Meteohəssas
Doğulmaq azdı.
Ölmək azdı.
Gərək həm də diriləsən.
Divarına çırpılmış sərçəni də dirildəsən bir gün.
Sonra ölgün, ölgün
Təkərli çamadanını dünyanın axırınacan
sürütləyəsən.
Təkcə özün.
Elə
et, fotomüxbirlər də
bunu görsün.
Oğrular var orda,
Bir gözün
Daim o çamadanını güdsün.
Yaranmışam
Baxışları televizora yox,
Televizordan kənara çəkmək
üçün...
Meteohəssasam bu gün.
Mənə verilib Bakıda
həyat,
Təbrizdə ölüm.
Fixbioqrafiya
Mütləqdi.
Gərək bir fixbioqrafiyan
da olsun.
İlk cümləsindən oxunsun.
Gicgah damarına saatda 120 zərbə vursun,
Gecə
12 olsun,
Qoy qorunsun
Bu saxta bioqrafiyan dövlət arxivlərində...
Yaxud gizli arxa cibində,
Kiminsə seyfində.
Eşitdiyim, oxuduğum
ən qəliz FİXBİOQRAFİYA
Hardakı ən ağır
suallar, cavablar yazılmışdı ayrıca
qrafayla,
dogranmışdı qanlı baltayla
Cibgir Zerkalo Klaraya məxsusdu.
Pasportuna
yazdırmışdı "Yusifzadə Klara Ağababa
oğlu".
Taxta dəlik döşəməsi,
qəzet süfrəsi,
sinəsinin
tövşəməsi artırdı
bu pasportu üzə çıxan vaxt.
Deyirdin,
indicə tam sıfirlanacaq
bu adi həyat!
Deyirdin,
bəlkə də bu qadın heç
arvad-zad...
Mənə deyərdi get dolabdan
Gəlinlik güzgümü çıxart,
Pasportumdakı "Oğlu" sözünə
bir də yaxşıca bax.
"Oğru" sözü gözümə girincə
Düşərdim girincə...
Qaranlıq küncə
Xeyli baxardım.
Geriyə
adlardım.
Ayaqlarımda odun kimi parçalanardı addımlarım!
Cavabını alardı bütün
lal suallar.
Yalançı şüarlar.
Elə bil Senatın müzakirəsinə
907-ci düzəlişi çıxarmışdılar!
Sənin
heç belə fixbioqrafiyan var?
Yaşayaq mövzu vermədən
kinoya
Hər gün səhər-səhər
eyvanımdan sallanıb
aşağıya baxıram,
Görürəm qonşum Güləlinin
başı
Necə
bir az da dazlaşır.
Həyatın sürəti çox...
çox amansızdır.
Çox
amansız...
Depressiondayam.
Şanssızam, çox şanssız.
WhatsAppda
yazışdığım bir qız
mənə dedi, bunu nəbadə danışasız
indiki adamlara, kitablara.
Azdramaya!
qədim
zamanlarda
Bunu danışırdılar
Suya.
Quyuya.
Dodaqları çatlaq duaya.
Yaxud səmadakı aya.
Uzaqbaşı,
yeddisimli
sarı gitaraya.
Səmt
küləyi özü
səni aparacaq
uzaq yaşıl adaya.
Yaşayaq,
Ancaq mövzu vermədən
Hər cür kinoya.
Səhnəsi tozlu bizim
AZDRAMAYA.
Yaşayaq,
Heç
nəyi saxlamadan sonraya.
Brüsseldəki adaş
Atamla dostu Rəzi Qəvami,
Bir gün keçdilər bir növ uranın
zənginləşdirilməsinə...
Eyni ad verdilər öz övladlarına
Və sairə.
Fikirlərində
Bu cür qalxmalıydı Azdramadakı
Ağır pərdə
Nə vaxtsa biz Həmidlər görüşəndə...
Kimyəvi kolbaya bir zərrə əlavə
Və
Həyat
dönməliydi ağlamalı
filmə.
Qapanmalıydı nəhayətsiz bu
dairə.
Filmin qaçan hərflərində,
uzun titrlərində
Çevrilməliydi səhifə
Hissə-hissə.
Hətta
oriyental bir qız cariyə
Keçməliydi şirin ləhcəyə,
şivəyə...
Hadisələr qəfil axmalıydı
keçmişə,
Tam geriyə, Təbrizə.
Və sairə.
