Biri var imiş, biri yox imiş...

- nağılların ikili üzü  

 

"Nağıl danış, mənə!" - bu gün bir qədər azalsa da, çox uşaqların gecə yuxuya getməzdən əvvəl analarından istəyidir. Amma çox vaxt bu sadə istək təkcə uşağa deyil, əslində, onu danışan böyüyə ünvanlanır. Çünki nağıl həm uşağın təxəyyül dünyasını bəsləyən fantaziya, həm böyüyün yaddaşının dərin qatlarına toxunan bir çağırışdır. Nağıl mifdir, folklordur, milli-genetik kodumuzun əks olunduğu prosesdir. Amma o həm bir uşaq şirinliyi, eyni zamanda da bir xalqın həyat fəlsəfəsidir. Onu əzbərləyən uşaq olsa da, onu başa düşən böyüyür.

Nağıl - səthdə yüngül, dərinlikdə ağır bir mətn növüdür. Hər hekayənin fonunda cəmiyyətin sualları, vicdanın səsi, yaddaşın çəkisi gizlənir. Məhz bu səbəbdən nağıl vaxtsa yalnız uşaqlar üçün deyildi - o, əslində böyüyən insanın yol yoldaşı idi.

Nağıllar bütün duyğu orqanlarını, yaradıcı işarələri işə salır, balacaların hələ kamilləşməmiş potensial imkanlarını bir araya cəm edib, fərqli estetik çevrə yaradır. Bəlkə nağıllar uşaqların estetik dünya ilə ilk təmasıdır. Sonra onun başqa yaradıcı xüsusiyyətlərinin meydana çıxmasına rəvac verir. Təhtəlşüurda yer almış nağıl personajları oradan rəsmə, yazıya, yaxud musiqi notlarına köçürülməklə balacaların mənalar dünyasını yaradır. O mənalar dünyası ki, orada balacalara məxsus xarakterik bir dünyaduyum ehtiva olunur. Onlar özünü kiməsə bənzədərək böyüyür, xəyallarındakı qəhrəmana doğru yol alırlar.

 

İkili mənalar: uşaq üçün fantaziya, böyük üçün fəlsəfə

 

Nağıllar ikili struktura malikdir: səthdə uşağı əyləndirən sadə süjet, dərinlikdə isə böyüyü düşündürən simvolizm. Bu ikili təbiət onları həm əyləncəli, həm təlimverici edir.

Məsələn, Cırtdan - balaca, zəif, amma məğlubedilməz, əslində uşaq gözü ilə qəhrəman, böyük üçün isə ağıl cəsarətin təcəssümüdür. Divin nəhəngliyi fiziki qorxunu, Cırtdanın cəsarəti isə mənəvi gücü simvollaşdırır. Burada çatdırılan əsas mesaj sadədir: ölçü görünüş yox, mahiyyət düşüncə qalib gəlir.

"Tülkü keçi" nağılında da bu simvolizm açıq görünür. Tülkü ağlı, hiyləni həyasızlığı, keçi isə sadəlövhlüyü saf niyyəti təmsil edir. Amma həyatın sərt qanunları nağılda öz yerini tapır: ağıllı xilas olur, saf niyyətlə hərəkət edən isə cəzalanır. Bu, uşağa "ehtiyatlı ol" deməkdirsə, böyüyə "yalnız niyyət kifayət etmir, düşünmək lazımdır" mesajıdır.

 

Simvolik qəhrəmanlar kollektiv yaddaş

 

Nağıllardakı obrazlar təsadüfi deyil, hər biri xalqın kollektiv şüurunun bir parçasıdır.

Div - zorakılıq qorxunu təcəssüm etdirir, ancaq bir uşaq tərəfindən məğlub edilə biləcək qədər içi boş bir gücdür.

Nənə - bilik, mərhəmət, keçmişin müdrikliyidir.

Yoxsul oğlan - xalqın içindən çıxan, haqqı təmsil edən səsi ümididir.

Bu obrazlar vasitəsilə nağıl xalqın özünə sual verir: "Biz kimik? Nəyə inanırıq? Nəyi müdafiə edirik?"

 

Nağıl - xalqın özü ilə apardığı dialoq

 

Azərbaycan xalq nağılları - sadəcə əyləncə vasitəsi deyil, xalqın özü ilə apardığı dərin bir dialoqdur. Onlar xalqın mənəvi dəyərlərini qoruyur, formalaşdırır ötürür.

