Ölüm son
duracaqdırsa...
Məmməd İsmayıl adı özü ilə
bağlı çeşidli assosasiyalar doğurur. O, "hələ
söz Vətəndə, mən qürbətdəyəm"
misralarının ağrı yükünü çəkməyi
alın yazısına çevirib uzun illər qardaş
Türkiyədə yaşayan, mübariz ruhunu daim qoruyan və
işıq kimi gələcək nəslə ötürən
şeirlərin müəllifi, poetik-bədii təfəkkürü
ilə əski qaynaqlara söykənən, dil materialı, bədii
təsvir və ifadə sistemi ilə təbiətə və
dünyaya münasibətin özünəqayıdış
qütbünü nişan verən yaradıcı enerji
ünvanımızdan biri idi. Vəfatı ilə poeziya
üfüqlərimiz bir az da boşalsa da, "bir adam yol gedir
bizdən qabaqda" misralarının təsəlli
yükünə sığınıb əbədiliyinə
inanırıq. Buna inandıran şairdən bizə yadigar
qalan sözdür, mətnlərdir!
Məmməd İsmayıl ilk şeirlərindən
özünün şair obrazını cızaraq yola
çıxmışdı: milli ruha, mübariz əhval-ruhiyyəyə,
yaşamaq və yaratmaq həvəsinə köklənən
şeirlərində Vətən sevdası daha diri, daha oyaq
görünürdü. O, təbiətin gözəlliyini
poeziyanın musiqisinə - səs keyfiyyətinə çevirməyi
bacarırdı və bu musiqinin füsunkar ahəngində
yaddaşın duyumu tərpədən nidası daha zil notlarla
eşidilirdi. Təbiət lirizmi, sevgi həzinliyi içrə
qərq olmuş ruhun tarixə və dünənə
baxışı, bağlılığı, mühafizəkar
marağı daim öndə idi. İkinci dünya müharibəsinin
özü ilə gətirdiyi dağıdıcı mənzərənin
ritmi, onun qanlı-qadalı olaylarının təsiri
şairin yalnız şeirlərinə deyil, həm də
yaddaşına və ruhuna çökən ağrı kimi təzahür
edirdi:
...Ağlımız yenicə kəsirdi onda,
Bir həsrət didirdi ürəyimizi
Bir
ad dolaşırdı söz arasında.
Umuddan
asılan qılınc kimiydik -
Analar
qınından sıyırıb bizi
Qoymuşdu
baxtıyla öz arasında.
Bu
yerlə,
bu
göylə,
bu
dünya ilə
Eşqiylə,
əhdiylə öz arasında!..
Bəlkə
buna görə 1990-cı ildə baş verən 20 Yanvar faciəsindən
sonra bu qanlı hadisənin bədii əksini ədəbiyyatda
ifadəyə çalışan və vətəndaşlıq
qayəsi ilə işıqlandıran şairlərdən oldu
M.İsmayıl. Faciənin baş verməsindən az sonra qələmə
alınan "Bu qan yerdə qalan deyil" şeiri öz
uzaqgörən notları ilə ağrının fəlsəfi-poetik
dərkində bədii-estetik siqlətini bu günədək
qoruyub saxlayan nümunələrdəndir:
Bir
Ay adı, bir gün adı
Tapındığım
görkün adı.
Yerdə
qalmaz Türkün adı,
Yerdə
qalmaz yurdun adı,
Yerdə
qalmaz qurdun adı, -
Bu
qan yerdə qalan deyil.
Bu
qan yerdə qalan deyil!
1990-cı
illərdən sonra şairin yaradıcılığı daha
çox həzin, minor notlar üzərində qərar tutur. Təbiidir,
özünü millətin bir parçası sayan şair onun
çətin məqamlarında azadlıq ideallarının
tribun ifadəçisinə çevrilir. Üzləşdiyimiz
fəci proseslər şairin yaradıcılığında
öz izini qoyur, ağrı, şikayət, qınaq amili
önə keçərək şairin özü ilə
"mən"i arasında çarpışmaya, ziddiyyətə
rəvac vermiş olur.
Bu
xalq yeddi yerdən zavala gəldi,
Bu
xalqın danışan dili olmadım.
Bu
xalqın başına min bəla gəldi,
Mən
ki dözüb durdum, dəli olmadım,
Mən
şair deyiləm, atam balası!
