Birinci Türkoloji Qurultayda
terminologiya məsələsi
Birinci
Türkoloji Qurultayda üç məsələ daha çox
diqqət mərkəzində olmuşdur ki, onlardan birincisi, əlifba,
ikincisi, orfoqrafiya, üçüncüsü isə
terminologiya idi. Üçüncü məsələ bir də
ona görə xüsusi maraq doğurmuşdu ki, termin
anlayışı, adətən müzakirələrdə
ümumən söz anlayışına qədər geniş
miqyas almışdır.
Qurultayın səkkizinci iclası
Təşkilat Komitəsinin üzvü,
Bakıda çalışan eston ədəbiyyatçı
Artur Rudolfoviç Zifeldt - Simumyaqinin "Türk dillərində
elmi terminologiyanın yaranma prinsipləri haqqında" məruzəsi
ilə başlamışdır. Marksizm-leninizm
ideologiyasının dillə bağlı materialist
görüşlərini N.Y.Marrın "yeni dilçilik nəzəriyyəsi"nin
interpretasiyasında kifayət qədər konyuktur təfsilatı
ilə "şərh" etdikdən sonra məruzəçi
mətləbə keçmişdir:
"Ədəbi dilə münasibətdə türkdilli
xalqların böyük əksəriyyətində 4 əsas cərəyan
fərqləndirir və sadəlik üçün onlara şərti
adlar veririk: panislamçılar, avropalaşdıranlar,
pantürkçülər və xalqçılar (demokratlar).
Panislamçılar köhnə qəbildən olan adamlar,
irticaçılar, ərəb-fars jarqonunu saxlamağa və
türk dilinin ərəb və fars sözlərilə
yüklənməsini davam etdirməyə
çalışanlardır. Avropalaşdıranlar daha
müasir, daha mütərəqqi, daha inqilabi adamlardır,
onlar mədəniyyət idealını orta əsrlərin
müsəlman dünyasında yox, qabaqcıl xalqlar
arasında axtarırlar, lakin rus və ya Avropa məktəbindən
mənimsədikləri vərdiş nəticəsində dili
amansızcasına Avropa varvarizmlərilə doldururlar".
A.R.Zifeldt-Simumyaqi sözünə davam edərək
demişdir ki, o, pantürkçü deyəndə, "bir tərəfdən,
bir dili - əksər hallarda osmanlı dilini süni şəkildə
bütün türk xalqlarına zorla qəbul etdirməyə
çalışan, digər tərəfdən, bütün
türk xalqları üçün ümumtürk dilini dərhal
işləyib hazırlamağa can atanlar"ı başa
düşür.
Məruzəçi sonuncu xalqçı-demokratlar cərəyanı
haqqında danışarkən demişdir:
"Bunlar bütün terminləri xalq dilində
axtarmaq, tapmadıqda isə... onları xalq dilinin köklərindən
süni şəkildə yaratmağın zəruri olduğunu
sayanlardır... Ən sağlam nəzəriyyə
xalqçı-demokratların nöqteyi-nəzəridir...
Bundan başlamaq lazımdır".
Lakin o,
"yüz faiz
demokrat olmağ"ın ona görə əleyhinə
olmuşdur ki, həmin halda "bir millət hüdudlarında
ədəbi dil olmayacaq, yalnız uyezd, yaxud nahiyə dialekt və
şivələri qalacaq".
Türk
ədəbi dillərinin mövcudluğunu, demək olar ki,
inkar edib, yeni ədəbi dillər yaratmağın
"planı"nı verməyə cəhd göstərən
A.R.Zifeldt-Simumyaqi təklif etmişdir ki,
"bir dil hüdudunda, ya bütün dialekt və şivələr
üçün ortaq, yaxud ümumi olanı tapmaq, ya da
ümumi tarixi təcrübədən göründüyü
kimi, ləhcələrdən birini, adətən paytaxtın bədii
ədəbiyyat və dövri mətbuat vasitəsilə
qonşu ləhcələrin söz sərvətlərilə
zənginləşdirilən ləhcəsini əsas kimi
götürmək lazımdır". Bununla yanaşı, o, əminliyini
bildirmişdir ki, "indiki şəraitdə məhəlli
sözlərin yalnız bu yollarla tarixi cəmlənməsini
gözləməyə ehtiyac yoxdur, işi daha qısa müddət
ərzində və daha planlı şəkildə elmi təşkilatlar,
dövlət terminoloji komissiyaları, ədəbiyyat və
dövri mətbuat birgə yerinə yetirməlidir".
