Saraçlıdan ulu Turana...
Dəyanət Osmanlının poeziyası
Saraçlı torpağının
nəfəsindən başlayır,
Borçalı yaddaşından,
mədəniyyət iqlimindən
süzülür, bütün
Azərbaycan hissiyatına
körpü salır və Türk-Turan ülküsünə qoşulur.
Osmanlının şeirləri ilkinlikdə
Saraçlı elinin bərəkətli torpaqlarında
yoğrulub, doğulub.
Hər sözdə o yerin torpağının qoxusu, ocağının istisi duyulur. Doğulduğu ocaq onun milli kimliyinin qaynağıdır.
Ata yurdum sizə bəlli,
Borçalının Saraçlı köyündə
Osman əfəndinin
ocağında doğuldum.
O ocağın tüstüsü
ilk aldığım nəfəsdi
və hər sabah dua edirəm,
son çıxan nəfəsim
olsun.
Bu torpaq - Saraçlı - öz enerjisi, nəfəsi ilə onun üçün sadəcə doğulduğu
yer deyil, həm də yaradıcılıq nəfəsinin,
ruhi gücün ilk qaynağıdır.
Ömrün altmışına gəlmiş
şairin "Borçalı
marşı"nda ifadə
etdiyi ruhsallığa
diqqət edək:
Gökbörülər çalası
Oğuz
soylu Borçalı.
Qaysaq tutub yarası,
hökmü ulu Borçalı.
Bu bəndin yer aldığı marşda
Dəyanət Osmanlı
Borçalının ruhunu,
eləcə də igidə qardaş dağlarının, dağa
yoldaş igidlərinin
əzəmətini, o torpağın
qurtuluşu uğrunda
çəkilən əziyyətləri,
mücadilələri çağdaş
epik-poetik tərzdə
simvollaşdırıb.
"Xankəndi Dirəniş marşı"nda isə
əsl yurd mücadiləçisi ruhunun
obrazı var və şair qəsbçini tutduğu işğalçı
yoldan çəkinməyə
səsləyir:
Eeyy qəsbçi, çək
ordunu,
yolum üstündə durma!
Türkün halal yuvasını
boş qafanla qurcalama!
Və ardınca tarixin dərslərindən, işğalın,
təcavüzün son aqibətindən
düşməni xəbərdar
edir:
Atam yatan kutsal torpaq
neçə xain canlar yaxıb.
Üzü qızıl qanlı
bayraq
neçə soysuz taxtı yıxıb.
Burada Vətənin qutsallığı,
Qarabağda ağüzlü,
Ayüzlü və qurdağızlı savaşımız,
"halal yuva"nı, "kutsal torpağ"ı qorumaq əzmi - bütün çağırışların
hamısı ulusa ünvanlanmış bir qürur tribunasıdır.
İlgincdir - şair marşlarında da, tribunada
da tribunluq eləmir, pafosun poeziyanı üstələməsinə yol
vermir və illa öz şairliyində
qalır. Sanki o tribunada
olarkən də əlində qələm və ağ kağız tutur...
Şairin
poeziya dili çox sadə bir türkçə ilə süslənib, bəzən poetika publisistik ritm ilə altun arna kimi çulğaşır.
Ulu türk ulusunun ortaq kökünə boylanan, bütün Türk dünyasını
özünə doğma
sayan baxışı
Osmanlının yaradıcılığında
açıq-aydın görünür.
Budur, "Bozkurtlar marşı"na qulaq - daha doğrusu, könül verək:
Türk
halkının simgesi,
Bozkurtun
mutlu sesi
sonsuzadek
var olsun!
Yaxud:
Türklerin kardeşliği
düşmanı bitirecek.
Türk
Devletler Birliği
Turan'ı getirecek.
Burada həm coğrafi genişlik, həm ideoloji hədəf - Türk Dövlətləri
Birliyi, Turan şairin könlündə
apaydın bir ülküdür. Bəli,
Turan ülküsü
bizimçün yalnız
us (ağıl), beyin hadisəsi yox, bəlkə ondan da irəli sevdadır, könül işidir.
Və türklük marşında
olduğu kimi:
Od içində yatıb-durduq,
köz götürdü gözümüz,
biz qəhrdən ibrət aldıq,
qəzadan
miras ismimiz.
Dəyanət Osmanlının yaradıcılığı
çoxvektorlu, çoxplanlıdır
və o, təkcə şeir yazmır, şeirin obrazını yaradır, onu həm də idealları kimi missiyalandırır.
Onun marşları simvolikasına,
tipologiyasına epopeyalar,
milli missiyalı çağırışlardır.
Onlar oxucuya qürur, milli kökə bağlılıq, milli mücadilə
işində ruh yüksəkliyi, əzmkarlıq
ruhu aşılamaqla müəllifə bir publisist, esseist kimi də strateji
güc verir. Şeir və publisistika ruhu burada bir-birini tamamlayır və müəllifi milli-mənəvi
duruşun nümayəndəsinə
çevirir.
Bəli,
şair altmışıncı
baharını qeyd edir, həm də "Salam, Günbatan!.."
- deyərək:
Salam, Günbatan!..
Budur,
səsdən hızlı qatar
gündoğardan alıb məni,
tutub günbatan yolunu,
bir yıldız axışıyla
fit çalıb keçdi durmadan
60 nömrəli istasyonu.
Qatarın odasında
mənlə üz-üzə
susqun dayanmış
səbrsiz anılar,
bəkçi ümidlər,
qəfil
sürprizlər...
Pəncərədən güz alması kimi
çox
dadlı görünür
həyat.
Mən hansı yüklə,
hansı
ildə,
harda düşərəm,
düzünü tək Tanrı
bilər...
Qutlu olsun!
O, 60 illik ömrü ilə - doğulduğu Saraçlı elinə, ağrısını çəkdiyi
"Vətənin uzağı,
yaxını yoxdur"
- deyə səsləndirdiyi
Bütöv Can Azərbaycan
çağırışına, qoruduğu Türk-Turan ülküsünə bağlıdır.
Onun yaradıcılığı
bu istiqamətləri üzvi surətdə birləşdirən körpüdür.
Osmanlının yaratdığı
marşlar da təkcə
söz deyil, zamanın və ulusun ulu ruhuna çağdaş ismarıclardır.
Atam yatan kutsal torpaq
neçə xain canlar yaxıb.
Üzü qızıl qanlı
bayraq
neçə soysuz taxtı yıxıb...
Tanrı
türkə yar olu,
Türk
qurtarar acunu!..
Əkbər QOŞALI
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, ¹30.- S.9.