Digər
mövzularda da Məmməd İsmayılın poeziyasında
cavanlıq çağlarının nikbin və
çılğın ovqatının, gənclik hərarəti,
nikbin ruh və yaşamaq eşqinin sərt, müdrikanə təsvirlə
əvəzləndiyini görürük. Şair ömrün
ahıllıq kürsüsündə əyləşib həyat,
zaman, insan haqqında meditativ düşüncələrini
bölüşür, dünəndən bu günə deyil,
bu gündən keçmişə boylanır.
M.İsmayılın şeirlərindəki bədbinlik, əslində
mən buna bədbinlik də deməzdim, sadəcə həyatın
faniliyi, ömrün varlıq-yoxluq məqamı ilə
bağlı düşüncələrin sirayət etdiyi ovqat
- hansı ki, şair bunu da özünəməxsus
müdrikliklə bədii sözün predmetinə çevirir
- şəxsi kədər və ağrı notlarından, dar
düşüncədən uzaqdır. Bu poeziyada ölüm,
yoxluq həyatın sonu, sonluğudur, yaşanılan
ömrün halallıq səviyyəsidir, insan nə edirsə
etsin, necə yaşayırsa yaşasın, sonu yoxluğa
müncərdir - "Ölüm son duracaqdır". Odur ki,
bu şeirlərdəki həyata və ölümə
ayıq-sayıq yanaşma, bədii-fəlsəfi mühakimələr
onları bədii ümumiləşdirmə səviyyəsinə
qaldırır.
Qərib
gecələrin yuxusu sərvaxt,
Qürbət
gündüzlərə zülüm dolanır.
nam
dolanardı başıma bir vaxt,
İndi
ətrafıma ölüm dolanır.
Yeni
deyim tərzi, intonasiya zənginliyi, fikrin ifadəsində
konkretlik, ifadə üsulunun yığcamlığı,
ekspressiv lövhələrin bir-biri ilə əvəzlənməsi
halları onun poeziyasında əsas üslubi çalarlar kimi
qabarıqdır. Bu fərdilik daha çox yeni emosional keyfiyyət,
intonasiya planında baş tutur. M.İsmayılın
yaradıcılığında daim həm forma, həm də
məzmun planında aşıq şeirindən yararlanma da
müşahidə olunub. Dünyadan şikayət, haqq-ədalət
axtarışının ənənəvi ifadəsi və s.
şairin yaradıcılığında diqqət çəkən
əsas xüsusiyyətlər olub.
Bir
oğul toyu var, bir ana çatmaz,
Bir
ömrün sevinci bir ana çatmaz.
Əlin
dağa çatmaz, arana çatmaz,
Boğulub
qalarsan qeyrət içində.
M.İsmayıl
ədəbi ənənəyə qayıdış və əsaslanma,
ənənəvi poetik forma, intonasiya və ritmlə yeni poetik
nəticələrin əldə oluna biləcəyini sübut
edən şairlərdəndir. Bu şeirlərdəki ədəbi
ənənəyə qayıdış şeirin məzmunu ilə
yanaşı onun poetik sistemində də özünün
orijinal təcəssümünü tapır. Belə hallarda
ritm, intonasiya şairin daxili duyumlarını, onu narahat edən
problemləri, mövcud mənfi halların bədii təhlilini
kəskinləşdirmək də poetik məzmun
daşıyır. Meditativ başlanğıca
bağlılıq, kədər, dərd, bəxtsizlikdən
şikayət şairin müstəqillik dönəmindən
sonrakı yaradıcılığında da aparıcı xətti
təşkil edir:
Dünya
da gözəldi... Ömür də gözəl,
Sinəni
göynədən eşq sarı simdi.
Arxadan
gözünü bağlayan bir əl
Hərdən
soruşardı: tap görüm kimdi...
Ad
sayıb çəkdiyin çilələr hədər
Tapmadın!
Boynunda babalı qaldı.
Çəkilib
getmədi üzündən əllər
O
vaxtdan gözləri qapalı qaldın...
Ümid
- korun-korun sönəcək ocaq,
İçində
səssizcə inləyən uddu...
Bağlayan
bağladı gözünü, ancaq
Qayıdıb
açmağı çoxdan unutdu..
Gör
harda fürsəti verdin əlindən
Gözünü
bağlayan korun bəxtimi?
Sən
xoşbəxt olmadın dərdin əlində,
Bax
sənə dərd verən dərd, xoşbəxtdimi?