Məruzəçinin fikrincə, termin yaradıcılığının
əsas qaynağı xalqın öz dilidir... "Anatomiya və
tibb üçün terminləri hazır şəkildə,
xeyli dərəcədə, qəssablar, baytar və türkəçarələrdə;
aqronomiya və botanika üçün terminləri əkinçi
və bağbanlarda; zoologiyaya dair terminləri isə
ovçular və balıqçılarda tapmaq olar və i.
Mürəkkəb anlayışları ifadə etmək
üçün hazır sözlər olmadıqda ədəbi
dilin populyarlığını qoruyub saxlamaq üçün
doğma dilin köklərindən yeni sözlər
yaradılmasına (məsələn, dəmiryol) əl atmaq
daha səmərəlidir".
Başqa
dillərdən alınmalara
da, hər hansı halda, ehtiyac olacağını nəzərə
çatdırarkən məruzəçi
xatırlatmışdır ki, "eyni fonetik qanunları ilə
fərqlənən dillərdən götürülən
sözlər dilə daha asanlıqla daxil olur. Hər bir
türk dili üçün beləsi digər bir türk
dilidir, xüsusən də, iqtibas edilən dillə bir qrupa
aid olduqda. Azərbaycan dili üçün belə dillər cənub-qərb
qrupu dilləridir (ilk növbədə, türkmən, daha
sonra Anadolu türkcəsi və Krım-tatar), tatar dili
üçün - başqırd, mişar və s.)".
Əlbəttə, türk dilləri,
xüsusilə, ədəbi dilləri
arasındakı terminoloji mübadilə o dövr
üçün hələ heç bir təcrübəyə
yiyələnməmişdi. Və belə bir təklifin verilməsi
türkologiya üçün aktuallığını bu
günə qədər qoruyub saxlayan perspektivli bir hadisə
idi. Ancaq bu da vardı ki, türk dillərinin bir-birinə
terminoloji "köməy"i indiyə qədər son dərəcə
məhduddur... "İkinci iqtibas mənbəyi kimi Qərbi
Avropa dilləri və rus dili ola bilər" təklifinə gəldikdə
isə, burada, prinsip etibarilə, Qərbi Avropa dilləri nəzərdə
tutulur, rus dili, sadəcə, vasitəçi rolunda iştirak
edir.
Qısaltma alınmaların ("ispolkom", "NEP", "VES" və
s.) türk dillərinə keçəcəyinə heç
bir şübhə etməyən məruzəçi ərəb
və fars terminlərindən ancaq onların saxlanmasını
mümkün sayır ki, "türk dilində yalnız dini
anlayışlar ifadə edir".
"Türk dillərində elmi terminologiyanın
yaranma prinsipləri haqqında"kı məruzə onunla
bitir ki, "əcnəbi dillərdən terminləri
yalnız ən zəruri hallarda, dilin özünün
bütün imkanları istifadə edildikdə götürmək
lazımdır". Və olduqca "demokratik" olan bu
mülahizə bir məqamı ümumiyyətlə nəzərə
almamışdı ki, həmin illərdə türk dillərində
elmi terminologiya ümumiyyətlə yox dərəcəsində
idi.
