Bu, Fikrət Qocadır...
1994-cü ildə - Xalq şairi Fikrət Qocanın ömür və sənət yolu barədə "Ürəyimi
sərdim günəşə"
kitabımı yazıb
başa çatdırdım,
üç il sonra həmin kitab nəşr olundu. Fikirləşirdim ki, bir də
bu mövzuya qayıtmaram. Bu kitabda müasir poeziyamızda özünəməxsus
yeri olan Fikrət Qocanın yaradıcılığını küllən təhlil etməyə çalışmışam,
şairin nəsri haqqında da söz demişəm, bununla kifayətlənməyib
onunla həyat və ömür yolu barədə böyük bir müsahibə də təqdim etmişəm. İş elə gətirdi ki, şairin anadan olmasının 90 illiyi ərəfəsində həmin
kitabı bir də nəzərdən keçirdim. Əlbəttə,
hiss eləyirəm ki, kitabda demədiyim
sözlər çoxdur.
İndi sizə təqdim edəcəyim bu qeydlərin həmin kitaba heç bir dəxli yoxdur.
I
Hər hansı şairin poeziyasından söz açanda öncə onun şəxsiyyəti barədə düşünürsən. Fikrət Qocanın şəxsiyyəti - insan səciyyəsi mənə gün kimi aydındır. Mən onun poeziyasında onun şəxsiyyətini görürəm, bu şəxsiyyəti formalaşdıran mühiti, insanları görürəm.
Şəxsiyyətin özülü, başlanğıcı atadan, anadan, onun doğulduğu torpaqdan başlayır. Fikrət Qoca Ağdaş rayonunun Kotanarxı kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır. Kotanarxı kəndi Azərbaycanın adi və kiçik kəndlərindən biridir. "Azərbaycan Sovet Ensiklopediyası"nda bu kəndin adına rast gəlmədim. Görünür, elə balaca kənddir. Amma Fikrət Qoca öz doğma kəndinə həsr etdiyi şeirlərində (bunların sayı o qədər də çox deyil) kəndinin kiçikliyinə, adi bir kənd olduğuna işarə vurmayıb. Amma bu şeirlərdə Kotanarxı kəndi kiçik bir Azərbaycan kimi gözlərimiz önündə canlanır. O kəndin ağacı, quşu, arxı, çəməni ana vətənin bir parçası kimi təqdim olunur.
Şeirimizdə Azərbaycanın - Vətənin yüzlərlə, minlərlə obrazını canlandırıblar. Fikrət Qoca poeziyasında da bu məhəbbətin ifadəsilə dönə-dönə qarşılaşırıq. Mən F.Qocanın Azərbaycana, onun bənzərsiz təbiətinə - dağlarına, çöllərinə, çaylarına, qayalarına həsr elədiyi şeirlərin hamısını oxumuşam, bu şeirlərin hər birində onun özünəməxsusluğu, şair fərdiyyəti hiss olunur.
Ana yurdun çinar kimi torpağından
Ucalmışıq.
Yarpaq-yarpaq tökülmüşük, qocalmışıq.
Hər yarpaqda bir an, bir gün, bir xatirə,
Biz əbədi yaşamaqçün qarışırıq
ana yurda, doğma yerə.
"Vətən torpağı, qocalıq və..." adlı bu şeir F.Qocanın adi şeirlərindən biridir, onun çoxşaxəli poeziyasında zahirən gözə görünmür, amma bu şeirdə F.Qoca yaradıcılığına xas olan ümumi bir cəhət var, o da fikrin ifadəsində təzəlikdir.
F.Qoca vətən və torpaq haqqında düşüncələrini qələmə alanda çox vaxt tərənnümdən, mədhdən qaçır, çalışır ki, fikrini orijinal bədii vasitələrlə ifadə etsin.
