Davud Nəsib yaradıcılığının
qoşa qanadı: poeziya və proza
Şair,
yazıçı,
publisist,
tərcüməçi, ictimai xadim Davud
Məcid oğlu Nəsibov
1942-ci ildə Qazaxda anadan olmuşdur.
Orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (hazırkı
BDU) daxil olmuş, daha sonra bir
çox ədəbiyyat
adamları kimi təhsilini Moskvada,
SSRİ Yazıçılar İttifaqı nəzdindəki
İkiillik ali ədəbiyyat kursunda davam etdirmişdir. Bakıya qayıtdıqdan sonra,
"Ədəbiyyat və
incəsənət" qəzeti
redaksiyasında işə
başlamış, poeziya
şöbəsinin müdiri
olmuş və ömrünün sonuna qədər burada çalışmışdır. 1978-80-ci illərdə Macarıstanda
yaradıcılıq ezamiyyətində
olmuşdur. Dövrünün
nüfuzlu təltiflərinə
- Azərbaycan və Ümumittifaq Lenin komsomolu mükafatlarına layiq görülmüşdü. Baxmayaraq
ki, deyirdi: "Şübhəsiz,
şairi tanıdan və sevdirən fəxri adlar və mükafatlar deyildir, üzərində
düşünüb-daşındığı
mövzu, poetik sözünün vətəndaşlıq
ləyaqəti və kəsəridir".
Əhatə olunduğu ədəbi
mühit, Moskva məktəbi
və Macarıstan səfəri - hər biri ayrı-ayrılıqda
D.Nəsibin gələcək
inkişafında, dünyagörüşündə,
yaradıcılığında mühüm rol oynamışdır.
Bu, D.Nəsibin epitetlərdən
uzaq, yığcam ensiklopedik bioqrafiyasıdır.
Yaradıcı bioqrafiyası
isə 1956-cı ildən
başlayır.
O vaxtdan ömrünün
sonuna qədər (50 ilə yaxın) fəal ədəbi fəaliyyətlə məşğul
olan D.Nəsib "Gözüm səni axtarır" ilk kitabından
sonra müntəzəm
çap olunmağa başlayır; "Dağlar
danışaydı", "Məhəbbət yolları",
"Ürək sözsüz
danışır", "Əsrin laylası",
"Azərbaycan bayatısı"
və b. kitabları işıq üzü görür. Hər yeni kitabı ilə də, özünü bir daha, başqa
rakursdan, başqa perspektivdən bir başqa cür təsdiq edir. Bu kitablarda toplanan şeir və poemaları ilə də "şeirimizdə
vətəndaşlıq hüququ
qazanır".
D.Nəsib şeirimizə bir
ata arxetipi gətirib. Ata obrazı bizim ədəbiyyatda ana qədər "baş rolda" olmasa da, Əli Kərim, B.Vahabzadə, Zəlimxan, R.Rövşən ata adına layiq qiymətli şeir nümunələri yaratmışlar.
D.Nəsibin
ata mövzusunun isə başlanğıcı
və sonu yoxdur, həm əvvəl, həm axırdır, yaradıcılığının
bütün mərhələlərindən
aparıcı xətt
kimi keçir. Akademik Nizami Cəfərovun dediyi kimi, poeziyamızın ata tematikasında yazılmış ən emosional, zəngin mündəricəli, səviyyəli
şeirləri məhz
onun adı ilə bağlıdır.
Ata adının arxasında
şairin uşaqlıq
zədəsi, həyatının
dramı dayanır. O,
müharibə nəslinin
uşağı olub. Demoqrafik kaqortaya görə onlara "səssiz nəsil" də deyirlər. Yetkinlik çağı müharibədən sonrakı
dövrə düşən
D.Nəsib müharibənin
ağrı-acısını həmişə özü
ilə daşıyıb.
O illər yaddaşında
"qış, qaranlıq
gecə" kimi qalıb, elə assosiasiya yaradıb. Poeziyamıza ata obrazını gətirən
D.Nəsibin özünü
də poeziyaya gözünü açandan
yanında görmədiyi,
daim ehtiyac duyduğu ata həsrəti gətirib, atası cəbhədə
ikən dünyaya gəlib. Bu mövzu onun yaradıcılığının
epiqrafı ola bilər.
Bu dərddən Davud xəstə,
Mən ölsəm, qəbrim üstə
Salın
yada laylamı:
Çalın ata laylamı.
Nisgili elə dərin olub ki, xəyalındakı
ata obrazı sanki ona "ruhani bələdçi"lik
edib, "əlindən
tutaraq, Davuddan Davud Nəsibə yüksəldib". Hətta,
beşikdə yatan oğlunu da atasının
əvəzi görür,
"qınamayın, ay ellər,
ata yırğalayıram,
ata böyüdürəm
mən" deyə onunla təskinlik tapmaq istəyir. D.Nəsib "vətən
müharibəsi" dediyimiz,
ataların gedib-qayıtmadığı
II Cahan müharibəsinə
yas tutarkən, müstəqillikdə özümüzün
məruz qaldığımız,
zorla cəlb edildiyimiz öz Vətən müharibəmiz
başımızın üstünü
kəsdirdi.