Professor B.V.Çobanzadə "Elmi terminologiya sistemi
haqqında" məruzəsini türkcə etmiş,
qurultayın stenoqrafik hesabatında məruzənin rusca tərcüməsi
verilmişdir. Sözünə Avropa dilləri
terminologiyasının get-gedə daha çox ümumi
olmasından başlayan məruzəçi həmin
xüsusiyyətin Asiya üçün qeyri-səciyyəviliyini
göstərmiş, bunu Avropa xalqlarının sıx iqtisadi əlaqələri
ilə izah etmişdir.
Türk
dillərinin terminoloji
qaynaqlarından danışarkən, əvvəlki
məruzəçi kimi o da üçünün üzərində
dayanmış, demişdir ki, birincisi ümumtürk
bazasıdır... "Yoldaş Zifeldt həmin terminlərin,
"ruhanilik" və i.a. sözlərin əleyhinə çıxsa
da, daha bir baza var. Dillərimizin bu məqama hansı yollarla gəlib
çıxmasından asılı olmayaraq, dünən də
çıxışımda belə bir faktı göstərdim
ki, onlara yalnız aqlütinasiya, yaxud sinharmonizm
baxımından tərif vermək olmaz... Sırf türk dilinə
xas olan aqlütinasiya, sinharmonizm bizdə ərəb, fars dillərindən
alınmalarla pozulub.
Üçüncü baza elmi anlayışlar, elmi nəzəriyyələr
sahəsində ümumi istiqamət tutmağımız və
bununla yanaşı, onların adlarının, terminlərinin
Avropa tərzinə əsaslanmağımızdır".
B.V.Çobanzadə tamamilə
doğru olaraq söyləmişdir
ki, "hətta Çin sərhədində olsa belə, hər
bir xalq Şərqə deyil, Qərbə üz tutur". Və
görkəmli türkoloqun terminlərin "birincisi, elmi və
ikincisi - pedaqoji" olmaqla ikili səciyyə
daşıması, türk xalqlarının məhz pedaqoji sahədə,
həm orta, həm də tədricən ali məktəblər
üçün termin yaradılmasına üstünlük
vermələri barədəki mülahizələri də
dövrün tələblərindən irəli gəlirdi.
Məruzənin mətni (görünür, məruzəçinin dediklərinin
yalnız icmalından və ya qısa məzmunundan ibarətdir)
göstərir ki, qurultayda "termin" sözü bəzən
dar, bəzən geniş mənada işlədilmiş, yəni
bir sıra hallarda elmi anlayışları bildirən vahidlərə,
bir sıra hallarda isə hər cür ada "termin"
deyilmişdir. Əslində, bunların arasında, xüsusilə,
o illərdə bu və ya digər dərəcədə kəskin
sərhəd qoymaq da mümkün deyildi.
B.V.Çobanzadə demişdir:
"Qeyd etdiyimiz kimi, hər bir səsə
ayrıca bir hərfin müvafiq gəlməsini tələb edən
əlifba prinsipi kimi elmi terminologiya da hər bir anlayış
qarşısında müvafiq bir ayrıca sözün
dayanmasını və onların bir-birinə
qarışmamasını istəyir".
Doğrudur, müqayisə bir
qədər mübaliğəlidir, ancaq
"termin" anlayışının dəqiqləşdirilməsi
baxımından yerinə düşür.
Türk
məktəblərində terminlərin
tədrisi məsələsinə gəldikdə,
məruzəçi rus, eləcə də Avropa məktəblərindəki
təcrübənin tətbiq edilməsinin tərəfdarı
kimi çıxış etmişdir. Belə ki,
aşağı siniflərdə "sırf yerli terminlər"
istifadə olunmalı, yuxarı siniflərə keçdikcə
türk dilləri üçün ortaq olan terminlərə
müraciət edilməlidir. Lakin bu da son deyil... Məruzədə
göstərilmişdir ki, köhnə, qeyri-elmi prinsiplərlə
hazırlanmış qamusları - lüğətləri bir kənara
qoymaq lazımdır, "bu qamuslar elə ərəb terminləri
təklif edirlər ki, onları artıq ərəblərin
özləri də unudublar... Hamımız, bütün
türk xalqları elmi terminologiyanın yaradılmasına və
Avropa klassik ədəbiyyatına (əlbəttə, söhbət
elmi ədəbiyyatdan gedir - N.C., M.H., A.Q.) keçidə
hazırlaşmalıyıq. Sonda deyilmişdir ki, "Xalq
Maarif Komissarlığı, yaxud inzibati orqanların göstərişlərilə
yox, klassik Avropa ədəbiyyatını öyrənmək məqsədilə
işləyən, elmi dili işləyib hazırlayan və
xüsusi ifadələrin mənasını qeydiyyata alan və
s. işləri görən ümumtürk elmi-tərcümə
bürosu yaratmaq zəruridir".