II
F.Qoca elə bir dövrdə ədəbiyyata gəlib ki, həmin dövrdə, ya gərək təqlidçilik yolunu tutaydın, ustad şairlərin yazdıqlarını bir az başqa tərzdə təkrar edəydin, ya da təzə, orijinal ruhlu şeirlər yazıb tanınaydın. Şeirə gəlmək, poeziya aləminə qədəm qoymaq asan idisə, orada tanınmaq çətin idi. Bütün dövrlərdə olduğu kimi, 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində də şeirimizdə anormal hallar - şablonçuluq, təqlidçilik, məzmunçuluq davam edirdi. İstedadsızlar üçün bu mənada "şair" olmaq asan idi. Fikrət Qoca elə ilk şeirlərindən heç kimə bənzəməməyə çalışdı. O elə ilk şeirlərindən fərdi dəst-xətti ilə yaşıdlarından seçilməyə, fərqlənməyə başladı. İlk şeirlərində o da ənənəvi mövzularda qələmini sınayırdı. Amma elə bu şeirlərdə özünəməxsusluğu nəzərə çarpırdı. "Hamıya borcluyam" adlı ilk şeirlər kitabından eyniadlı şeirə müraciət edək:
Ataya borcluyam mən,
Anaya borcluyam mən.
Bəlkə də bu dünyada
Hamıya
borcluyam mən.
Dağları aşa-aşa,
Selləri aşa-aşa,
Elləri
aşa-aşa,
Məktubumu daşıyan,
Adını bilmədiyim
Adi bir vətəndaşa
Nə qədər borcluyam mən.
Əlimdə yandırdığım
Kibritin dənəsi də
Bir adamın işidir.
A mehriban adamlar,
Nə xeyrim dəyib sizə?
Bu şeir öz səmimiyyətilə diqqəti
cəlb edirdi. Şeirdə təbliğ
olunan ideya didaktik məna daşısa da, bütün
dövrlər üçün
müasir idi. Tezliklə F.Qocanın şeirləri ədəbi
ictimaiyyətdə maraq
doğurmağa başladı.
Bu şeirlər haqqında
xoş söz deyənlər də oldu, tənqid edənlər də. Həmin dövrdə -
60-cı illərdə istedadlı
ədəbi gəncliyin
bir hamisi vardı, o da Rəsul Rza idi. Məhz
Rəsul Rza 60-cı illərdə ədəbiyyata
gələn bir sıra istedadlı gənclərin, o cümlədən,
Fikrət Qocanın şeirlərindəki yenilik
hissini vaxtında duya bildi. O, "Fikrət Qoca haqqında" adlı məqaləsində yazırdı:
"Son illər Azərbaycan
poeziyasına bir dəstə təzə nəfəsli, istedadlı
gənc şair gəlib. Bu şeir pöhrələri arasında
Fikrət Qoca ilk yerlərdən birini tutur. Bir neçə il əvvəl onun dövri mətbuatda çap olunmuş şeirləri orijinal dəst-xətti, özünəməxsus
üsulu olan narahat bir şairin
gəlişindən xəbər
verirdi. ... Fikrəti, bir şair kimi
daha çox çağdaş dünyanın
ən mühüm problemlərini insanların
taleyi düşündürür.
Onun "Anam yaman fikirlidir", "Sınaqlar", "Pəncərə",
"İnsan arzuları",
"Balıqçıyam" və bir sıra
başqa şeirlərində
sadə insanların taleyi üçün güclü bir şair narahatlığı
var.... Mənə elə
gəlir ki, Fikrətdə
düşüncə - şeirlər
daha yaxşı alınır, nəinki poemaları. Hər halda Fikrət bir şair kimi
kiçik şeirlərində
daha güclüdür....
Fikrət Qoca inkişafda olan istedadlı şairdir. O, qədim və zəngin Azərbaycan poeziyasının ənənələrindən
bəhrələnərək, çağdaş dünyanın
poeziyasından öyrənərək
öz yolunu, öz poetik dəst-xəttini arayır.
Bu cəhətdən Fikrət
öz yaşına görə çox şeylərə nail olub.
Və onun elədikləri əsas verir inamla deyəsən
ki, Fikrət öz yaradıcı zəhməti
ilə böyük uğurlar qazanacaq və Azərbaycan poeziyasında öz görkəmli yerini tutacaq".
