"Sən Fəhmini heç kəslə bölmə..."
Yazıçı-dramaturq dostum İlqar Fəhminin
50 yaşına sözardı
Əziz
İlqar!
1975-ci il avqustun 18-dən aylar ötüb, illər kecib, onillər adlayıb... Və həmin isti avqust günü ciddi, sakit, çox
bilən, amma az danışan, bir sözlə, səciyyəvi bakılı
xarakterinə malik Əlabbas kişinin ailəsində dünyaya gələn oğlanın,
yəni sənin 50 yaşın bir neçə gün öncə tamam oldu. Tam yarım əsr! Tarixdən danışanda 50 il niyə
bizə belə uzun gəlir, amma söhbət ömürdən gedəndə
bir latış rəvayətində olduğu
kimi, "bu nədir ki?" deyirik?
Batılılardan, tutaq ki, Balzakdan tutmuş bizimkilərə, məsələn,
Çingiz Abdullayevə
qədər yazarlar valideynlərinin təhriki,
yaxud taleyin hökmüylə daha çox hüquqşünaslıq
fakültəsində - öz
məcəlləvi pedant səciyyəsi
ilə bədii fikrin antipodu olan sahədə təhsil alır, sonra bu maneəni
aşıb ədəbiyyata
gəlir, bir növ, Yusif kimi Misirdə sultan olmazdan öncə quyuya salınır, yaxud zindan əzabı
çəkirlər. Olsun
ki, qissələrin ən
gözəli ilə bağlı metaforam elə də uğurlu deyil, amma ən ümumi
götürəndə, sənə
də eyni tale qismət olub. Sən də o quyuya düşmüsən,
o zindandan keçmisən.
Sən də de yure Bakı Dövlət Universitetinin hüquq fakültəsində
təhsil alsan da, de fakto yazıçılığı
seçmisən - istintaqı
romanlarında aparmış,
ittihamları povestlərində
irəli sürmüş,
sanksiyanı hekayələrində
vermiş, hökmü
pyeslərində çıxarmış,
əfvi şeirlərin,
amnistiyanı ssenarilərində
elan eləmisən. Ya vəlvələ, ya zəlzələdən, teatr
mühitində təklənmək
təhlükəsi ilə
üz-üzə qalan
rejissor Mehriban Ələkbərzadə
haqqındakı son məqaləndə
isə bir cəngavər ehtirası ilə irəli atılaraq, vəkilliyin də parlaq örnəyini göstərdin
və İlqar Fəhmini başqa, fərqli rakursdan da görə bildik.
Bilmirəm, təsadüf, ya
nədir, 50 illik
yubileyin ərəfəsi
və yubileyindən dərhal sonra mədəniyyətimizə ardıcıl
itkilər üz verdi - Muğam festivalının münsiflər
heyətində birlikdə
olduğun Arif Babayev, dramaturgiyada gəlib yetdiyin Elçin, belletrist nəsrdə
ötdüyün Vidadi
Babanlı, şeirdə ayrı-ayrı
yollarla getdiyiniz Məmməd İsmayıl
dünyalarını dəyişdilər
və elə bil, bununla öz
görəvlərini də
sənin çiyninə
yüklədilər, ya
da sən bu yükü özün çoxdan öz üzərinə götürmüşdün. Sən
dünyaya gələn
il - 1975-ci ildə dünyasını
dəyişən ünlü
divan ədəbiyyatı bilicisi
Əli Fəhminin təxəllüsünü götürməklə
həm də onun missiyasını da götürdüyün kimi.
Səninlə Mədəniyyət
kanalında "Məclisi-üns"
musiqili klassik ədəbiyyat proqramında
çıxış etdiyim
vaxtlar harda düşürdüsə, elə
hey "İlqar Fəhmi
Əli Fəhminin oğludur?" deyə məndən soruşurdular.
"Yox, İlqar divan
poeziyası bilicisi kimi Əli Fəhminin
sadəcə mənəvi
varisidir" deyirdim.