Azərbaycanlı, jurnalist, redaktor
Hənəfi Baba oğlu Zeynallı
"Türk dilləri üzrə elmi terminologiya sistemi
haqqında" məruzəsində əvvəl məsələyə
dair tarixi arayış vermiş, sonra türk-tatar
xalqlarının terminoloji məsələ üçün
önəmli təsnifatına ehtiyac olduğunu göstərmiş,
sonra isə sıra ilə bu sahədə rəhbər tutula
biləcək müəyyən prinsiplər təklif
etmiş, elmi dilin hüdudlarını təyin eləməyin
zəruriliyinə toxunmuş, qəbul olunan terminlərin
konstruksiyası barədə fikir söyləmiş, ixtisarlar
haqqında söz açmışdır.
Stenoqramdan görünür ki, terminologiya üzrə məruzəçilər,
bir tərəfdən, məsələnin ümumnəzəri
cəhətlərindən çıxış etmişsə,
digər tərəfdən, türk dillərinin konkret təcrübələrinin
təhlilini verməyə çalışmışlar. Hər
nə qədər ümumi terminoloji bazadan danışılsa
da, etiraf olunmuşdur ki, türk dilləri bir çox hallarda
termin yaradıcılığında fərqli prinsiplər
nümayiş etdirir.
Təşkilat Komitəsinin üzvü,
Krım Dövlət Universitetinin müəllimi,
Krım tatarı Xabibulla Abdurraşid oğlu Odabaş
"Türk dillərində terminologiya" mövzusunda məruzə
etmişdir.
Onun məruzəsi göstərir
ki, məsələyə təfsilatı ilə yanaşan
mütəxəssislər, əsasən, a) türk dillərində
terminologiya ilə bağlı vəziyyət barədə
mümkün qədər əsaslı təsəvvür
yaratmağa çalışırlar; b) mövcud problemlərin
həlli üçün obyektiv elmi-nəzəri prinsiplər
təklif edirlər; c) özlərinin müəyyən təcrübələrinə
dayanaraq subyektiv mülahizələr söyləyirlər.
Təşkilat Komitəsinin üzvü,
Akademiya Mərkəzinin sədri,
Kızıl-Ordadan gəlmiş Əhməd Baytursunoviç
Baytursun sözünə belə başlamışdır:
"Mənim məruzəm bizim - qazax elmi və ədəbi işçilərinin
xalqın ədəbiyyatı üçün
terminologiyanı necə qurmağımız və ikincisi,
terminologiya hazırlayarkən hansı prinsipə riayət etməyimiz
barədə olacaq".
Mədəniyyətin ümumbəşəri
xarakterindən bəhs
edən görkəmli qazax ziyalısı hər bir cəmiyyətin
inkişafında mədəni əlaqələrin əhəmiyyətini
yüksək dəyərləndirdikdən sonra demişdir:
"...Mədəniyyət öz
inkişafı üçün
əlverişli şərait tələb edir. Rusiyada olan
türk xalqlarının mədəniyyətinin
inkişafı üçün məhz belə bir şərait
yox idi. Nə isə əxz edə biləcəkləri xalqın
onlardakı ilə heç bir oxşarlığı olmayan məişəti
vardı, üstəlik, bu xalq hakim xalq idi, onun hökuməti
başqa millətlərə münasibətdə kölələşdirmə,
ruslaşdırma, pravoslavlaşdırma siyasəti yeridirdi.