İllər keçəcək, Rəsul
Rzanın bu böyük ədəbi missiyasını Fikrət
Qoca belə xatırlayacaq: "60-cı illərin
əvvəlləri idi,
mən Rəsul Rza ilə tanış
deyildim. Mətbuatda onun "Rənglər"
silsiləli şeirləri
kəskin tənqid hədəfinə çevrilmişdi.
O zaman metroda işləyirdim.
Rəsul Rza sevdiyim şairlərdən
idi. Götürüb
ona bir məktub
yazdım. Məktubda bu böyük şairə ürək-dirək
verirdim. Bir neçə
cümləsi yadımdadı.
Yazmışdım ki, hörmətli
şair, bu tənqidlər sizi sarsıtmasın, mən sizin misralarınızı
tikdiyim binanın divarlarına hörmüşəm.
Sonralar tanış olduq, evlərinə gedib-gəldim. Amma o məktub
barədə ustaddan heç nə soruşmadım, özü
də bir söz demədi. Rəsul Rza, sözün əsl mənasında, mənim ədəbi atam olub. Bəlkə də atamın dözmədiklərinə o dözürdü.
Cavan idim, yeyirdim, içirdim, keflənirdim, heç nə demirdi. Nə xahiş edirdimsə, qayğısını
əsirgəmirdi. Bəziləri
onu həddindən artıq sərt, ciddi, acıdil adam kimi tanıyırdı.
Amma mən bilirəm
ki, bəlkə də
dünyada Rəsul Rza kimi son dərəcə
kövrək, həssas
bir adam olmayıb. Nə qədər qəribə görünsə də, deyim ki, o, bu kövrəkliyi, həssaslığı
göstərmək üzünə
sərt bir ifadə vermişdi. Rəsul Rza indi də yeri
görünən əvəzedilməz
bir şəxsiyyət
idi". Bu məqamda Fikrət Qocanın ustadı Rəsul Rzaya həsr elədiyi şeirlərini
və "Rəsulsuz
ilk dəqiqələr" adlı poemasını xatırlayıram.
Ömrü boyu öz xasiyyətini
danırdı Rəsul.
Elə bilirdi
yüz ağac boyundan görünür
kövrək olduğu,
sinəsində körpə ürəyi
kimi
bir olduğu.
Sərtliyi üzünə, sözünə
yaxırdı.
Bəzən sərtliyindən
öz nəfəsi də darıxırdı,
göz yaşları içinə
axırdı.
... Stolun üstündə ağ kağızı.
Şair
qocalmır,
Ömrü bir yaz olur, qurtarır.
Şair
ölmür,
Qara qələm kimi yazılır, qurtarır.
III
Bütün yaradıcılığı boyu Fikrət Qoca üçün heç bir mövzu qıtlığı
və məhdudiyyəti
olmayıb. O, hər şeydən yazıb: atadan, anadan, övlad məhəbbətindən,
onu sevindirən kiçik bir uğurdan, bir qələbədən, ürəyinə
dəyən bir sözdən, öz kəndindən - o kəndin
suyundan, çinarından,
arxından, qarış-qarış
gəzdiyi Azərbaycanın
gözəl təbiət
mənzərələrindən, tanıdığı və
dostluq etdiyi adamlardan, sevgidən, məhəbbətdən, insan
ülfətindən, gəzdiyi,
səfərdə olduğu
ölkələrdən, tariximizin
şanlı və qaranlıq səhifələrindən,
ilin fəsillərindən
... bir sözlə, şair qəlbini həyəcana gətirən
duyğulardan, hisslərdən
yazıb. Bu şeirlərin
çoxu zamanla səsləşib, yazıldığı
dövrdə oxucular tərəfindən yüksək
qiymətləndirilib. Onların
çoxu indi də bir ədəbi
nümunə kimi öz bədii təravətini itirməmişdir.
Uzun-uzadı misal gətirmək fikrində deyiləm. Amma Fikrətin elə şeirləri var
ki, onlar həm bir poetik nümunə
kimi, həm də müasirlik mənasında həmişə
yaşayacaqdır.
