Ölülərdən
etiraflar
Mən
onu dəli kimi sevirdim. Görən biz niyə sevirik? Bəyəm,
bu boyda dünyada bir tək varlığa köklənmək,
beynində onun fikrini, qəlbində təkcə ona qovuşma
arzusunu yaşatmaq qəribə deyilmi?! Dodaqlarınla təkcə
onun adını pıçıldamaq və bu adı qəlbinin
dərin qatlarında durmadan, eynilə bir bulaq kimi
çağlayaraq dilinə gətirmək, onu bir dua misalı
hər yerdə və hər zaman təkrarlamaq,
pıçıldamaq, təsdiqləmək bəyəm
normaldır ki?!
Onunla
aramızda olub-keçənlərdən indi sizə söz
etməyəcəyəm, çünki əslində
bütün eşq hekayətləri az-çox bir-birinə bənzəyir.
Onunla rastlaşdıq və mən onu sevdim. Bunca bəsit
alındı hər şey. Ömrümün tam bir ilini onun
ağuşunda, onun nəvazişi, danışığı
və baxışları arasında keçirdim. Ondan
aldığım zövqlər məni nə dərəcədə
çulğamış, nə dərəcədə əsir
eləmişdisə, mən diri, yoxsa ölü olduğumu,
Yer üzündə, yoxsa o biri dünyada olduğumu heç
cür ayırd edə bilmir, hətta hərdənbir gecəylə
gündüzü də qarışdırırdım.
Və bir
gün o... vəfat elədi. Amma necə? Hə, bax, bunun təfərrüatını
mən heç vaxt öyrənə bilməyəcəyəm.
Yağışlı
bir gündə evə döndüyü vaxt o, curumbul suyun
içində idi. Sabahı gün möhkəm öskürməyə
başladı. Bir həftə sərasər öskürəndən
sonra isə yatağa düşdü.
Bəs
sonra nə baş verdi? Bunu da mən heç vaxt öyrənə
bilməyəcəyəm.
Xəstəmin
üstünə çağırdığım həkimlər
cürbəcür dava-dərman yazıb, gedirdilər. Bəzən
isə özləriylə dərman da gətirirdilər və
xəstəyə baxan qadın, onları içsin deyə,
sevgilimi dilə tuturdu. Xəstənin əl-ayağı od
tutub yanırdı, alnı isə nəmli və sıcaq idi,
qüssə dolu gözləri işıldayırdı. Onu
dindirdiyimdə suallarımı cavablayırdı. Nə barədə
danışırdıq? Orasını heç
xatırlamıram. İndi hər şeyi, hər şeyi
unutmuşam! Onun keçindiyi anı isə tam dəqiqliyi ilə
xatırlayıram: sevgilimin son nəfəsi xəfif idi və
güclə sezilirdi. Ona baxan qadın: "Ah!" - deyə
qışqırmışdı da onda. Və mən hər
şeyi, yəni hər şeyin bitdiyini, anlamışdım!
Bunun
dışında mən heç nəyi dərk eləmirdim.
Hə, heç nəyi. Evə çağırılan
keşiş mərhumə barəsində
"aşnanız" deyimini işlətməklə, məncə,
sevgilimi aşağılamışdı. İndi
dünyasını dəyişdiyindən heç kimsə
sevdiyim qadın barədə bu tərzdə danışa bilməzdi
axı... Odur ki, onu qovdum, getdi. Sonra başqa, daha səmimi və
istiqanlı bir keşiş gəldi. Mərhumədən
söz etdiyi zaman mən, hətta kövrəlib, ağladım
da.
Tanış-biliş
məni elə hey dəfnlə bağlı sorğu-suala
tuturdu. İndi heç o sualları da xatırlamıram. Təkcə
tabutunun qapağı mismarlananda çəkicin
qopardığı səsdir xatirimdə ilişib-qalan...
İlahi pərvərdigara!
Sonra onu
torpağa gömüb, üstünü torpaqladılar. Onu
qaranlıq məzara rəva gördülər!
Tanışlarımız və rəfiqələri gəldilər.
Mən isə hamıdan gizləndim. Oradan baş
götürüb, qaçdım. Uzun-uzadı küçələrdə
veyilləndim. Sonra evə döndüm. Sabahı gün isə
səyahətə çıxdım.