Bunun nəticəsi hökumətə tam etimadsızlıq,
ruslardan gələn hər şeyə, o cümlədən,
rus mədəniyyətinə qərəzli münasibət
oldu. Digər tərəfdən, dini dözümsüzlük
ruhunu mənimsəyən türk xalqları, ümumiyyətlə
müsəlmanlığa məxsus olmayan hər şeydən
uzaq qaçır, müsəlmanlığa aid hər bir
şeyi isə kölə kimi təqlid edirdilər ki, bu da
onların öz mədəniyyətlərinin, məsələn,
elə ədəbiyyatın inkişafına mane olurdu".
Böyük mütəfəkkirin bu mühakimələri,
ilk baxışda, kənaraçıxma kimi görünsə
də, mahiyyətcə, mövzu ilə bilavasitə
bağlı idi. Hər şeydən əvvəl ona görə
ki, terminologiya məsələsi xalqlar arasındakı mədəni
mübadilədən kənarda müzakirə oluna bilməzdi.
Lakin Ə.B.Baytursunun mühakimələrində özünəməxsus
bir sadəlövhlük və ya birtərəflilik də
müşahidə olunur. Məsələn, o deyir ki,
"qazaxlar və qırğızlarda din mənəvi-kölələşdirici
təsirə malik deyildi və dini ədəbiyyat o qədər
də geniş yayılmamışdı. Bunun sayəsində
də dil özünün təbii inkişafının
axarına tabe olurdu".
Əlbəttə, buradakı "təbii
inkişaf" təsəvvürü,
prinsip etibarilə, məruzəçinin yuxarıda
haqqında danışdığı mədəni inkişafla
bir araya sığmır. Və Qurultayda da dəfələrlə
səsləndiyi kimi, qazax, qırğız dilləri məhz
bu "təbii inkişaf"ına görə ümumən
mədəni inkişafdan geri qalmışdı. Halbuki islam
dini türk xalqlarının mənəviyyatına, ruhuna
xurafatçılıq üzündən nə qədər boğucu
təsir göstərsə də, elmin, maarifin tərəqqisinə
də meydan açmış, Anadolu və Azərbaycan
türklərinin, özbəklərin, Kazan tatarlarının
dili terminoloji səciyyəli sözlərlə xeyli zənginləşmişdi
ki, türk xalqlarının müstəqillik yoluna
çıxdığı (və Birinci Türkoloji
Qurultayın keçirildiyi) illərdə, məsələn,
Kazan tatarları ilə qazaxlar arasında bu fərq
özünü aydın göstərirdi.
Hər nə qədər böyük intellekt sahibi olsa da, görkəmli
qazax ziyalısının düşüncələrindəki
birtərəflilik öz əksini onda da tapır ki,
bütövlükdə türklərin problemlərinin
müzakirə olunduğu ali məclisdə, bir qayda olaraq,
"qazax təmayülü"nün təmsilçisi kimi
çıxış etmiş, məsələn,
sözügedən məsələ ilə bağlı
demişdir:
"Məndə başqa türklərdə terminlərin
işlənib hazırlanmasına dair kifayət qədər məlumat
olmadığından yalnız bizdə - qazaxlarda bu işin vəziyyətindən
danışa bilərəm, qalan türklərə isə
terminologiya məsələsinə prinsipial tərəfdən
baxarkən yalnız ötəri olaraq toxunacağam".
Əlbəttə, türk ziyalılarının
çoxu (xüsusi elmi-türkoloji məktəb
keçmiş professor Bəkir Çobanzadə kimi bir
neçəsini çıxmaq şərti ilə!) artıq
ümumtürk miqyasında düşünmək
imkanlarından məhrumdurlar, türk xalqlarının (və
dillərinin, ədəbiyyatlarının, mədəniyyətlərinin
və s.) orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən
dərinləşən diferensiasiyası ayrı-ayrı
türk ziyalılarının düşüncəsinə də
öz təsirini göstərmişdir. Ancaq bununla belə,
xüsusən, Ə.B.Baytursun miqyaslı ziyalılar
üçün Birinci Türkoloji Qurultay yalnız mənsub
olduqları xalqın deyil, ümumən türk
xalqlarının dil, ədəbiyyat, mədəniyyət
problemlərinin həll olunduğu mötəbər forum idi.
