Şuşanın gecələri
Nyu-York dinamik,
Londonun bayramlı,
Romanın bədii əsəri
təsvir edən,
Parisin işıqlı,
Pekinin bir filmin adı
ola bilən,
Təbrizin cazibəli,
Bakının işıq selli,
Şuşanın sehrli...
Fərqli
şəhərlərin fərqli
gecələri.
Şəhərlərin gecələri adamları kimidi.
Şuşa həsrətli qonaqlarını
ev-ev, qapı-qapı salamlayır. Pəncərələr
gülərək qucaq
açır. Bu şəhərin
təbəssümündə doğmalaşırsan. Bu, ayrı
bir sevgidi. Adamların, küçələrin,
binaların... - Şuşanın
sevgisidi. Hamının
üzünə Şuşadan,
onun təbiətindən
doğan xüsusi bir təbəssüm doğur.
Şuşanın sehrli gecələri
qonaqlarını da özünə
oxşadır, öz halına salır, əhvalını dəyişir,
ovqatına kökləyir.
İstəsən də
ordan çıxa bilmirsən. O gecə şuşalı olursan. Şuşalısan. Ruhlar aləmindəsən...
Şuşanın sakit gecələrində
adam özü ilə baş-başa qalır. Ayla salamlaşır.
Ruhuyla söhbətləşir.
Şuşanın gecələri
gündüzündən daha
əsrarəngizdi. Sirlidi,
möcüzəlidi. Yuxu
üçün yumulmaq
istəməyən göz
qaranlığa süzülən
işıqda nələrsə
görür. Sən Şuşa gecələrində
tək deyilsən. Səninlə danışan,
sözünə şirinlik
qatan, fikrini oxuyan gözəgörünməz
bir baxış var, o səni görür, duyur, anlayır. Çoxdan, lap çoxdan tanıdığın adam
kimi.
Gecə
dərədən əsən
meh xəyalları sığallayır,
xatirələri çözələyir.
Burda gecənin sükutunda səni özünə çəkən, haraylayan
çox sevdiyin bir səs var - eşitmək istədiyin səs. Eyvanda oturub, ya pəncərə
önündə dayanıb,
o səsin axarına düşüb çox uzaqlara gedirsən. O səs səni heç kəsin olmadığı bir aləmə aparır. Bilirsən ki, yolboyu həmdəmin gecələr
sənə nələrsə
danışacaq...
Şuşanın gecələri yatmaq
üçün deyil,
gecəni görmək,
gecəni yaşamaq üçündü. Şuşanın
gecələri gecənin
halını anlamaq, bilmək, sükutuna sükut qatıb dinşəmək, gecəni
dinləmək üçündü.
Gündüz gördüklərini
gecəylə bölüşmək,
gecənin niyə, nə üçün olduğunu başa düşmək üçündü.
Şuşa gecələri
gecəni sevənlər,
duyulanlar üçündü.
Şuşanın gecələrində sən özündə deyilsən. Şuşanın
gecələrində sən
darıxmırsan.
Şuşanın gecələrində gecənin əsirisən. Gecə əlini-qolunu bağlayıb aparır səni... sən də könüllü əsir kimi boynunu büküb düşünürsən gecənin
dalınca. Hara apardığı
fərq etməz, təki səni o sirli-sehrli gecə aparsın. Özündə
olmayasan, unudasan hər şeyi özün qarışıq.
Bu səssiz gecələr qəlbinin pıçıltılarını
duyur, halını danışan baxışları
oxuyur. Özündə
olmayan adam özündən başqa
görmək istədikləri
hər şeyi görür bu gecələrdə.
Şuşanın gecələrində adama ancaq sehrdən
doğan, sənə sakitlik, rahatlıq gətirən şeylər
görünür. Yaşadıqlarına
sevinirsən. Bu uzaq aləmin cazibəsi səni dəyişdirir. Ruhun qarışıq daxili aləmin də dəyişir. Rahatlandıqca səhərə
fərqli, cilalanmış
brilyant kimi çıxırsan. Parpar
parıldayırsan. Nağıllardan
doğulmuş kimi.
Şuşanın gecələri məqamın
zirvəsidir.
Şuşanın gecələrində yatmağı özünə
günah bilirsən.
Sən burda illərin gündüz yorğunluğunu
bir gecədə çıxarırsan. Ruhun
təzələnir. Saflaşırsan.
Şuşada adamın səsi
açılır, sözü
pərvazlanır. Hamı
oxumaq istəyir. Kimi ucadan, kimi pəsdən
zümzümə edərək.
Burda səsinə səs verən mütləq tapılacaq.
Şuşa ovqatını dəyişən,
sənə sevinc bəxş edən, səni unutdurub sonradan özünə qaytaran gecələri sehrli şəhərdi, doğma yurddu.
Burda gecənin havası könlünü oxşayan
muğam kimidi. Çünki burda hər şey muğam köklüdü,
muğam havalıdı.
Şuşada ağacın yarpaqları
da meh sədası altında
aram-aram zəngulə
vurur.
Şuşada nə varsa, özününküdü, özünə
məxsusdur.
Şuşa möcüzələrlə doludur.
Döşəmə daşlar qeydiyyata alırmış
kimi qonağın addımına möhür
vurur. Burda olduğun yerləri gözünə köçürürsən.
Qaya şəklini çəkdiyini bildiyindən
özünə düzən
verir, ağaclar qamətin düzəldir. Çünki bura Şuşadı.
Sonuncu dəfə Şuşada nə vaxt olduğunu
unutsan, o sənə mütləq hansısa əlamətləsə xatırladacaq.
Şuşanın gecələri gündüzündən
də gözəldi. Ruhların qovuşacağında
dincəlirsən.
Ruhunla bölüşə, ruhlarla
danışa, axtardığını
tapa, özünlə barışa
bilirsən.
Şuşa sevənlərin şəhəridi.
Gecəsi nağıllar
aləmi olan Şuşa olanların, olacaqların... gözəllikdən
doymayanların şəhəridi
- sənin, mənim, bizim, hamımızın. Gecəsinə darıxdığımız,
gündüzünə sevindiyimiz
gözəl Şuşa
adama oxumaq ruhu verdiyi kimi,
yazmaq ruhu da verir.
Şuşanın gecələri
Qonağa
gəl-gəl eyləyən,
Qaranlığa əl yelləyən,
Gecəsi
yuxunu yeyən,
Görənlərin gecəsidi
Şuşamızın gecələri!
Zülməti gözlə itirən,
Yekunu sözlə bitirən,
Tənhaya həmdəm yetirən,
Bilənlərin gecəsidi.
Gecədən ağrı götürən,
Arzuya arzu gətirən,
Sükutu
səslə ötürən
Sevənlərin gecəsidi.
Dərdlərini dərdi sayan,
Ruhuna ruhunu yayan,
"Gecəmdən getmə, dayan!" -
deyənlərin gecəsidi.
Gördüyünü danışanın,
Baxıb-baxıb alışanın,
Susmağıyla yarışanın,
Bölənlərin gecəsidi.
Səslərə səsin qatanın,
Tarixə
sözün atanın,
Sabaha gedib çatanın,
Ərənlərin gecəsidi
Şuşamızın gecələri!
23.07.2025
Rəfail TAĞIZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, №30.- S.7.