Dünən
Parisə, yəni geri döndüm. Ondan, dünyadan
köçən birisindən geriyə qalan
otağımızı, öz yataq otağımızı,
çarpayımızı, mebelimizi təkrar
gördüyüm zaman içimi necə güclü bir qəhər
hissi bürüdüsə, az qaldım pəncərəni
açıb, özümü daşla döşənmiş
qaldırıma atım. Bir vaxtlar onu əhatə edən, ona həmdəm
olan bu divarlar, bu əşyalar arasında qalmağa artıq nə
gücüm yetirdi, nə də tabım-taqətim. Bu
divarlardakı gözəgörünməz çatlarda onun
varlığından, onun vücudundan, onun zərif nəfəsindən
xırda zərrəciklərin çöküb
qaldığını düşündükcə,
şlyapamı götürüb, birbaşa küçəyə
qaçmaq istədim.
Qapının
ağzında mən qəflətən böyük bir
güzgü ilə rastlaşdım: onu buraya vaxtilə mərhumə
qoymuşdu: axı hər dəfə evdən
çıxmamış aynada özünü
başdan-ayağa süzər, əyin-başında -
saç düzümündən tutmuş, ta çəkmələrinə
qədər hər şeyin öz qaydasında, yəni
gözoxşayan olub-olmadığını dönə-dönə yoxlayardı.
Vaxtilə
onu özündə əks etdirən bu güzgü
qarşısında indi özüm quruyub qalmışdım.
O, bu güzgüyə necə vaxtaşırı
baxırdısa, onun əksi də hər halda burada qorunub,
saxlanmalıydı.
Bədənimi
əsməcə bürüsə də, dayanıb gözlərimi
güzgüyə, bu səthi hamar, ardı isə bomboş
olan şüşəyə zilləmişdim indi. Bu bədənnüma
güzgü onun əksini bir vaxtlar özünə tam
sığdırar və eynilə mənim sevən gözlərim
qədər onlara heyran kəsilərdi. Odur ki, qəribə
bir nəvaziş duyduğum üçün bu şüşəyə
toxundum - o, buz qədər soyuq idi! Ah, xatirələr, xatirələr!
Bu qəmli güzgü, bu canlı, işıqlı və
qorxunc güzgü indi mənə sonsuz iztirablar bəxş
etməkdəydi. Ürəyi güzgü kimi olan, yəni
oradakı görüntüləri, yaşantıları
asanlıqla silə bilən adamlar necə də bəxtəvərmişlər!
Axı, güzgü də bir anlığa öz önündə
dayananı, önündən keçəni, ona
bağlananı, könül verəni tezliklə unudur?!. Əslində
isə bu - güzgünün məhz faciəsi
sayılmalıdır!
Hər
hansı istəyim, hər hansı planım olmadan mən evdən
çıxıb, məzarlığa yollandım. Orada
tapdığım sadə, üstündə mərmər
xaç ucalan başdaşında bu sözlər
yazılmışdı: "Sevdi, sevildi və
ömrünü sizlərə tapşırdı".
Sevgilim
burada, qara torpağın altında uyuyurdu. Yəqin artıq
çürüməyə də başlamışdı!
Dözülməz bir dəhşət idi bu! Üzüquylu
yerə uzanıb, hönkürdüm.
Uzun
müddət orada qaldım. Sonra havanın
qaraldığını sezdim. Həmin anlarda çarəsiz
bir aşiqin içini saracaq qəribə hisslərin əsirinə
çevrildim. Bu sonuncu gecəmi onun yanında, onun məzarının
başında ağlayaraq keçirmək qərarına gəldim.
Amma məni burada görsəydilər, məzarlıqdan
bayıra çıxaracaqdılar. Bəs onda neyləməli?