Xalq dili ilə ədəbi
dil arasındakı tipoloji fərqliliyi nəzərə
almayan, ədəbi dilin xalq dilinin fövqünə yüksəlməsi
faktına "barbarizm" kimi baxan qazax ziyalısı ədəbi
dilin yeni yaranan türkcələrə münasibətini belə
bildirmişdir:
"Başqırdlarda ədəbi
dil təzəcə
yaranmaqdadır, həm də onlarda dillərini barbarizmlərdən
qorumaq xeyli nəzərə çarpır. Türkmən ədəbiyyatı
da bu yola qədəm qoyub. Yabançı dillərin təsirindən
və barbarizmlərdən azad olan dillərdən biri
qırğız dilidir və ədəbi dilin işlənib
hazırlanmasında o da bizim qazax dilinin rəhbər
tutduğu prinsipə riayət edir".
Məruzəçi öz nitqini yekunlaşdırarkən
demişdir:
"Biz öz mədəniyyətimizin
səviyyəsini yuxarıların
topladığı biliklərin miqdarı ilə yox, onun
aşağılarda nə dərəcədə
yayılması ilə ölçməliyik".
Hər bir xalqda "yuxarılar"ın mədəniyyətinin
"aşağılar"a yayılmasına ehtiyac vardır,
ancaq bu şərtlə ki, "yuxarılar"
adlandırdığımız məqamın özü
formalaşmış olsun... Birinci Türkoloji Qurultayın
keçirildiyi dövrdə "hökmfərman" olan sovet
proletkultçuluğu "aşağılar"ın
diktaturasına əsaslandığından türk
xalqlarının ziyalıları, görünür,
"aşağılar"la "yuxarılar" arasında
tərəddüd edirdilər.
Səkkizinci iclas Kazandan şəxsən dəvət olunmuş Maarif
Komissarlığı kollegiya üzvü Qayaz
Kısımoviç Maksudovun tatarca məruzəsi ilə
bitib, doqquzuncu iclas terminologiya məsələsi üzrə
müzakirə ilə başlamışdır. Başqırd
X.A.Qabitovun tatarca çıxışından sonra qazax
B.S.Suleyev söz alaraq demişdir:
"Yoldaşlar, öz milli mədəniyyətlərinin yaradılması
işində türk xalqları elə bir tarixi
dönüş məqamında meydana atılırlar ki, bu
zaman köhnə mədəniyyət dünya miqyasında
öz ömrünü başa vurur, yeni mədəniyyət -
proletar mədəniyyəti yaradılır.
...Ümumiyyətlə, türk
xalqları üçün
ortaq terminologiya məsələsinə pessimist münasibət
bəsləyirəm. Türk xalqlarının
terminologiyasının yaxınlaşmasından danışmaq
olar, birləşməsindən yox... Qabaqcıl türk millətlərinin
(Azərbaycanı götürək) köhnə türk ədəbiyyatından
dili tamamilə korlayan ərəb və fars sözlərini
çıxarsaq, sırf türk sözləri qalar.
İkincisi: terminologiya qəbul edərkən yeni sözləri
bu və ya digər türk ləhcəsinin qaydalarına tabe
etmək lazımdır. Bunsuz əhalinin geniş təbəqələri
üçün əlverişli olan terminologiya yarada bilmərik".