Razı
əmiylə tarixin əmriylə Qafar ağa sarınmalıydılar
Bir-birlərinə.
Bir gün gördüm aha... palçıq gölməçələrdən
bir başqa cür göründü
bizim şəhərin əksi.
Taksi gözləyirdi orda məni,
Qıpqırmızı taksi.
Küsülü bəxtim bu taksiyə mindi.
Əyləşdi.
Uzaq Brüsseldəki Həmid Qəvaminin qapısınadək
gəldi.
Basmaq istəsə də əvvəlcə zəngi...
Qəfil
palçıq gölməçədən
bir başqa cür danışdı meyvələrin bəhsi.
Qapıdakı rəqəmlər çox
nəhsdi.
Bədənim əsdi.
Bildim əbəsdi...
Dedim,
day bəsdi.
Axmaq o kəsdi
inanıb
ömrü boyu bax, bu dramatizmə,
Kimyəvi kolbada guya yaranacaq tam yeni maddəyə.
Və sairə.
Və şairə.
Və həyat dönmədi axırda
Filmə.
Döndü ancaq, dinlə,
eşit,
yalnız bu şerə.
O kəlağayı
Eh, mənim yaşıl, soğanı kəlağayım,
səni
bir gün dəmir mafəyə sancaqladım,
Küləkdə dalğalandırdım.
Dəmir
mafədə sakitliyini
görərkən,
Artdı
Bakı küləyinə
son etibarım.
Ancaq sən Bakı küləyini cilovlamağı
bacardın.
İndiyəcən qalıb paslı
yaddaşımda
Necə
atamla, qardaşımla,
anam da
bax, bu kəlağayı başında
Getdik
1966-da
Sankt-Peterburqa.
Püskinin dueldə öldüyu
yer
Dönüb olmuşdu "Çernaya
reçka" adlı
qəşəng otel...
Alnımdakı narahat qıvrım
tel
İlk dəfə orda məni oxşatdi şairə,
Hətta
göz vurdu orda mənə bir oriyental qız,
Cariyə,
Və sairə.
Səsləndi qulaqlarımda ilk qafiyə.
Çıxdım orda qardaşımla
duelə.
İlk görünməz güllə
orda ağrıtdı köksümü.
Şair
ölümünü, ömrünü
yaşadım, təkrarladım altı
yaşımda,
Bir də gördüm bu həyat kinoafişama
Anam baxır,
Bu kəlağayının ucları
isə,
tamam göz yaşlarındadır,
Tamam göz yaşlarında.
Sonra ötürdük dayanacaqdakı
sapsarı tramvayı.
Neva sularında əridi, itdi
Qış sarayı.
Unutduq
imperator Nikolayı.
İndi mafənə sancıram
o kəlağayını.
Dirilmə
"Qoy, bura tökdüyün
zibil
Ölənlərinin ehsanı olsun!
Qoy, təzə taxma dışlərim
Çənəmdə yaxşıca bir oturuşsun!
Lənətlərim lap öldürücü
olacaq!"
Kimdi?
Hansı
yerimdi?
Hansı
dissertasiyasız alimdi,
Radio
FM-di,
Hansı
ölümdü, hansı
filmdi,
Kor mexanizmdi,
Bu lənət dolu qraffitini köhnə Bakı divarına yazan?
Sonra azca fərqli incə hüsn-xətlə,
Azca ləzzətlə
öz diş həkiminin telefonunu
Bu lənətınə reklam
kimi artıran?
Kimdi o?
Deyirsiz,
müasir Dədəm
Qorquddu?
Yox, eyyy...
Yetim Mövluddu.
Bir də gördün, yediyi xəngəl qurutu
Unutdu!
Çayını tam soyutdu.
Son tikəni diri uddu...
Sonra hamını qorxutdu
Öz yalançı ani ölümüylə.
Qəfil
dirilib, qara kömürlə
Lənətlərini həkk etdi kirli divarlara.
Bir gün tiryəki artıq düşdü, necə deyərlər,
Doğrudan öldü.
Öləndə siqareti hələ
də tüstülüydü.
Restorandaydıq.
Sahibi, cümlələrinin axırını
yedi,
dedi, kəkələdi,
qorxa-qorxa,
Görəndə qapıya necə
yaxınlaşır
Qara
"Volqa":
"Aparın meyitini, burda qalmasın sizin sovxa!"
Müşahidə videokameralarını aldatmaqdan ötrü
Bildirmədik Mövlud ölüdü.