Ata həsrətli şeirləri
"qaçqınçılıqla, köçkünçülüklə səsləşməyə" başladı, öz "oğullarımız vətənləşdi".
Hər bir normal insan uşaqlığından
böyüklük həyatına
müqəddəs iki
obraz aparır: Ata və Ana. Onun arxetipik motivlərindən
ikincisi ana obrazıdır.
D.Nəsibin "Ana"sı
həzin, kədərli,
nisgillidi... "Ata paltosu"nda
bu iki obraz
birləşir:
Anam üç qardaşı çağırıb deyir:
artıq
böyümüsüz - hamı
halıdır,
Paltoya, kim geysə gövdəylə deyil,
ata qeyrətiylə sığışmalıdır.
40 illik ədəbi fəaliyyətinin böyük
əksəriyyəti sovet
dönəmində keçsə
də, onun yüksək fəxri mükafatlarını alsa
da, yaradıcılığı ilə sovetin yox, öz ideologiyasına
xidmət etmişdi. Onun zərif ruhlu, incə duyğulu poeziyasının
idealı insan idi. İnsan mənəviyyatı, onun problemləri, kainatda rolu, təbiətlə bağlılığı - bütün
bunlar D.Nəsib poeziyasının özəyi
idi. O, "Azərbaycan poeziyasında
həm də, yurd, vətən sevgisinin uğurlu poetik ifadəçisidir".
Onun üçün vətən ana, ana da vətən
idi. Macarıstanda olanda yazırdı:
Qürbətdə olanlar vətəndən
demiş,
Qürbətdə köksündə vətən
döyünür,
Vətən gör nə qədər yaxında imiş,
Vətən uzaqlardan yaxın
görünür.
D.Nəsib bir məhəbbət
şairidir. O, sevgiyə
təmkinlə, mühafizəkarlıqla
yanaşırdı. Onun
məhəbbət lirikasına
"dərin-düşündürücü
ovqat" hakim idi. Şairə görə, şeir istənilən halda Allahdan gəlirdi, Allahın özünün istədiyi
vaxt gəlirdi. Şeirlərində
eşq təbiətə
qarışır, "məhəbbət,
sədaqət haçalanmayır",
heyranlıq önə
çəkilirdi. Əsl
poeziya məzmun və məna vəhdəti, dil gözəlliyindən əlavə,
bir də çatdırmaq bacarığıdır.
D.Nəsibdə duyum
da, deyim də, eyni dərəcədə
güclü idi.
O, həm də, təbiət şairi idi. D.Nəsibin təbiət təsvirləri
spesifikdir, sanki canlıdır; üfüqləri xəyala
dalır, səhərləri
göz qırpır, dağları göz-gözdür... Qış dişini ağardır, yellənən yarpaq elə bil oğluna
əl edir... Onun poeziyasında bütün "ümidsiz"
romantiklərin sevimli mövsümünə də
yer var. "Son payız",
"Payızın rəngi",
"Payız addımı"...
kimi şeirlərinə
sonbaharın duyğuları,
rəngləri, izləri
hopub.
Beləcə, çarx fırlanır,
hər payız özü ilə yeni köç yolu gətirir. Bu dağ köç yolu isə dolana-dolana şair qəlbindən keçir... Payız peyzajı, onun epitetləri, metoforik obraz onun şeirlərində
qol-qanad açır...
Güneylər soyuyub quzeyə
döndü.
Düzüldü qatara durna şərqisi.
Dəli
dağ çayları
quzuya döndü,
Açıldı dağlarda payız
sərgisi.
Hər kəsin ömründən
bir tut ağacı keçir. D.Nəsibin
"Tut ağacı"nı isə 90-larda qaz-işıq
olmayanda kəsib yandırmışdılar.
D.Nəsib düşüncə şairi idi. Bu düşüncə bəzən
dərin fəlsəfi
də ola bilirdi. Dünyanın öz-özü
ilə əbədi davasından, qovğasından
nigaran idi. Şair bu düşüncələrini
ümumiləşdirilmiş obrazlar, ritm, bədii təsir vasitələri ilə ifadə edirdi.
D.Nəsib yaddaşlarda və
könüllərdə sevilən
mahnıların müəllifi
kimi də qalıb. Onun sözlərinə yazılmış
mahnıları Xalq artistləri F.Kərimova, M.Tağıyev, İ.Rzayev
və b. ifa etmişlər. Bəstəkar
mahnılarından əlavə,
onun şeirləri bu gün də
aşıqların, muğam
ustalarının dilindədir.
D.Nəsib poemalar müəllifi
kimi də məşhurdur. Şairin poemalarında da, şeirlərində
olduğu kimi bir kameralıq, yığcamlıq müşahidə
olunur. Onun poemaları epik lövhələrlə zəngindir.