Bu dəfə "Bəs,
necə olub ki, Fəhmi təxəllüsünü
götürüb?" sualını
verirdilər. "Bu təxəllüsü
İlqara üzvü olduğu ədəbi məclisin başçısı
Ələmdar Mahir verib, madam ki, Əli Fəhminin vəfat etdiyi il doğulmusan, onun təxəllüsünü
götür və yolunu davam elətdir
deyib" deyirdim. Sonrakı olaylar göstərdi ki, rəhmətlik
Ələmdar müəllim
öz uzaqgörənliyində yanılmayıb.
Sən nəyinsə sonu, nəyinsə başlanğıcı arasında
bir körpüsən.
Yəqin buna görə
vaxtilə mənim baş redaktoru olduğum "Körpü"
jurnalının əsas
müəlliflərindən biri idin. Amma körpü olmaq missiyası təkcə Ustadın yox, həm
də onun dili ilə sözün,
ədəbiyyatın, zamanın,
klassikanın, müasirliyin,
bir sözlə, taleyin sənə etimadı idi və sən bu etimadı təxminən, 30 illik məhsuldar, hərtərəfli
ədəbi-bədii fəaliyyətinlə
gözləniləndən də
qat-qat artıq doğrultmusan!
Mirzə Fətəli
demişkən, əhsən
sənə, ey Əlazikrihissəlam!
Sən,
təxminən, on il Azərbaycan
Yazıçılar Birliyinin
"Ulduz" jurnalında
poeziya şöbəsinə
başçılıq eləmisən, on ildən
artıqdır ki, AYB-nin
bölgələrlə iş üzrə katibisən,
Respublika Muğam Festivalı
münsiflər heyətinin
öncə üzvü, hazırda başçısısan.
İllər boyu sənin aparıcılıq elədiyin
"Məclisi-üns" teleproqramına
çıxmış, Şamaxı,
Şuşa, Laçın,
Ağdaş və digər bölgələrə
səninlə birlikdə
işgüzar səfərlərdə
olmuşam. Amma nə qədər eləsəm də, səni ilk dəfə necə, harda gördüyümü
xatırlaya bilmirəm.
Çünki sən başqasının yaddaşına,
xatirəsinə, düşüncəsinə
birdən-birə, hay-küylə,
qəfildən, dəqiq
ayı, günü, saatı ilə girən
adamlar zümrəsinə
aid deyilsən. Dumanlı Albinosun yağmurunda hiss olunmadan islandığın kimi, yavaş-yavaş, fərqinə
varmadan bir də görürsən
ki, İlqar adlı bir tanışın, fikirdaşın, həmsöhbətin,
heç kimə deyə bilməyəcəyin
sorunları bölüşə
biləcəyin dostun
var. Başqalarının şöhrət,
karyera qazanmaq üçün min bir oyun çıxardığı,
yuxarıları iylədiyi,
aşağıları küylədiyi
bir zamanda sən ədəbiyyata da özünəməxsus əxlaq
və tərbiyə, ədəb-ərkanla, hər
cür yerə-göyə
sığmayan böyük
iddialardan uzaq, sakit tövrlə gəlmisən, amma bir an belə sənətini unutmadan, gecəni gündüzünə
qataraq, hətta özünü fəda eləyərək.