Əlləri çiynimizdə,
göz vura-vura bir-birimizə,
Mövludu da qoşub yalançı
söhbətimizə,
Çıxdıq restorandan.
Qəfil
Mövludu tanıyanlardan
Biri, salam verdi Mövluda...
Aktyor dramatizmi lazımdı burda,
Nəsə dedim burnumda.
Tər vardı, ey vücudumda,
Day ilişmədik itə-qurda.
Güvənib Mövludun cibindəki
xırda-mırdaya,
Mindik qara taksiyə.
Getdik bütün yolların əksinə, tam tərsinə.
Axır,
çiynini silkələdim.
Mövludu, tək onun eşidə biləcək
ahənglə səslədim:
"Ay yetim,
Dirildin?
Taksi pulunu indi necə,
mənmi ödəyim?"
Radiatorundakı su
Gördünmü, fotoşəklin köhnəlib,
Pasportundan öz-özünə ayrılıb, qopur.
Avtomobilinin radiatorundakı su
qaynayıb fontan vurur...
Əvvəl radiatorunu yox ...radionu susdur.
Get itbat kafedə otur,
Ordan özünə zəng vur.
Casusların, Faustların avtomobili
bu vaxt bir
kor dalana burulur,
öz məzarları üstə
gül-çiçək dəstələri
qoyur,
Plastik, burun əməliyyatlarından
keçıb,
köhnə barmaq izlərini
pozur.
Casusları, Faustları həmişə
öz məzarları
üstə görmək
olur.
Kölgəsinə barmağını tuşlayıb
qışqırırsan:
"Odur? Odur!"
Oxşarlığına əvvəl inanmayırsan, deyirsən:
Yoxxx ey... oğludur.
Hə...gördünmü, fotoşəklim
Pasportundan özü qopur,
Radiatorumdakı su fontan vurur...
Mən də o casuslar, Faustlar kimi
öz məzarım üstə gül çələngi
düzərdim,
O cür ölüb-dirilmək
istərdim.
Qoy hovuzda üzsün bir müddət köhnə, lüzumsuz cəsədim.
Polis şəxsiyyətimi müəyyənləşdirməsin.
Öz evimə əl fanarımla, məxfi qərarımla gırim,
Telefon, televizor, bilgisayar
Kodlarımı tez-bazar dəyişim.
Ən əsası, sevışim
Sarışın bir fotomodellə.
Etiraf edim: Sevdiyim kokteyli, qadın tipini bu gün
dəyişdin sən...
hə...
nəhayət, trendəyəm.
Kofe Amerikano istəyirsən?
Bazar günlərini keçirdəcəksənmi
Mənlə?
Səmimiydin "Səfir yaxın
dostumdu", deyəndə,
"Bəlkə sabah birlikdə nahar edək?"
Təklifində.
Aeroport yolundan ayrılıb
bahalı
qolf-kluba gedəndə
Özümə deyərdim
mən yetim:
Trendəyəm,
Trentdə.
Təzə sim-kart
Alacam özümə.
Qoy heç kim acımasın
Hovuzda üzən cansız cəsədimə.
Radiatorumdaki su
qızdırmayacaq bu dəfə
Düz bir həftə.
Şərikli çörək - demo versiya
1947-ci il dekabrın sonları.
Payına
düşən 200, 400 qr. çörəyi
O götürməmişdi.
Yeni
1948-ci ili, 31 dekabr da çörəksiz keçirmişdi.
Niyə?
Nəyə görə?
Nədən, hansı səbəbə?
200+400 qr.
halal çörək borcu
var qoca tarixin,
Bu qoca, tozlu arxivin,
Hər birinizin, hər ikinizin, hər itinizin
Dədəmə. Mənə.
Bu titrək iti çənəmə.
Sənədlər tam hazırdı...
Gedə
bilərəm
Uca haqq, Haaqa məhkəməsinə...
Kinonun davamı "Şərikli
çörək" filmində.
Əsl qəbzlər məndədir,
məndə.
Yaşayıram
Sənətin, həyatın bütün
demo versiyaları ilə
birgə.
Borcunuz
var dədəmə.
Tut ağacı, tut ağacı
Nikolaydanqalma köhnə Bakı...
Önündə
Nuhun yadigarı tut ağacı...
O tut özünü
arxasındakı köhnə binadan
ancaq bir baş uca
bilmiş,
göylərə, ancaq
bir azacıq uça bilmiş,
o tutu ancaq sərxoşlar qucaqlaya bilmiş
"Kleopatra" barından çıxdıqdan,
bir dəfə yıxıldıqdan
sonra.