Buna
baxmayaraq, 90-cı illərdən başlayaraq,
çağdaş şeirdə edilən yeniliklər, forma və
məzmun axtarışları şairin də poeziyasından
yan ötmür. Bu illər şeirində müəlliflər
daha çox insan düşüncəsini oynatmağa
çalışır, düşüncələrini
antitezalar, biri digərini inkar edən fikirlər üzərində
qurmaqla şüuraltını hərəkətə gətirməyə
çalışırdılar. M.İsmayıl da
yaradıcılığı ilə yeniliyin ön
sıralarında görünür, şeirlərində bu
oyunun əlamətləri uğurla əksini tapır, poeziyada
güclənməkdə olan təmayülü təmsil
edirdi. Həm də şairin üçüncü minilliyin
"yeni şeir"lə bağlı irəli gələn
ideya döyüşlərində yaxından iştirak etməyə
hazır olduğunu görükdürürdü:
Ötən
ömrün yasında,
Quzey
yaxasında mən.
Gün
bulud arxasında
Qürbət
arxasında mən.
Varmı
verən bir soraq
Nerdəyəm
mən, nerdəyəm?
Yaddaşına
yaxşı bax,
Unutduğun
yerdəyəm.
XX
əsrin sonlarında bir-birinin ardınca baş verən məlum
olaylar çağdaş insanın dünya, kainat, Tanrı və
ən əsası, özü ilə bağlı təsəvvürlərini
modifikasiyaya uğratdı. Çağın insanı daha
çox böhran ab-havasını yaşamış
olduğundan poetik "mən"ini də bu ovqat
üstündə kökləməli oldu. Belə məqamlarda
M.İsmayıl da içinə dolan bu narahatlığın
ağırlığı altında bir də poetik
yaşamını qorumağa çaba göstərirdi:
"Tale ilə baş-başa / Durub oğulsan yaşa".
İnsanın
düşüncələrində, həyata
yanaşmasında hakim olan biganəlik, yadlaşma sindromunun zəmini
dünyanın insana ayırdığı diqqət(sizlik)
payından qaynaqlanırdı. Müasir insan sürətlə
gedən yeniləşmələri, texnogen sivilizasiyanın pik
inkişafını, onu lazımsız şeyə çevirən
hakimiyyət, güc amilini laqeydliklə izləyir, dünya
prosesləri fonunda unudulan insanı - görünməz,
eşidilməz olan fərd problemlərini hər vəchlə
qabartmağa çalışırdı. Bu dövr
poeziyasında hakim olan çöküş ruhunun
kökündə də bu amil dayanırdı. "Son
duracaq" isə deyəsən, ölüm yox, Tanrı məqamı
idi:
Unudulmaq
növbəsi...
Mənim
də gəldi sıram,
Bizi
ölümə çəkən zaman arıdı bəlkə.
Onu
sevmək var ikən,
kimdən, nədən
qorxuram,
Hər
kəsin qəlbindəki sevgi Tanrıdı bəlkə?
Bütün
yaradıcılığı boyu Məmməd İsmayıl vətənlə
bağlı şeirlərində sınanmış, dəyişməz
əxlaqi-mənəvi dəyərlər axtardı, amma
pessimizmə qapılmadı, bu dəyərləri mehrab kimi
tapındığı Sözün yaşamında,
gücündə, sehrində tapdı. Onun üçün vətən
elə sənətin var olduğu məkanda idi, şairin
içinin "sənətin qürbətindən sənətin
vətəninə" doğru yol alan və daim sabit qalan
mövqeyində idi. Vətənlə bağlı
işıqlı və kövrək hisslər onun
misralarında yaşanan ən qüvvətli və ən səmimi
duyğulardandır.
Gedərsən,
vətənin qalar vətəndə,
İçinin
içində köz vətən olar.
Dərdinə,
sərinə vətənsən sən də,
Qürbətdə
sənə də söz vətən olar.
***
Şeirlərinin
birində "Qoymayın dünyanı adiləşməyə"
deyirdi Məmməd İsmayıl. Onun poeziyasının
ümumi ahəngi hər zaman bu niyyətin ifadəsinə
yönəlik olacaq. Hamıya, bəlkə hamıdan əvvəl
özünə adiləşən dünyanı şahlıq
taxtından salmamaq üçün qürbət hüznünə
baxmayaraq sevməkdə və ona inanmaqda davam etdiyi
üçün bəlkə də!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti. - 2025.- 22 avqust (№30).- S.17.