Çıxış edən, əslində "yenilikçilik"
şüarı altında müəyyən ziddiyyətə
yol vermiş, bir tərəfdən, ərəb və fars
sözlərini tarixən qəbul etmiş türk dillərində
danışıb-yazan xalqı, haqlı olaraq,
"qabaqcıl" adlandırmış, digər tərəfdən
isə, məsləhət görmüşdür ki, həmin
dillərdən bu cür sözlər
çıxarılsın... Lakin onun "bu Qurultayda dilimizi ərəb
sözlərindən heç olmasa, 50% təmizləməyə
səsləyən yoldaşların ən azı özləri
çıxışlarında bunu etməyə
çalışsınlar" təklifi, əlbəttə, təqdirəlayiq
olmuşdur:
"Məsələn, bir yoldaş dedi ki, "fazla
olmaz zənn edərim". Sadə və anlaşıqlı
şəkildə "artıq olmazdı" desəydi,
yaxşı olmazdımı?"
Tiflisdən gəlmiş başqırd
müəllim Ş.A.Manatov
öz çıxışında alınma sözlərin
türk mənşəli sözlərlə əvəz
olunması təklifinə münasibət bildirərək
demişdir ki, məruzəçilərdən birinə
görə, "qaraçay dilində "baylıq"
sözü var. Nə üçün də "kapital"
sözünü "baylaq" sözü ilə əvəz
etməyək? Əlbəttə, "baylıq" sırf
türk sözüdür, lakin o bizim anladığımız
mənada kapital yox, var-dövlət deməkdir... Onu
"baylıq" sözü ilə heç vəchlə əvəz
etmək olmaz".
Çıxışçı məruzəçilərə
kəskin tənqidi
qeydlər eləməkdən çəkinməmişdir:
"Burada yoldaş Odabaş çox yersiz bir
ifadə işlətdi. O deyir ki, hər hansı bir
terminologiyamız yoxdursa və həmin terminologiya hər
hansı bir türk xalqında varsa, həmin sözü o
xalqdan iqtibas etməliyik... O deyir ki, həmin sözü qəbul
etməsəniz, bu, əyalətçilik olacaq. Mən bunu
yanlış sayıram. Əyalətçilik o demək deyil
ki, qazax sözü özbəklər tərəfindən qəbul
edilmişdir".
Əlbəttə, bu cür tənqidlər və ya fikir
ayrılıqları göstərir ki, türk xalqları
arasında termin mübadiləsinə dair o illərdə hələ
az-çox müəyyənləşmiş heç bir
prinsip, yaxud ənənə yoxdur.
Ş.A.Manatov ondan əvvəl çıxış
edən qazax B.S.Suleyevi isə məruzəçi Zifeldtə
qarşı haqsızlıqda qınamışdır:
"Biz yaxşı bilirik ki,
yoldaş Zifeldt elm adamıdır və o da bizim kimi türk
dili yaratmaq istəyir. Yoldaş Suleyev bunu bilməli idi.
Yoldaş Zifeldt rus müstəmləkəçisi deyil.
Yoldaş Zifeldtin fikri kiminsə xoşuna gəlmirsə, onu
"müstəmləkəçi" sözünü
işlətmədən də tənqid etmək olar,
çünki bu söz çox kəskin, ədəbsiz və
pis sözdür".
Sözünün sonunda çıxışçı
ümumi bir türk ədəbi dili
yaratmaq təşəbbüsünə qarşı
çıxaraq demişdir:
"Professor
Çobanzadə məruzəsini
elmi baxımdan çox gözəl əsaslandırdı,
məruzə çox maraqlı idi, lakin onun bütün məruzəsi
ümumi türk milli deyilən dil yaratmaq ideyası üzərində
qurulmuşdu. Mən bununla razılaşa bilmərəm. O,
birinci pillə məktəbinin, sonra ikinci pillə məktəbinin,
daha sonra isə universitetin, bütün türk xalq kütləsinə
rəhbərlik etməli olan ziyalıların dilini fərqləndirir.