IV
Fikrət
Qoca poeziyasında
"Keçmiş" adlanan
anlam yoxdur. Keçmiş və tarix bu günün
- müasirliyin tərkib
hissəsidir. Tarix də, Zaman da müasir bədii təfəkkürün
işığında, Fikrət
Qoca anlamında yeni məna kəsb edir.
İçərişəhər;
damları pillə-pillə, dama-dama.
Divarları
yol vermək istəmir adama.
Qalanın qəhrəmanlığından
bircə
top güllələrinin yeri
qalmışdı,
Orda da sərçələr yuva
tikdi.
neylərsən,
qocalığın işi belədir.
Fikrət
Qoca bu şeirdə
İçərişəhərdən qədim bir abidə kimi yox, insan kimi
danışır. Bu cəhəti
mən onun əksər şeirlərində
müşahidə etmişəm
ki, F.Qoca üçün
qalalar insandır, insanlar qala, "dağlar babalardır",
insanların dənizə
və dənizin insanlara oxşarlığı
var.
V
Vaxt var idi şeirimizdən bir "suçlu" Araz axırdı. Dərdli-dərdli... və
bəzi şairlər
Arazı günahlandırırdılar
ki, o, insafsız iş
görüb, Azərbaycanı
tən yarıya bölüb. Araz beləcə günahkar-günahkar
axırdı. Halbuki dünyada, yer üzündə Araz tək deyildi, şeirimizdə Araza milli kontekstdən, tarixi Azərbaycan anlamından daha geniş bir dərdlər zirvəsindən baxan ilk şair Fikrət Qoca oldu.
Araz axır Koreyadan,
Ağılların, ölkələrin
Fərqindən Araz axır.
Keçidlərlə damğalanmış
Hər tindən Araz axır.
Araz xəstəliyi var
Dünyanın yarasında.
...Əsrimizdən Araz axır!
Araz axır dünyadan.
Ümumiyyətlə, F.Qoca şeirindən çox çaylar, dənizlər,
göllər, okeanlar,
bir sözlə, böyük sular axır. Amma Xəzər bu sularda birincidir.
Bunu deyəndə, F.Qocanın məşhur
"Xəzər" şeiri
yada düşür. F.Qocanın
Xəzəri adi su deyil və
hətta mən deyərdim, adi dəniz də deyil. Xəzər F.Qoca şeirində şair məhəbbətinin
sonsuzluğundan doğan
qeyri-adi poetik mənzərədir. Bu məqamda
F.Qoca şeiri Toğrul Nərimanbəyov
və Səttar Bəhlulzadə tablolarından
geridə qalmır. Baxın, görün:
Xəzər dalğalandı, su
yırğalandı,
Dedim ki,
ulduzlar ürküşər
indi.
Sahil işıqları Xəzərdə
yandı,
Dedim, dalğalara od düşər
indi.
Xəyalım qırpındı boz
dalğalarda,
Suya qanad çalan qağayılartək.
Qoşa
uçuşdular, kim bilir, harda,
Qağayı da ürkək, xəyal
da ürkək.
Bərq
vuran rəngləri dəyişir hər an,
Bilmirsən daş-qaşdı, ya
adi sumu?
İstədim dənizdə alışıb
yanan
Aydan alışdırım papirosumu.
VI
Hərdən mənə elə
gəlirdi ki, Fikrət
Qoca dünyanın ən nikbin adamıdır. O mənada
nikbin yox ki, heç bir dərdi-səri olmayıb.
Yaxşı bilirəm
ki, qazandıqları müqabilində
F.Qocanın itirdikləri
də çox olub.
Amma bəs necə nikbindi? Elə bilirəm ki, bu xüsusiyyət onun öz təbiəti ilə bağlıdır.
Onunla kitab üçün
hazırladığım sonuncu
müsahibədə belə
bir sual verdim: Fikrət Qoca öz qocalığını
hiss etdimi? Cavabında
dedi ki, hər axşam gözlərimi yumub yatanda səhəri
düşünürəm. Sabahın bu gündən də maraqlı olacağını
xəyal edə-edə
yuxuya gedirəm.
Bu gözəl dünyaya, gözəl aləmə
Kədərlə boylanma, kədərlə
baxma.