Ən təsirli poemalarından biri "Rekviyem"dir. Rekviyemə
xas lirik başlanğıc, matəm
messası süjetin üst qatıdır, getdikcə nostalji bir nağıla keçir.
1991-ci ildə D.Nəsib ən böyük poeması olan "Karvan gedir"i yazır. Sonra işğalın
ağır illəri başlayır, şair sarsıntısını,
el-oba dərdini içində çəkir,
içində yaşayır,
oxucularından uzaq düşür. Amma
qələm-kağızdan da aralanmır, sadəcə,
poeziyanı pauzaya qoyur, "tarixə uzun səyahətə çıxır". Zəmanəsinin
şairi olsa da, qədim tariximizlə hələ 80-ci illərdən
maraqlanırdı. Bu həyəcan
illər sonra "Cavanşir"in Son sözündə
sözünü deyəcək:
"Sularda qərq elədik daşdilli naxışları, izləri
Mingəçevirdə". Alban tarixinin adı belə çəkilməyən
dövrdə İrəvandakı
alban məbədlərini,
qədim qəbiristanlıqları
gəzən, öyrənən
D.Nəsib şüuraltı
addım-addım "Cavanşir"ə
doğru gedirdi. Məqamı gəlincə,
yaradıcılığında zaman adlaması edir. 9 il
"yay ilə yaylayıb,
qışla qışlayan"dan
sonra oxucularının
görüşünə əlidolu
gəlir - "Cavanşir"
romanı ilə. Roman
böyük alban hökmdarı Cavanşirin
qəhrəmanlıqla zəngin,
keşməkeşli həyat
və döyüş
yolundan bəhs edir. Mövzu onu elə zəbt
etmişdi ki, "Cavanşir"in
ardınca, "Cavanşirsiz
məmləkət" romanını
yazıb çap etdirir. Vaxtında və uzaqgörənliklə
yazılmış bu romanlar düşmənlərimizin
alban məbədlərinin
erməniləşdirilməsinə, alban katolikosluğunun erməni katolikosluğuna tabe etdirilməsi cəhdinə böyük
zərbə idi.
D.Nəsib tərcüməçi kimi də fəaliyyət
göstərmişdir. Ən
yaxşı tərcümələrini
isə macar poeziyasının ən gözəl nümunələrindən
etmişdi. Macarıstanda
yaradıcılıq ezamiyyətində
olanda XX əsrin görkəmli liriklərindən
biri M.Rodnoti ilə yaxından maraqlanmış, onun şeirlər və ekloqalardan ibarət "Yaralı ağrılar" kitabını
dilimizə tərcümə
edib nəşr etdirmişdi.
Onun yaradıcılığına yüksək
qiymət verən Xalq şairi Vaqif Səmədoğlu D.Nəsibin
mənəvi saflığını,
paklığını da dönə-dönə
vurğulayır,
fiziki yoxluğunun
yerində acı bir qəribçiliyin qaldığını da təəssüflə
qeyd edirdi; o elə insanlardan idi ki, varlığı ilə cəmiyyətin əyər-əskiyini düzəldirdi,
onu parlaq, canlı edirdi, boşluğu doldururdu. Doğrudan da, D.Nəsib xoşbəxt sənətkarlardandır.
2013-cü ildə hər
biri 600 səhifədən
artıq olan ikicildlik "Ata laylası"
adlı şeir və poemalarından ibarət kitabı çap olunmuşdur. Bu onun xatirəsinə bir ehtiram, həm
də, möhtəşəm
abidədir. 2019-cu ildə
İstanbulda "Cavanşir"
romanının təqdimatı
keçirilmişdir. Şairin
80 illik yubileyi AYB-ın təşkilatçılığı
ilə Beynəlxalq Muğam Mərkəzində
anılmışdır.
Belə
bir şair vardı... Anasının adı İnsan, özü ata nakamı, milli kimliyin daşıyıcısı, elsevər,
"xalq arasında sevilən, yaradıcı ziyalılar arasında seçilən", tək
özü üçün
yox, həm də başqaları üçün yaşayan,
hamıya çatan, hamı üçün əlçatan... Torpağın
şəninə sağlıq
deyən, onu "ayağının altında
yox, ürəyində
hiss edən" D.Nəsibi
elə torpaq da hərisliklə apardı.
Qəzanı törədənin
qaçqın olduğunu
öyrənən ailəsi
onu bağışlamağa
qərar verdi.
Bu gün Azərbaycan poeziyasının "nəsib
simalarından" olan
Davud Nəsibin söz ömrü "şeirlərinin sətirləri
arasında yaşayır"
(M.Arazın"sənətdə son mənzil olmur" təbiri burada necə yerinə düşür). Həm də, insanlığının,
şəxsiyyətinin, vətəndaşlığının
məcmusunda. Yaddaşlarda
da elə qalır. Özü kimi. Davud Nəsib olaraq...
Dilarə ADİLGİL
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, ¹30.- S.15.