Bir biclik işlətdim. Ayağa qalxıb, bu ölülər
şəhərində dolaşmağa başladım. Durmadan
irəliləyirdim. Dirilər şəhəriylə
müqayisədə məzarlıq əcəb
kiçikmiş! Amma bununla belə, ölülər ordusunun
sayı-hesabı yox idi. Biz dirilərə isə, gör, nə
qədər yüksək bina, nə qədər küçə,
nə qədər ərazi gərəkdir! Dörd nəslin
nümayəndələrinin eyni vaxtda bu işıqlı
dünyada yaşaması, bulaqların suyunu,
üzümlüklərin şərabını, zəmilərin
taxılını nuş etmələri üçün
bütün o nemətlər vacibmiş! Amma insanoğlunun bu
dünyadan gəlib-keçmiş bütün nümayəndələrinin,
yəni indiyədək dünyasını dəyişənlərin
isə vur-tut, beşcə qarış torpağa ehtiyacı
var və başqa da... heç nəyə! Qara torpaq fasiləsiz
şəkildə hamını öz qoynuna alır,
unutqanlıq hissi isə onlarla bağlı son nişanələri
də silib, yox edir və məsələ... bitir!
Yeni məzarlığın
məhəccərinin o biri üzündə mən daha bir, həm
köhnə, həm də baxımsız məzarlıq
gördüm: orada uyuyanların nəinki cəsədləri,
hətta qəbirüstü xaçları da artıq
çürümüşdü və yəqin ki, burada
sabah-birigün yeni "sakinlər" dəfn olunacaqdı.
İtburnu kolları və tünd gövdəli, nəhəng
sərv ağaclarıyla doluydu ora. İnsan cəsədlərinin
gömüldüyü bu sıx ağaclıq adama hədsiz bədbin
hisslər aşılayırdı.
Yalnız
idim, tamamilə yalnız. Uca bir ağaca dırmaşıb,
onun qaranlıq və sıx budaqları arasında gizləndim.
Ağacın gövdəsindən yapışıb gözlədiyim
vaxt batan gəminin dor ağacından yapışan çarəsiz
birisinə bənzəyirdim.
Gecənin
zülməti ətrafı bürüyüncə, öz
sığınacağımı tərk elədim.
Ölülərin yuxusuna haram qatmamaq üçün
ağır və səssiz addımlarla yola düzəldim.
Uzun-uzadı
dolaşsam da, sevgilimin məzarını tapa bilmədim.
Gözlərimi geniş açıb, əllərimi irəli
uzatmaqla məzarlara həm əlim, həm ayağımla, həm
dizim, həm sinəmlə, hətta bəzən başımla
toxunurdum mən. Durmadan irəliləsəm də, məzarı
heç cür tapa bilmirdim. Korlarınkı kimi havada
dolaşan əllərim başdaşlarıyla, xaçlarla,
metal məhəccərlərlə, plastik əklillərlə
və təbii əklillərdəki solğun çiçəklərlə
təmas qururdu. Barmaqlarımın ucunu hərflər üzərində
gəzdirməklə, sözləri höccələyirdim. Necə
qatı və necə kor gecəydisə, məzarı
heç cür tapa bilmirdim!
Ay da qeybə
çəkilmişdi. Heçcə nə
görünmürdü! Məzarlar arasındakı dar
cığırla irəliləyərkən içimə
üzücü, dözülməz təlaş hissi dolurdu. Məzarlar,
məzarlar, məzarlar! Hər yer məzar idi burada!
Sağım, solum, önüm, ardım - hər tərəf məzar
idi! İrəliləməyə taqətim
qalmadığından və ayaqlarım dizdən
büküldüyündən bir sinədaşının
üstünə çökməyə məcbur oldum. Ürəyimin
döyüntüsü aşkar eşidilirdi. Daha nə isə
bir səs var idi çevrədə! Amma nə? Bu,
anlaşılmaz, qarışıq bir səs
yığını idi. Bəlkə bu uğultu mənim
havalanmağa başlayan beynimdə peyda olmuşdu? Yoxsa bu səs
ətrafa çökən gözdeşən zülmətin
qoynundan və ya insan cəsədlərini bir beşik
misalı bətnində uyudan torpağın alt qatlarından
yüksəlirdi?! Ətrafıma aramsız göz gəzdirirdim.
Görəsən,
orada nə qədər oturmuşdum? Bunu haradan biləydim?!
Qorxu və dəhşətdən az qala ağlımı itirəcəkdim,
əcəlimin lap yaxınlaşdığını hiss
etdiyim üçün isə, hətta bağırmağa da
hazırlaşırdım.