Gözlərim, dünyanı boyama
qəmə,
Payız
sularıtək kədərli
axma.
İnsantək yaşasaq dünyada
əgər,
Bir ömür insanın gen-bol bəsidir.
Böyüklər dünyaya "gözəlsən"
deyər,
Kədər acizlərin bəhanəsidir.
VII
Doğrudan da, F.Qoca poeziyasında
nikbin notlar çoxdur, amma bu o demək deyil ki, insanın ruhi sarsıntıları,
mənəvi əzabları
bu poeziyaya yaddı. Ümumiyyətlə,
əgər poeziyada Ağrı yoxsa, Dərd yoxsa və o Ağrının,
o Dərdin çalarları
görünmürsə, ondan
poeziya kimi danışmaq olarmı?
Bir bahar səhəri "Günəşə açılmış
zərif dodaqlar kimi Külək əsəndə milyon-milyon
lalələr, dönüb
olur Qıpqırmızı
şəlalələr. Çıxart
ürəyimi, günəşə
sər Səhər-səhər".
Güman edirsən ki,
bu şeirdə Fikrət Qoca nikbinliyi qan kimi fışqıracaq, amma belə olmur. Mənzərə dəyişir.
Əri döydümü, söydümü,
nə bilim,
Bir qadın ağladı qonşuda;
hıçqırıqlar arasından
Yağdı çöllərə
Söyüşü
də, qarğışı
da.
Çöldə günəşli bir
bahar,
Mənim
ürəyimdə, bir
də qonşuda
Payız.
Soyuq bir yağış.
Dünyaya heç nə olmayıb.
Təkcə mənim üçün
bu gün
quşlar
qəmli.
Doğrudan da, bu səhnəni
əri tərəfindən
döyülən, təhqir
olunan qadının hıçqırığını ancaq kövrək bir şair qələmə
ala bilər. Yaxud, başqa bir misal: qışın soyuğunda qapılara sığınan, gözləri
yaşla dolan bir it küçüyü
küncə büzüşüb
imdad diləyir. Çoxları laqeyd-laqeyd
onun yanından ötüb keçir, şair isə bu soyuqda küçüyün
taleyinə acıyır.
Deyirlər, murdarsan, elə
olsa da,
Körpə taleyinlə əzizsən,
küçük!
Eh, elə murdarlar var ki dünyada
Onlardan
min dəfə təmizsən,
küçük!
İstəsən şeir də oxuyum sənə,
Nə olar, ay yazıq, adın küçükdür.
Düşüb, eləsinə şer
oxumuşam,
Görmüşəm fəhmdə səndən kiçikdir.
Zarafat həddini bəlkə aşıram,
Xilqətin dözümlü, igid
küçüyü,
Elə sən susursan, mən danışıram,
Tutur söhbətimiz, ay it küçüyü!
Yenə
bir şeirini xatırlayıram...
Biri qaçaq olub,
Mərd
olub.
Biri qoçaq olub,
Mərd
olub.
Biri kasıb olub,
Mərd
olub.
Bəs bu namərdlər hardandı?
Bax, bu mənə dərd olub.
F.Qoca
son dərəcə həssas
şairdir. Onun həssaslığı dünyanın
çox-çox uzaq nöqtələrində baş
verən hadisələr,
olaylar - inqilablar, müharibələr zamanında
neçə-neçə şeirə,
poemaya çevrilib. Nikbin adlandırdığım
Fikrət Qoca çöldə ağacların
ağlamasını görəndə,
onların niyə qurumasının, budağını
quşların, yarpaqların
tərk etməsinin səbəbləri haqda düşünəndə mənə
daha kövrək insan təsiri bağışlayır. Eyni
zamanda, sanki birnəfəsə yazdığı
"Vyetnam süitası"nda
böyük bir xalqın faciəsinə biganə qalmayanda, Argentinada doğulan, Meksikada yaşayan, Kubada inqilab edən Çe Qevaranın Boliviyada qəhrəmanlıqla
həlak olmasına yas saxlayanda da, Viktor Xaranın ölümünə
elegiya yazanda da kövrəkdir, dərdlidir.