Bir də hamı görüb ki, müstəqillik
dövrü ədəbiyyatının
simasını müəyyən
edənlər arasında
İlqar Fəhmi imzası var: və o, "Sənli sözüm gəldi sənə", "Ölüm
gözəldi, yoxsa sən", "Yenə də qəzəllər"
şeir kitablarıyla
klassik qəzəl şeirinin ən səciyyəvi modernizatorudur;
"Koroğlu" dastanı
motivləri əsasında
yazdığı, Həmzəni
baş qəhrəmana çevirdiyi
və bununla da bu gün dünyada
aslanların öz yerini tülkülərə,
koroğluların həmzələrə
verdiyinə işarə
etdiyi "Çənlibel
tülküsü" roman-trilogiyasıyla bədii nəsrimizdə postmodernist dekonstruksiyanın
ən tipik iki nümayəndəsindən
biridir; yeni dramaturq və ssenarist imzası sorununu çözən pyeslər
və ssenarilər müəllifi, "Müsibəti-Fəxrəddin-2011"
pyesi ilə neomaarifçiliyin qaranquşudur;
özündən sonra
neçə-neçə ardıcıl
yetişdirən, bu sahədə bir məktəb yaradan teleserial ustasıdır; Səfəvilər dövrü
mədəniyyətinə dair
publisist-fəlsəfi araşdırmaları
ilə nəzəriyyəçi
kulturoloq və ideoloqdur; Xalq yazıçısı Anar,
bəstəkar Firəngiz
Əlizadə, kinorejissor
Cahangir Mehdiyev və digərlərinə
dair yazıları ilə psixoloji incəliyi, professional erudisiyası
seçilən mahir portret ustasıdır. Bir sözlə, ona hər şeyi özündə ehtiva etmək istəyi - universalizm xasdır. Universalizm intibah mədəniyyəti əlamətidir
və o, yeni Azərbaycan
ədəbiyyatı, ümumən
incəsənətindəki intibahın təmsilçilərindən
biri, bəlkə də, birincisidir.
Lakin bütün modernliyin və hətta postmodernliyinə baxmayaraq,
sən heç vaxt klassikaya arxa da çevirməmisən.
Sən batı ədəbiyyatından bəhrələnmiş,
amma heç vaxt onun içində
itib-bat(ı)mamısan,
öz Şərq mentallığını, Füzulinin
qəzəlini, Vaqifin
gözəlini, bir sözlə, öz ilkin, əzəlini unutmamısan. Yəni istər mənəvi
zaman, istərsə də
estetik məkan koordinatları baxımından
ifrat və təfritdən qaçmış,
etidalı gözləmiş,
qızıl ortanı
saxlamısan. Bu özəlliyinlə
əgər sənin ruhun antik Yunanıstanda
tarixi zamana ensəydi, üç ünlü dramaturq arasında etidalı ən uğurla gözləyən Sofokl olardın. Amma iş elə gətirib ki, sən yeni dövrdə və Azərbaycanda doğulmusan və İlqar Fəhmi olmusan. Buna da şükür!
Rəsul Rza demişkən, "Rəsul
Rza Rembo deyil, nə olsun, heç Rembo da Rəsul Rza deyil".
İyirmi
ildən artıqdır
ki, səninlə bir yerdə - Azərbaycan
Yazıçılar Birliyinin
Xaqani küçəsindəki
binasında işləyirik
və bu binanı mənim nəzərimdə xüsusi
mənalandıran şəxslərdən
biri də sənsən. Öz yerimə getməzdən əvvəl hər səhər sənin ikinci mərtəbədəki
otağına baş çəkmək pozulmaz vərdişimə çevrilib.
Səni bəzən yorğun, solğun, yuxusuz görürəm, bilirəm ki, yenə də gecəni kompüter arxasında səhər eləmisən:
"Çənlibel tülküsü"
roman-trilogiyan, "Aktrisa",
"Akvarium", "Akvalanaq",
"Bakı tarixindən
kollajlar" romanların, "Səndən
nigaranam", "Karmen", "Maygülü" povestlərin,
"Axırıncı qatar",
"Tut ağacı", "Son reportaj", "Şahnamə",
"Müsibəti-Fəxrəddin-2011", "Mənəm,
mən", "İsgəndərə
yeni namə", "Zümrüd
parıltsı" pyeslərin,
"Evtanaziya", "Vampir"
kinoromanların, "Qaydasız
döyüş", "Dəfnə
ağacı" serialların,
hansısa şeir, qəzəl, məqalə,
publisist yazın və janrca rəngarəng, məzmunca maraqlı digər əsərlərin
bu yuxusuz gecələrin hesabına
yaranıb. Şuşada,
Laçında nümayiş
etdiriləcək dövlət
miqyaslı mədəni-kütləvi
tədbirin ssenarisini kim yazacaq? - İlqar Fəhmi! "Məclisi-üns" proqramında
növbəti buraxılışın
mövzusunu kim müəyyən edəcək, proqramda muğam üstündə
oxunacaq qəzəllərlə
bağlı xanəndələrlə
kim söhbət aparacaq? - İlqar Fəhmi! Natəvan zalından tutmuş bölgələrə qədər,
ədəbiyyatın generallarından
tutmuş əsgərlərinə
qədər, yubiley tədbirləri, kitab təqdimatlarının
təşkilatçılığını
kim eləyəcək
- yenə də İlqar Fəhmi! Və ən başlıcası bütün
bu gərgin iş qrafikindən vaxt eləyib adını çəkdiyim
əsərləri yazmaq!
