribə çaşqın hərəkətlərlə ciblərində eşələnməyini, oradan tapıb çıxardığı qəlyanla alışqanı titrək əllərinin arasında zorla saxlaya-saxlaya işə salmağını müşahidə etdikcə, oturduğu yerdə donub qaldı...
"Bu qadın kim idi?.. Bütün bunlar nə demək idi?.. Bitkinlə - ömrünü və yaradıcılığını millət və vətən uğrunda qanlı-qadalı mücadilələrdə keçirmiş bu el şairiylə ucqar rus kəndinin sağıcısını andıran bu yekəpər rus qadınını bir-birinə doğmalaşdıran nə ola bilərdi?.." - Qulam Hüseynli hövsələsi darala-darala fikirləşdi.
Qadın çıxışını bitirdikdən sonra məhəbbət və nisgil dolu gözləri ilə Bitkinə baxdı, sonra salondan qopan gur alqış sədalarının altında yerinə qayıtdı, həyəcandan pörtüb qızarmış üzünü gizləmək üçün başını aşağı saldı.
"Allah bilir, bəlkə də, ağlayır... - Qulam Hüseynli ürəyi həyəcanla döyünə-döyünə fikirləşdi. - Amma niyə?.. Nə baş verir axı?.."
Bitkin də kövrəlmişdi, başını aşağı dikib qəlyanından bir-birinin ardınca dərin qullablar ala-ala özünü tüstü dumanında gizləməyə çalışırdı.
Salonun alqışları avazımaq üzrə idi ki, söz şəhərin məşhur psixiatrına verildi. Yəhudi psixiatr mikrofonun arxasına keçib orada "r" hərfini yeyə-yeyə, son illər cəmiyyətdə yaranan təbəqələşmədən, əsrin xəstəliyi sayılan insan yadlaşmasından, milli dözümsüzlükdən, müxtəlif dünyagörüşlü adamların bir dünyanın qanunları çərçivəsində yaşamaq məcburiyyətində qalması faciəsindən danışdı və axırda nədənsə, onun da gözləri doldu və səsi titrədi.
Qulam Hüseynli gərginlikdən quruyan dilini ağzının içində zorla hərlədə-hərlədə fikirləşdi ki, bəlkə, bütün bu əcaib gecə, bu səbəbi naməlum ağlaşma - vətənini tərk etməyə, ömürlük hansısa uzaq ölkəyə köçməyə hazırlaşan Bitkinin son gedişinə həsr olunmuş vida mərasimidi?!. Elə bu məqam, Qulam Hüseynlinin beynindən ötənləri sanki havadaca tutan Bitkin tünd şüşəli eynəyini çıxarıb burun yaylığıyla silə-silə, xırda gözlərini uzaqdan-uzağa düz Qulam Hüseynlinin gözlərinin içinə zillədi və Qulam Hüseynli ömründə birinci dəfə Bitkinin daim müxtəlif eynəklərin arxasında gizlədiyi gözlərini, axır ki, gördü... və bundan ürəyi qırıldı.
Bitkinin adam üzü ölçülərindən xeyli iri, cansız üzündən qəlyanın saraldıb seyrək qarğıdalı dənələrinə oxşadan dişlərinə, soyuq səlis nitqinə qətiyyən uyuşmayan, xırda, quş gözünə bənzər qəmli gözlər baxırdı... Qulam Hüseynli belə qəmli gözləri yalnız mehriban delfinlərdə, o da fransız səyyahlarının delfinlərin sualtı həyatından çəkdiyi sənədli filmlərdə görmüşdü.
Bitkin bir müddət delfin gözləriylə Qulam Hüseynliyə baxıb eynəyini yorğanı başına çəkəntək gözünə keçirdi və üzü yenə hansısa qaranlıq dərinliklərə qərq oldu...
Psixiatrdan sonra mikrofonun arxasına güləşçiyə bənzər alçaqboylu bir adam çıxdı və bas opera səsiylə Bitkinin sözlərinə bəstələnmiş kədərli bir romans oxumağa başladı.
Romans rus dilində idi.
***
...Qulam Hüseynli küçəyə çıxanda hava dəyişmişdi... Göyün üzü qaramtıl dumanla örtülmüş, ha tərəfdənsə baş alıb gələn güclü külək bir neçə saat bundan əvvəl muzeyin ətrafında gülərüz çöhrələrlə qaynaşan şəhər əhlini qovub harasa uzaqlara aparmışdı.
Havanın bu qəfil tutqunluğundan Qulam Hüseynli bədəninə dolan qızdırmaqabağı üşütmə ilə titrətdi, paltosunun boyunluğunu qaldırıb milli muzeyin binasından tezcə uzaqlaşmaq məqsədilə tələsik addımlarla yolun o biri üzünə adladı, küçənin aşağı başındakı marşrut taksiləri dayanacağına tərəf addımladıqca ədəvasayağı qoxusu hələ də canından çıxmayan bayaqkı mərasim barədə, hansı məzhəbə qulluq etdiklərini hələ də anlaya bilmədiyi bu yad insan yığnağını bir araya gətirən sirli təşkilat, yaxud cəmiyyət ola biləcək məxfi qurumun adı barədə bir də uzun-uzadı fikirləşdi.