F. Qoca 20 Yanvar şəhidləri - Fərizə
və İlhamdan sənədli məhəbbət
dastanı bağlayanda
da, xalqımızın müstəqillik
uğrunda ölüm-dirim
savaşından söz
açan "hələlik,
qiyamətəcən" povestini
yazanda da Ağrı şairidir. Amma məsələ
burasındadır ki, ən
ağır dərddən,
ağrıdan yazanda
da onun şeirlərindən
inam adlı işıq süzülür:
Vətən deyəndə,
Vətən torpağı kimi
dodağım parçalanır.
Hər bəbəyimdə yeddi günəş yanır.
Bu boyda yarası olanın
Əyilməyə haqqı yoxdur.
Bu boyda yarası olanın
Ölməyə haqqı yoxdur.
Bu boyda yarası olan
Ağrıdan qorxmasın gərək
daha.
Bu boyda yarası olanın
İnamı olmalıdır sabaha.
VIII
Fikrət
Qoca fikir və düşüncə
şairidir. Onun şeir və poemalarında əsas vurğu həyat və ölüm, varlıq və yoxluq üzərində cəmləşir. Bu düşüncə
poeziyasının mayasında
təbii ki, adı böyük hərflərlə
yazılan insan durur. XX əsr İNSANı bütün dərdi, ağrısı,
sevinci, kədəri, ən başlıcası isə duyğu və düşüncəsi
ilə Fikrət Qocanın şeirlərində
əsas qəhrəmana
çevrilir. Azərbaycan
poeziyasında fəlsəfi
xətt bizim qədim poeziyadan üzü bəri bütün qüdrətli
şairlərin yaradıcılığında
öz ifadəsini tapıb. Bizim yaşadığımız illərin
ən qızğın,
ən amansız və ən sərt hadisələri, olayları şairlərimizi
bir az filosof
olmağa, dünyanın
gərdişi haqqında
düşünməyə sövq edib.
Şeirdə filosofluq etmək
lazım deyil. Onsuz də filosoflar
elmi şəkildə
dünya və kainat, tarix və
müasirlik, varlıq
və yoxluq barədə cild-cild əsərlər yazmışlar.
Poeziyada isə dünyanın fəlsəfəsi
poetik düşüncələr
vasitəsilə öz
təsdiqini tapır. Əgər şair poeziya yox, fəlsəfi
fikir naminə nəsə yaradırsa, bu, artıq nə poeziyadır, nə də fəlsəfə.
Yaşayıram bu dünyada
Başım üstə mavi
səma -
mavi çadır.
Buludlarla
tala-tala,
Şimşəklərlə cadar-cadar.
Dünyaya bax,
məzarlarla yamaq-yamaq,
məzar
deyil - min illərdən
keçib gələn insan
izi,
Kim bənzədər göz yaşına
göy dənizi?
Biz dənizlər quruyanda
ağlamışıq,
Sısqa-sısqa bulaqlarla,
Duzlu-duzlu
göz yaşıyla
Dənizləri qurumağa qoymamışıq,
saxlamışıq.
Mən bu şeiri qeyd-şərtsiz
fəlsəfi poeziyanın
gözəl bir nümunəsi hesab edirəm.
...Fikrət Qoca çoxəsrlik Azərbaycan poeziyası ənənələrinə hədsiz dərəcədə sədaqətli olan, eyni zamanda ən modern poeziya nümunələrinə də biganə qalmayan yenilikçi şairdir. 60-70-ci illərin ədəbi mübahisələrində onun adı tez-tez hallanırdı: F.Qocanı da mücərrədçilikdə, modernizmdə təqsirləndirirdilər, ancaq illər gəlib keçdi, məlum oldu ki, F.Qoca yenilikçi - novator şair olmaqla bərabər, həm də yaxşı mənada ənənəyə bağlı şairdir.
Bu yazıda mən dünyasını dəyişmiş bir şairdən deyil, dünyamızda yaşayan bir şairdən söz açdım. Çünki Fikrət Qoca bir şeirində yazmışdı:
Şair
nəğmə kimi gəlir cahana,
Nəğmə ölümünə mən inanmıram.
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, ¹30.- S.2-3.