Susmaz vicdanın səsi
"Vicdan susanda" romanı Vidadi Babanlının qələmindən
təsadüfən çıxmamışdı.
Mən də onu müəllifinə daha çox məşhurluq gətirən
həmin romana görə tanımışam.
Həmin romanın müəllifi yaxşı
bilirdi ki, bütün
fənalıqlar və
faciələr insanın
vicdanı susanda başlayır. Ona görə
də danışan yazıçının özü
deyildi. Onun da özündən qabaq danışan vicdanıydı.
Sərtliyi vardı.
Özünün Mehdi Hüseyn haqda
dediyi bir fikir dübbədüz öz boyuna biçili haldaydı:
"Onun sərtliyi yalnız ədəbi məsələlərlə bağlıydı".
***
Deyilənə görə, Pablo Neruda öləndə deyib ki,
"Məni sözdə
dəfn edin". Əziz Nesin ölməzdən əvvəl
vəsiyyət edib ki,
"Məndən qələm
qayırın!" Əli
Kərimin vəsiyyətinə
əsasən, qəbrinə
dəftər, qələm
qoyublar. Aşıq Ədalət istəyirmiş
ki, dünyasını dəyişəndə
özüylə bahəm
Qara sazını da yanında dəfn etsinlər.
Oxucular yəqin yaxşı xatırlayırlar ki, Taras
Şevçenko "Vəsiyyət"
şeirində Dneprin sahilində hündür bir təpədə dəfn olunmağını
istəyib ki, ordan baxanda bütün Ukraynanı görə bilsin.
Yazıçı Vidadi Babanlı
da sağlığında vəsiyyət
etmişdi: "Məni
Qazaxda Birinci Şıxlı kəndində
əjdadlarım yatdıqları
"Gəmiqayası qəbiristanlı"ğında
dəfn edərsiniz".
Onun bu vəsiyyəti yerinə yetirildi. 2025-ci il
avqustun 17-də dediyi yerdə dəfn edildi.
***
Kimlərsə deyə bilər
ki, öləndən sonra
nə mənası harda yatmağın - əbədi uyumağa başlamağın.
Var, əfəndilər, var!
"Ədəbiyyat - dünyanın,
həyatın, insanın
mənasına çatmaq
yoludur!" (A.Ata)
Mənasız görünən nəyinsə
də hökmən mənası var. Yoxsa onda "Allah! Allah! Bu mənasız
dünyadakı məna
nədir?" qənaətinə
Xalq şairi N.Həsənzadə hardan və necə gələ bilərdi.
***
"Gəmiqayası qəbiristanlığı"
böyük bir sənətkarı da öz
doğma qoynuna basdı. Ancaq qəbir kimi yox, qəbir boyda gəmi kimi.
Bu qəbiristanlıq Şıxlı
camaatını Kürün
bu tayından o tayına - Qarayazı meşəsinə keçirən
köhnə keçidin
yanındadır. Bu qəbiristanlıqda
uyuyanlar vaxtilə istədiyi vaxt bu keçiddə işlək halda olan gəmiyə - Gəmiqayaya əyləşib,
gah o taya, gah bu taya keçərmişlər.
İndən sonra 99 yaşlı yazıçının
qəbri də "gəmi" olaraq bu keçiddə öz funksiyasını yerinə yetirəcək...
***
Yaşamaq istəyən üçün
torpağın üstü
də, altı da yaşamaq yeridir. Bunu Xalq şairi
Hüseyn Arif poetik şəkildə daha yaxşı ifadə etmişdir:
Ömür var, torpağın üstə
gül kimi,
Ömür var, torpağın altda
yaşayır.
***
Vidadi Babanlı kimi yazıçılar haqqında
düşünəndə yadıma 100-dən çox
yaşı olan bir azman Ağacın
qəfil bir tufandan sonra necə yıxıldığı
düşür. Ona bir
şeir yazmışdım,
demişdim:
Sinəsindən dəysin nakişilərin,
Atın,
düzgün atın lənət oxunu!
Kişi
adamlartək ömür
eyləyib,
Yıxılan Ağaca rəhmət
oxuyun!
Bəlkə o Ağac da Vidadi
Babanlıydı? Ağac
cildindəki yazıçımızdı?!
Öldü, getdi. Ağac bilməyin yalnız onu. O da yıxılacağını hiss etdikdə hansı vəsiyyəti etmişdi görəsən, Allah?!
Kim bilməsə də, mən yaxşı bilirəm. O Ağac yıxılmazdan əvvəl
vəsiyyət etmişdi
ki: "Yıxıldığımı Vidadiyə deməyin! Mənə nə olur-olsun, ona heç nə olmasın!"
Sənə qurban, Azərbaycanım!
Ürəyinə, eşqinə qurban
adamlarının da, ağaclarının
da!
P.S. Yazıçı V.Babanlının dəfnində
bir Ağac Adam da gördüm.
Yox, gözüm alacalanmamışdı!
Oydu - yazıçı Ağacdı.
Yazıçı qardaşının cənazəsinin
altına çiynini
o da vermişdi...
21 avqust 2025-ci il
Barat
VÜSAL
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, №30.- S.12.