Bunlar üçün özlərinin xüsusi dillərini də
yaradır. Bu dil sanki millətin fövqündə duran bir
dildir. Mən bununla razılaşa bilmərəm... Yeri gəlmişkən,
bu yaxınlarda Anqorada bir tatar yazıçısının
çox böyük maraqlı bir məqaləsi
çıxıb; məqalədəki əsas fikir ondan ibarətdir
ki, dünyanın bütün türkləri üçün
nə Anadolu köylüsünün, nə Azərbaycan kəndlisinin,
nə Özbəkistan dehqanının, nə Qazaxıstan
oyrat-kəndlisinin başa düşə bilməyəcəyi,
millətlərin fövqündə duran ziyalı dili yaratmaq
lazımdır. Belə bir millət fövqündə duran
dildən həmişəlik imtina etmək lazımdır, biz
buna aludə olmamalıyıq".
Bu çıxış, heç
şübhəsiz, bütün elmi dəqiqliyi
ilə birlikdə ideoloji bir çıxış idi...
Bilavasitə professor B.V.Çobanzadəyə
gəldikdə isə, onun ümumtürk mövqeyindən olan
baxışları hər nə qədər Birinci
Türkoloji Qurultayın strateji tələblərinə
uyğun olsa da, ümumi elmi-akademik görüşlərindən
irəli gəlirdi ki, tədricən müəyyən
diferensial xüsusiyyətlər kəsb etməyə
başladı.
Lakin Qurultayda vaxtaşırı
olaraq bu cür "ideoloji"
çıxışların olması o demək idi ki,
türklər heç də təsəvvür edildiyi qədər
özbaşına buraxılmamışlar.
Müzakirə başa çatdıqdan
sonra iclasın sədri Qurultay nümayəndələrinin
nəzərinə belə bir tarixi məlumat
çatdırmışdır:
"Türkiyənin nümayəndəsi
onların keçmiş
sultan-müstəbidlərinin adını xatırladan
"osmanlı türkü" ifadəsini tamamilə kənara
atmağı təklif edir. Bundan sonra onlar "Anadolu
türkü" adını daşıyacaqlar. Mən natiqlərdən
"osmanlı" yox, "Anadolu türkləri" ifadəsi
işlətmələrini xahiş edirəm".
Bu da, bir növ, terminoloji məsələ
idi!..
Terminologiya məsələsi üzrə
qətnamə layihəsi hazırlamaq
üçün B.V.Çobanzadənin sədrliyi
ilə komissiya yaradıldıqdan sonra məruzəçilərdən
B.V.Çobanzadə və H.B.Zeynallı yekun sözü
söyləmişlər.
Birinci Türkoloji Qurultayın
"Türk dillərində elmi
terminologiya sistemi haqqında" qətnaməsində
terminologiya baxımından türk dillərinin müəyyən
alternativlik ənənələrinə malik olduğu etiraf
edilir:
a) "aşağılar"ın terminologiyası
- "yuxarılar"ın (aristokratiyanın)
terminologiyası;
b) Milli (türk) terminologiyası -
ənənəvi ərəb-fars terminoloji alınmaları, eləcə
də perspektivliyi heç bir şübhə doğurmayan beynəlmiləl
terminologiya.
Və onların aradan qaldırılması üçün yeni,
kifayət qədər rassional alternativlər təklif olunur:
1) kütləvilik (demokratizm)
- elmilik (akademizm);
2) məhəllilik (hər bir türk dilinin mövcud terminoloji
imkanları) - ümumtürklük, yaxud bu və ya digər
türk dil (oğuz, qıpçaq, karluq və s.) qrupu (müvafiq
imkanlar); eləcə də millilik və beynəlmiləllik.
Qurultay göstərdi ki, terminologiyaya
münasibətdə türk dillərinin ən azı müəyyən
təmayül, yaxud cərəyan miqyasında ümid bəslənən
ədəbi (intellektual) inteqrasiyası qarşısında
keçilməz maneələr var ki, bunlardan ən
başlıcası, məhz "aşağılar"dan,
yaxud "kütləvilik"dən gələn təbii
diferensiasiya prosesidir.
Nizami CƏFƏROV,
Mahirə HÜSEYNOVA,
Aysel QƏRİBLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 15 avqust, №29.- S.20-21.