O tut səni əvvəlcə aldadacaq,
özünü cənnət ağacına
oxşadacaq,
Səni
yerə yıxacaq,
Üzərindən əclaflar adlayacaq,
sonra səni ayıldacaq
qara divarda öz kölgəni,
Sanki özgəni
qəfildən gördüyün zaman...
Avara
"Jiquli"lərin zəif
işığıyla
nura boyanan
kirli divarlardan
o kölgəndir
sənə diqqətlə, heyrətlə
baxan...
Səni
tanımayan
həmin
bu an
divar dibinə sığınıb
limon satan
Lənkəran arvadlarına baxıb
fikirləşəcəksən:
"Sarı limonlar Lənkərandamı, ağacdamı,
yoxsa kasıbların ovcundamı
bitir?"
Bunu ancaq o tut ağacı,
Bu yolayrıcı,
arvadların ən qısqancı,
Fələk qırmancı bilir.
Nə yaxşı ki, o tut ağacı
Bu həyatımızın tam kənar
müşahidəçisidir,
qələmsiz tarixçisidir.
Tərcüməçisidir
budaqlarındakı boz sərçə...
Bircə
mənə desəydi
Nədir
son nəticə?
Blender
Həyatın blenderi,
Məni
diri-diri...
Doğradı iri-iri.
Xüsusən, təhlükəlidi
Əti sümükdən ayırmaq
hissəsi.
İncəlikləri.
Həyatda hamı çayı
qəndlə yox,
dərdlə içirdi.
Həyatda nə varsa,
Blenderdən keçməlidi, keçirilməlidi.
Bu, vacib, qaçınılmaz
şərtdi.
Bilirəm, çox sərtdi.
Qəlizdi qəssablarla bağladığımız
müqavilə maddələri.
Dözülməzdi iyi.
Ətri.
Arxiv sənədləri.
Misal üçün, Nizami Gəncəvinin kəlləsi
1939-da blenderdən keçdi.
840 illik yubileyində potoloqoanatom Gerasimova göndərildi.
Guya
yazdığı dua
atılmalıydı axar suya,
Bədəni salınmalıydı qara falaqqaya.
Sonra min bir hoqqayla...
Bəzi
gizlinlər o vaxt Belyayevin yazdığı
"Doktor Doulen kəlləsi"
əsərindədi.
Kəllə dirilməli,
NKVD-də dindirilməliydi!
Qorxutmalıydı Nizamini qonşu
otaqdan gələn
Blenderin
səsi.
Nizami Gəncəvi, bax, bu cür blenderdən
keçirildi.
Ayrıldı bədənindən kəlləsi.
Guya
Gerasimov bu kəlləyə
baxıb
Nizaminin
əsl simasını
bərpa etməliydi.
Gerasimov isə day geri
qaytarmadı o kəlləni.
Digər
məsələləri,
Özündə gizləyir
Aleksandr Belyayevin "Doktor Doulen kəlləsi" əsəri.
Ordadır cümlənin son feli.
Orda gizlətdilər bu blefi.
İşgəncələr vaxtı Gerasimov
götürürdü saç
fenini...
Açırdı Nizaminin sinəsini...
Basdılar belinə vergini.
Verdilər ona VÖEN-i,
Əzbərlətdilər nömrəni.
Hələ də geri qaytarılmayıb Nizaminin
kəlləsi.
Rusiyetdədi.
Həyatda nə varsa, həm də blefdi.
Bir gün WhatsAppda
Tərk
etdiyim ilk qadın
lal baxışlarını atdı
ardımca.
Sonrakı, bahalı alışqanını.
Sonrakı, dunyanın ən
ağır külqabısını.
Bir gün bunların hamısı bir fotomodeldə birləşdi,
Vardı
külqabısı... ağır
alışqanı,
Ağırdı həm də baxışları.
Üzü niqablı
bu gözəlin WhatsAppı
qoymurdu gecələr yatım.
Uzandı
bir az
bu sevgı xronometrajım.
Hərdən əşyalarına qorxa-qorxa
baxırdım.
Bir gün masasındakı tunc Budda heykəlində
yubandı baxışlarım.
Çəkisini yoxladım.
Cəld
çantama, çamadanıma
əl atdım.
Həmid HERİSÇİ
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, ¹30.- S.4-5.