Birdən
mənə elə gəldi ki, altımdakı mərmər
lövhə xəfifcə dəbərməyə
başladı. Həqiqətən də, bu, beləydi: sanki
onu altdan kim isə qaldırırdı. Bir sıçramaqla mən
özümü qonşu sinədaşının üzərinə
atdım və oradan baxınca gördüm ki, bayaqdan üzərində
uzandığım sinədaşı dikəldi və onun
altından çıxan ağappaq skelet öz əyilmiş qəddiylə
bu daşı bir kənara atdı. Gecə hər nə qədər
zülmət olsa da, mən bu səhnəni aşkar şəkildə
gördüm. O məzarın xaçında bu sözlər
yazılmışdı: "Burada əlli bir yaşında
dünyadan köçən Jan Olivan uyuyur.
Yaxınlarını sevən, dürüst və xeyirxah biri
kimi tanınan bu kişi fani dünyadan rahatcana
köçdü".
Skelet
öz başdaşında yazılan mətni oxudu, sonra
cığır üstə tapdığı sivri bir daşla
o yazıları qazımağa başladı. Bu işi
böyük səbirlə gördüyü vaxt o, qaralan
göz boşluqlarını xaçın orta hissəsindən
əsla ayırmırdı. Sonra skelet özünün
sırf sümüklərdən ibarət barmağıyla
orada bir yığın hərf cızdı. Yazılan bu hərflər,
eynilə şüşə səth üstə fosforlu kibritlə
yazılan işarətlər kimi çevrəyə
işıq saçırdılar:
"Burada
uyuyan Jak Olivan əlli bir yaşında dünyadan
köçüb. Mirasa duyduğu acgözlük ucbatından
o, atasının bağrını çatlatdı,
xanımına gün vermədi, balalarını
döyüb-incitdi, qonşularına isə kələk gəldi.
Gözünə dəyən hər şeyi
oğurladığı üçün ta öldüyü
günə qədər hamının dərin nifrətini
qazandı".
Yazısına
ara verən skelet hərəkətsiz durub, mətnə göz
gəzdirdi. Bu ara mən bütün qəbirlərin
açıldığını və oradan dışarı
çıxan skeletlərin öz qohumları tərəfindən
başdaşlarına yazılan saxta sözləri sildiklərinə
və əsl həqiqəti bərpa etdiklərinə şahid
oldum.
Bəlli
oldu ki, onların hamısı öz doğmalarına
qarşı qəddar, yaramaz, ikiüzlü, paxıl, saxtakar və
fırıldaqçı kimi davranıblar, hamıya böhtan
atıblar, başlarını aldatmaqla onları
soyub-talayıblar, hər kəsə qarşı ən ləyaqətsiz
və bağışlanmaz hərəkətlərə yol
veriblər. Halbuki bütün bu sevən atalar, sadiq ər-arvadlar,
dəyanətli oğullar, bəkarətli qızlar, insaflı
tacirlər, bütün bu kişilər və qadınlar
sağlıqlarında özlərini hamıya xeyirxah insanlar
kimi tanıdırmışlar.
İlahi
dərgahın eşiyində olan bu ölülər həyatdakı
insanların özləri haqda bilmədikləri, yaxud bilib də,
bilməzlikdən gəldikləri qorxunc, amansız və
müqəddəs həqiqətləri indi birbəbir öz məzar
daşlarına həkk etməkdəydilər.
Ona
görə düşündüm ki, yəqin sevgilim də
özü barədə gizli gerçəyi indi
başdaşına yazmış olar. Odur ki, heç bir
qorxu-hürküyə qapılmadan çuxurtək qaralan
boş məzarların, skeletlərin, cəsədlərin
arasıyla qaçmağa başladım, həm də artıq
inanırdım ki, sevgilimin qəbrini çətinlik çəkmədən
tapacağam.
Üzü
kəfənlə örtülü olsa da, mən sevgilimi xeyli
uzaqdan tanıdım.
Onun mərmər
başdaşında az öncə: "O, sevdi, sevildi və
dünyadan köçdü" sözləri
yazıldığı halda, indi: "Yağışlı
bir gündə öz aşiqinə xəyanət etmək
üçün evdən çıxan bu qadın sətəlcəmə
tutularaq, vəfat eləyib" sözlərini oxudum.
Deyilənlərə
görə, sübh çağı ziyarətçilər məni
hansısa məzarın yanında bayılmış halda
tapmışdılar...
Gi de
MOPASSAN
Dilimizə
çevirdi: Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, №30.- S.6-7.