Nağılın sonunda deyilən "Göydən üç alma düşdü..." ifadəsi isə bir şirin epiloq yox, bir dünya baxışıdır. Hər alma - bir gerçəkliyi təmsil edir:

Ədalət mümkündür.

Yaxşılıq gec-tez qalib gələcək.

Sevgi - qorxudan güclüdür.

Bu mesajlar uşağın zehninə toxum kimi səpilir, illər sonra çiçək açır. Uşaq üçün bu, sadəcə bir hekayədir. Böyük üçün isə bir xatırlatmadır: sən nəyi unutdun, nəyə ya hara dönməlisən?

Əxlaqi seçimlər qadın obrazlarının gücü.

Nağıl dünyası həm əxlaqi sınaq meydanıdır. Burada qəhrəmanlar qarşısında həmişə seçim var:

Haqla nahaqqın;

Ağıl ilə zorun;

Sədaqətlə xəyanətin mübarizəsi.

Bu seçimlər real həyatda da qarşımıza çıxır. Nağıl bizə hazır cavab vermir - yalnız yön göstərir. O, mühakimə etməz, düşündürər.

Qadın obrazları isə nağıllarda xüsusilə güclü çoxşaxəlidir. Ana - şəfqət, nənə - hikmət, cadugər - qorxu sirr, ağıllı qız - dəyişimin açarıdır. Bu obrazlar qadının cəmiyyətdəki ailədəki müxtəlif rollarını potensialını əks etdirir.

 

Rəqəmsal dövrdə klassik nağılın dirənişi

 

 Bu gün uşaqlar ekran, smartfon, planşet qarşısında böyüyür, süni intellektlərlə ünsiyyət qurur. Amma nağıl hələ uşaq təxəyyülünün doğma dilidir. Sadəcə böyüklər nağıl danışmağı yaddan çıxarıb. Halbuki nağıl yalnız uşaq üçün deyil, ailənin ünsiyyətidir.

Uşaq psixoloqları da bunu təsdiqləyir: nağıl həm tərbiyə, həm bağ yaratmaq vasitəsidir. Valideyn danışdıqca uşaqla danışır, ona öz dünyasını, qorxularını, ümidlərini, dəyərlərini ötürür. Bu baxımdan, nağıl həm tərbiyə metodudur, həm sevgi dilidir.

Filologiya elmləri doktoru, ədəbiyyatşünas, tənqidçi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimova da deyir ki, nağıl yazan da, onu danışan da inanır ki, bununla uşaqlara tərtəmiz bir dünya yaradır: "Bu "yaradıcı" aləmdə böyüyən uşağın təfəkkür üfüqləri geniş, ruhsal duyumu sözsüz ki, zəngin olacaq. Digər məsələ var: nağılla başlanan yolçuluq özündə yaddaş kodlarını daşıyacaq qədər sakral olacaq. Çünki "mifopoetik təfəkkürdən çağdaş zamana keçid mərhələsinin ən etibarlı məxəzidir nağıllar. Y.V.Çəmənzəminli demiş, "bu mədəniyyətin əsrarını bilmək üçün nağıl əfsanələri unutmamaq lazımdır", onlar həm mənəvi dünyagörüşümüzün ifadəsidir. Əxlaqi, etnik düşüncəmizi formalaşdıran bu janr özündə doğma elementləri ehtiva etdiyi qədərincə tarixin saxlancında əbədi qorunacaqdır".

 

Nağıl - xalqın vicdan səsi

 

Bəlkə uşaq ədəbiyyatı heç vaxt təkcə uşaqlar üçün olmayıb. Nağıl xalqın vicdan səsi, tarixin poetik yaddaşı, əxlaqın kodlaşdırılmış formasıdır. Nağıl danışmaq xatırlamaq, ötürmək qorumaq deməkdir.

Nağılların sonu həmişə yaxşı bitir. Haqq, ədalət, sevgi qələbə çalır. Bəlkə ona görə ki, uşaqlar qaranlıqdan qorxurlar, onlar üçün işıq, çıxış yolu həmişə olmalıdır. Nağıllarımızdakı "işıq gələn, yoxsa it hürən tərəf" ziddiyyətinin uşaqların xeyrinə həll olunmasının sirri elə bundadır. Çünki onlar belə olacağına inanırlar!

Qoy hər kəs inansın onun həyat nağılı işıqlı olsun!

 

Xanım AYDIN

 

Ədəbiyyat qəzeti.- 2025.- 15 avqust, ¹29.- S.19.