Bundan daha vacibi isə bütün bu həngamənin ortasında
gələn həftəyə,
gələn aya, gələn payıza, gələn yaza, bir sözlə, sabah-sabaha sala-sala, bəzən aylar, hətta illərlə adi bir həkim müayinəsinə getməyə
vaxt tapmamaq! Dəfələrlə
ikilikdə dediyim sözü indi ictimailəşdirmək istəyirəm:
"Özünü qoru,
İlqar! Dünyanın
heç bir kitabı sənin ömür kitabın qədər vacib, heç bir yazısı sənin alın yazın qədər önəmli, heç
bir serialı sənin həyat serialın qədər maraqlı deyil. Sən bu gün
artıq sadəcə,
Paşayev İlqar Əlabbas oğlu deyilsən. Minlərlə
yazardan biri deyilsən. Eləcə
AYB katiblərindən biri
də deyilsən. Sən bu gün
ədəbiyyatımızın simasını müəyyən
edən bir neçə imzadan birisən. Bu gün müasir Azərbaycan ədəbiyyatı deyəndə,
göz önünə
gələn imzalardan biri İlqar Fəhmi olduğu kimi, İlqar Fəhmi deyəndə də, göz önünə müasir Azərbaycan ədəbiyyatı
gəlir. Qəzəllərindən
birində özünün
də dediyin kimi,
Sən Fəhmini heç kəslə bölmə, mələyim, bölmə.
Nə xoşdur ki, 30 illik ədəbi-bədii fəaliyyətin
istər görəv sahibləri, istər söz adamları, istərsə də geniş oxucu kütləsi tərəfindən
layiqincə qiymətləndirilib.
Haqqında görkəmli
yazıçılar, ədəbiyyatşünaslar
yüksək fikirlər
deyib, Heydər Əliyev və Nizami
Gəncəvi medallarına,
Humay mükafatı və Əməkdar Mədəniyyət İşçisi
fəxri adına layiq görülmüsən.
Əlbəttə, bütün
uğur qazanan istedad sahibləri kimi sənin də paxıllığını
çəkən, ayağından
dartan, qeybətini eləyənlər olub. Bunsuz olarmı?! Amma hər cür intriqaya üstün gələn müdrik xarakterinlə, ziddiyyətlərin
mübarizəsinə vəhdət
nöqtəsindən baxan
filosof təbiətinlə
bütün bunları
ötürmüsən, ötürürsən
və inşallah, gələcəkdə də
ötürəcəksən.
Əziz
İlqar! Səni anadan olmağının
50, ədəbi-bədii fəaliyyətinin
30 illiyi münasibətilə
bütün dostlar adından təbrik edir, sənə sağlam ömür, layiq olduğun daha uca zirvələr
arzulayıram!
Sənə nəsr və dramaturgiyada Elçin nüfuzu, incəsənətdə
Arif Babayev populyarlığı,
həyatda isə Vidadi Babanlı ömrü arzulayıram.
Əsəd
CAHANGİR
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, ¹30.- S.14.