""S.V.A.C.O." abreviaturundakı "C." hərfinə görə, olsun ki, bu fəaliyyət yönümü ölkənin hansı sahəsiləsə əlaqəsi olan "cəmiyyət" sözünün baş hərfi idi. Amma digər "S", yaxud "V", ən əsası da sondakı "O" hansı sözün baş hərfi idi?.." - Qulam Hüseynli hardasa lap yaxınlığında, bayaqdan bəri onunla yanaşı addımlayan cavan adamı şübhəli nəzərlərlə gözdən keçirə-keçirə fikirləşdi. Sonra yenə ürəyində bu sirli abreviaturun mənasını açıqlamağa çalışdısa da, bir şey çıxmadı. Bütün hallarda sondakı "O" hərfi havada qalırdı...
Bitkinin bir-birindən əcaib fotoları, salon boyu aramla yerini dəyişən ədəvasayağı qoxu layı, döyüşə hazırlaşantək dabanlarını yerə vura-vura nə isə eləməyə köklənmiş yekəpər rus qadınları Qulam Hüseynlinin anadan olandan bəri yaşadığı, hər küçəsinə, az qala, hər tininə bələd olduğu bu şəhərdə nə vaxtdan bərisə hansısa məxfi, məxfi olduğu qədər də təhlükəli olan nəyinsə, hansısa gizli prosesin işə düşdüyündən xəbər verirdi... Bu nə ola bilərdi?.. Qulam Hüseynlinin, ağır iş gününün gərginliyindən onsuz da yorğun beyni bunu anlamağa qadir deyildi.
Dayanacağa çataçatda nə oldusa, ya Qulam Hüseynliyə elə gəldi, elə bil arxadan kimsə çağırdı onu... Ayaq saxlayıb geriyə çöndü və artıq uzaqlarda qalan Milli Muzeyə, muzeyin qalın pərdələrlə bağlı pəncərələrinə baxanda ürəyi düşdü...
Pəncərələrin o üzündə elə bil nə isə yanıb-sönürdü... Ya Qulam Hüseynliyə elə gəlirdi?! Muzeyin uzun illərin yağışından qaralıb paslanmış damından aram-aram göyə qalxan tüstü də bu dəfə Qulam Hüseynliyə adi soba tüstüsü kimi gəlmədi, bunun içəridə baş verməkdə olan edamabənzər müdhiş bir aktın əlaməti olduğu barədə ağlına gələn axmaq fikirləri başından qovmaq üçün dayanacağa yenicə yan alan marşrut taksiyə əl elədi və mindi.
...Evə çatanda hava tamam qaralmışdı. Televizorda bir qrup əcnəbi skripkaçı matəm marşını andıran qəribə hüznlü musiqi ifa edirdi. Qulam Hüseynli özünə çay dəmləyib, daimi yerinə - televizorla üzbəüz divanın oturulmaqdan yastılanıb çökmüş sağ cinahına yayılıb ekrana zilləndi və çaydan qurtum ala-ala kədərli musiqinin altında niyəsə yenə Bitkini, onun böyük, rəngsiz üzünə uyuşmayan xırda delfin gözlərini xatırladı... Bu məqam musiqi kəsildi və ekranda diktorun gizli həyəcandan kölgələnmiş üzü göründü. Diktor saat yarım bundan əvvəl şəhər yaxınlığındakı dustaqxanalardan birində baş vermiş qanlı qiyam barədə rəsmi informasiyanı oxudu.
Qiyam Rusiyada hərbi təhsil almış bir qrup rusdilli Azərbaycan zabiti tərəfindən törədilmişdi. Zabitlər dustaqxana işçilərinin geyimlərində hərbi avtobusla darvazadan çıxarkən yaxalanmış və yerlərindəcə güllələnmişdilər. Diktorun bu bəyanatından sonra ekranda ölən qiyamçıların şəkilləri göstərilir, yatdıqları kameradan birbaşa reportaj verilirdi.
- Divarlarda gördüyünüz bu işarələrin neçə vaxtdan bəri hazırlanan qiyamla əlaqəli olması versiyası da var... - jurnalist məhbəsin yarıqaranlıq darısqallığından, xoflu üzü ilə divarlardan, sanki canlı olan kimdənsə ürkə-ürkə danışırdı. O danışdıqca kamera aramla dustaqların yatdığı dəmir çarpayıların, çörək yedikləri qaramtıl masanın, divarlar boyu cızdıqları yazı və işarələrin üzəriylə gəzirdi.
- Nə qədər qəribə də olsa, bu yazıların müəllifləri bizim həmvətənlər, bu torpaqda böyümüş azərbaycanlılardır... - jurnalistin səsi kadr arxasından eşidildi və kamera divarlardan birinin üstünə yeridi.
...Yazıların çoxu rus sözləri idi... Bəziləri qara kömürlə yazılmışdı, çoxu mıxla, ya hansısa ucuiti alətlə cızılmışdı. Bəziləri aydınca oxunurdu da.
Qulam Hüseynli eynəyini gözünə yaxınlaşdırıb ekrana sarı əyildi və sözlərdən bir neçəsini hecalaya-hecalaya oxudu. Bu, iri hərflərlə yazılmış "svoboda", "slovo" sözləri idi. Yazıların arasında ani bir kadrda gözünə dəyən, ya bəlkə, görünən tanış beş hərfdən isə Qulam Hüseynlinin, az qaldı, oturduğu yerdə ürəyi dayana...
"S.V.A.C.O." burada da həmin çap şriftləriylə, lakin iti, dəmir alətlə cızılmışdı... kameranın rəngi tökülmüş, hisli divarında müxtəlif sözlərin və işarələrin arasında qorxunc damğa kimi qaralırdı...
2000
Afaq MƏSUD
Ədəbiyyat
qəzeti.- 2025.- 15 avqust, №29.- S.16-18.